İrəvanda Azərbaycan mediası hədəfə alınır

post-img

Tovio Klaara müraciət ruhlu bəyanatın məqsədi nədir?

Ermənistanda “Girdman–Şirvan–Naxçıvan” Ümumerməni Birliyi adlı təşkilat var. Təşkilatın erməni avantürizminin daşıyıcısı olduğunu söyləmək üçün onun yalnız adına diqqət yetirmək kifayətdir. Azərbaycan və türk toponimlərindən özünə ad seçmiş belə bir qurum ölkədə qeydiyyatdan keçib fəaliyyət göstərirsə, deməli, Ermənistan Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Məsələyə başqa cür yanaşmaq mümkünsüzdür. 

Bəli, “Girdman–Şirvan–Naxçıvan” Ümu­merməni Birliyi bəyanat yayıb. Sənəd Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böh­ranı üzrə xüsusi nümayəndəsi Toivo Klaara ünvanlanıb. Daha doğrusu, birlik cənab Kla­ara Azərbaycandan şikayət edib. Qurumun bəyanatını nekroloq kimi qiymətləndirmək mümkündür. Yaxud ona can verməkdə olan erməni avantürizmi üçün elegiya da demək yerinə düşər. Hiss olunur ki, sənəd vay-şivən musiqisinin notlarına köklənib. 

Əlqərəz, “Girdman–Şirvan–Naxçıvan”çı­ların əsas hədəfi Azərbaycan mediasıdır. Sən demə, ölkəmizin kütləvi informasiya vasitələ­ri Ermənistanı təhdid edirlərmiş. İddia o qədər gülməlidir ki, deməyə söz tapmırsan. Elə bil, erməni mediası süddən çıxmış ağ qaşıqdır, il­lərdir anti-Azərbaycan təbliğatı aparmır... 

“Girdman–Şirvan–Naxçıvan” Ümumer­məni Birliyinin bəyanatında bildirilib ki, guya Azərbaycanda söz və ifadə azadlığı yoxdur. Buna görə ölkə mediasında Ermənistanla bağ­lı yazılanların hamısı sifarişdir və bu sifariş illərdir yerinə yetirilir. Belə anabioz təfəkkür sahibləri çox güman, erməni cəmiyyəti ilə Azərbaycan cəmiyyətini səhv salıblar. Fərqinə varmırlar ki, torpaqları işğal altında olan ölkə­nin xalqı kimi mediası da təcavüzə və təcavüz­karlara qarşı barışmaz mövqe tutmalıdır. Eyni mövqe indi də davam etməlidir. Çünki rəsmi İrəvan sülhə gəlmək istəmir, hər cür avantü­rizmə baş vurur. 

“Girdman–Şirvan–Naxçıvan”çılar T.Kla­arın diqqətinə çatdırırlar ki, guya mediamızın apardığı təbliğat ermənifobiya yaradıb. Nəti­cədə Azərbaycan cəmiyyəti uşaq bağçasından tutmuş, müxtəlif təhsil və tərbiyə səviyyələ­rinə qədər Ermənistana və ermənilərə qarşı hədsiz nifrətlə qidalanır. O zaman sual olunur: beşikdəki körpənin qulağına türklərin düşmən olduqlarını pıçıldayanlar kimlər olub? Əlbəttə, ermənilər! Məhz bu təbliğatın nəticəsidir ki, erməni cəmiyyətində azərbaycanlılara qarşı nifrət körüklənib. Müasir dövrdə nifrət özü­nün ən pik həddinə 1992-ci ilin 26 fevralında – Xocalı soyqırımında çatıb. Hələ ötən yüzilin tarixində yaşanan digər qanlı faciələrimiz də var... 

Ancaq nifrətlə bəslənmiş bir qövm körpə uşağın dərisini soyub onun can verməsinə baxaraq dinclik tapa bilərdi. Yalnız qəzəblə yüklənmiş məxluqlar hamilə qadının bətnini süngü ilə yarmağı bacarardılar. Bu kimi vəhşi­lik əməllərini sıralamaq mümkündür. T.Klaa­rın da məsələdən xəbərsizliyini demək olmaz. Eləcə də Avropanın və dünyanın aparıcı təşki­latlarının təmsilçilərinə hər şey gün kimi ay­dındır. Ancaq... 

“Girdman–Şirvan–Naxçıvan” Ümumer­məni Birliyi azərbaycanlıların ermənilərə qar­şı törətdikləri vəhşiliklər kimi qələmə verdiyi olayları sadalayır və bu baxımdan 1988-ci ildə Sumqayıt hadisələrini yada salır. Əlbəttə, təş­kilat həmin hadisələrin bilavasitə erməni mil­lətçilərinin əli ilə həyata keçirildiyini bildir­məz. Bəyanatına daxil etməz ki, Sumqayıtda dinc insanlara qarşı qəddarlıq Qarabağ avantü­rasına haqq qazandırmaq naminə reallaşdırıl­mış məkrli ssenari idi. Ancaq qurum T.Klaara müraciətə köklənmiş sənədində Qarabağdakı erməni mədəni irsinin dağıdılmasından bəhs edir. Mədəni irs də nə imiş? Qondarma rejimin “parlament” binası. Həyasızlıq olar, bu qədər də yox. Başqa dövlətin daxilində separatçı qu­ruluş yaradasan, ona “parlament” binası ucal­dasan, sonra da deyəsən ki, onun dağıdılması erməni mədəni mirasına qəsddir. O bina nəin­ki dağıdılmalı, yeri də kürünməlidir ki, mur­darlıq torpağa keçməsin. 

Sonda “Girdman–Şirvan–Naxçıvan”çılar beynəlxalq aktorlardan Azərbaycanın media vasitələrinin yaydıqları anti-erməni təbliğa­tının, habelə Ermənistana və erməni xalqına qarşı nifrət və düşmənçiliyin qızışdırılması­nın araşdırılması və pislənməsi üçün təsirli addımlar atmağı tələb ediblər. Məlumdur ki, həm bu tələb, həm də ümumən belə bir bəya­natın qəbulu adi məsələ deyil. Çünki təşkilatın bilavasitə Ermənistan iqtidarı tərəfindən idarə olunduğu məlumdur. Ona rəhbərliyi hakim “Vətəndaş sazişi” partiyasının mənsubları həyata keçirirlər. Məqsəd bəllidir – Azərbay­canla sülh şəraitində yaşamağın mümkünsüz­lüyünü göstərmək, buna görə ölkəmizi günah­landırmaq. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət