İranın “Səhər” telekanalı Azərbaycan dövlətini,xalqını və dövlətçiliyini sistemli şəkildə hədəf alıb

post-img

Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. Lakin “Səhər” telekanalının efirində Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn Azərbaycan dilində verilişlər yayımlanır. Bu telekanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Biz, cənubi azərbaycanlılar öz aramızda “Səhər” televiziyasını “Zəhər televiziyası” da adlandırırıq. Çünki bu telekanal Azərbaycan dövlətini, xalqını və dövlətçiliyini tamamilə sistemli şəkildə hədəf alıb. Bu telekanalın yaradılmasının əsas məqsədi məhz bundan ibarətdir.

Bu sözləri  açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı, cənubi azərbaycanlı politoloq Məhsa Mehdizadə İranın “Səhər” telekanalında Azərbaycana qarşı aparılan qərəzli təxribata münasibət bildirərkən deyib.

M. Mehdizadə deyib ki, xüsusilə Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra İranda bir çoxları bu qələbəni həzm edə bilmir. Bundan əlavə, Azərbaycan ilə Türkiyə arasında birliyin, əməkdaşlığın daha da güclənməsi, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi İran siyasi dairələrini daim narahat edir. Azərbaycan 2023-cü ildə antiterror əməliyyatlarından sonra torpaqlarını separatçı qüvvələrdən tam təmizləyib, suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Bu gün daim irəliyə gedən və diktə edən tərəfə çevrilən Azərbaycan var. Ona görə də Azərbaycan dövlətinin əleyhinə olan bu qarayaxma kampaniyası daha da kəskinləşə bilər. Çünki İranda Azərbaycanın güclənməsini istəməyən bəzi dairələr “Səhər TV”nin efirindən məhz Azərbaycanın daxili məsələlərinə müdaxilə edərək, ölkəni qarışdırmaq üçün yararlanırlar.

“Səhər TV”nin xəbərlər proqramını daha çox izlədiklərini diqqətə çatdıran politoloq vurğulayıb: “Xəbərlər proqramına ona görə çox baxırıq ki, Azərbaycana qarşı hansı ittihamların səsləndirildiyini görə bilək. Ümumiyyətlə, bu kanal iki istiqamətdə fəaliyyət göstərir. Birincisi, həmin televiziya İranın daxili siyasətini və regiondakı maraqlarını təbliğ edir. Tehranın maraqlarını İslam ideyası adı altında məhz dini inanclardan istifadə edərək ictimaiyyətin diqqətinə çatdırır. Lakin biz İkinci Qarabağ müharibəsi zamanı gördük ki, İran qətiyyətlə Ermənistana himayədarlıq edir. Halbuki Ermənistan xristian dövləti olaraq bir müsəlman dövlətinin torpaqlarını işğal etmişdi. Ancaq biz efirdə görürük ki, xəbərlər proqramında İslam adı altında insanların inancını istismar edərək, öz dövlət maraqlarını müdafiə edirlər. Əsas qayələri isə Azərbaycan dövlətinə qarşı olmaqdır.

Televiziyanın xəbərlər proqramının ikinci əsas istiqaməti isə Azərbaycanın daxili məsələlərinə hədsiz müdaxilə etməklə bağlıdır. Tutaq ki, Azərbaycanda hər hansı xırda bir hadisə belə baş verdikdə, bunu dərhal ölkənin əleyhinə qarşı kampaniyaya çevirirlər. Daha sonra dindən istifadə edərək Azərbaycanı bölgədə hədəf kimi göstərirlər. İranda böyük etnik qrupların nümayəndələri mütəmadi olaraq təzyiqə məruz qalırlar. Ötən il ərzində İranda təqribən 800 nəfər edam edilib. Həmin şəxslər öz sadə konstitusion hüquqlarını dilə gətirdikləri üçün məhkəmələrdə edam olunublar. Ancaq təəssüf ki, bunların heç biri televiziyaların müzakirə mövzusu deyil”.

Siyasət