Militaristin taktikası – iz azdırmaq

post-img

Qərbin hərbi forpostuna çevrilən Ermənistan qonşusunda “kompromat” axtarır 

Ərazisini Qərbdən, Şərqdən aldığı silah–sursatla doldurmaqla nəyəsə nail olacağını düşünən Ermənistan hakimiyyəti Azərbaycanın rəsmi şəkildə əldə etdiyi hərbi texnikanın “uçotunu” aparmaqla məşğul imiş. Bu sahədə də “fəaliyyət göstərən” rəsmi İrəvan “qabaqdangəlmişlik” edərək Brüsseldə keçirilən üçtərəfli görüş ərəfəsində “Azərbaycanın hərbi texnika alışının intensivliyinə dair sənədlər”i Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələrinə təqdim edib.

İrəvanın özünün ötürdüyü şübhə doğurmayan bu feyk-xəbəri səxavətlə paylaşan “Politico” nəşrinin yazdığına görə, baş nazir Nikol Paşinyan Azərbaycanın İsrail və Pakistandan külli miqdarda hərbi texnika almasına dair “dosye”ni Aİ və ABŞ rəsmilərinin diqqətinə çatdırıb. “Politico”ya ötürülən məlumata görə, Ermənistan iddia edir ki, bu ilin əvvəlindən Azərbaycana orta hesabla hər gün silah–sursat göndərilib. 

Paşinyan, hətta, şifahi şəkildə onu da əlavə edib ki, həmin müasir hərbi texnika birbaşa Ermənistanla şərti sərhəd boyu toplanır. Hayastan baş naziri Azərbaycanın tarixin arxivinə göndərdiyi bu qaşıdurmada kimin kimdən qorxduğunu, ehtiyat etdiyini hamıdan yaxşı bilir. Sadəcə olaraq, onun özü də beynəlxalq ictimai rəy üzərində manipulyasiyaya hesablanmış, Azərbaycanın “təcavüzkar dövlət” imicini formalaşdırmağa yönəlik yalan və böhtan üzərində qurulmuş ideoloji təxribat mexanizminin “vintciy”idir. Bu mənada İrəvanın naməlum mənbələrə istinadla hazırladığı və tərəfdaşlarının menyusuna saldığı “dosye”nin Azərbaycana “arxadan vurulan zərbə” kimi düşünüldüyünə şübhə yeri qalmır. Məgər İrəvan isteblişmenti son 30 ildə Bakı ilə hansısa platformada mübarizəsini diplomatik etiketə uyğun, centlmensayağı aparıb?          

Daha sonra məqalədə Avropa İttifaqının regionda gərginliyin artması fonunda Ermənistanı Rusiyanın orbitindən çıxarmağa və onun iqtisadiyyatına dəstək verəcək əlamətdar plan üzərində razılığa gəldiyinə diqqət çəkən nəşr Aİ və Ermənistanın getdikcə “yüksək bəşəri dəyərləri” və maraqları bölüşdüyünü qeyd edir.

Qəzet, həmçinin yazır ki,  hazırda Aİ üzvlərinin təbii qaz idxal etdiyi Azərbaycan Brüsseldə keçiriləcək üçtərəfli görüşə əvvəlcədən etiraz edib. Məqalədə həmin görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdıqlarını, onu Brüssel görüşündə “Ermənistanla yalnız bərpaolunan enerji mənbələri, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi və bu kimi iqtisadi sahələrdə əməkdaşlığın şaxələndirilməsi” mövzularının müzakirə olunacağına inandırmağa çalışdıqları vurğulanır. 

Nəşr “dosye” üzərində özəl fərziyyələrini bir qədər də genişləndirərək Antoni Blinkenin, guya, bundan əvvəl də İlham Əliyevə telefon danışığında sərhəddəki gərginliyin artmasına heç bir əsasın olmadığını bildirib və xəbərdarlıq edib ki, hər iki tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq. Əgər bu fakt doğrudursa, onda Ağ evin “aqressorla” işğala məruz qalana eyni tövsiyələri verməsi məntiqinin özü hələlik faş edilməyən alt niyyətdən xəbər verir.  

“Forpost” Hayastanın missiyası

Cənubi Qafqaz uğrunda “böyük güclər” arasında qızışmış “yorğan davası”nda Ermənistana xüsusi rol ayrıldığına şübhə yoxdur. Məqsəd bölgədə suyu bulandırmaq üçün yeni münaqişə ocağı yaratmaq və bunun nəticəsində ermənipərəst NATO-çuların müdaxiləsinə münbit zəmin hazırlamaqdır. 

Müşahidələr göstərir ki, rəsmi İrəvan boynuna qoyulmuş bu missiyanı yerinə yetirməyə razılaşıb. Həm də düşünür ki, bununla, o, sülh danışıqlarında Bakıya qarşı yeni və güclü təzyiq rıçaqları əldə edə biləcək. İki gün əvvəlki məlum Brüssel görüşündə ABŞ Dövlət katibi Antoni Blinkenin “Ermənistanı bölgənin ən inkişaf etmiş və güclü dövləti” kimi görmək arzusunu ərz etməsi məhz bu məkrli ssenarinin artıq yazıldığına dəlalət edir. 

Konstitusiyasında qonşularına qarşı ərazi iddialarının yer aldığı Ermənistanı özünün bölgədə “forpost”una çevirməyə qərar vermiş Qərbin məlum gücləri üçün onu silahlandırmaq, bu baxımdan, strateji əhəmiyyətə kəsb edir. Fransa, Hindistan və Yunanıstanın Ermənistanla hərbi–texniki əməkdaşlığı rəsmiləşdirməsi, İrəvana bu ölkələrdən intensiv şəkildə silah–sursatın daşınması məgər onun Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürüklənməsindən xəbər vermirmi? Hərbi dəstəkçilərin Ermənistanı militarizmə sürükləməsi, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarə edilməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması təkcə Azərbaycanda narahatlıq yaratmır, eləcə də Rusiyanın və İranın da təhlükəsizlik maraqları ilə daban–dabana ziddir. Əslində, dünyanın müxtəlif qitələrində yerləşən və hərbi əməkdaşlığı nəzərdə tutan “dördlərin paktı” formatı BMT Nizamnaməsi, eləcə də beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bunun adı, sadəcə, hərbi ­avantüradır. 

“Politiko” tək “döyüşmür” 

Erməni lobbisinin, diasporunun Azərbaycana qarşı feyk–xəbərlər üzərində qurduqları total informasiya “savaşında” “Politiko” yeganə satılmış media qurumu deyil. “Azərbaycan bir müddətdir ki, İtaliya ilə iriçaplı silahların alınması ilə bağlı danışıqlar aparır”. Bu barədə “La Repubblica” nəşri keçən ilin payızında yazmışdı. Məqalədə qeyd olunurdu ki, Bakının sifariş etdiyi hərbi məhsulların siyahısına təlim təyyarələri, avtomatlar, özüyeriyən zenit silahları, “yer-hava” tipli raket batareyaları, nəqliyyat təyyarələri və mini sualtı qayıqlar daxildir. 

Sifarişlə hazırlandığı şübhə doğurmayan həmin materialın da eyni mərkəzdən idarə olunan anti–Azərbaycan ­cəbhəçilərinin beyin məhsulu olduğunun sübuta ehtiyacı yoxdur. Azərbaycanın enerjiyə tələbatının böyük qismini ödədiyi İtaliya ilə münasibətlərinə kölgə salmağa hesablanmış həmin informasiyaya görə, ikitərəfli  sövdələşmə 1-2 milyard avro dəyərində təxmin edilir. Məqalədə o da xatırladılırdı ki, 2023-cü ilin iyun ayında İtaliyanın təhlükəsizlik və müdafiə sənayesi şirkəti “Leonardo” taktiki nəqliyyat təyyarəsinin ən müasir versiyası sayılan ikiturbinli “C27J Spartan”ın Azərbaycana satışını elan edib. 

UAMA-nın qaydalarına görə, hərbi ləvazimatların müharibə şəraitində olan ölkəyə verilməsinin mümkünsüzlüyünü nəzərə çatdıran nəşr Azərbaycanın 30 ilə yaxın “Dağlıq Qarabağ” münaqişəsində tərəf olduğunu vurğulayır: “Təbii ki, həmin bölgədə sualtı qayıqlardan istifadə olunacağını güman etmək yersizdir. Bu, ixrac sorğusunda vurğulanan bir cəhətdir, amma qanunun meyarları ciddidir və hətta mini sualtı qayıqlar Azərbaycan Silahlı Qüvvələrinin ümumi gücünü artıracaq”.

“La Repubblica” yazır ki, mini sualtı qayıqlar Bakının ən çox əldə etmək istədiyi hərbi texnikadır: “Kiçik ölçülərə, lakin ölümcül gücə malik bu qayıqlar dörd torpeda ilə təchiz olunub. Onlar Xəzər dənizinin dayaz sularında fəaliyyət göstərmək üçün idealdır”.

Nəşr Azərbaycanın Xəzərdə İran və Rusiya donanması ilə üz-üzə olduğuna diqqət çəkir: “Amma uzunmüddətli görüşlərdən sonra artıq Azərbaycanın İtaliyanın vetolarına səbri tükənmiş kimi görünür və bu ölkə Türkiyə və İsraildə alternativ istehsalçılar axtarmağa başlayıb. Eyni risklər “Leonardo”nun M346 təyyarələri, qırıcı-bombardmançı təlim təyyarələri ilə də baş verir. Çünki üç il əvvəl Romadan icazə almadan şirkətlə memorandum imzalanıb”.

Nəhayət, “La Repubblica” məqaləni sifariş verənlərin əsas məqsədlərinin nədən ibarət olduğunu özü açıqlayır: “Bütün bunlar Bakı ilə Roma arasında münasibətlərin ən mühüm aspektinə mənfi təsir göstərə bilər. Çünki bu gün Rusiya qazını kompensasiya etmək üçün İtaliya üçün vacib olan qaz tədarükünü Azərbaycan təmin edir. Bu ölkə İtaliyanın ikinci “mavi yanacaq” təchizatçısıdır”.

Nəşr xatırladırdı ki, bu məsələni İtaliyanın müdafiə naziri Quido Krosetto bir neçə həftə bundan əvvəl yerli mediaya müsahibəsində açıq şəkildə bəyan edib: “Hətta, bu yaxınlarda başa düşmədiyim şeylər gördüm: biz Rusiya qazından asılılığı Azərbaycanla əməkdaşlıq sayəsində aradan qaldırdıq. Lazım olanı əldə etdikdən sonra münasibətləri davam etdirməkdə müəyyən tərəddüd gördüm. Məsələn, müdafiə sektorunda. Amma əgər müəyyən xətt seçilərsə, bəzi müttəfiqlərimiz məmnun olmasa belə, biz bu xətlə davam etməliyik”. 

“Bəzi müttəfiqlər” dedikdə qəzetin ABŞ-ı nəzərdə tutduğu məlumdur. Fəqət, həmin müttəfiq Azərbaycanla təbii qazın tədarükünü ikiqat artırmaq üçün pakt imzalayan Avropa İttifaqına təzyiq göstərə bilmədi. Necə ki, Vaşinqtonun istək və iradəsinin əksinə olaraq, “qoca qitə”nin Böyük Britaniya, Rumıniya, Macarıstan, Bolqarıstan, Serbiya kimi dövlətləri Azərbaycanla enerji daşıyıcıları sahəsində əməkdaşlıqdan məmnundurlar.     

Fikrət SADIXOV, 
Qərb Universitetinin professoru, politoloq

Olduqca mürəkkəb bir bölgədə yerləşən Azərbaycanın təhlükəsizliyini qoruması təbii xarakter daşıyır. Uzun iilər ərzində Ermənistanın hərbi təcavüzünə və işğala məruz qalmışıq. Biz bunu daim yadımızda saxlamalıyıq. Yəni, həmin vəziyyət bir daha təkrarlanmasın deyə, özümüzü qorumalı və ­müdafiə etməliyik. Ermənistanın bunu hansı məqsədlə etdiyini özündən daha yaxşı onun başını sığallayan, dəstəkləyən qüvvələr bilir. Onlar hesab edirlər ki, Ermənistan hərbi cəhətdən qüdrətli və güclü dövlət olmalıdır. Bu istəklərini Qərbin haypərəst aparıcı dövlətlərinin rəhbərləri gizlətmirlər. Brüssel görüşündə dediyimiz fikir səsləndirildi. Bəli, həmin güclər Hayastanı bölgənin inkişaf etmiş dövləti qismində görmək istəyirlər. Qoy görsünlər, amma onu silahlandırıb üstümüzə yönəltməsinlər. 

Azərbaycanın İrəvana qarşı heç bir ərazi iddiası, hərbi müdaxilə planı yoxdur. Ermənistandan fərqli olaraq, bizim qanunlarımızda belə iddiaların nəzərdə tutulduğu qanunvericilik maddəsi olmayıb. Aydın məsələdir ki, Qərbin məqsədi bir tərəfdən Ermənistanı Azərbaycana qarşı yönəltmək, digər tərəfdən isə, Rusiyadan qopartmaqdır. Amma bu məsələnin asanlıqla baş verə biləcəyini düşünmürəm. Başqa bir reallıq da ondan ibarətdir ki, Qərbin ermənipərəst qüvvələri Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasını çox arzu edirlər. Bu avantürst planda Ermənistan onların “maşası”, bölgədəki forpostudur. Deməli, məhz həmin forpostun vasitəsilə burada müəyyən gərginlik yaratmağa çalışırlar. Amma heç bir halda buna nail ola bilməyəcəklər.            

İmran BƏDİRXANLI
XQ

 



Siyasət