“Döyüş qardaşlığı” silahlı qrupu məğlub ölkədə at oynadır

post-img

Ermənistan terroru dəstəkləyir? 

Ermənistanda Qazax rayonunun hələ də işğal altında olan 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri verilməsi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bu kəndlərə gedib əhali ilə görüşündə açıq mətnlə bildirmişdi ki, “bizim olmayanı geri verməliyik.” İlkin olaraq 4 kəndin boşaldılıb təhvil verilməsindən söhbət gedirdi və Paşinyan kəndlilərə açıq söylədi ki, əgər bu addımı atmasaq, müharibə başlaya bilər. 

Çünki bu ərazilər Paşinyanın tez- tez təkrar elədiyi Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxil deyil. Yəni, bu ərazilərin Azərbaycanın olduğu qəbul edilməlidir. Paşinyanın bu görüşün­dən sonra Ermənistan cəmiyyəti demək olar ki, bütün seqmentlərdə və bütün sə­viyyələrdə həmin kəndlərin qaytarılması ilə bağlı müzakirələrə başladı. Paşinyan hakimiyyətinə qarşı olan qüvvələr bu gə­lişmələrdən öz xeyirlərinə istifadə etməyə başlayıblar. Ermənistan cəmiyyəti irqçi düşüncədən və şovinist əhvali-ruhiyyədən azad olmadığına görə məsələnin revan­şist meydana da daşınması gözlənilən idi və son günlər Ermənistanda bilinən və bilinməyən terrorçu qruplaşmalar daha fəal pozisiyada görünməkdədirlər. VOMA, Yerkrapa, Sasna Tsrer və başqa hərbi-kö­nüllü qruplaşmalar dərhal mövqelərini bildirdilər və Azərbaycanın bu kəndlərinin təhvil verilməsinə qarşı çıxdılar. Parla­ment və küçə müxalifətinin də dəstəklə­diyi bu dəstələr bölgəyə “döyüşçülərini“ göndərməyə və Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlıq prosesinə başladı­lar.

Adı çox da hallanmayan "Döyüş qar­daşlığı" adlı qrup artıq Ermənistan cəmiy­yətinin müzakirə predmetinə çevrilmişdir. Bu qrupun fəaliyyəti indiyədək gizli apa­rılırdı və onların hansı qaynaqlardan ma­liyyələşməsi də bilinmirdi. Amma bəlli idi ki, Azərbaycan kəndlərinin geri qaytarıl­maması üçün ərazidə qeyri-qanuni məs­kunlaşan əhalini müharibəyə səsləməyi, delimitasiya prosesinin icrası zamanı isə Azərbaycan Ordusuna qarşı təxribat törətməyi planlaşdırır. “Döyüş qardaşlığı” Ermənistanın nəzarətində olan Qazaxın Yuxarı Əskipara və digər kəndlərinə girə­cəyini və ərazinin Azərbaycana geri qay­tarılmasına imkan verməyəcəyini keçən ay bəyan etmişdi.

Qazaxın işğal altındakı Yuxarı Əski­para kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı dəstə hakimiyyət qüvvələri tərəfindən saxlanıldıqdan sonra gərginlik artmağa başlayıb. 

"Döyüş qardaşlığı" adlı silahlı dəstənin 24 üzvü hüquq-mühafizə orqanları tərəfin­dən saxlanılandan və tərksilah ediləndən sonra digər terrorçu qruplar onların sər­bəst buraxılmalarını, üzvlərinin həbs olun­mamalarını tələb ediblər. "Döyüş qardaşlı­ğı" qruplaşmasının digər üzvləri İrəvanda Nor-Nork icmasının polis şöbəsinin bina­sına silahlı basqın etməyə cəhd ediblər. Nəticədə qrupun daha 49 üzvü saxlanılıb. Təbii ki, digər silahlı qruplaşmalar, o cüm­lədən “Sasna Tsrer” Paşinyan hakimiyyə­tinə qarşı kəskin ittihamlarla çıxış edirlər. Onların siyasi dayağı olan “Milli Demokra­tik Qütb”ün rəhbərləri ənənəvi erməni ter­rorçularıdır. Onların bəziləri ASALA üzvlə­ri olaraq bilinməkdədir. Həmin şəxslərdən biri Jirayr Sefiryandır. Artıq “Sasna Tsrer”, VOMA, Yerkrapa da daxil olmaqla, bütün revanşist ünsürlər Paşinyan hakimiyyəti­nin devrilməsi üçün istənilən addımı ata­caqlarını bəyan ediblər. Ona görə də onlar tərəfindən hər hansı iğtişaşın törədilməsi gözlənilirdi.

"Döyüş qardaşlığı" adlı silahlı dəstənin qurucu üzvlərindən olan Hrant Ter-Abra­hamyan verdiyi müsahibəsində deyir ki, bu dəstə bir ildən artıqdır, Bağanis və Yuxarı Əskipara kəndlərində hazırlıq işlə­rinə başlamışdır: “Biz orada döyüş takti­kası və digər hərbi əməliyyatları yerli özü­nüidarə orqanları ilə birlikdə etmişik. Biz Noyemberyan icma rəhbəri ilə sənəd im­zalamışıq. Bütün məsuliyyəti öz üzərimizə götürmüşük və yerli əhali ilə qarşılıqlı an­laşmalarımız da var. Bu qrupun üzvləri 44 günlük savaşda yer alan adamlardır və İrəvanda ayrıca hərbi hazırlıq düşərgəsin­də təlim keçməkdədirlər”. 

Bu, o deməkdir ki, "Döyüş qardaşlı­ğı" silahlı qrupundan Ermənistanın haki­miyyət orqanlarının xəbəri var və dövlət öz içində terrorçu qruplaşmasının fəaliy­yətinə şərait yaratmışdır. Eyni zamanda VOMA adlı silahlı qrupun rəhbəri Vova Vartanov da etiraf edir ki, Azərbaycanla sərhədin bəzi hissələrində VOMA hərbi təlimlər keçirmiş və bundan Ermənistan hakimiyyətinin xəbəri olmuşdur.

Artıq aşkar şəkildə ortadadır ki, Er­mənistan hakimiyyəti öz ərazisində hərbi dəstə və terrorçu qrupların fəaliyyəti üçün imkanlar yaratmışdır və bu da Ermənis­tanın terrorçu xarakterini ortaya qoyan önəmli arqumentlərdən biridir. 

Amma məsələ burasındadır ki, həmin silahlı qruplar və terrorçu dəstələr Paşin­yan hakimiyyəti üçün problemlər yarat­maqdadır, Paşinyan öz qazdığı quyuya özü düşmək ərəfəsindədir. Hakimiyyət orqanları bu silahlı dəstələrin təzyiqləri ilə qarşılaşmaqdadır. İrəvanın Nor Nork polis idarəsinə basqından və adlarını çəkdiyi­miz silahlı qrupların bəyanatından sonra Paşinyana qarşı olan qüvvələr də ürək­lənmişlər.

Nikol Paşinyanı zorla hakimiyyətdən uzaqlaşdırmaq üçün yeni “Miasin” (Birlik­də) hərəkatı yaradılıb və Paşinyan haki­miyyətindən narazı olan bütün qüvvələri birləşdirmək üçün mitinqlərin keçirilməsi üçün qərar qəbul edilib. Ter-Petrosya­nın prezidentliyi zamanı baş nazir olmuş Hrant Baqratyan yeni qurumun rəhbərli­yinə gətirilərək dövlətin başına keçmək üçün iddia ortaya qoyub. Qiyamın həm siyasi, həm də hərbi dayaqları hərəkətə keçmək ərəfəsindədir…

Mövzu ilə bağlı “Türkiye” qəzetinin əməkdaşı Yılmaz Bilgen fikrini qəzetimizə bildirmişdir: “Bir müddət əvvəl araşdırma­larımız nəticəsində o faktı ortaya çıxar­mışdıq ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə 10 mindən artıq silahlı dəstələr yerləşdirilmişdir. Onlar İran və Fransa tərəfindən maliyyələşdirilir. Ermə­nistan bu dəlilləri təkzib etməyə çalışdı və Ermənistanın KİV-ində bizim əleyhimizə kampaniya başladıldı. İndi dəlillər orta­dadır. Bu gün həmin qeyri-qanuni silahlı birləşmələrin Ermənistan hakimiyyəti ilə əlaqələrinin mövcudluğu təsdiq olunur və bu hərbi birləşmələrin necə böyük təhlükələrə yol açacağına, həm də Azər­baycan və Türkiyənin Ermənistanla sülh danışıqları prosesinə zərbə vuracağına işarədir. Bölgədə hər hansı gərginliyin yaranmasının məsuliyyəti Ermənistanın üzərinə düşəcəkdir.”

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət