Ötən il bu marşrutla ölkəmizin ərazisindən 6,7 milyon tona yaxın tranzit yük daşınıb
Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən martın 11-də Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasiminin videobağlantı ilə izlənilməsi zamanı məlumat verildi ki, konteyner qatarı Çinin adı çəkilən şəhərində istismara verilən Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınıb. 61 konteynerdən ibarət konteyner qatarı uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı–Aktau–Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.
Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin respublikamıza dövlət səfəri zamanı ölkə başçısı İlham Əliyev mətbuata bəyanatında konteyner qatarının Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət etməsini mühüm hadisə kimi dəyərləndirib və bununla TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrildiyini, bu marşrutun regional əməkdaşlığın səviyyəsinin müəyyənləşdirilməsi rəmzlərindən biri olduğunu vurğulayıb: “Çünki qonşularla yaxşı münasibət qurmadan tranzit ölkə olmaq mümkün deyil. Belə halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir”.
Dövlətimizin başçısı fikrini davam etdirərək bildirib ki, Azərbaycanla Qazaxıstanı təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər ölkələrimizlə bərabər, həm də bir çox dövlətlər arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi hazırda öz potensialını tam şəkildə açır.
Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlayan Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasını şərtləndirib. İlkin razılaşmaya əsasən, bu logistika mərkəzi vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılıb.
Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönələn rəqəmsal “DTC” platforması yaradılıb. Həmin infrastruktur Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və izləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin qurulması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.
Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyi sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar–fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 540 min ton təşkil edib.
Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir. Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini izləyən dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində – konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir”.
Prezident İlham Əliyev daha sonra ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yükdaşınmanın əməkdaşlığımızın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Qazaxıstanla Azərbaycanın gələcəkdə beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlarını əminliklə diqqətə çatdırıb.
Emin BAĞIROV,
İqtisadi şərhçi
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq münasibətlərinin möhkəmlənməsində, qlobal və regional layihələrin reallaşmasında Orta Dəhlizin inkişafı amili önəmli rol oynayır. Bu nəhəng infrastruktur marşrutu Prezident İlham Əliyevin vurğuladığı kimi, Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edir. Belə bir xətlə qısa müddətdə Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlib çatması Transxəzər Şərq−Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) artıq reallığa çevrilməsinin, onun regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət qurmadan tranzit ölkə olmaq mümkün deyil.
Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişinə həsr olunmuş mərasim əslində, Orta Dəhlizin Avrasiya məkanı üçün indi daha çox cəlbedici olduğunu nümayiş etdirdi. Fərqli coğrafiyalarda mövcud olan dəhlizlərdən bir qisminin təhdid edildiyi hazırki şəraitdə 7 min kilometr uzunluğunda marşrutun çəmi 11 günə qət edilməsi, şübhəsiz ki, həm Asiya, həm də Avropa məkanı üçün iqtisadi cəhətdən olduqca əlverişli və cəlbedicidir. Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə bu marşrut üzrə ayda 10 konteyner qatarının ölkəmizə çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan tranzit potensialını reallığa çevirmək imkanını əldə edir, Şərq-Qərb dəhlizində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.
Qeyd edim ki, Çin–Mərkəzi Asiya–Azərbaycan və Gürcüstandan Qara dənizə və Avropaya uzanan bu dəhliz yükdaşıma xərclərinin aşağı olması ilə yanaşı, həm də təhlükəsizdir. Çindən Avropaya Cənub dəhlizi ilə daşınan yüklər Süveyş kanalından keçməklə 20 min kilometr məsafəni keçməlidir. Lakin konteyner daşıyan qatar Orta Dəhlizlə 12 gün ərzində 7 min kilometr məsafəni qət edəcək ki, bu da nəqliyyat xərclərinin az olması ilə bərabər, təhlükəsizliyin də gerçəkləşdirilməsini şərtləndirəcək. Çin–Mərkəzi Asiya–Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrut ilə yüklər Qara dənizə, buradan isə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
Orta Dəhlizlə yükdaşımalar artmaqda davam edir və bu artımda Bakı–Tbilisi–Qars dəmir yolu əhəmiyyətli rol oynayır. Dəmir yolu ilə Azərbaycan ərazisindən tranzit yükdaşımalar 2019-cu illə müqayisədə 2023-cü ildə 76 faiz artaraq 3,8 milyon tondan 6,7 milyon tona çatıb. Yaxın gələcəkdə bu rəqəmlərin dəfələrlə artacağı gözlənilir.
Ümumiyyətlə, Orta Dəhliz beynəlxalq xarakter daşıyan tranzit yükdaşımalar üçün çox önəmlidir. Bu marşrutla Çindən Azərbaycana daxil olan tranzit yüklərin təkcə Bakı–Tbilisi–Qars dəmir yolu ilə Qara dəniz limanlarına deyil, eyni zamanda Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan isə Qərbi Avropa ölkələrinə daşınacağı nəzərdə tutulur.
Yeri gəlmişkən, bu gün Avropa və beynəlxalq maliyyə institutları tərəfindən Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsinin təmini, lazımi infrastrukturun qurulması və texniki dəstəyin göstərilməsi üçün maliyyə vəsaitinin ayrılmasına maraq göstərilir. Artıq bu istiqamətdə mühüm öhdəliklərin qəbul edilməsi diqqətdə saxlanılır. Avropa İnvestisiya Bankının Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə ayrı-ayrılıqda, ümumilikdə, 1,47 milyard avro dəyərində müqavilələr bağlaması və Avropa Yenidənqurma və İnkişaf Bankının Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalaması da bunun bariz ifadəsidir. Gələcəkdə də Orta Dəhlizi üzrə belə müqavilələrin imzalanacağının davam edəcəyi gözlənilir. Şübhəsiz ki, bu cür əməkdaşlıqlar Avropa və Asiya arasında qlobal logistika bağlantılarının gücləndirilməsinə böyük töhfə verəcək və dəhlizin əhəmiyyətini daha da artıracaq.
Vaqif BAYRAMOV
XQ