İyirmi ildən çox müddət ərzində Azərbaycana uğurla rəhbərlik edən İlham Əliyevin beşinci dəfə prezident seçkilərinə qatılması və parlaq qələbəsi xalqın ləyaqətini, milli heysiyyətini, vətəndaşlıq düşüncəsini bərpa edən tarixi şəxsiyyətə ümumxalq məhəbbətinin daha bir təsdiqi oldu. İlham Əliyev 20 il ərzində Azərbaycan xalqının bütün nailiyyətlərinin təşkilatçısıdır.
Ulu öndərin tarixi fikirləri necə də dəqiqliklə deyilmişdir: “O, yüksək intellektli, praktik düşüncəli, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev və Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı, xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...”
Bu gün hər birimiz Ümummilli liderimizin böyük etimadının heyrətamiz dərəcədə doğrulduğunun şahidiyik...
İnkişaf təbii, iqtisadi, sosial, siyasi, mədəni, mənəvi təkamülü, keyfiyyətcə dəyişməni nəzərdə tutur. Azərbaycan xalqının yüzillikləri əhatə edən tarixi yolundakı inkişaf mərhələlərini kimsə dana bilməz. Məsələ burasındadır ki, iyirmi il ərzində Azərbaycan xalqı və İlham Əliyevin müştərək müəllifliyi ilə əldə olunmuş yekunları yalnız inkişaf göstəriciləri saymaq azdır. Çünki, o, kifayət qədər möhtəşəm milli inkişafla bərabər, müasir Azərbaycan intibahının müəllifidir. Belə müəlliflik səlahiyyəti ciddi şərtlər daxilində mümkün ola bilir. Məncə, ilk şərt odur ki, İlham Əliyev dövlət rəhbərliyinə başlayan ilk günlərdə Ulu öndərin yoluna, ümumxalq sədaqətinə üz tutdu və belə seçim dünən də, bu gün də Azərbaycanın hərtərəfli, qlobal uğurlarının müasir, milli və ideoloji əsaslarını təmin edir.
Azərbaycanın dövlət müstəqilliyi tam, dönməz, əbədi bərqərar olmuşdur. Milli iqtisadi inkişaf beynəlxalq səviyyədə nümunədir. Azərbaycanda ərazi bütövlüyünü, ölkənin sərhədlərini qorumaq qüdrətinə malik ordu yaradılmışdır. Sosial-infrastruktur quruculuğunun həm miqyası, həm keyfiyyəti, həm də görülən işlərin sürəti heyrətamizdir. İyirmi il ərzində müvafiq mərhələ ardıcıllığı ilə əhalinin həyat şəraiti yüksəlmiş, insanların təhlükəsizliyi, asayişi təmin olunmuş, hüquqi dövlət möhkəmlənmişdir.
Yenidən Prezident seçilən İlham Əliyev 2024-cü il fevralın 14-də Azərbaycan Respublikasının Milli Məclisində geniş və əhatəli, məzmunlu, cəmiyyəti maraqlandıran bütün təməl sualların cəmini cavablandıran, yekunları və perspektivləri əks etdirən nitq söylədi. Həmişə olduğu kimi, Prezidentin proqram mahiyyətli nitqi həm daxili, həm də xarici auditoriyanın diqqətini ciddi şəkildə cəlb etdi. Yeni mərhələdə də “Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunması üçün” var gücünü sərf edəcəyini bəyan edən İlham Əliyev 2003-cü ildə verdiyi bütün vədlərin yerinə yetirildiyini, qazanılmış nailiyyətlərin mənbəyinin Azərbaycan xalqı, xalqın öz rəhbərinə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığı olduğunu bildirir: “Biz böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik,” – deyir.
Möhtərəm Prezident Milli Məclisdə keçirilən andiçmə mərasimində Xankəndidə səs verməsinin səbəbini açıqladıqda ürəyimiz dağa döndü. Cənab İlham Əliyev dedi ki, Azərbaycanın istənilən yerində səs verə bilmək imkanına malik olsa da, Xankəndidə səs verməyi daha düzgün addım hesab edib. Çünki dünya erməniliyinin məhv edilmiş 200 illik məkrli planlarının ssenarilərinə əsasən, məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlanıb. Məhz Xankəndidə səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılıb və oradan idarə olunub. Məhz səs verdiyi binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddialarını irəli sürüb. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilib və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq olub. Otuz il bu yurd yerlərimizi işğal altında saxlayıb xarabalığa çevirən şeytanlar sonda elə bir zərbə aldılar ki, bir də çətin özlərinə gələrlər. Çünki Zəfər komandanı onların 200 illik xülyasını məhv edib. Xankəndidə seçki qutusuna atılan bülleten isə möhtərəm Prezidentimizin təbirincə desək, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi…
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən 20 ildə keçdiyi inkişaf yolunu xarakterizə edərkən ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial təminat sisteminin dinamikası istiqamətində görülmüş tədbirləri və əldə olunmuş uğurları xüsusilə qeyd etmək lazımdır. Həyata keçirilən çoxşaxəli islahatlar, genişmiqyaslı tədbirlər sosial dövlət quruculuğu istiqamətində böyük nailiyyətlərin əldə olunmasını şərtləndirmişdir. Ölkənin ildən-ilə artan maliyyə imkanları hər zaman vətəndaşların daha yaxşı həyat şəraiti ilə təmin olunmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğuna xidmət etmişdir. Möhtərəm liderimizin səsləndirdiyi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların mənafeyi dayanır" iqtibası ölkəmizdə reallaşdırılan sosial siyasətin mahiyyətini ifadə etməklə, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin qayəsini "xalqa ləyaqətlə xidmət etmək" prinsipi təşkil etdiyini göstərir.
Cənab İlham Əliyev həmişə sözünə güvənilən liderdir. Bütün Azərbaycan xalqı bilir və əmindir ki, dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür. O, nəyi deyirsə, onu da edir, nə vəd verirsə, çox keçmədən bütün hər kəs bu vədin həyata keçdiyinə şahid olur. Prezident kimi vəzifəsinin icrasına başlayarkən, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəyini bildirən cənab Prezidentin rəhbərliyi ilə sosial həyatın elə bir sahəsi yoxdur ki, orada məqsədyönlü tədbirlər həyata keçirilməsin. Dövlət başçısının uğurlu sosial siyasətinin nəticəsi olaraq 2003-2023-cü illərdə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmışdır ki, bu rəqəm nəinki keçmiş postsovet məkanında, eləcə də dünyanın qabaqcıl dövlətləri ilə müqayisədə də ən yüksək göstəricilərdən biridir. Bu dövrdə əhalinin nominal gəlirləri 12 dəfə, orta aylıq əməkhaqqı 10,8 dəfə, pensiyaların orta aylıq məbləği 15,6 dəfə artmışdır. O cümlədən işsizliyin səviyyəsi 5,6 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizədək enmişdir. Sözügedən dövrdə əhalinin yaşayış səviyyəsinin əsas indikatorlarından biri olan minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılmışdır. Həmçinin orta aylıq əməkhaqqı 12 dəfə artaraq 940 manata, orta aylıq pensiya 18 dəfədən çox artaraq 500 manata çatmışdır.
Ümumiyyətlə, cənab İlham Əliyevi həm xalqına, həm də dünyada sevdirən ən mühüm amil verdiyi sözə, vədə sadiqliyidir. Prezidentimizin sözü imzası qədər keçərlidir və bu günədək reallaşdırmadığı söz, vəd qalmayıb.
Andiçmə mərasimində Azərbaycanın daha böyük zəfərlərə doğru inamla irəliləyəcəyini söyləyən möhtərəm Prezident növbəti 7 illik fəaliyyətində də ölkə vətəndaşının maraqlarının, onun rifahının daim diqqət mərkəzində olacağını, yaşayış səviyyəsinin daha da yaxşılaşacağını söylədi.
Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib lideri kimi yazılan cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqi həm də çox mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı, yeni prioritetlərin yol xəritəsini təqdim etdi.
Azərbaycan güclü və özünü təmin edən regional aktor qismində yeni dövrə qədəm qoyur. Hər zaman tam müstəqil siyasət yürüdən və məhz bu səbəbdən də etibarlı tərəfdaş statusuna sahiblənən dövlətimiz xarici siyasət kursunu davam etdirməlidir. Məhz bu xarici siyasət ölkəmizin nüfuzunu gündən-günə yüksəldir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qitənin enerji xəritəsini tamamilə dəyişib. Bütün bunlar İlham Əliyevin müəllifi olduğu qlobal layihələrin hesabına reallaşıb.
Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı zamanı bir çox önəmli məqamlarla yanaşı, Türk dünyasının sıx əməkdaşlığına, Türk Dövlətləri Təşkilatının güclü quruma çevrilməsi məsələsinə də toxundu. Dövlət başçısı vurğuladı ki, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bu səbəbdən də Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. Dövlət başçısı əlavə edib ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: “Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri, Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Heç təsadüfi deyil ki, Prezident seçildikdən sonra cənab İlham Əliyev ilk xarici səfərini qardaş Türkiyəyə etdi, ilk xarici qonaqlardan biri kimi isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycana dəvət etdi və çox uğurlu, yüksək səviyyəli qardaşlıq görüşü baş tutdu.
Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın xarici siyasəti bundan sonra da çox aydın və açıq olacaq. Çünki indiyədək möhtərəm Prezidentimizin yürütdüyü siyasət dünya ictimaiyyəti tərəfindən bəyənilir, dəstəklənir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bugünədək ölkəmizdə bir çox tədbir keçirilsə də, COP29 bu vaxta qədər keçirilən tədbirlərlə müqayisəyə gəlmir. Çünki COP29 ərəfəsində on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı növbəti dəfə dünyanın diqqətini çəkəcək. Müəyyən ehtimallara görə, təqribən 70-80 min əcnəbi qonaq bu müddət ərzində ölkəmizdə olacaq.
Digər tərəfdən, vaxt da o qədər çox deyil. Ona görə də Prezident İlham Əliyev dərhal bütün hazırlıq işlərinə start verilməsi üçün tapşırıq verib. COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Azərbaycan Prezidentinin digər sərəncamı ilə sammitin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Fevralın 22-də isə bu sənədə dəyişiklik edilməsi ilə bağlı yeni sərəncam imzalanıb. Sənədə əsasən, Təşkilat Komitəsinin tərkibi bir qədər də genişləndirilib.
Əlbəttə ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var: həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir.
Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə əlaqədar qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olduğu üçün Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya sübut edəcək. Bu sammit Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə mühüm təkan, ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına isə müsbət impuls verəcək.
Avropanın lider ölkələrinin rəhbərləri özləri etiraf edirlər ki, bu gün dünya siyasətçiləri, dövlət başçıları beynəlxalq tədbirlərdə cənab İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar.
Elə bu il fevralın 16-18-də Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi, bu mühüm toplantıda iştirakı, konfrans çərçivəsində bir çox dövlət liderinin xahişi ilə keçirilən görüşlər bir daha sübut edir ki, dünya ölkələri, böyük iqtisadi təşkilatlar Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir, cənab İlham Əliyevi sözünün sahibi, etibarlı tərəfdaş və önəmli lider hesab edirlər.
Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdıqları ən mühüm platformalardan biridir. Azərbaycan müntəzəm şəkildə bu platformaya cənab İlham Əliyevin şəxsində dəvət alır, dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür. Prezident İlham Əliyev üç gün ərzində qarşı tərəflərin müraciətlərinə əsasən, 23 mühüm görüş keçirib. Bu görüşlər haqqında qarşı tərəfin müraciətləri və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir. Görüşlərin intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq çox olması ilə bağlı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin və dövlətin marağında olan təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verir. Ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilmişdir. Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş və xalqın gələcəyinə hesablanmış təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün neft kapitalının insan kapitalına çevrilməsini prioritet məsələ hesab edən Prezident İlham Əliyev deyir ki: “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı. Bu fikir cənab Prezident tərəfindən təhsilə nə qədər böyük əhəmiyyət verildiyinin göstəricisidir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri surətlə inkişaf edir.
Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev demişdir: “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Prezident İlham Əliyevin son iyirmi illik fəaliyyəti ölkəmizdə təhsil siyasətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.
Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə azərbaycanlının doğma Vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün yeni bir mübarizəyə başlayaraq, Qərbi Azərbaycan İcmasının yaradılmasına xeyir-dua vermiş cənab Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında etdiyi çıxışında vurğunu məhz bu amillərin üzərinə salmışdır: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.” Bu gün onun ideyalarını gerçəkləşdirmək uğrunda ardıcıl və yorulmaz mübarizə aparan Qərbi Azərbaycan İcması “Qayıdış Konsepsiyasını” həyata keçirmək əzmindədir.
Bütün bunlar cənab İlham Əliyevin 20 ildə həyata keçirdiyi xarici siyasətin aynasıdır. Hər kəs dövlət başçımızla görüşmək istəyir. Amma Azərbaycan Prezidenti heç kimdən nəyisə xahiş etmir. Özünün də dediyi kimi, 20 ildən çoxdur ki, Prezident kimi heç kimdən heç nə xahiş etməyib. Çünki buna ehtiyac da olmayıb. Azərbaycan özünü tam təmin edən ölkədir. Azərbaycan hər zaman ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır və xarici siyasəti də buna hesablanıb – bərabərhüquqlu münasibətlər, qarşılıqlı hörmət, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, Azərbaycanın prinsipləridir və bu prinsipləri cənab İlham Əliyev diktə edib və qəbul etdirə də bilib.
Bu gün isə Azərbaycan üçün yeni bir mərhələ başlayır. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, ən mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın ən yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasıdır. Azərbaycan dövləti bu istiqamətdə çox nəhəng tədbirlər həyata keçirməkdədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə birbaşa özləri nəzarət edirlər.
İşğaldan azad edilmiş ərazilərdə ən müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, "ağıllı şəhər" və "ağıllı kənd"lər, bütün sosial infrastruktur, o cümlədən xəstəxanalar, məktəblər, idman obyektləri, iaşə obyektləri, yollar, tunel və körpülər inşa olunur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılmış, elektrik və su təsərrüfatı yenidən qurulmaqdadır. Burada görülən işlər, bir çoxu üçün xəyal kimi görünən nəhəng layihələrin reallaşdırılması azad edilmiş torpaqlara gələn hər kəsi valeh edir, təəccübləndirir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq, dirçəliş meydanıdır. Təəssüf ki, çox insan mina qurbanına çevrilib, həyatını, yaxud sağlamlığını itirənlər var. Bununla belə ərazilər mənfur düşmənin yeraltı xəyanətindən xilas edilir; 120 min hektara yaxın ərazi təmizlənib. Əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəraiti yaradıldıqca azad edilmiş yurdlara əbədi qayıdış sürətlənir. İndiyəcən 5400 keçmiş köçkün beş yaşayış məntəqəsinə göndərilib. İlin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min insan yerləşdiriləcək. Böyük Qayıdış proqramının birinci mərhələsində - 2026-cı ildə dədə-baba yurdlarına dönənlərin sayı 140 min nəfərə çatacaq. Hazırda erməni vandallarının xarabazara çevirdiyi torpaqların yarasına məlhəm qoyulur. Orada bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur: xəstəxanalar, məktəblər, idman obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. İqtisadiyyatın hərtərəfli inkişafı, yoxsul-luğun minimum həddə endirilməsi, xarici iqtisadi və beynəlxalq münasibətlər, insanların sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin açılması, gəlirlərin artımı, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi kimi vacib həyati problemlərə toxunan, perspektivləri, həll yollarını göstərən Prezident İlham Əliyevin çıxışının son cümlələrini həyəcansız oxumaq olmur: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıda-yıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik. Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək!”
Möhtərəm Prezident İlham Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin də böyük hamisidir. O, Azərbaycanın inkişaf trendlərini müəyyənləşdirərkən iqtisadi-sosial tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində nə qədər yenilikçi, islahatçı, novator lider kimi çıxış edirsə, milli-mənəvi dəyərlərin, xalqımızın tarixi ənənələrinin qorunması məsələlərinə isə kifayət qədər mühafizəkar yanaşır. O, hər zaman xəlqi siyasət həyata keçirir və haqlı olaraq, hesab edir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. "Milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlər boyu qoruyan bizim dəyərlərimiz olub"– deyən dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan o ölkələrdəndir ki, öz inkişafını, gələcəyini milli köklər üzərində qurmuşdur. Ötən dövrdə də milli-mənəvi dəyərlərimizin, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması və inkişafı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.
Artıq Azərbaycan xalqı öz şərəfli tarixinin yeni mərhələsini yaşayır. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Bütün xalqımız kimi mən də əminəm ki, bu ümidlər, arzular həyata keçəcək, yeni dövr də Azərbaycan xalqı üçün çox uğurlu olacaq. Bu əminlik xalqımızın öz gücünə, öz bacarığına inamla yanaşı, öz Liderinə sonsuz etimadından irəli gəlir.
İnanıram ki, möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün vədləri həyatda öz əksini tapdığı kimi, yeni dövrdə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir!
Misir MƏRDANOV,
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru