Masil Dəmirov: İlham Əliyevin Türkiyəyə səfəri regional əməkdaşlığın inkişafı baxımdan tarixi hadisədir

post-img

Son illər Cənubi Qafqaz regionu əsas siyasi hadisələrin və geosiyasi dəyişikliklərin səhnəsinə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin son prezident seçkilərində qələbəsindən sonra Türkiyəyə ilk rəsmi səfəri Azərbaycan-Türkiyə münasibətlərinin müasir siyasi kontekstdə əhəmiyyətli olduğunu göstərir. Bu hadisə iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirməklə yanaşı, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün ciddi siqnallar verir. Xüsusən, Azərbaycanın Türk qardaşlarına yüksək önəm verməkdə davam etdiyinə və müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduğuna dair aydın mesajlar verilmiş oldu.

Bu fikirləri “XQ”-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib. 

O bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin verdikləri bəyanatlar hər iki ölkənin iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyindən xəbər verir. Nəqliyyat və enerji təşəbbüsləri kimi perspektivli layihələrin müzakirəsi onu göstərir ki, Türkiyə və Azərbaycan gələcəyə nikbinliklə baxır və çətinlikləri birgə aradan qaldırmaq və hər iki xalq üçün imkanları genişləndirmək əzmindədir.

“Səfər çərçivəsində keçirilən mətbuat konfransında prezidentlər iki qardaş ölkə arasında tərəfdaşlığın dərin və çoxşaxəli xarakterini göstərən bir sıra əsas mövzulara toxundular. Qeyd etmək vacibdir ki, real vəziyyətdə iki qardaş ölkə başçılarının bəyanatları qlobal hadisələrə və regional dinamikaya təsir edən mövcud çağırışlara, eləcə də gələcək əməkdaşlıq potensialına işıq salır. Cənab İlham Əliyev qeyd etdi ki, Türkiyə-Azərbaycan tərəfdaşlığı təkcə region üçün deyil, bütövlükdə, Avrasiya üçün mühüm amilə çevrilib. Onun sözlərinə görə, iki ölkə arasında sıx əlaqələr və onların tarixə söykənən ortaq dəyərləri var. Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla, kritik bir zamanda əvəzsiz yardım göstərərək, regionda qardaşlıq və həmrəyliyini nümayiş etdirib. Prezident Əliyev Türk birliyi çərçivəsində əməkdaşlığından bəhs edərək deyib ki, həm Türkiyə, həm də digər türk dövlətləri ilə əməkdaşlığın dərinləşməsi həm bu ölkələrtin mövqelərini möhkəmləndirir, həm də regionun sabitliyinə və inkişafına töhfə verir

Analitik qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevin yenidən seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin əhəmiyyətini qeyd edib: “Ərdoğan Avropa Şurası Parlament Assambleyasında qəbul edilən və Azərbaycan nümayəndə heyətinin bu qurumun tədbirlərində iştirakına mane olan qərarlara kəskin etirazını bildirib. Bu, Türkiyənin bölgədə ədaləti və demokratik prinsipləri dəstəklədiyini göstərir”.

 

 

Analitik düşünür ki, Türkiyə Prezidentinin nəqliyyat və enerji sektorlarında əməkdaşlıqla bağlı bəyanatına xüsusi diqqət yetirilməlidir. Bu sahələrdə, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP qaz kəməri kimi layihələrdə əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməklə yanaşı, regionda enerji marşrutlarının şaxələndirilməsinə də töhfə verəcək.

M.Dəmirov Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik çağırışına da diqqət çəkir: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində tarixi addım ola bilər. Bütövlükdə, Prezident Ərdoğanın çıxışı Türkiyənin Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət, tərəfdaşlıq və əməkdaşlıq əsasında möhkəmləndirməkdə davam etməyə hazır olduğuna işarədir. Bu, həm də Türkiyənin Cənubi Qafqaz və Qara dəniz regionunda sülhün, sabitliyin və rifahın təmin edilməsində fəal rol oynamasından xəbər verir. Bu səfər həm də mühüm geosiyasi əhəmiyyətə malikdir, çünki Türkiyə və Azərbaycan Cənubi Qafqaz regionunda, daha geniş mənada Yaxın Şərq və Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas rol oynayırlar. Dost ölkələr arasında əməkdaşlıq və strateji tərəfdaşlıq qlobal siyasi hadisələrə, xüsusən də artan geosiyasi gərginlik və rəqabət şəraitinə təsir göstərə bilər”.

M.Dəmirov Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını, təhsil və elmi araşdırmalar sahəsində müqavilələrin imzalanmasını, bilik və təcrübə mübadiləsinə, eləcə də qlobal proseslərə töhfə kimi qiymətləndirir: “Bu, müasir dünyanın çağırışlarına cavab vermək üçün lazım olan bilik və təcrübəyə malik yeni nəsil liderlər yetişdirməyə kömək edir”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət