Rusiya ictimai rəyi Solovyova “Dur!” deməlidir
Regionun, elə həm də dünyanın gündəmini “Crocus City Hall” konsert zalında xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı ilə bağlı fikirlər məşğul etməkdədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isti izlərlə ələ keçirilsə də, olayın motivlərinə dair müxtəlif versiyalar var. Onların təhlili, eləcə də bəzi rəsmi açıqlamalardan belə təəssürat yaranır ki, Rusiya terroru özünün xarici siyasət müstəvisində dəyərləndirməkdə israrlıdır. Ancaq mövcud xüsusda manipulyasiyalara üstünlük verənləri, özlərinin korporotiv maraqları prizmasından çıxış edənləri də görürük. Onların başında dayanan isə rusiyalı teleaparıcı və jurnalist Vladimir Solovyovdur. Söhbətimiz bu barədədir.
Ancaq əvvəlcə onu bildirək ki, Rusiyanın ayrı-ayrı dairələrinin günahkar axtarışını müəyyən mənada təbii saymaq mümkündür. Məsələyə bu aspektdən yanaşsaq, Rusiya Prezidenti Vladimir Putinin açıqlamasını anlayışla qarşılaya bilərik. Çünki indiki durumda Rusiya yaralı ayıya bənzəyir və obrazlı desək, ətrafında gözünə görünən hədəflərin hamısından şübhələnir. Onun fikrincə, ən böyük hədəf Ukraynadır. Putin “Crocus Citi Hall”da baş vermiş terror aktından sonra görülən tədbirlərlə bağlı keçirilmiş iclasda belə deyib: “Terror aktı radikal islamçıların əli ilə törədilib. Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya, Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”.
Putinin söylədikləri həm də V.Solovyov və onun kimi ermənipərəstlərin “Crocus City Hall” olayı ilə bağlı özlərinin konspriativ düşüncələrini işə salaraq, günahkar axtarmaq “əzmini” heçə endirir. Çünki dövlət başçısı daha böyük məsələdən söz açır. Solovyova gəldikdə isə onun məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri var. Hiss olunur ki, bu şəxs ölkəmizə qarşı ənənəvi qərəz ritorikasını işə salıb. Nəinki işə salıb, həmin ritorikanın cəfəng motivlərinin sərhədlərini aşıb.
Bəli, tam açıq şəkildə görünür ki, rusiyalı telejurnalist sərsəm eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Terrorçunun heç bir milli və dini mənsubiyyətinin ola bilməyəcəyinə dair klişeləşmiş fikirləri onun nəzərə almaması bir yana, üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslərin müəyyənləşdirilməsini heçə saydığı ortadadır. Açıq –aydın görünür ki, Solovyovun məqsədi azərbaycanlılara qarşı antipatiya formalaşdırmaqdır. Nəyə görə? Jurnalistin ermənipərəstliyini vurğuladıq. Əlavə edək ki, indiki durumda onun ermənipərəstliyi fürsətçi mahiyyət daşıyır.
V.Solovyov “Crocus City Hall”dakı terroru Azərbaycana qarşı alətə çevirmək niyyəti güdür. Əslində, Rusiyaya xəyanətin ən böyük göstəricisi elə budur. Məsələ ondadır ki, rəsmi İrəvan özünün Qərbyönümlü siyasi xətti ilə Moskvaya demarş xətti yürütməklə məşğuldur. Ermənistanın Azərbaycanla sülh gündəliyindən yayınması da onun anti-Rusiya xəttinin tərkib hissəsi kimi diqqət çəkir. Heç şübhəsiz, Solovyov bunu görür. Görməsinə rəğmən, o, suyu bulandırmaqla məşğuldur. İstəyi odur ki, Rusiyanın terrorla bağlı yaranmış hiddət hədəfi ölkəmiz olsun. Nəticə etibarilə bu durum Moskvanın Bakıya münasibətini dəyişsin. Solovyov belə düşüncədədir ki, dəyişiklik Rusiyanın Ermənistana yaxınlığına şərait yaradacaq. Bu, jurnalistin ermənipərəstlik naminə ayı xidmətindən başqa bir şey deyil.
V.Solovyov “Crocus City Hall”da törədilmiş terror xüsusunda azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaqla olaya etnik fon verir. Bu, son dərəcə təhlükəli tendensiyadır. Çünki onun eyhamları Rusiyada etnik münaqişəni alovlandırmaq təmayülü daşıyır. Ancaq jurnalistin ermənipərəstliyi o qədər güclüdür ki, belə məqamları, ümumən terrora etnik rəng qatmağın zərərini düşünmür. Həqiqətən, ortada son dərəcə rəzil durum var.
O, həqiqətləri rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinə” qurban verir. Bu “trionun” anti-Azərbaycan fəaliyyətinin ayrı-ayrı tərəfləri həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Hələ 2016-cı ildə Solovyov-Simonyan-Qabrelyanov üçlüyünün ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək yönümlü telefon danışığının detalları üzə çıxmışdı. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları oxşar yarıtmaz dəst-xəttin davamıdır.
Bəli, onun başlıca məqsədi Azərbaycan–Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. O, ölkələr arasında nifaq toxumları səpməyə çalışır. Jurnalistin ermənipərəst təəssübkeşliyi media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Məsələ Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verir. Mövcud xüsus Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda da əksini tapıb. Bəyanatda bildirilib ki, Solovyovun davranışı, onun jurnalist kimi dilə gətirdiyi fikirlər “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq yönümlü ritorikası nəinki ölkəmizə, ən əsası vətəndaşı olduğu Rusiyaya vurduğu son dərəcə ağır zərər və ziyandır.
Əslində, Solovyov kimi media dələduzlarına meydan verilməsi, efir haqqının tanınması, bütövlükdə, Rusiya ictimai rəyinə həqarətdir, bu, öz yerində. Onun danışıqları informasiya diversiyasıdır, heç bir efir mədəniyyətinə malik deyil. O da məlumdur ki, Solovyov hazırkı Ermənistan rəhbərliyinə qarşı mənfi münasibətdədir və mövqeyini həmişə ortaya qoymaqdadır. Aparıcısı olduğu televiziya proqramında dediklərindən gəlinən qənaət budur ki, Solovyov Azərbaycanın Ermənistan qarşısındakı uğurlarını ikincini aşağılamaq, qıcıq doğurmaq naminə qabardır, küçə danışığına baş vurur. Təxminən belə: ermənilər nə günə qalıb ki, azərbaycanlılar onları əzirlər...
Solovyov qıcığı ona görə yaradır ki, həm Rusiyadakı ermənilər, həm də Ermənistanda hakim komandaya qarşı çıxanlar mütəşəkkil surətdə ayağa qalxsınlar və ölkə Azərbaycanla sülhdən uzaqlaşsın. Sifarişin M.Simonyandan və A.Qabrelyanovdan, eləcə də digər ruspərəstlərdən gəldiyi aşkardır. Bu iki şəxsin də eyni “məntiqi” işə saldıqlarına dair misallar yetərincə çoxdur. Sırf “Crocus City Hall” olayında Azərbaycan izi axtarmaq yönümlü ritorika isə həm də ona hesablanıb ki, Rusiya dövləti hərəkətə keçərək rəsmi Bakıya qarşı çıxsın və nəticə etibarilə Azərbaycan–Ermənistan danışıqlarında Moskvanın diktə etdiyi yeni anti-Azərbaycan gündəmi formalaşsın.
Sonda onu deyək ki, Solovyovun hansı “fikirləri” gündəmə gətirməsindən asılı olmayaraq, ortada böyük reallıqlar var. Hesab edirik ki, Rusiya dövləti həmin reallıqları yaxşı bilir. Ancaq belə bir misal da var ki, milçək bir şey deyil, könül bulandırır. Rusiya ictimai rəyi Solovyov kimi “milçəklərin” könülləri bulandırmasının, söz və ifadə azadlığının imkanlarından siyasi maraqlar naminə yararlanmasının qarşısına birdəfəlik sədd çəkməlidir. Ona görə sədd çəkməlidir ki, belə “milçəklərin” bulandırdıqları suları sonradan durultmaq çətin olur.
Ə.RÜSTƏMOV
XQ