Azərbaycanın xarici işlər naziri Antalyada mediaya açıqlama verib

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində mediaya açıqlama verib.

Antalya Diplomatiya Forumuna hər il marağın daha da artdığını qeyd edən nazir bildirib: “İştirakçı sayı, panel müzakirələri, dünya mediasında işıqlandırılması baxımında bu platforma Türkiyə diplomatiyasının dünyada artan nüfuzunun əhəmiyyətli göstəricilərindən biridir. Təbii ki, bu, Azərbaycan olaraq bizi qürurlandırır və sevindirir”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan bu forumda geniş heyətlə həm panel müzakirələrində iştirak etdi, həm də digər ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri olan 20-ə yaxın dövlət nümayəndəsi ilə görüşlər keçirmək imkanı əldə etdi.

Azərbaycanın XİN rəhbəri dəvət və tədbirin təşkili üçün Türkiyənin xarici işlər naziri Hakan Fidana və forumun təşkilində əməyi keçən hər kəsə həm təbriklərini çatdırdı, həm də təşəkkürünü ifadə etdi.

Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə toxunan nazir deyib: “Fevralın 28 və 29-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində görüşərək sülh müqaviləsi ilə bağlı danışıqları davam etdiriblər. Bundan əvvəlki yeddi ay ərzində bu danışıqlar fiziki olaraq keçirilməyib. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var və son zamanlar bu istiqamətdə yüksək dinamikanı qeyd etmək olar”.

Nazir son ikigünlük müzakirələri ümumilikdə faydalı hesab edib: “Həmin iki gün tərəflərin razılaşdırılmayan, açıq qalan yanaşmalarının müzakirəsinə həsr olunub. Hər iki tərəf qarşılıqlı olaraq öz yanaşmasını ifadə edib və bunun ətrafında müzakirələr aparılıb. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”.

Rəsmi Bakının Ermənistandan gözləntiləri ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu gözləntilər məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüklərinin tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir.

Siyasət