Makronun eskalasiya anonsu: anti-Rusiya cəbhəsi və Cənubi Qafqaz

post-img

Fransa Prezidenti Emmanuel Makron ölkə televiziyasında bəzi qlobal siyasi mü­bahisə elementlərini özündə birləşdirən açıqlama verib. O, bir tərəfdən ölkəsinin hazırda Rusiya ilə döyüşəcək vəziyyətdə olmadığı fikrini ifadə edib, digər yandan isə Ukraynada fransız qoşunlarının mey­dana çıxması ehtimalını qabardıb. 

Əlbəttə, Makronun açıqlamasına diqqət yetirəndə, bilavasitə, üzərində dayanılmalı bir məqam var. Fran­sa anti-Rusiya kampaniyasında öndə olmağa çalışır. Paris üçün bu əzmin nümayiş platforması isə Cənubi Qafqazdır. Söhbətimizdə məsələyə diqqət yetirəcə­yik. Ancaq mətləbə bəzi paralellər aparmaqla yaxın­laşmağı düşünürük

Bəli, bir çox maraq doğuran məsələlərlə bağlı müəyyən qeyri-müəyyənlik elementi nəzərə çarpsa da, Makronun anti-Rusiya bəyanatı Fransanı Ukray­nadakı münaqişənin yeni eskalasiya mərhələsinin, belə demək mümkünsə, tətikçisi obrazına gətirir. Bu, özlüyündə kollektiv Qərbin Rusiyaya qarşı köklənişi­nin daha ciddi iştirakçılıq motivini doğurur.

Qeyd edək ki, Fransa əvvəlki nüfu­zunu itirsə də, Qərbi Avropa seqmentinin başlıca ölkəsi olaraq qalır. Hər halda, onun yerə-göyə sığmayan iddiası və dünyanın gözündə reabilitasiya olun­maq, əvvəlki mövqelərini bərpa etmək is­tiqamətindəki dirənişini görürük. Baxma­yaraq ki, hazırda böyük ölçüdə Ukrayna cəbhəsi Parisə yad kimi görünür. Amma ortada hər vəchlə özünütəsdiqə can atan Makron amili var. Nəzərə alaq ki, dövlət başçısının özünütəsdiq cəhdi, eyni za­manda, Fransanın daxili problemlərindən diqqəti yayındırmaq istəyidir. Daxili prob­lemlər isə olduqca ciddi mahiyyət daşıyır. 

Qərbin Ukrayna müharibəsindəki iş­tirakı müxtəlif təzahür formalarına malik­dir. Xatırladaq ki, hərbi əməliyyatların ilk mərhələsində Qərb ölkələri Ukraynaya tank tədarük etməyi planlaşdırmırdılar. Lakin sonra onların “zəncirli maşınları”­nın döyüş meydanlarında peyda olduğu­nu gördük. Mövcud məqamı Makron özü də müsahibəsində bildirir. Qərb dövlətlə­rinin hərbi qulluqçularının Ukrayna mü­haribəsində bilavasitə iştirakına gəlincə, hələ müharibədən əvvəl də onlar ölkədə təlimatçılar və məsləhətçilər qismində görünürdülər. 

Hərbi əməliyyatlar başlanandan son­ra isə Ukrayna savaşında muzdlular mey­dana çıxdı. Rusiya tərəfinin məlumatına görə, ümumiyyətlə, Ukraynada indiyədək münaqişəyə rəsmi şəkildə cəlb olunma­yan digər dövlətlərin bir neçə min hərb­çisi həlak olub. O cümlədən, yüzdən çox fransız muzdlusu. Lakin o da məlumdur ki, muzdlular başqa şeydi, nizami ordu birləşmələri tamam başqa. Çox güman ki, Makron anti-Rusiya dirənişində ölkə­sinin iştirakına dair qəti fikir bildirməyib, ümumən müharibə ilə bağlı sərt ritorika­dan söz açanda sözügedən muzdluları taraz qüvvə kimi təsəvvürə gətirirdi. 

İndi güman etmək olar ki, ilk müntəzəm fransız hərbi kontingenti “rus işğalından” qorunmaq bəhanəsi ilə an­ti-Rusiya cəbhəsinin müxtəlif istiqamət­lərinə cəlb oluna bilər. Rusiyanın de­monizasiyası müstəvisində Avropada belə nöqtələr baxımından Rumıniya və Moldovanın adı çəkilir. Yəni, Makron bi­lavasitə Ukrayna müharibəsinə girişmə­yi deyil, rus işğalı təhlükəsinin qəsdən aktuallaşdırıldığı yerləri hədəf seçməyi düşünür. Onun səsləndirdiyi ayrı-ayrı fikirlər də sözümüzün təsdiqidir. Bu nə üçündür? Məqsəd ehtiyat cəbhə xət­ti müəyyənləşdirməkdir. Elə bir xətt ki, Moskva Ukraynada mümkün geriləmə durumunda alternativ uğur platforması əldə etməsin. Bir sözlə, Makron anti-Ru­siya çəmbərini daraltmaq, yəni Rusiyanı sıxışdırmaq barədə düşünür. Yeri gəlmiş­kən, qeyd edək ki, Polşa da hazırda eyni ampluada çıxış edir. 

Bəzi ehtimallar fransız qoşunlarının Odessada peyda olması proqnozu ilə bağlıdır. Nəzərə alaq ki, 1918-1919-cu il­lərdə bir sıra Qərb dövlətlərinin Sovet Ru­siyasına qarşı müdaxiləsi zamanı Fransa hərbçiləri bu şəhərdə mövqe tutmuşdu­lar. Həmin vaxt onların sayı 15.000 nəfər idi. Ən əsası isə o dövrdə elan olunmuş­du ki, Odessa bölgəsi Fransanın himayə­si altına girir. Bu patronajlığın ömrü isə təxminən 100 gün davam etmişdi. 

Sözümüz ondadır ki, Makronun açıq­laması, istər-istəməz, Fransa–Rusiya qarşıdurmasının tarixi məqamları barədə söz açmaq zərurətini doğrurur. Əlbəttə, tarixə nəzər salırıqsa, XIX əsrin əvvəl­lərinə gedə, Napoleon Fransası ilə çar Rusiyasının müharibə səhnələrindən söz aça bilərik. Eyni zamanda, birincinin dü­çar olduğu acınacaqlı durumdan. Amma tarix tarixdə qalsın, qayıdaq Makronun açıqlamasına. Onun söylədikləri Fran­sanın Ukrayna münaqişəsinin yeni raun­dunun elan edilməsi təsiri bağışlayır ki, bu zaman həmin münaqişəyə kompleks yanaşma zərurəti meydana çıxır. Demə­li, anti-Rusiya dirənişinin Cənubi Qafqaz müstəvisi aktuallıq qazanır. Bu aktuallığın isə özünü Azərbaycan–Ermənistan mü­nasibətlərində göstərəcəyi birmənalıdır. 

***

Bəli, hazırda, həqiqətən də, absurd vəziyyət yaranıb. Kağız üzərində Mosk­vanın strateji müttəfiqi olaraq qalan rəsmi İrəvan son vaxtlar Parislə əlaqələrini in­tensiv şəkildə inkişaf etdirir və hazırda ən azı Avropa İttifaqına üzv ölkələr arasın­da Moskvaya qarşı əsas əks çəki vahidi kimi mövqe tutur. Mənzərə, istər-istəməz, Ermənistanı Fransa–Rusiya qarşıdur­ma meydanına çevirəcək. Nəzərə alaq ki, İrəvan özünün anti-Rusiya məntiqini Azərbaycana qarşı çıxmaq zəminində or­taya qoyur, eyni zamanda, Fransa ölkə­mizlə açıq konfrantasiyalara gedir. 

Bütün bu dediklərimizin fonunda elə bir vəziyyət yarana bilər ki, Paris İrəva­na dəstək müqabilində ondan Moskva ilə münasibətləri tamamilə pozmağa yönəl­miş daha kəskin addımlar tələb edər. Bu addımların ilk işartılarını görürük. Ermə­nistan hakimiyyəti, o cümlədən, baş nazir Nikol Paşinyan patyaxtdakı “Zvartnorst” hava limanından Rusiya hərbçilərinin çıxarılmasını istəyib. Bu istəyin yaxın gələcəkdə ümumən Ermənistandakı Ru­siya hərbi kontingentinin tamamilə ölkə­dən uzaqlaşdırılması məntiqinə köklənə­cəyi aydın görünür. Erməni ekspertlər də mövcud məqamı vurğulayır və bildirirlər ki, Paşinyan administrasiyası yaxın za­manda dünyanı təəccübləndirən addım­lar atmağa hazırlaşır. Elə bir addımlar ki, onların sayəsində Qərb dünyası onu daha qətiyyətli görsün və Qərb üçün Er­mənistan amili Azərbaycan və Türkiyə faktorunu üstələsin. Əslində, Makrona da elə bu lazımdır. 

Yəqin elə dediklərimizə görədir ki, Fransa Ermənistanı silahlandırır. Paris, həmçinin özünün təsir aləti kimi, Avropa İttifaqını ortaya atır. Qurumun Ermənis­tandakı mülki müşahidə missiyasına siya­si sərmayə yatırır, müşahidəçilərin sayını artırır. Bütün bunlarla isə onun, Cənubi Qafqazı əməkdaşlıq mühiti formalaşdır­maq deyil, qan çanağına döndərmək niy­yətini ortaya qoyduğu aşkardır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət