Separatizmin qondarma “yadigarlarına” SON!

post-img

Bu gün doğma Qarabağımızda gedən geniş bərpa-quruculuq işləri ilə bağlı xəbərlərə sevinirik. Yeni yollar çəkilir, binalar inşa edilir, torpağa onun sahibinin nəfəsi dəyir və bunları görən təbiət də canlanır.

Amma Xankəndidə binalar sökülür. Niyəsi hər kəsə məlumdur. Gəlin əvvəl­cə sökülən binaların “tarixinə” qısaca nəzər yetirək. 

Hayların “Artsax parlamenti” adlan­dırdıqları birinci binanın açılışı Xankən­didəki xunta rejiminin elan olunmasının 16-cı ildönümündə – 2007-ci il sentyab­rın 2-də olub. “Təntənəli mərasimdə” iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan həmin tikili­ni “Dağlıq Qarabağ Respublikası”nın “möhkəm dayandığını” göstərən növ­bəti “sübut və möhtəşəm hadisə” ad­landırıb.

“Artsax respublikasının qəhrəman­larının xatirəsinə” inşa edilmiş ikinci bina. Onun tikintisi separatçı rejimin “müdafiə nazirliyinin” dəstəyi, eləcə də erməni diasporunun zəngin nü­mayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Moskvada həbs olunmuş, canını elə həbsxanada tapşırmış Levon Ayrapetyanın xeyriy­yə fondu, Qarabağın işğal olunmuş ərazilərinə böyük sərmayə yatırmış “VALLEX-qrup”, Rusiyanın müxtəlif şəhərlərindəki erməni diasporlarının sponsorluğu ilə aparılıb. “Qəhrəman­lar binası”nın açılış mərasimi 2013-cü il mayın 9-da Ermənistanın o zamanki prezidenti Serj Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyanın iştira­kı ilə keçirilib. Separatçı xunta rejimi həmin gün Xankəndinin mərkəzi mey­danında düzənlədikləri “bayram tədbi­rində” həm də Şuşanın işğalını “qeyd” ediblər. 

Yada salaq ki, Xankəndi şəhərinin baş planı hələ SSRİ vaxtında Azərbay­canın rəhbəri, ulu öndər Heydər Əliyev tərəfindən təsdiqlənib. Sovetlər dönə­mində şəhərdə geniş inşaat işləri həya­ta keçirilib. Amma işğaldan sonra şəhə­rin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tiki­lib. Bədnam qonşular xaricdəki dəstək­çilərinin hesabına torpaqlarımızı işğal etdikdən sonra Xankəndinin memarlıq simasını da haylaşdırmaqla məşğul olublar. Beləcə, şəhərin özünəməxsus şərq memarlığı tamamilə pozulub. Ta­mamilə doğru olaraq Xankəndinin milli memarlıq üslubuna zidd, hay zəkasının məhsulu sayılan əcaib-qəraib tikililərin hamısının sökülməsinə qərar verilib. Başqa cür ola da bilməzdi. Öz doğma şəhərlərində yaşayacaq vətəndaşla­rımız niyə hər gün “işğal yadigarları” sayılan “separatçı abidələri” görməli və əsəbiləşməlidirlər?

Sökülən iki binanın adına fikir ve­rin: “Artsaxı azad etmiş döyüşçülərin” şərəfinə tikilən “Veteranlar binası” və “Artsax parlamentinin” binası. “Parla­ment” adlanan bina Azərbaycana qarşı işğalın, hərbi cinayətlərin və soyqırımı ssenarilərinin yazıldığı, alçaq qərarların qəbul olunduğu terrorçu yuvası olub. Terrorun, separatizmin, riyakarlığın və nifrətin rəmzi olan həmin binalara nə bizim, nə də bəşəriyyətin ehtiyacı var. İşğal dönəmində Şuşada “dqr“ parla­mentinin binasının bünövrəsi atılmışdı. Vətən müharibəsinin gedişində o bina topçularımızın nişangahına tuş gəldi. Yəqin ki, oxucular Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin bina­nın qarşısındakı çıxışını yaxşı xatırla­yırlar.

İndi Xankəndidə tarixin ədalət axarı ilə baş verənlərə bəzi ölkələr hay-küylə yanaşır, xunta rejiminin “rəmzi”, “yadi­gar”ı kimi inşa edilmiş binaların sökül­məsinə rəsmi İrəvan siyasi don geyin­dirməyə çalışırlar. Qoy səslərinin qalın yerinə salıb ürəkləri istədikləri qədər bağırsınlar. Bizim onlara qulaq kəsil­məyə vaxtımız yoxdur. Çünki Qarabağı dirçəltməklə, ona işğala qədərki siması­nı qaytarmaqla məşğuluq. 

Əgər Xankəndidə sökülən binalar daşınan əmlak olsaydı, yəqin separat­çılar Qarabağdan köçərkən onları da unitaz kimi bellələrinə şələləyib özləri ilə aparardılar. Aparıb indi üz tutduqları xarici ölkələrdə basdırardılar. Axı həmin “hay memarlıq abidələrinin” harada ol­masının onlar üçün nə fərqi var: Kali­forniyada, Marseldə, Beyrutda, yoxsa Armavirdə? 

Biz öz işimizi görürük və bu işlərə qanını Vətən torpağına qatan minlərlə şəhidimizin ruhu şadlanır, qazilərimiz qürurlanır, qurtuluş savaşında çiynini çiynimizə dayamış, mənəvi dəstəyini əsirgəməmiş dostlarımız xalqımızla bə­rabər sevinir.

Bəli, biz qurub-yaradan xalqıq. Amma Azərbaycan vətəndaşına işğalı xatırladan hər şeyi silməkdə, yerlə-yek­san etməkdə də qərarlıyıq!

Siyasət