Azərbaycanın islamofobiya ilə mübarizəsi: mənəvi haqq və bəşəri sülhə töhfə

post-img

“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusundakı konfransla bağlı düşüncələr

Ötən həftə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bey­nəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilmiş “Müxtəlifliyin qorun­ması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı konfransın dünya miqyaslı hadisəyə çevrildiyini deyə bilərik. Onu da qeyd etmək mümkündür ki, bu tədbir özlüyündə bir hərəkatdır. Dünyadakı, xüsusən də Avropadakı islamofobi­yaya qarşı müstəsna əhəmiyyət daşıyan hərəkatın mərkəzində məhz ölkəmizin dayanması isə ayrıca vurğulanmalıdır. 

Azərbaycan belə bir mötəbər kon­fransa evsahibliyini gerçəkləşdirmək­lə, İslam dinini, müsəlman dünyasını gözdən salmağa çalışan, ümumən din amilindən imperialist maraqlar na­minə yararlanan qüvvələrə qarşı ba­rışmazlıq kursunu daha geniş əhatə dairəsində ortaya qoydu. Mövqeyini özünün sistemli multikultural yanaş­ması, fundamental baxış bucağı ilə təsdiqlədi. Bir daha sübut olundu ki, Azərbaycanın təlqin etdiyi tolerantlıq modeli beynəlxalq aləm üçün ardıcıllı­ğa söykənmiş nümunədir. Bunu konf­ransda müzakirəyə çıxarılmış mövzu­ların əhatə dairəsi də sübuta yetirdi, tədbirlə bağlı dünyanın 30 ölkəsindən paytaxtımıza təşrif buyurmuş alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatla­rının nümayəndələri olan qonaqların səsləndirdikləri fikirlər də. Nəzərə alaq ki, onların düşüncələri bir-birindən rən­garəng idi. 

“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzu­sundakı beynəlxalq konfrans bütün xü­susiyyətləri ilə tarixdir. Prezident İlham Əliyevin toplantı iştirakçılarına məktu­bunda diqqətə çatdırdığı cəhətlər isə həm yazılmaqda olan tarixin önəminin vurğulanmasıdır, həm də həmin ta­rixin tam şəkildə ərsəyə gəlməsi üçün prinsipiallıq və iradə nümayişi, əminlik yaradan faktordur. Məktubda ilk olaraq vurğulanır ki, XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalı­dır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaş­madır.

Ancaq terrorizmi İslam dini ilə bağla­maq cəhdlərini görürük. Bunun nəticəsidir ki, terrorçu obrazı üçün sanki bir libas bi­çilib. Libas ayrı-ayrı müsəlman xalqlarının adət-ənənələrinin göstəricisi sayılan ge­yimlərdir. Hazırda dünyada və Avropada elə vəziyyət yaradılıb ki, bu geyimlərdə olan hər kəs potensial terrorçu kimi gö­rünür. Amma təkcə xarici görünüş deyil, ümumən müsəlman obrazının terrorçu­luqla əlaqələndirilməsi kimi motivlərdə ən müxtəlif “çalarlar” var. Halbuki, tarixə nəzər salsaq, bu və ya digər şəkildə terror­la, xurafatla əlaqəli müsəlman birliklərinin yaradılmasının məhz Qərbdən qaynaqlan­dığını görə bilərik. 

Bir məqamı da təəssüf hissi ilə vur­ğulayaq ki, İslam dünyası bu mənfi me­yilə qarşı tutarlı cəbhə açmayıb. Nəticə­də dahi şairimiz Sabirin təbirincə desək, müsəlman görəndə qorxu hissi keçirənlər say üstünlüyünə yiyələniblər. Beləliklə, məqsədli siyasət predmetinə çevrilmiş islamofobiya güclənib. Azərbaycanın ha­zırda götürdüyü kurs məhz sözügedən tendensiyaya zərbə vurmağı hədəf seçir, mövcud istiqamətdə platforma yaradır. “Müxtəlifliyin qorunması: 2024-cü ildə is­lamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfrans da həmin platforma çərçivəsindəki növbəti böyük addım, yük­sək səsli çağırış və uğurdur. Çağırışın bir­mənalı təşəbbüskarı, onun uğur formulu isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı konfrans iştirakçılarına məktubun­da bildirir: “Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı huma­nizm ideallarından və ümumbəşəri dəyər­lərdən məhrum edir, nəticədə sivilizasiya­lararası münaqişələrə gətirib çıxarır”. 

Ölkəmizin lideri bu fikirləri heç də tə­sadüfən gündəmə gətirmir. Nəzərə alaq ki, otuz ildən artıq davam etmiş, hazırda tarixin arxivinə gömülmüş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişə­sinin müxtəlif mərhələlərində müsəlman Azərbaycanının xristian Ermənistanına qarşı mübarizə apardığına dair baxışlar geniş yayılmışdı. Haqq davamız olan 44 günlük müharibə zamanı da bu deyimlər erməni təbliğat maşınının anti-Azərbay­can fəaliyyətinin başlıca alətinə çevrilmiş, mübarizəmiz işğalçılıq kimi qiymətləndi­rilmişdi. Beləliklə, Prezidentin vurğuladığı ümumbəşəri dəyərlər arxa plana atılmış, torpaqlarımızın işğalı, bir milyondan çox vətəndaşımızın öz doğma yurd-yuvasın­dan didərgin salınması heçə sayılmış, hu­manizm ideallarına arxa çevrilmişdi. Təəs­süf ki, indinin özündə də eyni durumun müxtəlif təzahürlərini, onun mənzərələrini görürük... 

Bəli, o da təəssüf doğurmaqdadır ki, dünyada qlobal dəyişikliklərin getdiyi indiki şəraitdə İslamın potensial təhlükə mənbə­yi kimi aşılanması siyasət meydanındakı başlıca vasitədir. Məsələyə mövcud priz­madan yanaşsaq, BMT-nin islamofobiya ilə Mübarizə Gününə dair Qətnaməsi nə dərəcədə önəmlidirsə, Bakıda islamofo­biya ilə bağlı geniş müzakirənin açılması, reallıqların dilə gətirilməsi ümumi işə prak­tik dəstək baxımından müstəsna məqam­dır. Sevindirici haldır ki, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalmasından olan narahatlığı ifadə edən vacib diskussiyalara evsahib­liyini gerçəkləşdirən məhz Azərbaycandır. 

Prezident İlham Əliyevin də məktu­bunda vurğuladığı kimi, hazırda islamo­fobiyanın özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil etməsi acınacaqlıdır. Təsəvvür edin ki, son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. Acınacaqlı durumun daha bir təzahürünü isə dövləti­mizin başçısı açıqlayır: “İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avro­pa ölkələrində müqəddəs kitabımız “Qu­rani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s.) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir”. 

Əlbəttə, söz azadlığının İslam dininin ehkamlarına qarşı qoyulması, birincinin ikincinin təhqiri və təhdidi alətinə çevril­məsi aşkar siyasi manipulyasiyadır. Bu tendensiya konfrans çərçivəsindəki “İc­timai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” mövzusunda keçirilmiş aralıq sessiyada da vurğulandı. Məsələn, Niderlandın Qroningen Universitetinin pro­fessoru Seyfəddin Kara bildirdi ki, media subyektləri müəyyən məsələləri konteks­tindən çıxararaq, fərqli təqdim etməklə, sanki müsəlmanların cəmiyyətə mənfi tə­sir göstərdiklərini diqqətə çatdırmağa ça­lışırlar. 

Belə görünür, inkişaf etmiş Qərb cə­miyyətlərində dini dəyərlərin bəşəri dəyər­lər kimi qavramında da ciddi çatışmaz­lıqlar və problemlər mövcuddur. Bunun nəticəsidir ki, “məqsəd vasitəyə bəraət qazandırır” deyimi ilə hərəkət edilir. Nə­ticədə söz azadlığının dini dəyərlərlərə sayğısızlıq motivinə qarşı cəmiyyətlərin daxili müavimətinin olmadığını görürük. Bu hal həmin cəmiyyətləri zombiləşdirir, onu təfəkkürlü toplumdan kütləyə çevirir. ABŞ-ın Merilend Universitetinin kommu­nikasiya üzrə dosenti Sahar Mohamed Xamisin dediyi də elə budur. Sosial və rəqəmsal media vasitəsilə islamofobiya­ya fərqli yanaşmanın ortaya qoyulduğunu vurğulayan alim maraqlı məqama toxunur: “Məsələn, Qərbdə heç də hər kəs bilmir ki, İsa Peyğəmbər barədə “Qurani-Kərim”də məlumatlar yer alıb. Bu baxımdan İslama qarşı qərəzli davranışın səbəblərindən biri də məlumatsızlıqdır”. 

Həqiqətən, Merilend Universitetinin dosentinin dedikləri haqqında söz açdığı­mız zombiləşmənin, düşüncə kasadlığının necə böyük təhlükə olduğunun təzahürü­dür. Amma məsələ ondadır ki, bu təhlükə­ni yaradan ayrı-ayrı dövlətlərin yeritdikləri siyasətdir. Bu mənada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun konfransın “Qərbi Avropada müsəlmanlara münasibətdə ox­şarlıqlar və fərqliliklər, müsəlman ümmə­tində əsas insan hüquqları" mövzusundakı plenar iclasda söylədikləri diqqət çəkməyə bilməz. “Bəzi Avropa ölkələrində islamofo­biya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. 2019-cu ildə Fransada islamofobiya halları dövlət müəssisələrin­də 369 təşkil edib, özəl sektorda isə 197 olub”, – deyən cənab İsmayılov əlavə edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə işə qəbul şansları 50 faizdən çox artır. Həmçi­nin, bir çox Avropa ölkələrində müsəlman­lar öz əqidələrini CV-lərində göstərmirlər. 

***

Bəli, Fransa özünün ənənəvi neokolo­nializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kam­paniyalar təşkil edir. Prezident İlham Əli­yevin “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusun­da beynəlxalq konfransın iştirakçılarına məktubunda bu məqamın üzərində də xü­susi dayanılır. Dövlətimizin başçısı vurğu­layır ki, Fransa “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunve­ricilik aktları və siyasi qərarlar qəbul edir. Ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif for­malarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır. Bu yerdə Dini Qu­rumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini G.İsmayılovun vurğuladığı bir faktın da üzərində dayanaq. O bildirib ki, əhalisinin təqribən 10 faizinin müsəlman olduğu Fransada 2500 məscid fəaliyyət göstərir. Həmin məscidlərin mütləq əksə­riyyəti cəmi bir otaqdan ibarətdir.

Çox təəssüf ki, Fransa özünün isla­mofob siyasətini müxtəlif beynəlxalq tri­bunalara çıxarmağı bacarır. Əlbəttə, belə nanəcib yol tutan yalnız Fransa deyil. Nəticədə dövlətimizin başçısının da qeyd etdiyi kimi, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları anti-İslam fəaliyyətini həyata keçirirlər. Hazırda islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən iki qurum var ki, həmin qurumlardan biri Avropa Parlamenti, digə­ri Avropa Şurasının Parlament Assamb­leyasıdır. Hər iki təşkilat ermənipərəst kursunu bəşəri dəyərlərə qarşı qoymaq­da, manipulyasiya yolu tutmaqdadır. AP Azərbaycanla bağlı qərəzli qətnamələri sıralamaqla məşğuldur, AŞPA isə ölkəmi­zin nümayəndə heyətinin qurumda iştirak hüququna qarşı çıxmaqla. Bu qurumlar Fransanın anti-Azərbaycan fəaliyyətinin mühüm alətləri qismində çıxış etməkdə, haqq və ədalət prinsiplərinə, beynəlxalq hüquqa saymazyana münasibət göstər­məkdədirlər. Onların da başlıca tutacaq yeri məhz islamofobiyadır. 

Azərbaycanın islamofobiya ilə üzləş­məsindəki beynəlxalq təşkilatlar seqmenti özünü müstəqillik illərində göstərmiş ten­densiyadır. Ancaq bu baxımdan Ermənis­tanın həyata keçirdiyi vandallıq əməlləri xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev məktubunda Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fə­sadlarından biri olaraq, bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılma­sını və məhvini göstərir. “İlkin araşdır­malara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı ermə­ni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, – deyən dövlətimizin başçı­sının diqqət yetirdiyi başqa vacib məqam da var. Məsələ burasındadır ki, Ermənis­tanın Azərbaycanın İslam dininə məxsus mədəni və tarixi mirasına vandallığı yalnız işğal amili ilə məhdudlaşmayıb. Ermənis­tan Respublikası ərazisində yerləşmiş abi­dələrimizin sistemli şəkildə məhvi həyata keçirilib. Eyni zamanda, UNESCO bunun­la bağlı ölkəmizin çağırışına cavab ver­məyib, mədəni və dini abidələrimizin və­ziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə Ermənistana texniki missiya göndərməyib. Cənab İlham Əliyev mək­tubunda bunu da təəssüfləndirici məqam kimi önə çəkib. 

***

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndə­si Migel Anxel Moratinosun “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konf­ransın iştirakçılarına müraciətində bildiril­diyi kimi, dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunun qorunması bəşəriyyətin borcudur. Cənab Moratinosun vurğuladığı xüsus top­lantının qarşısına qoyduğu məqsəddən də görünür. Azərbaycan bu konfransla dün­yanı yalnız islamofobiya ilə mübarizəyə səfərbər etmir, eyni zamanda, bunun üçün müqavimət, immunitet formalaşdırır. Ona görə də əvvəldə tədbirin hərəkat mahiyyəti daşıdığını vurğuladıq. Nəzərə alaq ki, bu hərəkat, həmçinin islamofobiyanın, kifayət qədər, sürətlə artan xroniki xəstəlik, şəx­si zəmində yaranan qərəz olduğunu üzə çıxarır. Azərbaycan isə həyata keçirdiyi təşəbbüslə, bəyan edir ki, islamofobiya dünyanı sülhdən uzaqlaşdıran məqsədə köklənməklə, bəşəri nizamı təhdid xarak­terinə malikdir. 

***

Sonda onu da vurğulayaq ki, dövləti­miz və cəmiyyətimiz islamofobiyaya qar­şı qlobal strategiya ilə mübarizə aparır. Bu mübarizə dünyanın ən fundamental məsələlərindən biridir. Azərbaycan bəyan edir ki, multikulturalizmin sülh və əmin-amanlıq şəraitində yaşamağın yeganə yo­ludur. Ona görə də multikultural dəyərlər baxımından dünyada nümunəyik. Ölkə­mizdə yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq, eyni hörməti görürlər ki, belə yanaşma Azərbaycana gələcəkdə də dinlərarası qardaşlıq mühitinin formalaş­ması istiqamətində çalışmaq üçün mənə­vi haqq qazandırır. Heç şübhə yoxdur ki, ölkəmiz bu haqdan irəli gələn məsuliyyə­tini daha böyük təşəbbüskarlıq fəaliyyəti ilə zənginləşdirəcək və möhkəmləndirə­cəkdir. 

Əvəz CAHANGİROĞLU
XQ

 

Siyasət