Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınmaq vəzifəsi ilə üzləşib. Çünki belə bir sənəd Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyacaq, həm də İrəvanda mövcud siyasi rejimin süqutuna çevriləcək.
Bu fikirləri “Caliber”ə açıqlamasında rusiyalı politoloq, MDB ölkələri üzrə ekspert, Avrasiya Problemlərinin Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayev deyib.
“Biz dəfələrlə Ermənistanın Azərbaycanı təxribat xarakterli hərbi əməliyyatlara necə təhrik etdiyini görmüşük. Və hesab edirəm ki, Ermənistan Qərbdən geniş hərbi dəstək alana qədər bunu gələcəkdə də davam etdirəcək. Bu dəstək Ermənistan ərazisində hərbi mövcudluqdan, bəlkə də NATO-nun məhdud kontingenti şəklində Ermənistana Azərbaycana qarşı təxribatlar törətməyə kömək edəcək zərbə silahlarından ibarət olacaq”, - deyə ekspert qeyd edib.
Onun fikrincə, vasitəçi adlanan dövlətlər - Fransa və ABŞ münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, əksinə, Cənubi Qafqazda sabitliyi pozmaq onların maraqlarına uyğundur.
“Azərbaycan həqiqətən sülhə can atır, silahların bir daha danışmaması üçün lazımi sənədləri imzalamağa hazırdır. Amma təxribatlar, təəssüf ki, davam edəcək və sülh müqaviləsinin imzalanma müddəti İrəvan tərəfindən daim geri çəkilir. İrəvan indi Azərbaycana qarşı böyük müharibə aparmaq üçün Qərbdən maliyyə və hərbi dəstək almaqla bağlı danışıqlar aparmağa çalışır. Lakin Qərb İrəvanın gözləntilərinin əksinə olaraq, həmişə regionda sülhün əleyhinə olacaq və ermənilər heç vaxt barışığa gəlməyəcəklər”, - deyə A.Rubayev fikirlərini yekunlaşdırıb.
Rizvan FİKRƏTOĞLU
XQ