“Dəmir yumruq” yerindədir

post-img

Tarixi ədaləti döyüş meydanında bərpa edən Azərbaycan Ordusu qarşıdakı dövrdə daha da gücləndiriləcək

Azərbaycan xalqı 2020-ci ildə bir yumruq kimi birləşərək işğal altındakı torpaqlarını azad etdi. Xalqımızın birliyi, bütövlüyü özünü Vətən müharibəsindən ötən dövr ərzində də dəfələrlə nümayiş etdirdi. O cümlədən, 2022-ci il dekabrın 12-də keçmiş separatçı xunta rejiminin hələ də nəzarəti altında qalan ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarına qarşı ekoloji fəalların Laçın–Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladıqları dinc etiraz aksiyası bunun bir göstəricisi oldu. 138 gün davam edən aksiya yalnız 2023-cü il aprelin 28-də dayandırıldı. Bundan beş gün öncə isə Ermənistanla şərti sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Məntəqənin qurulması ilə Azərbaycan öz sərhədlərinə sahib çıxdı.

Yeri gəlmişkən, qeyd edək ki, Azər­baycan xalqı və dövləti 2020-ci ildə Vətən müharibəsinin gedişi zamanı daha bir ölkə ilə – İranla sərhədlərinə sahib çıxmışdı. Azərbaycan–İran döv­lət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan 132 kilometrlik hissəsi məhz Vətən mü­haribəsinin gedişi zamanı – oktyabrın 22-də azadlığına qovuşmuşdu. Həmin tarixdə Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə 30 ilə yaxın işğal altında olan Azər­baycan–İran dövlət sərhədi tam nə­zarətə götürülmüşdü. Müjdəli xəbəri Azərbaycan xalqına Prezident İlham Əliyev çatdırmışdı. Dövlətimizin başçısı Azərbaycan–İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunma­sı münasibətilə hər iki ölkənin xalqını təbrik etmişdi.

Xalqımızın əzmi, birliyi, mətanəti 2023-cü ilin yayında son çırpıntılarını edən separatçı xunta rejimi ilə müba­rizədə özünü bir daha nümayiş etdirdi. Cəmiyyətimiz yenə Ali Baş Komandanın ətrafında sıx birləşib, yumruq kimi bir olaraq, bütün yay boyunca Ermənis­tandan, qondarma rejimdən və hayların xaricdəki havadarı olan böyük dövlətlər­dən gələn əsassız hücumlara mərdliklə sinə gərdi. Bu hücumlar o qədər əsassız idi ki, onlara dözmək üçün hər birimiz­dən əsəblərin möhkəmliyi tələb olunur­du. Ancaq biz bu sınaqdan da layiqincə çıxmağı bacardıq. 2023-cü il sentyabrın 19-da başlanan və bir sutkadan az da­vam edən lokal xarakterli antiterror təd­birləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

İndi isə ölkəmizin həyatında yeni dövr başlayır. Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən an­diçmə mərasimindəki nitqində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Dövlətimi­zin başçısı qeyd etdi ki, bu dövrün böyük nailiyyətləri olacaq və o, buna şübhə et­mir: “Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən, bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mə­nim buna şübhəm yoxdur”.

Prezidentin konsepsiya xarakterli, gələcəyin yol xəritəsi adlandıra biləcə­yimiz məlum nitqində ordu quruculuğu məsələsinə də xüsusi diqqət yetirildi. Qeyd edildi ki, növbəti illərdə qarşımız­da duran əsas vəzifələrdən biri ordu­muzun, silahlı qüvvələrimizin daha da gücləndirilməsidir: “İkinci Qarabağ mü­haribəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözləri­mi demişdim. Demişdim ki, bu gün Azər­baycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”.

Bəli, Prezidentin bu sözləri bizi yaxın keçmişə apardı. 2022 il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində koman­do hərbi hissəsinə Döyüş Bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı zamanı etdiyi çıxı­şında Ali Baş Komandanı İlham Əliyev demişdi: “Müharibədən sonra – bu gün Azərbaycan Ordusu daha güclüdür. Həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni si­lahlar, ən müasir texnika Azərbayca­na gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək...”

Dövlət başçımız andiçmə mərasi­mində isə silahlı qüvvələrimizin gələ­cək inkişafı ilə bağlı lazımi addımların atıldığını, lazımi silah-sursat, texnika alındığını, yeni silahlı birləşmələr yara­dıldığını bildirdi və qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış komando silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə ordu yaratmışıq ki, – bundan sonra da bu işlər davam edəcək, – heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.

Prezident bildirdi ki, biz, eyni zaman­da, sərhədlərimizi daha da güclü qoru­malıyıq: “Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Xüsusilə nəzərə al­saq ki, İkinci Qarabağ müharibəsindən sonra biz həm o vaxt işğal altında olan Azərbaycan–İran sərhədinə qayıtmışıq, həm də Azərbaycan–Ermənistan şərti sərhədində yerləşmişik. Əlbəttə ki, sər­həd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edə­cəyik. Sərhədimiz elə möhkəm bağlı ol­malıdır ki, bir quş belə uça bilməsin”.

Əlbəttə, dövlət başçımızın yeni döv­rdə ordu quruculuğu və sərhədlərin təhlükəsizliyi ilə bağlı qarşıya qoydu­ğu vəzifələr mühüm aktuallıq kəsb edir. Məsələ ondadır ki, Azərbaycan ərazi bü­tövlüyünü tam bərpa etsə də, ölkəmizə olan hücumlar bir an dayanmayıb. Ək­sinə, müxtəlif anti-Azərbaycan dairələr bu hücumları genişləndirməyə çalışırlar. Belə olan təqdirdə ən münasib çıxış yolu ordumuzun gücləndirilməsidir. Yalnız güclü ordu qarşısında müxtəlif mərkəz­lər özlərini, necə deyərlər, yığışdırmağa məcbur olurlar. Yalnız güclü ordu bizim bu torpaqlarda əbədi yaşayacağımızın təminatçısıdır. Əgər ölkəmizə qənim kə­silmiş qüvvələr ordumuzun zəif olduğunu görsələr, dərhal hər tərəfdən üzərimizə hücuma keçərlər.

Prezidentin çıxışı zamanı qeyd etdi­yi sərhədlərin təhlükəsizliyi məsələsi də vacib məqamdır. Çünki sərhədlərimizin mühafizəsi ölkəmizin və onun vətən­daşlarının xarici risklərdən qorunma­sı deməkdir. Son illərdə regionda baş verən proseslər Azərbaycan üçün də müəyyən risklər yaradır. Ölkə daxilində mövcud olan həmrəylik daxili riskləri sıfıra endirib. Dövlət başçımızın da de­diyi kimi, mümkün olan bütün potensial risklər ölkəmizin hüdudlarından kənar­da yerləşir və formalaşır. Bu baxımdan, təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur.

Mövzu ilə bağlı söhbətləşdiyimiz Azərbaycan Ordusunun sabiq kor­pus komandiri, ehtiyatda olan pol­kovnik Şair Ramaldanov bildirdi ki, hazırda yalnız güclü dövlət özünün milli maraqlarını müdafiə və perspektiv inki­şafını təmin edə bilər. Milli maraqların müdafiəsini təmin edən isə güclü ordu, eləcə də digər qoşun növləridir: “Silahlı Qüvvələrin Ali Baş Komandanı ordu qu­ruculuğunu prioritet məsələ kimi qarşıya qoyub. Növbəti mərhələdə ordumuzun peşəkarlığının daha da artırılması, müa­sir silah-sursatla təchiz edilməsi, Tür­kiyə modelinə keçilərək inkişafın davam etdirilməsi gündəmdədir. Eyni zamanda, Vətən müharibəsindən sonra komando hərbi hissələri yaradılıb, onların sırala­rında xidmət keçən hərbçilərin sayı min­lərlədir və bu proses davam edir. Eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələrin sayı da bir neçə dəfə artırılıb. Azərbay­can Ordusunun süni intellektə malik si­lahlarla təchiz olunması istiqamətində də addımlar atılır. Cənab Prezident an­diçmə mərasimindəki nitqində bizim or­dumuzun nəyə qadir olduğunu da qeyd etdi. Bu günün Azərbaycan Ordusu pa­radlarda və təlimlərdə formalaşan ordu deyil, döyüş meydanında öz gücünü, nəyə qadir olduğunu göstərən ordudur”.

Ordu korpusunun sabiq komandiri dedi ki, gənclərin vətənpərvərlik ruhun­da tərbiyə edilməsi də onların gələcəkdə orduda xidmət etdiyi zaman öz sözünü deyir: “Cənab Prezidentin qarşıya qoy­duğu məsələlərdən biri də silah-sursat və hərbi texnika ilə təminat məsələsində xarici asılılıqdan, necə deyərlər, canımı­zı qurtarmaqla bağlıdır. Azərbaycanın hərbi sənaye kompleksinin, yaxud mü­dafiə sənayesinin imkanlarının artması ilə ordumuzun xarici asılılığı azalacaq. İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycanın müdafiə sənayesi ordu­muzu həm patron, həm mərmi, həm də minaatanlar üçün minalarla tam təmin etməyə qadirdir. Mən düşünürəm ki, bu, mühüm amildir. Xidmət etdiyim dövrdən bir misal gətirmək istəyirəm. Birinci Qa­rabağ müharibəsində Horadiz istiqamə­tində gedən döyüşlər zamanı biz həm silah, həm də sursat cəhətdən böyük korluq çəkirdik. Mən komandir kimi Mü­dafiə Nazirliyinin müvafiq idarəsinə tələb olunan mərmi üçün müraciət edəndə dedilər ki, bilirsiniz, biz bir mərmini 249 dollara alırıq. Yəni, bu, “yox!” demək idi”.

Müsahibimiz qeyd etdi ki, müharibə aparan tərəflərə silah-sursatın satılma­sına məhdudiyyətləri də nəzərə almaq lazımdır. Digər tərəfdən, silah satan tərəf tələbin artmasından irəli gələrək qiymətləri də artırır: “Demək istəyirəm ki, müdafiə sənayesinin qısa zamanda yaradılması, inkişaf etdirilməsi və bey­nəlxalq sərgilərə yüzdən çox çeşiddə hərbi təyinatlı mallarla çıxması bizim böyük uğurumuzdur. Bu gün Azərbay­can Ordusunun inkişafı ilə müdafiə sənayesinin inkişafı paralel gedir. Hər­bi təyinatlı mallar istehsal edən yeni müəssisələr yaradılıb. Onlar müasir cihazlarla təmin olunub. Azərbaycan Texniki Universiteti müdafiə sənayesi üçün ali təhsilli kadrlar – mühəndislər hazırlayır. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti bu gün müdafiə sənayemizin rentabelli sənayeyə çev­rilməsinə də səbəb olub. Amma bizim üçün əsas məsələ məhz Azərbaycan Ordusunun təminatıdır”.

Ş.Ramaldanov onu da bildirdi ki, bü­tün bu uğurlar Azərbaycanda mövcud olan daxili sabitlik, iqtisadi inkişaf, xalqın öz liderinə inamı, onun ətrafında sıx bir­ləşməsi nəticəsində əldə olunub. Onun sözlərinə görə, əlbəttə, bunlar olmadan belə böyük nəticələr qazana bilməzdik. Bu faktorlar Azərbaycan dövlətinin in­kişafla bağlı qarşıdakı dövrdə mühüm, böyük planlar qurmasına imkan verir. Həmin planların icrası nəticəsində isə böyük nailiyyətlər əldə ediləcək.

Səxavət HƏMİD
XQ





Siyasət