XI Qlobal Bakı Forumunun keçirilməsi ümumbəşəri problemlərin müzakirəsinə böyük töhfədir

post-img

Azərbaycan regional və qlobal miqyasda fəal siyasət yürüdən, beynəlxalq miqyaslı problemlərin həllinə çalışan aparıcı ölkəyə çevrilməkdədir. Ölkəmiz istər beynəlxalq təşkilatlara rəhbərlik etmək, istərsə də beynəlxalq konfranslara ev sahiblik etmək baxımından uğurlu nümunə yaradır. Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. 

O qeyd edib ki, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik edən, onların inkişafına töhfələr verən Azərbaycanın səyləri mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmaqdadır. 

Bununla yanaşı Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən konfrans, forum, simpoziumlara uğurla ev sahibliyi etməkdədir. Qlobal Bakı Forumu da bu siyahıda öncül yerlərdədir. Forum neçə ildir ki, bəşəriyyəti narahat edən problemlərin müzakirə edildiyi, təkliflərin səsləndirildiyi, həll yollarının göstərildiyi nüfuzlu bir platformaya çevrilib. 

Hazırda dünyamız çox narahat və gərgin bir dönəmdən keçməkdədir. BMT-nin qəbul etdiyi qərarlar icra olunmur, beynəlxalq hüquq onu qorumalı olan böyük dövlətlər tərəfindən tapdalanır, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi fundamental hüquqlar heçə sayılır. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü dünya nizamını qoruyub saxlaya bilmir. Problemin həlli üçün ciddi müzakirələr gedir. Yeni-yeni dövlətlər bu problemin həllinə töhfə vermək üçün aktivlik göstərir. Azərbaycan bu sırada ön yerlərdədir. 

M. Göyüşlü bildirib ki, bu baxımdan  Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi, belə bir önəmli müzakirə platformasında narahat dünyamızın problemlərinin disskusiyası əhəmiyyətlidir. Tədbirin əhəmiyyətini artıran məqam həm də burada 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatlarının da iştirak etməsidir. İştirakçılar hazırda bəşəriyyətin qarşılaşdığı problemlərin həlli istiqamətində önəmli təkliflər səsləndirməkdədirlər.

Bakı şəhəri dünya liderlərinin bir araya gəldiyi, qlobal problemlərin həllinə töhfə verildiyi ünvana çevrilib. Bu il ölkəmizdə həm də COP29 kimi mötəbər bir tədbir keçiriləcək. Azərbaycana gələn, iştirakıyla ölkəmizin bu təşəbbüsünə dəstək verən liderlər təşkilatçılıqdan, fəallıqdan razılıqlarını səsləndirirlər.

Ekspert əlavə edib ki, beynəlxalq ictimaiyyət və onun problemlərin həllinə töhfə vermək cəhdi budur. Fransanın iddia etdiyi kimi 2-3 dövlətlə birləşib fikir səsləndirmək beynəlxlaq ictimaiyyət demək deyil. Azərbaycan 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edərək, Qlobal bakı Forumu təşkil edərək beynəlxalq ictimaiyyətin fikrini gündəmə gətirir. Bu cəhdlərin qlobal miqyasda problemlərin həllinə töhfə verməsi, yeni və ciddi beynəlxalq platformaların formalaşması, Azərbaycanın fəallığı kimlərisə narahat etsə də ölkəmiz, onun lideri, cənab İlham Əliyev mötəbər çalışmaları, təqdirəlayiq fəaliyyətləri davam etdirməkdədir.

Anar ƏLİ,
XQ

Siyasət