Cənubi Qafqazda geosiyasi avantüra və konstruktivizm: həlledici tarixi savaş

post-img

III məqalə

Ermənistanın regional geosiyasi avantürası

Ermənistanın dövlət olduğunu bir­mənalı təsdiq etmək çətindir, lakin dəqiq olaraq avantüristdir. Ümumiyyətlə, ermə­ni cəmiyyəti mənəvi-psixoloji aspektdə avantürist təbiətə malikdir. İstənilən yerdə istənilən topluma qarşı avantüraya can atmaları var. Ancaq bunlar fərdi səviyyə­də qalsaydı, bu dərəcədə ziyanlı olmaya bilərdi. Bədbəxtçilikdən Cənubi Qafqaz iki saxtakarlığın şahididir. 

Birincisi, haylar özlərinə aidiyyatı ol­mayan coğrafiyada və torpaqlarda “Ermə­nistan” adlı qondarma qurum yaratmışlar. Bunun sifarişçiləri və prakitiki reallaşdı­ranları qərblilər (ABŞ+Avropa) və Rusiya olmuşdur. 

İkincisi, bu saxtakar xalqın qondarma dövləti mahiyyətcə humanist, ədalətli və ya sakit xarakterli deyildir. Bu cür keyfiy­yətlərdən uzaq, lakin publik olaraq onlara sahib olduğu söylənən (əsasən xarici ha­vadarları tərəfindən) başabəla qurumdur. Bu ikinci saxtakarlığın konkret geosiyasi və siyasi obrazı başqalarına maşalıq et­məklə məşğuldur. 

Buna görə də, həmin xüsusiyyət qal­dıqca, Cənubi Qafqazda avantürizmin kökü kəsilməyəcək. Ayrıca II Qarabağ sa­vaşından sonra erməni avantürizmi daha eybəcər və sürüşkən çalarlar kəsb etmiş­dir. Bunun konkret əlamətləri nələrdən ibarətdir?

Absurdizm

Ermənistan savaşdakı məğlubiyyətinə qarşısına absurd məqsədlər qoymaqla reaksiya verməkdədir. Bu da tipik olaraq avantürizmə yuvarlanmaqdır. Həmin sə­bəbdəndir ki, rəsmi İrəvanın qarşısına qoyduğu məqsədlər geosiyasi və siyasi baxımdan absurddur. Ermənistan xəyal edir ki, Cənubi Qafqazda aparıcı geosiyasi qüvvə ola bilər! Nəticədə daha bir avan­türaya əl atmalı olur. Bu avantüra absurd məqsədə çatmaq üçün rəsmi İəvanın yeni “dostlar” (əslində, ağalar, havadarlar) ax­tarışına çıxması ilə bağlıdır.

Qəribədir ki, bu mərhələdə də Ermə­nistan saxtakarlıqdan yaxa qurtara bilmir. Bu, ənənəvi ağası Rusiyadan imtina cəh­dində əks olunur. Əlbəttə, Ermənistan öz­başına Rusiyadan bir millimetr belə uzaq­laşa bilməz. Amma N.Paşinyan gündə bir bəyanat verir ki, Rusiyanın yaratdığı han­sısa təşkilatdan imtina edir. 

Deməli, rəsmi İrəvan Rusiya ilə müna­sibətləri dəyişmək cəhdində də saxtakar­lığa əl atır ki, bunun bir üzü avantüradır. Ermənistanın avantüra vasitəsilə Kremlə təsir edə bilməyəcəyi rəsmi Moskvanın reaksiyalarından aydın görünür. Rusiya, əslində, daim Ermənistanın “yeni dostla­rı”nı vurur. Bunun fonunda isə erməni fak­toru faktiki olaraq sıfırlanır. Rusiya XİN-in rəsmi sözçüsü M.Zaxarova bəyan etmişdir ki, Fransanın Qarabağ məsələsinin həllin­də zərrə qədər də faydası olmamışdır, bu prosesdə Rusiya həlledici rol oynamışdır (bu, M.Zaxarovanın məntiqidir, realııq on­dan ibarətdir ki, bütün maneələrə, o cüm­lədən, Rusiya tərəfdən olan təsirlərə bax­mayaraq, məsələni Azərbaycan özü həll etmişdir). Ancaq maraqlıdır ki, Moskva bu cür fikirləri ilə əslində, Cənubi Qafqazda Fransa və Ermənistanın geosiyasi və siya­si-təbliğati avantüra ilə məşğul olduqlarını ifadə edir.

Ermənistanın regional miqyasda geosiyasi və siyasi avantürasının əlamət­lərindən biri də Azəbaycanın təkliflərinə alternativlik etmək cəhdləri ilə bağlıdır. Rəsmi İrəvan Bakının təklif etdiyi qayda­lar əsasında danışıqlar yolu ilə münasi­bətləri normallaşdırmaq əvəzinə, müxtəlif qondarma arqumentlərlə özünün alterna­tivlərini ortaya atır. Ermənistan rəhbərliyi özünü elə aparır ki, guya, regiona fayda verə biləcək ədalətli yanaşma təklif edir. Məsələn, “sülh kəsişməsi” və ya Zən­gəzura alternativ ola biləcək hər hansı başqa layihə. Bu cəhdlərin tam olaraq ge­osiyasi və siyasi avantüra olduğu aydın­dır. Çünki onlar, birincisi, Ermənistanın regiondakı hazırkı geosiyasi statusunu aşır, ona uyğun deyildir. Axı, Ermənistan region üçün müsbət heç nə etməmişdir, əksinə, regionda xaos yaratdığına görə, ona təcavüzkar və işğalçı kimi həmişə xəbərdarlıq olunmuşdur. Müharibə də Er­mənistanın həmin əsassız iddiasından və ona uyğun davranışlarından yaranmışdır. Bu cür pozucu bir dövlət hansı əsasla regonal əməkdaşlıq və ya təhlükəsizliklə bağlı Azərbaycana alternativ ola biləcək təklif verə bilər? Kökündən avantürizm­dir! Bunun başqa adı yoxdur!

İkincisi, İrəvanın təklif dediyi həmin absurd söz yığımı regional geosiyasi, si­yasi və təhlükəsizlik reallıqlara dayanan əlaməti yoxdur. Ermənistanın “sülh kəsiş­məsi” adlandırdığı və mənasını heç özü də bilmədiyi ifadəsinin Azərbaycanın sülh təkliflərindən hansı real özəlliyi ilə fərqlən­diyini kimsə izah edə bilmir. Çünki izahı yoxdur! Bunun geosiyasi və siyasi avantü­radan qətiyyən fərqi yoxdur! 

Üçüncüsü, Ermənistanın dolayısı ilə düşdüyü vəziyyətin səbəbini özünün yanlış siyasətində deyil, “dostlartı”nda axtarma­sı da əsl avantüradır. Bunun da təhlükəli tərəfləri həm regiondan uzaq dövlətlərin burada geosiyasi, siyasi və ideoloji fəal­lığına təkan verməkdən və paralel olaraq silahlanmaqdan ibarətdir. Bu iki istiqamə­tin regionda yaratdığı avantürist mənzərə son dərəcə riskli bir durum formalaşdırır. 

Dördüncüsü, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasında “xə­ritə avantürası”na gedir. Aydın görünür ki, rəsmi İrəvanın məqsədi ədalətli sülhə nail olmaq üçün sərhədləri hüquq və tarixi reallığa görə dəqiqləşdirməkdən ibarət deyildir. Burada başlıca məqam xəritələrlə manipulyasiya edib, məsələni uzatmaqdır. Bu avantüranın da nəticələri fəlakətli ola bilər.

Beşincisi, Ermənistanın geosiyasi və siyasi avantürasında insan haqları ilə ma­nipulyasiya xüsusi yer tutur. Bütövlükdə, erməni siyasi şüurunda “insan haqları” məhfumu tam predmetləşməmişdir. Bu, yarıxəyali, yarıfantastik və yarı da et­nik-şovinist xüsusiyyətlərin eklektik-mexa­niki yığımından ibarətdir. Buna görə də erməni rəsmiləri tez-tez “insan haqlarını” ya real vəziyyətə uyğun olmayan konteks­tdə işlədirlər, ya da onu yalnız erməni etnik kimliyinin eqoist maraqları çərçivəsində təqdim edirlər. Faktlara baxsaq, bunları asan görə bilərik.

Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq erməni təbliğatçılar 1915-ci ilə aid olan hadisələrin uydurma qiymətlən­dirilməsi əsasında bütöv bir xalqı–Azər­baycan xalqını düşmən elan etdilər və bu əsasda minbir zülmə, terrora, insan haq­larının kobudcasına pozulmasına imza atdılar. 

Bununla yanaşı, insan haqlarını birtərəfli və sırf etnik eqoistik anlamı əsa­sında Qarabağda ancaq ermənilərin han­sısa hüquqa malik olduqlarını sərhədsiz semantik formada dünyaya sırımağa baş­ladılar. Bu zaman erməni siyasi şüurunda öz yurdundan , evindən deportasiya olun­muş, fərdi şəkildə terror və işgəncə ilə məhv edilmiş, ləyaqətləri və şəxsiyyətləri alçaldılmış, öldürüldükdən sonra cəsədləri belə təhqir edilmiş yüz minlərlə Azərbaycan vətəndaşının hansısa hüquqa sahib olma­sı ilə bağlı zərrə qədər də təsəvvür yox idi. Onlar özlərindən “Artsax xalqı”, “Qarabağ əhalisi” və s. kimi süni adlar uydurmuşdular və bu terminləri yalnız etnik ermənilərə aid edirdilər. Absurd şəkildə özlərini elə aparır­dılar ki, guya, həmin ərazilərdə, ümumiy­yətlə, azərbaycanlılar olmamışlar və məhz buna görə də indi də yoxdurlar. 

Lakin “tarix çox çətin imtahançıdır” (Heydər Əliyev) və buna görə də tarix özü erməni siyasi şüuruna israrla əsl insan haqlarının nə olduğunu anlatdı! İndi azər­baycanlılar öz təbii insan haqları əsasında Xankəndidə, Şuşada, Hadrutda və Qara­bağın, Şərqi Zəngəzurun guşələ­rində öz yurdlarını gülüstana çevirirlər. Ermənilər isə orada yoxdurlar – İrəvanda bir-birini didirlər! 

Altıncısı, Ermənistan regional miqyas­da kommunikasiyaların açılması mövzu­sunda avantürist davranışlarına davam edir. Sözdə, guya, razı olduğunu bəyan edir, əməldə isə bunun baş verməməsinə çalışır. Çünki, faktiki olaraq, real nəticələr verə biləcək hər bir konkret əməkdaşlıq təklifindən imtina edir. Bu iki oyunun arxa­sında dayanan avantürist niyyətlərin riski az deyildir. Onların baş tutmayacağı gün kimi aydın olsa da, prosesi süründürməçi­liyə yönəldirlər. 

Nəhayət, bütün bunlar Ermənistan rəh­bərliyinin Azərbaycanla danışıqlarda avan­türist mövqe tutmasında birləşirlər. Çünki onların danışıqlara münasibəti göstərir ki, konkret, real və faydalı nəticə alınmasın­da maraqlı deyillər. Bunun əvəzində gah danışıqlarda hansısa bir məsələyə əsas­sız mənfi münasibət bildirirlər, gah görüş yerini dəyişməkdən danışırlar, gah da bö­yük dövlətlərdən hanısınınsa iştirakı və ya digərinin iştirak etməməsi tələbini ortaya atmağa çalışırlar. Daha pisi, danışıqlarda əldə olunan razılıqları həyata keçirmirlər. Artıq bir müddətdir ki, rəsmi İrəvan bu cür avantürist üsullarla danışıqlar prosesində nəticə almağa mane olur. 

Son zamanlar, avantüranın bu nö­vündə Ermənistanın Fransanın əmrlərinə görə, hərəkət etdiyi aydın hiss olunur. Nü­munə kimi, E.Makronun ayrıca tərəf kimi danışıqlar formatına daxil edilməsi cəhdi­ni, Rusiyanın kənarlaşdırılmasını nəzərdə tutan absurd tələblər, “Avropa İttifaqının mülki kontingenti” ilə bağlı hoqqalar, Ka­nadanın bir müddət ağılsız olaraq fəallaş­mağa çalışması və digər faktları göstərə bilərik. 

Bütün bunların əvəzinə Ermənistan səmimi olaraq Azərbaycan tərəfi ilə real substantiv və funksional aspektlərdə da­nışıqlar aparsaydı, nəticələr çoxdan alın­mışdı. Deməli, danışıqlarla bağlı erməni avantürizmi həm havadarlarının regional avantüraları ilə kəsişir, həm də sülhün ya­ranmaması istiqamətində rol oynayır. 

Avantürizmə qarşı konstruktivizm

Bu avantürist oyunların təhlükəsi bö­yükdür. Cənubi Qafqaz uzun müddət geosiyasi qeyri-müəyyənlikdə və əmək­daşsızlıq mühitində qala bilər. Dünya­nın sürətlə əməkdaşlığı gücləndirdiyi bir dönəmdə bunun hər bir region xalqı üçün çox mənfi nəticələrinin ola biləcəyi şübhə doğurmur. Buna görə də regionu geosi­yasi avantüristlərin ixtiyarına buraxmaq olmaz. Əksinə, onlarla tarixi və həlledici savaşı daha da gücləndirmək gərəkdir. Bu müsbət prosesi hazırda Cənubi Qafqazda Azərbaycan–Türkiyə birliyi aparır. Onların yanında digər qüvvələr də vardır. Azər­baycan və Türkiyə indi regional geosiya­si konstruktivizmin konseptual və prak­tiki-tətbiqi aspektlərdə memarlarıdırlar. Məsələnin bu tərəfi üzərində geniş dayan­mağa ehtiyac var. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət