Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaşayış sahələrinin tikintisi ilə məşğul olan subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə qərara alıram:

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə “dövriyyə” sözündən əvvəl “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlər istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 5 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 3.2-ci bəndinə (birinci halda) “miqdarında,” sözündən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2024-cü il

Fərmanlar