Hərbi ekspert: Paşinyan Rusiya ilə münasibətləri kökündən kəsir

post-img

Nikol Paşinyan siyasətçi kimi gələcəyinə tam əmin deyil və vəziyyət elədir ki, iki atəş arasında oynayır. Bu barədə rusiyalı hərbi ekspert Aleksey Leonkov Ermənistan mətbuatına müsahibəsində bildirib.

“Paşinyan seçim etmir, hansı plana görə hakimiyyətə gətirilibsə, ona əməl edir. Yəni əsas vəzifə Ermənistanı Rusiya ilə əməkdaşlıqdan təcrid etməkdir.  Ermənistanda baş verən bütün bu hadisələr anqlosaksların arzuladığı nəticəyə aparan mərhələli addımlardır.

Amerika Birləşmiş Ştatlarının nümayəndələri Ermənistana gələndə bütün bunlar onu göstərirdi ki, Ermənistan KTMT-dən çıxacaq və çox güman ki, Rusiya ilə bütün əlaqələri dayandıracaq. Bundan əlavə, Ermənistan indi Avropa İttifaqından, onların diplomatiyasının rəhbəri Borreldən təkliflər alıb. Bütün bu təkliflər Ukraynaya verilən təklifləri xatırladır.

Onlar vizasız rejim, yəni Avropa İttifaqı ölkələri daxilində sərbəst hərəkət vəd ediblər. Orada Ermənistanın namizəd kimi Avropa xalqlarının qardaşlıq ailəsinə daxil ediləcəyi, eyni zamanda, Aİ-nin rəhbərliyi ilə həyata keçirilən bütün missiya və fəaliyyətlərdə iştirak edəcəyi bildirilir. Onun Ermənistan ərazisindən keçəcək bəzi enerji layihələrinə daxil edilməsi təklif edilir. Amma bütün bunlar Ermənistan ərazisində mövcud olan milli güclərin satın alınmasıdır.

Volodimir Zelenskinin Ermənistana səfərinə gəlincə, bu səfər iki ölkə arasındakı münasibətlərə yaxşı heç nə gətirməyəcək və Ermənistanla Rusiya arasında nifaq vəd edir.

V.Zelenski Ermənistana gəlsə, o zaman Ermənistan anti-Rusiya mövqeyini tam nümayiş etdirəcək. Onun Ermənistana səfəri ola bilsin ki, Rusiya ilə Ermənistan arasında çoxəsrlik münasibətləri dəfn edəcək son nöqtə olacaq”, - deyə Aleksey Leonkov fikirlərini yekunlaşdırıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət