Bordaqlanan Ermənistan və Paşinyanın “dilənçilik diplomatiyası”

post-img

Yaxud Brüssel görüşü və USAID-in “demokratiya” təəssübkeşliyi 

“Əslində, başqalarından böyük gözləntilərimiz var. Amma özümüz özümüzə kömək edə biləcəyimizi unuduruq. Çünki bizim haqqımızda düşünən tək bizik. Biz Rusiya ilə münasibətləri korlayırıq ki, Brüsselə gedib 4 il ərzində bizə qrant şəklində 270 milyon avro verəcəklərini eşidək. Xalqımız buna layiqdirmi? Bağışlayın, amma indiki hakimiyyət Qərblə yaxşı münasibətlər qura bilməyib. Bugünkü görüş bunun əyani təsdiqidir”. Bu fikirləri erməni politoloq Armen Qukasyan Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin aprelin 5-də Brüsseldə keçirilmiş görüşünü şərh edərkən bildirib. 

Xatırladaq ki, Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarına əsasən, Avropa İttifaqının yeni yardım paketi çərçivəsində Ermənistana 270 milyon avro qrantın və daha 0,5 milyard avronun ayrılacağı açıqlanıb. Bununla bağlı Ursula Fon der Lyayen deyib ki, 4 il ərzində 270 milyon avroluq yeni qrant Ermənistanda kiçik və orta müəssisələrin inkişafına və ölkənin yeni bazarlara çıxmasına kömək göstərəcək. 

Əlbəttə, məsələ heç də bunda deyil. Politoloq Qukasyanın da vurğuladığı kimi, qeyd edilən məbləğ uşaq başı aldatmaqdır. Amma həmin məbləği simvolik də saymaq mümkündür. Çünki belə görünür, Brüssel görüşündən sonra Ermənistana yardımlar artacaq. Bunun ilk nişanələri artıq var. 

Ancaq Qukasyan sual verməsə də olar. Yəni, Ermənistan indiki duruma tam layiqdir. Söhbət dilənçilikdən gedir. Böyük ölçüdə, proseslərə ciddi yanaşıb dərin nəticələr çıxarmağa dəyməz. Baş nazir Nikol Paşinyan Brüsselə elə dilənmək üçün getmişdi. Üçtərəfli görüş Ermənistanın nə qədər rəzil durumda olduğunu bir daha təsdiqlədi. Məsələ bundadır ki, heç də bütün bədbəxtlər bədbəxt olduqlarını anlamırlar. 

Əslində, Ermənistan hakimiyyətinin rəzilliyini təsdiqləyən təkcə dilənçi vəziyyətinə düşməsi deyil. Ən başlıca məsələ bədbəxtlikdə avantürizm motivlərinin mövcudluğudur. Baxın, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəddə atəşkəsi pozma hallarının sayı artıb. Dünən 44 günlük müharibədən sonra bir gündə 30 dəfə atəşkəsin pozulması qeydə alınıb. Deyəsən, 270 milyon avroluq qrantın xərclər smetasında başlıca yeri silah-sursat təşkil edir. Nə isə mövzumuz bu olmadığından, üzərində dayanmayaq. Söhbətimiz rəsmi İrəvanın dilənçilik xətti barədədir. Əlbəttə, bu xəttin fəsadlarını da diqqətə çatdıracağıq. 

Bəli, Brüssel görüşündən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistanın enerji təhlükəsizliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, eləcə də ərzaq təhlükəsizliyinin sabitləşdirilməsi üzərində işlədiyini açıqlayıb. Bunu qurumun Avropa və Avrasiya üzrə administratorunun köməkçisi Erin Makki mətbuat konfransında deyib: “8,6 milyon dollar dəyərində olan yeni proqramımız Ermənistanın bərpa olunan enerji mənbələrinə çıxışını və inteqrasiya imkanlarını yaxşılaşdıracaq. Bundan əlavə, fövqəladə halların planlaşdırılması Ermənistana enerji səmərəliliyini artırmaqla yanaşı, ölkənin təchizatındakı fasilələrə sistemli şəkildə reaksiya verməyə imkan yaradacaq. Bu maliyyə həm də enerji infrastrukturunda ciddi kibertəhlükəsizlik zəifliklərini daha yaxşı aradan qaldırmaq qabiliyyətini gücləndirəcək”.

E.Makki onu da bildirib ki, USAID, həmçinin erməni fermerlərinin taxıl istehsalı və saxlanmasını artırmaq səylərini dəstəkləməklə, ölkənin ərzaq təhlükəsizliyinin sabitləşməsinə kömək göstərəcək. Onun sözlərinə görə, planlaşdırılmış 6 milyon dollarlıq ərzaq təhlükəsizliyi proqramı iqlim şəraitinə adekvat şəkildə əsas məhsullar üzrə məhsuldarlığı artıracaq. “Bu, Ermənistanın qida sisteminin modernləşdirilməsi yolu ilə həyata keçiriləcək və biz yerli istehsalı artıra və idxaldan asılılığı azalda biləcəyik”, – deyən USAID rəsmisi əlavə edib ki, Birləşmiş Ştatlar Ermənistanda zəruri islahatları dəstəkləməyə və hökumətin potensialını gücləndirməyə davam edəcək. O, vurğulayıb ki, rəqəmsal demokratiya prinsipləri üzərində işləmək, Ermənistanın idarəetmə, ticarətin diversifikasiyası və iqtisadi inteqrasiyaya yanaşmasını müasir vəziyyətə gətirəcək və genişləndirəcək. 

Belə görünür ki, Ermənistana kənd təsərrüfatı, ümumən sosial sahə üzrə heç bir dövlət qurumu lazım deyil. Hər halda, E.Makki gərəkli olan hər şeyi USAID-in reallaşdıracağını deyir. Onun təmsil etdiyi təşkilatın Ermənistan təəssübkeşliyi fonunda açıqladığı daha bir məqam var. Administrator köməkçisi USAİD-in əsas prioritetinin erməni xalqının ləyaqətinin qorunmasına diqqət yetirmək olduğunu bildirib. Politoloq Qukasyan isə 270 milyon avro ilə bu ləyaqətin qorunmasının mümkünsüzlüyünü bildirir, E.Makki daha kiçik məbləğlə işin öhdəsindən necə gələcək, onu zaman göstərəcək. 

Sən demə, USAID Qarabağ ermənilərinin də ləyaqətinin qorunması işinə qol çırmayıbmış. Hər halda, E.Makki onların mənzil ehtiyaclarını ödəmək və psixososial dəstək üçün təxminən 8,5 milyon dollar ayırmağın planlaşdırıldığını açıqlayıb. Maraqlıdır ki, o, mövzudan danışarkən, məsələni Ermənistan demokratiyasını qorumaqla əlaqələndirib. Görəsən niyə? 

“Biz demokratik və firavan Ermənistanı dəstəkləmək səylərimizi və Ermənistanın demokratiya, iqtisadi sabitlik, suverenlik və ərazi bütövlüyünə davamlı dəstəyimizi bir daha təsdiqləmək üçün buraya toplaşmışıq. ABŞ Dövlət katibi bu səhər demokratiya, enerji müstəqilliyi, ərzaq təhlükəsizliyi və iqtisadi inklüzivliyin inkişafı üçün 65 milyon dollardan çox əhəmiyyətli yeni dəstək elan etdi. Çətinliklə qazanılmış uğurlarımızı möhkəmləndirmək üçün Ermənistan hökuməti ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq” – deyən Makkinin sözlərinə görə, maliyyələşdirmənin bir hissəsi olaraq USAID Ermənistan xalqına demokratiyasının işlədiyini konkret göstərmək üçün milli və yerli hökumətlərlə, eləcə də qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərəcək. 

Ermənistan xalqına demokratiyasının işlədiyini konkret göstərmək. Hər halda, bundan unikal biabırçı ifadə tapıla bilməzdi ki, E.Makkini onu nəinki tapdı, eyni zamanda, dövriyyəyə buraxdı. Əslində, o, bununla Qukasyanın sualına cavab da vermiş oldu. Yəni, erməni xalqının hazırkı şüur və təfəkkür səviyyəsinin hansı yerdə olduğunu açıqladı. Əlbəttə ki, ermənilərə xaricdən münasibətin trayektoriyasını zərgər dəqiqliyi ilə cızdı da. Məlum oldu ki, xalq Ermənistanda haqqında çox danışılan “demokratiya”nı ümumiyyətlə anlamır. Çox güman ki, Paşinyan Brüsselə elə həm də buna görə yollanmışdı. Orada desin ki, Qərbin Ermənistan adlı “demokratiya qalası” uçmaq üzrədir. 

Bəli, başlıca məqsəd bu “qalanı”, daha doğrusu, Ermənistanı möhkəmləndirməkdir. Ancaq bu, daha çox dibi çat vermiş quyuya su tökməyə bənzəyir. Başqa bənzətməmiz də var, onu yazının sonunda diqqətə çatdıracağıq. Hələlik isə qeyd edək ki, Qarabağ ermənilərinin dəstəklənməsi ilə bağlı məsələ Brüssel görüşünün də başlıca leytmotivini təşkil etmişdi. 

Dəstəyin onların Ermənistan cəmiyyətinə inteqrasiyasını nəzərdə tutduğu da məlumdur. Bu isə o deməkdir ki, Qarabağdan köç etmiş erməni əhalinin bölgəyə yenidən qayıtması kimi bir durum nəzərdən keçirilmir. Ancaq bu, hələ heç də o deyil ki, məsələ Ermənistanın beynəlxalq miqyasda həyata keçirdiyi anti-Azərbaycan təbliğatının tərkib hissəsi olmaqdan çıxacaq. Əksinə, sözügedən təbliğatın daha da güclənəcəyi aydındır. Çünki mövcud məqam rəsmi İrəvanın, belə demək mümkünsə, dilənçilik diplomatiyası baxımından son dərəcə vacibdir. Yəni, Paşinyan administrasiyası “Qarabağdan qaçqın düşmüş ermənilər” məntiqini nə qədər çox gündəmdə saxlasa, bir o qədər çox pul qazanacaq. 

Sonda bir daha politoloq Qukasyanın əvvəldə diqqətə çatdırdığımız fikrinə qayıdaq. Bəli, Ermənistanın mövcud hakimiyyəti erməni xalqını rəzil duruma salıb. Ancaq vəziyyəti şərtləndirən təkcə dünyanın, necə deyərlər, artıq-urtuğundan ermənilərə nə isə pay verilməsi deyil. Qərb ölkələri qəpiklərini də boşuna xərcləməzlər. Bu yerdə erməni xalqının ləyaqətli həyat keçirməsi, Ermənistanın demokratik quruculuq yolunda inamla addımlaması kimi deyimlər sabun köpüyündən, populizmdən və saxta sentimentallıqdan başqa bir şey deyil. 

Qərbin məqsədi rəsmi İrəvanı Rusiyaya qarşı mübarizədə, daha doğrusu, Rusiyanı Cənubi Qafqaz siyasi akvatoriyasından çıxarmaq planlarında diri tutmaqdır. Əlbəttə, bu məqsəd naminə erməni avantürizmi də dəstəklənir. O avantürizm ki, qonşu ölkələrə, ən əsası isə Azərbaycana qarşı ərazi iddiası motivinə köklənir. Paşinyan Brüsselə dilənçilik etməyə həm də buna görə getmişdi. 

Ən sonda Ermənistanın timsalında bir daha deyək ki, quyuya su tökməklə sulu olmur. Onu da bildirmək olar ki, hazırda Qərb dövlətləri ölkəyə balıq tutub verməklə məşğuldurlar. Onlar Ermənistana balıq tutmağı öyrətmək fikrindən tam uzaqdırlar. 

Hazırda erməni təəssübkeşliyindəki ayrı-ayrı çalarları təhlil edərkən, gözlər önündə bir mənzərə də canlanır. Yəqin kəsilmək üçün nəzərdə tutulan mal-qaranın əvvəl bəslənərək ətə-qana gəlməsinə şərait yaradıldığını bilirsiniz. Buna “bordaqlamaq” deyildiyindən də xəbərdar olanlarımız az deyil. Bəli, indiki durumda Qərb dünyası Ermənistanı, obrazlı şəkildə ifadə etsək, kəsilmək üçün bordaqlamaqla məşğuldur. Bu prosesin avantürizmi alovlandırdığını və illüziya mahiyyəti doğurduğunu nəzərə alsaq, belə getsə, “erməni demokratiyası” üçün “Vorfolomey gecəsi”nin yaşanacağı gün də uzaqda deyil. Sərhəddəki atəş səsləri həmin gecənin ayaq səsləridir. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət