Almaniya dünyanın yeganə böyük sənaye ölkəsidir ki, iqtisadiyyatı sürətlə zəifləməkdədir. Belə davam edərsə, Almaniya “Avropanın xəstə iqtisadiyyatına” çevrilə bilər. Münxendəki “Ifo” İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Klemens Fuest açıqlamasında bildirib ki, “bu, dövri tənəzzüldür, ciddi struktur problemləri var. Bu da bizi bugünkü acınacaqlı vəziyyətə gətirib çıxarıb”.
Bir vaxtlar nəinki Avropada, bütün dünyada sənaye nəhəngi kimi şöhrətlənən Almaniyada indi sahibkarlar ən yaxın vaxtlarda artıq Amerika və Çin istehsalçıları ilə rəqabət apara bilməyəcəklərindən qorxurlar. Ona görə də ölkə xaricində istehsalı genişləndirməyə başlayıblar.
Almaniyanın sənaye şirkətləri bütün istiqamətlərə qaçırlar. Hazırda, onlar bizneslərini əsasən qitənin ölkələrinə, eləcə də Asiya və ABŞ-a köçürürlər. Birləşmiş Ştatlar daha cəlbedici olub, Çin isə cəlbediciliyini itirir. Yəni Berlin sənayesizləşmədən şikayətləndiyi bir vaxtda, alman şirkətləri istehsalı Atlantik okeanının o tayına keçirirlər. Onları isə bura çəkən Amerikanın güclü iqtisadiyyatı və böyük vergi güzəştləridir.
“Financial Times” yazır ki, alman biznesinin Amerikaya kütləvi şəkildə köçməsi barədə danışmaq üçün kifayət qədər əsaslar var. İstər evdə, istərsə də Almaniyanın əsas ticarət tərəfdaşı olan Çində iş şəraitinin pisləşdiyi bir vaxtda alman şirkətlərini ABŞ-da böyük vergi güzəştləri gözləyir.
Təhlillər göstərir ki, ötən il bu baxımdan rekord il olub: “fDi Markets”-in məlumatına görə, ümumilikdə alman şirkətləri ABŞ-dakı layihələrə rekord məbləğdə – 15,7 milyard dollar investisiya yatırdıqlarını açıqlayıblar. Çin layihələrinə isə təxminən üç dəfə az – 5,9 milyard dollar sərmayə qoyulub.
Ümumilikdə, Amerika layihələrinə sərmayələr Almaniya biznesinin bütün investisiyalarının demək olar ki, 15 faizinə çatır. 2022-ci ildə bu, 6 faiz təşkil edirdi. Artım isə heyrətamizdir – 91,5 faiz.
Xarici şirkətlərə 400 milyard dollardan çox vergi güzəştləri, kreditlər və subsidiyalar təklif edən İnflyasiyanın azaldılması (IRA), çip və elm haqqında qanunların köməyi ilə Ağ ev xarici şirkətlər, xüsusən də müxtəlif səbəblərə görə əməliyyat şəraitinin arzuolunmaz hala salındığı ölkələrdən gələn firmalar üçün ABŞ-da “yer üzünün cənnətini” yaradıb. Bu qanunlar istehsal sektorunun təmiz enerjiyə keçidini sürətləndirəcək yaşıl enerji bayrağı altında Amerikanın sənayesini yenidən qurmağı hədəfləyir.
Ümumilikdə Almaniya şirkətləri ötən il ABŞ-da 185 layihə elan ediblər ki, onlardan 73-ü istehsal sektorundadır. Ən böyüyü, Cənubi Karolina ştatının Kolumbiya şəhərində elektrik avtomobilləri istehsal edən “Wolkswagen”ə məxsus “Scout Motors”un 2 milyard dollarlıq layihəsidir.
“BASF” və “Siemens Energy” kimi nəhəng alman şirkətləri ABŞ-a sərmayələrini Amerika hakimiyyətinin iqtisadi sahədəki praqmatik siyasəti, uzunmüddətli perspektivdə Amerika bazarı üçün sabit müsbət perspektiv, eləcə də təchizat zəncirlərinin gücləndirilməsinə üstünlük verilməsi ilə izah edirlər.
“Yaşıl” texnologiyaların inkişafı kimi cəlbedici təkliflər Almaniyanın özündə deyil, okeanın o tayında sənaye sahələrinin açılmasını əsaslandırmaq üçün daha güclü və əsaslı şəkildə istifadə olunur. Bu gün "yaşıl" hər şey demək olar ki, həvəslə qəbul edilir. Üstəlik, amerikalılar həqiqətən də çox köhnəlmiş enerji sektorunu sürətlə yeniləyirlər və istənilən müasir texnologiyalar, təbii ki, əvvəlkilərdən ekoloji cəhətdən daha təmizdirlər.
Fevral ayında “Deloitte” audit şirkəti və Alman Sənaye Federasiyasının (BDI) apardığı araşdırmanın nəticələrinə görə, alman şirkətlərinin 67 faizi artıq istehsalın xaricə köçürülməsi qərarına gəlib. Bu, çoxdur, yoxsa az? Ümumiyyətlə, bu nə deməkdir: müəssisələrin beynəlxalq arenada genişlənməsi və ya ölkədən qaçmaq? Nəhayət, bu, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya üçün yaxşıdır, yoxsa pis?
Berlində Ticarət və Sənaye Palataları Federal Assosiasiyasının (DIHK) idarə heyətinin üzvü İlya Notnagel martın 12-də xaricdə işləyən 1900 alman şirkəti arasında keçirilən sorğuların nəticələrinə əsasən hazırladığı məruzədə deyib: "Bu, bir daha Almaniyanın istehsal meydançası kimi daha cəlbedici olmasının vacibliyi barədə həyəcan siqnalıdır".
Sorğulardan aydın olur ki, maşınqayırma, sənaye məhsulları, kimya və avtomobil istehsalı kimi əsas sənaye sahələrindəki şirkətlər potensiallarını xaricə köçürməkdə daha qərarlıdırlar. “Deloitte” əməkdaşı və sənaye analitiki Florian Ploner izah edir ki, “deindustrializasiya artıq böyük ölçüdə baş verir. Əgər çərçivə şərtləri əvvəlki kimi qalsa, daha çox şirkət bu yolla gedəcək və dəyər zəncirinin getdikcə daha vacib hissələri miqrasiya edəcək”.
Bu yaxınlarda Şimali Karolina ştatının Şarlotta şəhərində 150 milyon dollar dəyərində transformator zavodu tikmək planlarını açıqlayan “Siemens Energy”nin direktorlar şurasının üzvü Tim Holt bildirib ki, "ABŞ-da yeni enerji infrastrukturunun tikintisində böyük investisiya potensialı görürük".
Amerika iqtisadiyyatına alman sərmayəsinin davam edəcəyini söyləmək üçün indi bütün əsaslar var. Alman–Amerika Ticarət Palatasının artıq ABŞ-a köçmüş 224 alman şirkəti arasında apardığı sorğu göstərir ki, onların 96 faizi 2026-cı ildə investisiyaları artırmağı planlaşdırır.
Dünyanın və Almaniyanın ən nəhəng kimya şirkəti BASF Amerikada fəaliyyətini genişləndirir. Şirkət 2023-27-ci illərdə Amerika biznesinə 3,7 milyard avro sərmayə qoymağı planlaşdırır. Söhbət Qeyzmarda işləyən zavodların, Luiziana və Ohayo ştatlarında genişləndirilməsindən gedir.
BASF-ın Şimali Amerika bölməsinin rəhbəri Maykl Hayns bunu belə izah edir: “Avropa həddindən artıq tənzimləmədən, ləng və bürokratik icazə prosedurlarından və ən əsası, çox bahalı istehsal amillərindən getdikcə daha çox əziyyət çəkir. Yaxın gələcəkdə Avropada enerji tutumlu sektorlarda, yəqin ki, inkişafdan daha çox enmələr olacaq".
Hazırda BASF 2027-ci ilə qədər planlaşdırdığı xarici sərmayənin demək olar ki, yarısını xərcləməyi planlaşdırdığı Çində də əsas investordur. İndi Almaniyanın kimya nəhəngi Quanqdon əyalətində 10 milyard avro dəyərində böyük neft-kimya zavodunu tikir.
Almaniyanın özündə BASF Çinlə bu qədər sıx əməkdaşlıq etdiyinə görə çox tənqid edilir və onun enerji baxımından Rusiyadan asılılığı tez-tez xatırladılır. BASF bu cür tənqidlərə cavab olaraq Siantszyandakı iki müştərək müəssisədəki paylarını satdığını elan edərək vəziyyəti balanslaşdırdı. Ona görə də indi Almaniya Ticarət və Sənaye Palatası bildirir ki, ABŞ 2025-ci ildə Çini əvəz edəcək və Berlinin əsas ticarət tərəfdaşına çevriləcək.
Belə olan halda ortaya sual çıxır: bəs nə üçün Almaniyanın özündə bunu etmirlər və istehsalı okeanın o tayına keçirirlər? Əlbəttə, istehsalın inkişafı və texnoloji proseslərin yenilənməsi münbit və səmərəli mühit tələb edir. Almaniyada belə bir mühitə ümid bəsləmək artıq mümkün deyil.
DIHK-in idarə heyətinin üzvü İlya Notnagel vurğulayır ki, problem ümumiyyətlə indi xarici sərmayə qoymağı planlaşdıran firmaların faizində deyil, motivasiyanın dəyişməsindədir. Axı 42 faiz dünya bazarında aktiv fəaliyyət göstərən alman biznesi üçün kifayət qədər tipik və hətta çox da yüksək olmayan illik artımdır. DIHK-nin təqdim etdiyi qrafik göstərir ki, bir il əvvəl bu rəqəm yalnız minimal dərəcədə aşağı idi – 41 faiz. 2010-cu illərdə Almaniyada iqtisadi bum və enerji qiymətləri nisbətən aşağı olan zamanlarda bu göstərici daha yuxarı 47 faizə, 2017-ci ildə hətta 49 faizə çatmışdı.
Almaniyada biznesi cəlbedici etmək üçün bürokratik təzyiqlərin yumşaldılması, eləcə də rəqabətqabiliyyətli enerji qiymətlərinin müəyyən edilməsi tələb olunur. Bundan əlavə, istehsalçılar tədarük zənciri qanununun ləğvini tələb edirlər.
Digər tərəfdən, Almaniya sənaye müəssisələri siyasətçilərin neqativ tendensiyaların inkişafını dayandıra biləcəklərinə inamlarını nəzərəçarpacaq dərəcədə itiriblər. Almaniyanın investisiya yatırım əmsalı uzun müddətdir ki, sənayeləşmiş ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
Sənayeçilər qeyd edirlər ki, alman siyasətçiləri vəziyyəti dəyişmək üçün çox az iş görüblər. Əksinə, planlaşdırılmış enerji keçidi Almaniyada enerjini qeyri-mütənasib şəkildə bahalaşdırır və yeni investisiyaları əhəmiyyətli dərəcədə çətinləşdirir.
Məsələn, dəzgah istehsalçısı olan “Heller” şirkətini götürək. Almaniyanın cənub-qərbində yerləşən bu şirkət təxminən 130 ildir ki, fəaliyyət göstərir. Şirkətin rəhbəri Klaus Vinkler indi ölkəsinin rəqabət qabiliyyətinə inamını itirib. Sahibkar deyir ki, Berlin Almaniyanın infrastrukturuna və təhsilinə kifayət qədər sərmayə qoymur. Eyni zamanda enerji xərcləri getdikcə daha da artır. Yüksək vergi yükü ilə yanaşı, Vinklerin müəssisəsinin başqa problemləri də var.
Vinkler “Financial Times”a müsahibəsində bildirib ki, “Heller” Almaniyada istehsalını azaltmağı, Asiya və ABŞ-da fəaliyyətini artırmağı planlaşdırır. Şirkət hətta Böyük Britaniyada fəaliyyətini genişləndirməyi nəzərdə tutur. Çünki orada işçi qüvvəsi daha ucuzdur.
Almaniya indi ehtiyac duyduğu təbii qazın demək olar ki, yarısını Norveçdən üç sualtı boru kəməri vasitəsilə alır. Onlardan ikisinin qəbul terminalı Dornumda yerləşir. Bununla da, DIHK geniş yayılmış “alman sənaye müəssisələri hazırda əsasən Almaniyadakı bahalı enerjiyə görə xaricə böyük sərmayə qoyur” kimi fikri faktiki olaraq təkzib edir. Əslində, bu, heç də yeganə səbəb deyil. Çünki enerji qiymətləri bir il yarım əvvəlki pik qiymətlərlə müqayisədə kəskin şəkildə aşağı düşübdür.
Qeyd edilənlərdən aydın olur ki, alman biznesi hazırda ölkədə yığılıb qalmış bütün problemlərdən narazıdır və onların aradan qaldırılması üçün hökumətdən islahatlar gözləyir. Federal Ticarət və Sənaye Palataları Assosiasiyası bu barədə ictimaiyyəti məlumatlandıraraq bəyan edib: “Almaniya investisiya üçün xaricə nisbətən daha az cəlbedici olur”.
Qaldı müəssisələrin başqa ölkələrə köçürülməsinə, Almaniya bunun nəticəsini yalnız iki-üç ildən sonra görəcək, çünki bu, çox uzun prosesdir. Gerçək olan budur ki, son illərdə Almaniya iqtisadiyyatı, xüsusən də indiki hakim koalisiya dövründə rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə itirib. Almaniya təkcə Aİ-dəki qonşularına, o cümlədən Polşaya yox, ilk növbədə ABŞ-a uduzur.
İlqar RÜSTƏMOV
XQ