Rəsmi İrəvanın Aİ mülki missiyasının şərti sərhəd zonasında şübhəli və müəmmalı məqamlarla zəngin fəaliyyəti ilə bağlı açıqlamaları bəzən sağlam məntiqə belə sığışmır. Ermənistan hakimiyyəti ən müxtəlif bəhanələrlə son üç il yarımda bölgədə yaranmış yeni reallığı şüurlu şəkildə təhrif etməklə, Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasına deyil, pozulmasına xidmət edən ikiüzlü diplomatiya ilə məşğuldur. Elə Azərbaycanın tarixi və hüququ ərazisi sayılan, otuz ildən çox işğal altında qalan Qazaxın yeddi, Sədərəyin bir kəndinin geri qaytarılmasında nala–mıxa vurması İrəvanın riyakarlığının göstəricisidir.
Bu dəfə Ermənistan hakimiyyətinin “anklavlar mahnısı”na polşalı politoloq Voyçex Qureçki “züy tutub”: “Bakının Tavuşdakı kəndləri ona təhvil vermək tələbi orada Aİ müşahidəçilərinin olmaması ilə bağlıdır. Azərbaycanın Ermənistana təzyiqinin səbəbi Bakının diktə etdiyi şərtlərlə tezliklə sülh müqaviləsinin imzalanmasına nail olmaqdır”.
Polyak “strateq” belə “arqumentli” açıqlamasını “NEWS.am”-ın müxbiri ilə söhbətində verib. Qureskinin məntiqi ilə, guya, avropalı missionerlərin Tavuşda məntəqəsi olsaydı, Bakı “qorxudan” belə bir iddiaya düşməzdi...
“Ermənistan–Azərbaycan münasibətləri üzrə ekspert” Tavuşdakı kəndlərlə bağlı məsələni İlham Əliyevin daxili siyasətinin elementi adlandırıb: “O, qətiyyətli liderdir və başladığı işi başa çatdırmağa çalışır. Bu məsələdə ləngimə hadisələrin hərbi ssenarisini çətinləşdirir. Eyni zamanda, belə bir təhlükənin mövcudluğunu tamamilə inkar etmək olmaz. Amma mən bunu da şişirtməzdim”, – deyən “siyasi texnoloq” daha sonra açıqlamasında “kəskin dönmə” əməliyyatı edərək İrəvan–Moskva münasibətlərinin hazırki durumuna aydınlıq gətirməyə girişir: “Rusiya Prezidenti Vladimir Putin Ermənistanın hökumət başçısına güvənmir və Nikol Paşinyanın mövqeyini zəiflətmək yolu ilə Ermənistanda hakimiyyəti dəyişməyə çalışır. Əslində, bu, siyasi zərurətdən daha çox şəxsi məsələlərlə bağlıdır. İrəvanın KTMT-də iştirakını “de-yure” donduracağı yönündə açıqlama və bəyanatları bölgədə özünün manevr imkanlarını genişləndirmək istəyindən irəli gəlir. Bir müddət sonra Ermənistanın KTMT-də və Aİİ-də üzv kimi qalıb-qalmayacağı məsələsi ortaya atılacaq. Amma hazırda mən bu “gedişləri” düşünülmüş “oyun”un bir elementi kimi qiymətləndirirəm”.
Cənab Qureçkinin Azərbaycanın özünə məxsus kəndləri bir güllə atmadan geri alacağına qətiyyən şübhəsi olmasın. O, buna təkcə Bakının deyil, İrəvanın, baş nazir Paşinyanın sərhədlərin delimitasiyası ilə bağlı açıqlamalarına ötəri nəzər yetirməklə əmin ola bilər.
* * *
“Kəndlər qaytarılacağı təqdirdə Azərbaycan Ermənistanla müqayisədə çox əlverişli vəziyyətə sahiblənəcək”. Belə bir bəyanatla Ermənistanın eks–ombudsmanı, “Tatoyan” fondunun rəhbəri Arman Tatoyan çıxış edib. Hökumətə yaxın “NEWS.am” saytının yaydığı bəyanatda Tatoyan Tavuşun ölkəsi üçün strateji əhəmiyyətindən danışıb: “Həmin dörd kənd veriləndən sonra bizim təhlükəsizliklə bağlı ciddi problemlərimiz yarana bilər. Strateji obyektlər ya Azərbaycanın nəzarətinə keçəcək, ya da hədəfə alınacaq. Söhbət, ilk növbədə, Gürcüstanı Ermənistanla birləşdirən dövlətlərarası yoldan gedir, bu marşrutun müəyyən hissələri, sadəcə olaraq, yararsız hala düşəcək. Əlbəttə ki, istifadə edilə bilən sahələr var, amma onlar böyük nəqliyyat vasitələri üçün nəzərdə tutulmayıb”.
Daşnak Tatoyan hələ də anlamır ki, “Azərbaycanın Ermənistanla müqayisədə əlverişli vəziyyətə” sahiblənməsi üçün 8 kəndi geri almasına ehtiyac qalmayıb. Bakı özü üçün bu vəziyyəti üç il beş ay bundan əvvəl təmin edib.
Ombudsman bunun ardınca ehtimal və fərziyyələrini daha da genişləndirrir: “Azərbaycana bu kiçik Tavuş kəndləri ona görə lazımdır ki, onlar müharibə təhlükəsi yaradır? Bu kəndlər ərazi kimi ona lazım deyil. Tavuş bölgəsindəki yaşayış məntəqələrimizi silah altında saxlamaq, üstəlik, Ermənistanın təhlükəsizliyini pozmaq Bakıya strateji baxımdan lazımdır”.
Xəstə təxəyyülün məhsulu sayılan fikirlərini davam etdirən “Tatoyan” fondunun rəhbəri sonda özünə ritorik suallar ünvanlayır: “Heç kim soruşmur ki, bizim Sünik, Vayos Dzor, Qeqarkunik ərazilərimizin aqibəti necə olacaq? Azərbaycan Silahlı Qüvvələri bu əraziləri tərk edəcəkmi? Orada məskunlaşsalar, infrastruktur yaratsalar, beton yollar salsalar necə?”.
İndi bir sualı da hay hüquqşunasa biz verək: Başqa nə cür olmalıdır ki? Polyak Qureçki, hay Tatoyan əndişəni İrəvanın Bakı ilə deyil, Rusiya ilə münasibətlərinin gözlənilən fəsadları ilə bağlı keçirməlidirlər.
Deyəsən, Aİ-nin şərti sərhəddəki mülki missiyasını sabah NATO-nun hərbi kontingenti ilə əvəzləməyi planlaşdıran rəsmi İrəvanın qulağının dibi Moskvanın tərs şilləsi üçün qaşınır. Ola bilər. Kreml bunu “keçmiş təcrübəsində” çox sınaqdan çıxarıb...
İ.HƏSƏNQALA
XQ