Vyanada Xocalı soyqırımına həsr edilmiş sənədli film və sərgi nümayiş olunub

post-img

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Vyanada faciə qurbanlarının xatirəsi anılıb. Milli Məclisinin deputatlarının, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin və bu ölkədəki Azərbaycan diasporunun təmsilçilərinin iştirak etdikləri anım tədbirində “Sonsuz dəhliz” sənədli filmi, eləcə də “Xocalı harayı” sərgisi və eyniadlı kitab təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bəşər tarixinin ən amansız və qəddar hadisələrindən biri olan Xocalı soyqırımı barədə danışıb. Səfir bildirib ki, anım tədbirində bu dəhşətli faciədə baş verənlər incəsənətin və kinematoqrafiyanın dili ilə təqdim olunur, bu yolla insan həyatı, sülh və münaqişədən sonrakı normallaşmanın yüksək dəyəri ön plana çıxır.

Qeyd edilib ki, Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun “Xocalı harayı” sərgisində Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətlər də daxil olmaqla, beynəlxalq hərbi cinayətlərə qarşı müəllifin etirazı incəsənətin dili, təsviri sənətin ifadə gücü ilə əks olunur. Rəssam sərgidə toplanmış əsərlərində faciə qurbanlarının həyat hekayələrini, taleyini və yaşadıqları dəhşətləri bədii şəkildə ifadə edib.

Litvalı hərbi jurnalist-fotoqraf Riçardas Lapaitis çıxışında 23 yaşlı gənc kimi gördüyü dəhşətlərdən bəhs edib. O bildirib ki, həmin vaxt qətlə yetirilmiş Xocalı sakinlərinin gətirildiyi Ağdamda gördüyü dəhşətli səhnələr ömürlük yaddaşına həkk olunub və daim onu bəşəriyyətə qarşı törədilən bu vəhşiliyin səbəbləri narahat edib. Jurnalist qeyd edib ki, Xocalı cəlladlarının arxasında Ermənistan rəhbərliyi və Moskvanın hərbi-siyasi rəhbərliyi dayanırdı. 366-cı motoatıcı alayın dəstəyi olmadan Xocalını ələ keçirmək erməni yaraqlılarına müyəssər olmazdı. Silahsız dinc əhaliyə qarşı törədilmiş soyqırımı, meyitlərin təhqir olunması və əsirlərə amansız işgəncələrin verilməsi erməni millətçiləri üçün müqəddəs heç nəyin olmadığının isbatıdır.

Sonra “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov rejissor-rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş rəsm kolleksiyası və onun “Xocalı harayı” adlı kitabı barədə məlumat verib. Bildirilib ki, kolleksiyada rəssamın ömrünün on ili ərzində Xocalı faciəsi mövzusunda ərsəyə gətirdiyi əsərlər toplanıb və Vyanadakı sərgidə həmin əsərlərin bir hissəsi nümayiş olunur.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın ekranlaşdırdığı “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub. Sənədli filmdə hərbi jurnalist Riçardas Lapaitis illər sonra Azərbaycana səfər edərək, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyü, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinlədiyi əksini tapıb. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları - erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözləri ilə görmüş insanların xatirələri əsasında qurulub.

Filmin prodüserləri Andreas Brokas və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşundur. Film bir sıra mükafatlara, habelə 2015-ci il Milan Beynəlxalq Film Festivalının “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasına, 2015-ci il Madrid Tenerife Beynəlxalq Film Festivalının “Ən yaxşı sənədli film" və digər mükafatlara layiq görülüb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Maribor





Qan yaddaşı