Fəlsəfi-sinergetik təhlil
XIII MƏQALƏ
Liderlik baxışları reallığa çevirmək qabiliyyətidir.
Uorren BENNİS
Daxili mühitdən regional miqyasa
Cəmiyətdaxili multikultural durumla regional və regionlararası miqyasda qarşılıqlı faydalı əməkdaşlığın fəlsəfəsini uyğunlaşdırmaq yaradıcı bir prosesdir. Çünki bir cəmiyyətin daxili mühiti əsrlərlə eyni məkanda formalaşmış və oturuşmuş faktorlardan yaranır. Regional miqyas isə bundan kənara çıxmağı tələb edir. Bu zaman həmin siyasi, tarixi, mənəvi, mədəni və əxlaqi sərhədi “keçmək” fərqli meyarlar üzrə hərəkəti tələb edir. Buna regionlararası məkanda qarşılıqlı faydalı əməkdaşlıq məsələsini də əlavə etdikdə mərhələli mürəkkəb vəzifə qarşıya çıxır. Təcrübə də göstərir ki, nadir hallarda müstəqil dövlətlər bu vəzifənin öhdəsindən gələ bilirlər. Azərbaycan bu baxımdan Avrasiya üçün bir nümunədir.
Cəmiyyətdaxili situasiyanın regional və oradan da regionlararası münasibətlər mühitinə uğurlu transformasiyası fəlsəfi-sinergetik baxımdan mürəkkəb və özündə ziddiyyətlər daşıyan bir prosesdir. Burada faktiki olaraq məsələnin fəlsəfi və politoloji aspektləri həm nəzəri, həm də praktiki olaraq “kəsişir”. Yəni liderin fəaliyyətini motivasiya edən ümumi məqamlarla praktiki fəaliyyətin nəticələri arasında uyğunluq olmalıdır. Liderin uğurlu olması məhz həmin “kəsişmə sahəsi”ndə hansı “yeni siyasi və geosiyasi dəyərlər” yarada bilməsi ilə müəyyənləşir. Başqa sözlə, həmin uyğunluğun göstəricisi liderin situasiyaya nə dərəcədə yaradıcı yanaşa bilməsi ilə şərtlənir. Əgər liderin fəaliyyətinin nəticəsi olaraq keyfiyyətcə yeni dəyərlər yaranırsa, o halda fəaliyyət uğurlu sayıla bilər. Burada bir neçə politoloji anlayışın qarşılıqlı münasibətləri fonunda məsələni izah etmək mümkündür.
Siyasi fəallıq, attityüd və alternativ inkişaf
Siyasi aktivlik ümumi halda politologiyada fərdin və sosial qrupların özünün və ətrafın siyasi statusunu dəyişməyə istiqamətlənmiş davranışlar kompleksidir. Bu anlayışı liderlik kontekstində fəlsəfi-sinergetik ümumiləşdirsək, belə bir məzmun alınar: Liderin səmərəli siyasi aktivliyi mövcud situasiyada dövlətin onun yerləşdiyi region kontekstində siyasi və geosiyasi statusunu daha təhlükəsiz, daha çox əməkdaşlıq müstəvisinə çıxarmaq qabiliyyəti ilə müəyyən olunur. Liderin siyasi aktivliyi daxildə vətəndaşların siyasi attityüdluğu və regional miqyasda alternativ inkişaf yollarının qarşılıqlı münasibətlərinin mövcudluğu şəraitində konkret məzmun alır.
“Attityüd” ingiliscə “attitude” sözündən olub, “münasibət” deməkdir. Siyasi aspektdə bu termin vətəndaşın siyasi yönünü, istiqamətini, davranışını necə qurmaq haqqında strategiyasını ifadə edir. Təcrübə göstərir ki, adətən, ideologiya və baxışların çoxluğu şəraitində özünü göstərir. Vəziyyəti həssas edən də bu məqamdır. Çünki fərqli baxışların və ideoloji mövqelərin varlığı vətəndaşın radikal mövqe dəyişikliyi etməsinə imkan yaradır. Güclü lider olmadıqda bu vəziyyətdə cəmiyyət parçalana və vahid strateji xətti gözləməyə bilər. Xüsusilə regional miqyasda ümumi vəziyyət qarışıq olanda attityüd faktoru toplum üçün neqativ situasiyalarla nəticələnə bilər.
Məsələnin digər tərəfi siyasi inkişafın alternativlərinin mövcud olması ilə bağlıdır. Daxildə attityüdün yarada biləcəyi vəziyyət regional miqyasda bir sıra qüvvələr tərəfindən alternativ inkişaf adı altında formalaşdırıla bilər. Bununla müstəqil dövlətin lideri iki tərəfdən – daxildən attityüd, kənardan (regional mühitdən) seçilmiş inkişaf kursuna alternativ kimi göstərilən, lakin milli dövlətçilik maraqlarına uyğun olmayan inkişaf modellərinin məcburi qəbul etdirilməsi prosesi ilə üz-üzə qala bilər.
Bütün bunlara görə, Azərbaycan kimi dövlətlərdə müstəqilliyin taleyi siyasi aktivlik, siyasi attityüd və alternativ inkişaf faktorlarının qarşılıqlı münasibətlərindən xeyli asılı olur. Uğurlu lider bu üç faktoru milli dövlətçilik maraqları müstəvisində balanslaşdıra biləndir. Buradan da daha bir neçə politoloji anlayışın qarşılıqlı əlaqəsinin aktuallığı meydana çıxır.
Milli və regional təhlükəsizlik: geosiyasi balanslaşdırıma
Milli təhlükəsizliklə regional təhlükəsizliyin qarşılıqlı münasibətləri ayrıca bir siyasi problemdir. Azərbaycan üçün, bu, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək əsasında milli maraqları gözləməkdən ibarətdir. Milli maraqların gözlənildiyi şərtlər daxilində regional təhlükəsizliyin təmini xüsusi fəaliyyət istiqaməti tələb edir. Prezident İlham Əliyev 20 il müddətində həmin fəaliyyət istiqamətini məharətlə aparmışdır. Bu, Prezidentin daxili multikultural şərtləri saxlamaqla çox sayda konkret proqramlar və layihələr həyata keçirməsində təcəssüm olunmuşdur.
Regional miqyasda əhəmiyyəti olan reallaşan hər bir layihə Azərbaycanın daxili birliyinin saxlanması şərti ilə həyata keçmişdir. Bunu Azərbaycan lideri geosiyasi qüvvələrin Cənubi Qafqazdakı maraqlarını milli maraqlara görə balanslaşdırma, tarazlaşdırma vasitəsilə təmin etmişdir. Konkret olaraq regionda fəaliyyət göstərən hər bir böyük geosiyasi güc Azərbaycanın maraqlarını nəzərə almalı və ona uyğun fəaliyyət göstərməlidir. Bu zaman həmin geosiyasi güclərin münasibətlərinin balanslaşması da Azərbaycanın milli maraqlarının təminatı şərti daxilində konkret məzmun kəsb etməlidir.
Bu məqamın konkret nümunəsi kimi enerji layihələrinin enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətinə xidmət etməsini göstərə bilərik. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, bərpaolunan enerji layihələri, nəqliyyat-loqistika sisteminin yaradılması və rəqəmsal informasiya texnologiyalarının tətbiqi ilə bağlı proqramların reallaşması buna misaldır.
Prezident İlham Əliyev bu layihələri regional və regionlararası miqyasların ziddiyyətsiz əlaqələrdə uyğunlaşdırılması şərti ilə reallaşdırır. Burada fəaliyyət başlıca olaraq regional təşkilatlar çərçivəsində həyata keçirilir. O cümlədən, burada Türk Dövlətləri Təşkilatı (TDT) mühüm rol oynayır. Həmin təşkilat çərçivəsində Azərbaycan Prezidenti Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Uzaq Şərq regionları arasında qarşılıqlı fayda verən əməkdaşlıq şəbəkəsi yaratmaqda aparıcı rol oynamışdır. Hazırda bir sıra energetik, informasiya-texnologiya, iqtisadi və nəqliyyat-loqistika layihələri vasitəsilə vurğulanan regionlar arasında əməkdaşlıq, sabitlik və təhlükəsizliyin milli təhlükəsizliklə sıx bağlantısı yaradılmışdır. Şərqi və Cənubi Avropanın bir neçə dövləti artıq həmin şəbəkədə mövcuddur. Mərkəzi Asiyanın bütün dövlətləri Azərbaycan liderinin bu təşəbbüslərinə dəstək verirlər. Çin Orta Dəhliz layihəsi üzrə Azərbaycan Prezidentinin fəaliyyətinə tam dəstək verir. Rəsmi Moskva da İlham Əliyevin həmin istiqamətdə fəaliyyətini müsbət qəbul edir.
Türkiyəyə gəldikdə isə regional və regionlararası miqyasda hər bir layihədə Ankara–Bakı birliyi özünü göstərir. Bu güc, faktiki olaraq, hazırda regional təhlükəsizlik və sabitliyin əsas təminatçısıdır.
Beləliklə, İlham Əliyevin liderliyində milli, regional və regionlararası miqyasların bir-birini tamamlaması başlıca özəllikdir. Burada cəmiyyətdaxili mühitdə yaradılmış siyasi sinerji uğurla regional və regionlararası miqyasa proyeksiya oluna bilir. Həmin prosesdə Azərbaycan cəmiyyətinin multikultural mühiti müxtəlifliyin vəhdəti kimi regional və regionlararası miqyasın gesoiyasi aspektinə transformasiya edilmişdir. Bu, konkret layihələrin təşəbbüskarı kimi çıxış etməklə və regional təşkilatlarda siyasi-diplomatik aktivliklə təmin edilmişdir.
İlham Əliyevin Prezident kimi yeni liderlik aspektində bir sıra fəlsəfi-sinergetik qənaət əldə etmək olar.
a) Strateji zəka və xarizmanın vəhdəti
Mürəkkəb və böhranlı situasiyalarda liderin strateji zəkası və xarizması düzgün qərarlar qəbul etməyə imkan yaradır. İlham Əliyev artıq 20 ildir ki, dünyanın ən mürəkkəb, ziddiyyətli və böhranlarla müşayiət olunan regionlarından birində uğurlu liderlik nümayiş etdirə bilir. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti strateji zəka ilə siyasi xarizmanın vəhdətinə nail olmuşdur.
Strateji zəka liderin hər bir situasiyada yerli vəziyyəti uzaq vədənin işığında görə bilməsi ilə bağlıdır. Yəni, mövcud vəziyyətə gələcəyin mümkün ssenariləri kontekstində dəyərləndirə bilməsidir. O halda indi qəbul edilən qərarların strategiyada verəcəyi müsbət nəticələri müəyyən etmək mümkün olur. Ancaq bunun üçün siyasi xarizma adlanan maraqlı fenomen də mövcud olmalıdır.
Siyasi xarizma (yunanca “charisma” – ilahi fitrət) liderin prinsipallığını, siyasi iradəsini, qərarqəbuletmə qətiyyətini və seçdiyi kursdan dönməzliyini özündə ehtiva edir. Xarizması yüksək olan liderlər milli liderliyə və oradan da ümummilli liderliyə yüksələ bilirlər.
Strateji zəkanın görə bildiyi məqamları həyata keçirmək üçün mütləq yüksək siyasi xarizma lazımdır. Bu iki faktorun vəhdəti xüsusilə böhranlı situasiyalarda lideri uğurlu edə bilir. Çünki böhranlı vəziyyətlərdə istənilən kursa qarşı çıxanlar, fərqli mövqe tutanlar və nəhayət, sadəcə, qısqanclıq edənlər olur. Bütün bunlarla yanaşı, müxtəlif maraqları olan dairələr tələlər qururlar. Bu kimi maneələri aradan qaldırıb seçilən yolla getmək üçün strateji zəka ilə siyasi xarizmanın bir-birini tamamlaması şərtdir.
İlham Əliyev bütün maneələrə baxmayaraq, enerji layihələrini nəinki həyata keçirdi, həm də yeni layihələr irəli sürərək mövcud vəziyyətə yaradıcı yanaşdığını nümayiş etdirdi. Buradan yaradıcı liderliyin vacibliyi nəticəsini çıxara bilərik.
b) Yaradıcı lider: yeniləşdirmə qabiliyyəti
İslahatçı lider yaradıcı olmalıdır. İlham Əliyev həyata keçirdiyi islahatlara yeniliklər etməklə nail olmuşdur. Fəlsəfi baxımdan çox maraqlıdır ki, Azərbaycan Prezidenti ən çətin anlarda belə uzaqgörən hərəkət etmiş, vəziyyətin ağırlığı fonunda qətiyyətli addımlar atmışdır. Sonradan aydın olmuşdur ki, İlham Əliyev siyasi uzaqgörənlik, müdriklik və qətiyyət nümayiş etdirmişdir. Gürcüstanın ən böhranlı anlarında Azərbaycan Prezidentinin atdığı addımlar buna nümunədir. Qonşu dövlət üçün ən ağır, böhranlı situasiyalarda İlham Əliyev bu dövlətə səfərlər etmiş, konkret təkliflərlə onu düşdüyü vəziyyətdən çıxarmışdır. Eyni mənzərə Ukrayna ilə münasibətlərdə də özünü göstərməkdədir. Azərbaycan Prezidenti qətiyyətli və güclü gedişləri ilə bu dövlətə yardım etməkdədir.
Yaradıcı liderlik qabiliyyəti II Qarabağ savaşı zamanı da özünü aydın göstərmişdir. İlham Əliyev bütün savaş boyu prosesləri elə koordinasiya etmişdir ki, ordu daim irəliləmiş, informasiya sahəsində rəqibi üstələmiş və situasiyanı Azərbaycanın xeyrinə dəyişmişdir.
Lakin məsələ bunlarla məhdudlaşmır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

