Paris Bakı ilə dostluğu niyə düşmənçiliyə çevirir?

post-img

Fransa Cənubi Qafqazda sülhə, əməkdaşlığa qarşı çıxan yeganə dövlətdir

Əlbəttə ki, Yelisey sarayının müvəqqəti sahibinin dirijor çubuğu ilə idarə olunan senat, şəhər meriyaları, erməni lobbisi, satılmış media anti-Azərbaycan cəbhə­sinin “muzdlularıdır”. Onların fəaliyyətinin leytmotivini isə Makron Fransasının ölkəmizə qarşı ikili standartı təşkil edir. 

Fransanın anti-Azərbaycan siyasəti özünün çoxçalarlığı ilə diqqəti cəlb edir. Paris bir tərəfdən Bakıya qarşı erməni “kartından” geniş istifadə edir, bölgənin ən zəif bəndi olan Ermənistanı silahlan­dırmaqla, onu yeni hərbi qarşıdurmaya sürükləməklə Azərbaycana hərbə-zorba gəlməyə çalışır, digər tərəfdən isə ide­oloji cəbhədə geniş informasiya savaşı açmaqla beynəlxalq ictimai rəylə ma­nipulyasiyaya cəhd edir. BMT Təhlükə­sizlik Şurasında Azərbaycana qarşı qət­namələrlə bağlı hüquqi fiaskosunu, qara qitədə hərbi-diplomatik uğursuzluğunu hələ də həzm edə bilməyən Emmanu­el Makron beynəlxalq aləmdə yeni uğur hekayəsini “yazmaq” üçün yollar, üsullar aramaqdadır. Paris Birinci dünya müha­ribəsi zamanı Osmanlı Türkiyəsinə qarşı törətdiyi təxribatçılıq əməllərini indi Cə­nubi Qafqazda, konkret olaraq, Azərbay­canda sınaqdan çıxarmağa girişib.

* * * 

Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışında verdiyi ən ciddi mesajlarından biri Fransanın Azər­baycana yönəlik qərəzli mövqeyi ilə bağ­lı idi. Rəsmi Parisin hazırda yürütdüyü xarici siyasətin regiondakı reallıqlara beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran dövlət başçımız Fransanın BMT başda olmaqla, bir çox beynəlxalq təşkilatlarda ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair uğursuz cəhdlərini yada saldı.

Çıxışında “Ukraynaya ərazi bütövlü­yünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransanın öz ərazi bütövlüyünü bərpa etmiş Azər­baycana qarşı qərəzi qəbuledilməzdir” – deyən cənab Prezident yaxın keçmişə nəzər salır: “Mən buna olduqca təəssüf edirəm. Çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında müna­sibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tu­tub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaş­ma münasibətlərinə malik olub. Amma Fransa hökumətinin İkinci Qarabağ mü­haribəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Yəni, etmədiyimiz bir əmələ görə”.

Azərbaycanın beynəlxalq hüquqa zidd heç bir addım atmadığını forum iştirakçılarının nəzərinə çatdıran dövlət başçımız Fransanın Avropa İttifaqı çərçi­vəsində ölkəmizə qarşı sanksiyaların tət­biqi üçün bir neçə dəfə cəhd etdiyini bil­dirdi ki, həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada – Azər­baycan şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş ver­di. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin hey­kəli, üzərindəki qırmızı boyanı və heykə­lin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqın­da Azərbaycanı cəzalandırmaq cəhdləri­nin uğursuz olması idi.

* * * 

Bu məqamda onu da qeyd etməliyik ki, Bakı Forumunun iştirakçıları da Evi­an şəhərində Azərbaycan şairi Natəva­nın heykəlinə qarşı vandalizm aktını ikili standartların növbəti göstəricisi hesab edərək pisləyiblər. Cənab Prezident hə­min vandalizm aktının törədilməsinə görə Fransanın müvafiq hakimiyyət orqanları­nın məsuliyyət daşıdığını da xatırladıb: “Bu hadisədən sonra hakimiyyət orqanla­rı boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl bu vəziyyətdə bir və ya iki ay qaldı. Van­dalizmi dayandırmaqla bağlı bu ölkədə­ki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki hey­kəlin belə vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktı­dır”. 

Baş vermiş hadisəyə nə Fransa hö­kuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən heç bir reaksiya verilmədiyi­ni vurğulayan İlham Əliyev Bakının bu məsələyə müdaxilə etdiyini bildirdi: “Belə olan halda biz israr etdik ki, heykəl ora­dan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Hey­kəlin Evian şəhərindən Parisdəki Azər­baycan Mədəniyyət Mərkəzinin qarşısın­da olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”. 

* * * 

Burada bir faktı qeyd etməyə bilmə­rik. Natəvan obrazının azərbaycanlılar üçün Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirdiyini yaxşı bilən Fran­sadakı erməni diasporu Parisi məhz bu cür vandalizm hərəkətlərinə vadar edib. Makron hakimiyyəti isə özünün Bakıya qarşı siyasi hikkəsini Xan qızının heykə­lindən çıxmaqla hansı səviyyəyə endir­diyinin fərqində deyil. Doğrudur, Evian şəhər meriyası abidəyə qarşı edilən və diplomatik etriketə sığmayan hərəkətə, barbarlıq aktına görə uyğun açıqlama verib. Bildirilib ki, Xurşidbanu Natəvanın heykəlinin yerləşdiyi bağın ləğvi, abidə­nin isə oradan götürüləcəyi barədə medi­anın yaydığı informasiya yanlışdır. Hey­kələ qarşı vandalizm aktının törədildiyini, onun üzərinə qırmızı boya atıldığını, daş lövhələrin sındırıldığını etiraf edən meri­ya abidənin təmiri və təmizlənməsi üçün mütəxəssislər axtardığını, bərpadan son­ra abidənin və lövhənin əvvəlki yerinə qo­yulacağını açıqlayıb. 

Fəqət, rəsmi Paris Bakını bu açıqla­ma–üzrxahlığın səmimi olduğuna inan­dırmaq istəyirsə, bu zaman azərbaycanlı diplomatların bu ölkədən çıxarılmasına da aydınlıq gətirməlidir. Bundan başqa, Fransa hakimiyyəti təxminən bir il bun­dan əvvəl Azərbaycanın Parisdəki sə­firliyinə hücum faktının araşdırılması, cinayətkarların tapılıb cəzalandırılması üçün də konkret addımlar atmalıdır.

Artıq gün kimi aydındır ki, Paris Cə­nubi Qafqaz ölkələri arasında münasibət­lərin normallaşması prosesinə hər vəchlə mane olmağa çalışır. Hirsindən Afrikada, Orta Asiyada uğursuz siyasətinin “mey­vələrini” çeynəyən Yelisey sarayının mü­vəqqəti “kirayənişini” Emmanuel Makron nəinki xaricdə, daxildə də nüfuzunu itir­miş, əhalinin qınaq obyektinə çevrilmiş­dir. Fransanın uğursuz cəhdləri həm də Avropa İttifaqının beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur. Şəxsən pre­zident Emmanuel Makronun və Fransa­nın dünyadakı nüfuzunun getdikcə aşağı düşməsi, həmçinin ölkədaxili siyasətin­dəki böhran bu dövlətin qeyri-səmimi si­yasətinin fəsadlarıdır. 

Elnur ALLAHVERDİYEV, 
Milli Məclisin deputatı 

Fransa Cənubi Qafqaz böl­gəsində sabitliyə, dayanıqlı sülhə, eləcə də ölkələrin qarşı­lıqlı faydalı əməkdaşlığına, iqti­sadi tərəqqisinə mane olur. Bu ölkənin Azərbaycana qarşı ikili standartlara əsaslanan, tama­milə qərəzli siyasəti artıq bütün sərhədləri, hətta etik çərçivələri belə aşıb. Azərbaycan xalqının görkəmli dövlət xadimi, şairi Xurşudbanu Natəvanın heykə­linə qarşı Evian şəhər meriyası­nın münasibəti, abidəyə təcavü­zü dəstəkləməsi rəsmi Parisin heç vaxt normal, sivil formada, şərəfli siyasi mübarizə apara bil­məməsinin göstəricisidir. 

Bu, həm də rəsmi Parisin zəifliyinin əlamətidir. Fransa kimi tarixi dövlətçilik ənənələri olan bir dövlətin bir ovuc erməni lob­bisi üzvlərinin əlində əsir-yesir qalması, təbii ki, olduqca biabır­çi, üzücü vəziyyətdir və təəssüf doğurur. Bu ölkənin indiki rəh­bərliyinin avantürist ritorikası, içiboş aqressiyası onu geosiyasi dalana salıb. Vaxt keçdikcə biz bu zərərli siyasətin Fransa üçün hansı acı nəticələrə səbəb olaca­ğını görürük.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qətiy­yətli, savadlı və arqumentli si­yasətlə Fransanın ermənipərəst, qərəzli, ədalətsiz və yersiz kam­paniyasına qarşı mübarizə apa­rılır.

Tofiq ABBASOV, 
siyasi icmalçı

Cənab Prezidentin forumda­kı çıxışında Makron məsələsinə toxunması son dərəcə vacib idi. Çünki Fransa prezidenti dünya­nın müasir, qlobal çağırışlarına Ermənistan prizmasından yana­şır. Yıxılmış, uğursuz, problemli məmləkətə çevrilmiş Ermənis­tanın qayğılarını öz üzərinə gö­türüb onu “makro formatda” təqdim etməyin və bu müstəvidə böyük ssenarilər qurmağın özü yalnız bir həqiqətdən xəbər verir: Emmanuel Makron bəsit dünya­görüşlü, zəif bir şəxsdir. Doğru­dur, dövlət xadimidir, prezident kimi ikinci müddətini davam etdirir, amma, bu o demək deyil ki, onun hansısa xidmətləri var. Əslində, o, qlobal siyasətə yaralı fiqurdur. 

Afrikadan biabırcasına qovu­landan sonra uran yataqlarına malik Özbəkistana, Qazaxısta­na üz tutan Makronun merkantil maraqları bəliidr. Məsələ ondadır ki, bu adamın aydın, rasional fəa­liyyət proqramı yoxdur. Bu amil həm Fransanın daxilinə, həm də xaricinə aiddir. Əgər Makron, həqiqətən də, normal siyasətçi olsaydı, güclü hökumət qurardı. Onun qurduğu yeni hökumətdə­ki fiqurların adlarını belə çəkmək istəmirəm. 

Ukrayna müstəvisinə gəl­dikdə isə ora bir addım irəli atıb iki-üç addım geri çəkilən Em­manuel Makron Kiyevə verdiyi vədə əməl edə bilmədi. Onun bu yalançı, avantürist siyasəti bir daha göstərdi ki, bu adam dövlət başçısı kimi son dərəcə uğursuz kadrdır. İndi, o, öz ölkəsinində özünü yad hiss edir. Əgər biz bu gün Bakı Forumunda parçalanan dünyanın bərpasından danışırıq­sa, çağırışlar ediriksə, bu zaman parçalayanların haqqında da deməliyik. Bunlar kimlərdir? Əl­bəttə, bu siyahının başında Em­manuel Makronun adı gəlir.

İmran BƏDİRXANLI
XQ





Siyasət