Ermənistanda bununla bağlı müzakirələr davam edir
Baş nazir Nikol Paşinyanın gündəmə gətirdiyi bu məsələ ilə əlaqədar ölkə siyasətində birmənalı münasibət yoxdur. Paşinyana qarşı olan parlament müxalifəti və parlamentdənkənar revanşist qüvvələr onun bu addımının Azərbaycanın təzyiqləri nəticəsində baş verdiyini iddia edirlər.
Bu fikrin əsası ona görə yoxdur ki, Ermənistanın Konstitusiyasına son 30 ilə yaxın bir dövrdə bir neçə dəfə dəyişikliklər edilmişdir və bunun Azərbaycanla münasibətlərlə heç bir əlaqəsi olmamışdır. Konstitusiyaya dəyişikliklər edilərkən bu gün Ermənistan üçün maneələr təşkil edəcək maddələrin üzərində durulmamışdı və bu addımların yanlış olduğunu Ermənistanda yalnız indi anlamağa başlayıblar. Çünki Ermənistanda öz qonşuları ilə sülh danışıqlarına getmək iddiası səsləndirilir və təbii ki, Konstitusiyaya buna uyğun tənzimləmələr olmalıdır.
1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası “Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə”ni qəbul etdi. Müstəqillik yolunda hüquqi sənəd olan və Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu bəyannamə 12 bənddən ibarət idi. Bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi bazası müəyyənləşdirilirdi. Həmin bəyannamənin 11-ci bəndində elan olunurdu: “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və “Qərbi Ermənistanda” (Türkiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulur) 1915-ci ildə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Göründüyü kimi, 1991-ci il Ermənistanın Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülürdü. Bu iddialar 1995-ci ildə qəbul olunan Ermənistanın Əsas Qanununda- Konstitusiyasında da yer almışdır. Söhbət bundan gedir. Bəyannamə və Konstitusiyada Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın guya Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddə bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı illərdə Konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməmişdir. Bunu da yada salaq ki, 1992-ci ildə də Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir erməni rəsmisi Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı bir sənədə imza ata bilməz. Bu dəyişikliklər olmadan Azərbaycanla bağlanacaq müqavilə Konstitusiya ilə ziddiyyət təşkil edəcəkdir, 11-ci maddənin qalması Türkiyə ilə münasibətlərin qurulmasına mane olacaqdır. Ermənistan mövcud Konstitisiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsinə gedə bilməz.
Birmənalı şəkildə həm Müstəqillik Bəyannaməsi, həm də 1995-ci il Ermənistan Konstitusiyası dəyişməlidir. Bir daha vurğulamaq istəyirik ki, oradakı bəzi maddələrdən imtina etmədən bağlanacaq hər hansı müqavilə Konstitusiya ilə ziddiyyət təşkil edəcək. 2009- cu ildə Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması ilə bağlı imzalanan protokollar Konstitusiya Məhkəməsi tərəfindən bu səbəbdən təsdiq olunmamışdı. Ermənistanda bu cəhətlərin fərqindədirlər. Cəmiyyətin bəzi qrupları buna Azərbaycanın tələbi kimi baxır. Bu da siyasi mübarizə müstəvisinə çıxarılmışdır Əslində, Azərbaycanın tələbi deyil, bir zamanlar şovinist əhvali-ruhiyyə nəticəsində edilmiş siyasi avanturanın düzəldilməsidir.
Təbii ki, bütün bunlar Azərbaycan və Türkiyəni maraqlandırır. Ermənistan tərəfindən ölkələrimizə qarşı düşmənçilik siyasəti dövlətin əsas qanununda qala bilməz
Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Ermənistanın Müstəqillik Bəyannaməsində ölkəmizin Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var və həmin sənədə istinadlar Ermənistan Konstitusiyasında da əksini tapıb. Həmçinin Ermənistanın qoşulduğu bir çox konvensiyalar və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeydlər, hətta ərazi iddiaları var.
Ermənistanın baş naziri Nikol Paşinyan bu il yanvarın 19-da hökumətin iclasında bildirib ki, yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiya lazımdır. O da ifadə olunur ki, atılacaq addımlar Konstitusiyada bəzi maddələrin dəyişdirilməsi ilə məhdudlaşa bilməz, bütünlüklə, yeni Konstitusiyanın qəbulu olmalıdır. Ermənistan bu qanunda dəyişdirmək üçün referenduma getməlidir . Bunlar olmasa, Ermənistan Azərbaycanla və Türkiyə ilə heç bir sənədə imza ata bilməz.
Ermənistanda belə fikirləşirlər ki, Paşinyan yaxın 4 ayda yeni Konstitusiya ilə bağlı referendum keçirməyə hazırlaşır. Erməni nəşrləri də yazırlar ki, Qərb Azərbaycanla sülh müqaviləsini maneəsiz imzalamaq üçün Nikol Paşinyandan ölkə daxilində əlavə legitimlik də tələb edir. Əlavə legitimlik isə növbədənkənar seçkilərin keçirilməsidir. Belə bir fikir irəli sürənlər də var ki, Konstitusiya dəyişiklikləri ilə bağlı referendumla növbədənkənar seçkilər eyni vaxtda keçirilə bilər.
Ermənistanda dəyişikliklər yalnız Konstitusiyada edilməməlidir, dövlətin atributlarında, rəmzlərində də dəyişiklik edilməsi gündəmə gətirilmişdir. Məsələn, Ermənistanın gerbindəki “Ağrı dağı” təsviri götürülməlidir, Paşinyanın özü bir çıxışında bildirmişdi ki, “Ağrı dağı” Ermənistanın sərhədləri daxilində deyil, onu Araqats (Ələyəz) dağı ilə əvəz etmək məqsədəuyğundur.
Ermənistanın himnində “düşmən” ifadəsi yer alır, açıq şəkildə qonşu Azərbaycan və türk xalqları nəzərdə tutulur. Belə nifrət ifadələrindən imtina edilməlidir. Orta məktəblərdə tədris olunan “Erməni tarixi” kitabları da dəyişdirilməlidir. Təklif edirlər ki, bu ifadə “Ermənistan tarixi” olmalıdır. “Erməni ordusu” ifadəsi də dəyişdirilməlidir.
Belə ki, Amerikada, Rusiyada və başqa ölkələrdə yaşayan ermənilərin ordusu anlamına gələn həmin ifadə yanlışdır, ordu Ermənistan dövlətinə aiddir və s. Müzakirələr bu istiqamətdə gedir, amma Paşinyan hakimiyyəti çox ciddi çətinliklər qarşısındadır. Mövcud durumun Azərbaycanla aparılan sülh prosesinə mənfi təsirini bu ölkədə hər kəs bilir. Həm də Paşinyan hakimiyyətinin möhkəm əsaslarla, legitim olaraq davam etməsi üçün qaçılmaz bir proses olduğu da reallıqdır.
Qafar ÇAXMAQLI,
Türkiyənin Ərciyəs Universitetinin professoru

