Paşinyanı ciddi sınaqlar gözləyir

post-img

Konstitusiya müzakirələri fonunda baş nazirin reytinqinin aşağı düşməsi radikalları qane edir

Ermənistan baş naziri Nikol Paşin­yanın reytinqi getdikcə aşağı düşür. Mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-ın “GALLUP International Asso­ciation” analitika və məsləhət şirkə­tinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri bundan xəbər verir.

“GALLUP”un Ermənistan nümayən­dəliyinin rəhbəri Aram Navasardyan ke­çirdiyi mətbuat konfransında bildirib ki, vətəndaşların baş nazirə inamının səviy­yəsi azalıb. Sorğunun nəticələrinə görə, 1000 nəfər arasında keçirilən sorğuda respondentlərin 38,1 faizi Paşinyana, ümumiyyətlə etibar etmədiklərini bildi­rib. Rəyi soruşulanların cəmi 15,1 faizi hökumət başçısına tam etibar etdiyini vurğulayıb. Respondentlərin 13,9 faizi Paşinyana güvəndiyini, 28,3 faizi isə az güvəndiyini qeyd edib. Sorğuya qatılan­ların 4,6 faizi cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, sorğu zamanı son vaxtlar Ermənistan siyasi gündəminin ak­tual mövzularından olan konstitusiyaya düzəlişlər, yaxud yeni əsas qanunun qə­buluna dair də hayların fikirləri öyrənilib. Beləliklə, iştirakçıların 38,1 faizi konsti­tusiyanın dəyişdirilməyəcəyini, 34,2 faizi bəzi müddəaların dəyişdiriləcəyini, 13,4 faizi isə yeni əsas qanunun qəbulunun lehinə olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan konstitu­siyası 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunub. 2005-ci ilin no­yabrında və 2015-ci ilin dekabrında ona düzəlişlər edilib. Sonuncu düzəlişdən sonra ölkə prezident üsul-idarəsindən parlament idarəetməsinə keçib. Həmin vaxt ölkəyə rəhbərlik edən Serj Sarkisya­nın düzəlişlərin edilməsində məqsədi var idi. Məsələ onda idi ki, 2018-ci ildə Sar­kisyanın prezident kimi (ikinci dönəm) sə­lahiyyət müddəti başa çatırdı. O isə baş nazir olaraq ölkəyə rəhbərlik etmək xə­yalında idi. Hiyləgərlikdə tayı-bərabəri ol­mayan Sarkisyan məqsədinə addım-ad­dım yaxınlaşdı. Nəhayət, öz partiyadaşı olan baş nazir Karen Karapetyanı, necə deyərlər, aşıraraq baş nazir kürsüsünə yiyələndi. Ancaq onun sevinci uzun çək­mədi. 2018-ci il aprelin 17-də baş nazir “seçilən” Sarkisyan bir neçə gün sonra – aprelin 23-də geniş xalq kütlələrinin təzyiqi nəticəsində istefa verməyə məc­bur oldu. Artıq hakimiyyəti əla almış Pa­şinyan tərəfdarları baş nazir vəzifəsinin icrasını müvəqqəti olaraq, Karapetyana tapşırdılar. Müəyyən hüquqi prosedurlar başa çatdıqdan sonra – mayın 8-də Pa­şinyan baş nazir oldu.

İlk dövrlərdə Nikolun ölkədə populyar­lığı xeyli yüksək idi. Haylar ona “Qarabağ klanı”nın ölkəyə rəhbərlik etdiyi 20 ildən çox dövrdə yığılıb qalmış bütün problem­ləri – korrupsiya və rüşvətxorluğu, ölkə­nin təbii sərvətlərinin talanmasını, iqtisadi durğunluğu, məhkəmə sistemindəki öz­başınalığı, ordudakı hərc-mərcliyi, həm­çinin Qarabağ məsələsini bir “sehrli toxu­nuşla” həll edəcək qüvvə kimi baxırdılar.

Ancaq ermənilər zaman keçdikcə xə­yal qırıqlığına uğradıqlarını anladılar. Mə­lum oldu ki, Paşinyan bütün problemləri həll edəcək potensiala malik deyil. Üstə­lik, onun mövqeyi üzündən Azərbaycanla danışıqlar kəsildi, 2020-ci ilin yayında To­vuz döyüşləri, həmin ilin payızında İkinci Qarabağ müharibəsi baş verdi. Hər iki halda Ermənistan sarsıdıcı məğlubiyyətə uğradı. 2020-ci il noyabrın 10-dan Ermə­nistanda kütləvi etiraz aksiyaları başladı. Aksiyalar paytaxt İrəvanla yanaşı, ölkə­nin digər iri şəhərləri – Gümrü, Vanadzor, İcevan və Qafanda da keçirildi. Nəhayət, Paşinyan 2021-ci ilin martında növbə­dənkənar parlament seçkilərinin həmin ilin iyunun 20-də keçiriləcəyini elan etdi. O, aprel ayında baş nazir vəzifəsindən istefa verdi, lakin növbədənkənar seç­kilər keçirilənə qədər vəzifəsinin icrasını davam etdirdi. İyun ayında keçirilən seç­kidə “Mülki müqavilə” partiyası qalib gəldi və Nikol Paşinyan yenidən Ermənistanın baş naziri seçildi.

İndi isə Paşinyanın reytinqi ölkəsində xeyli aşağı düşüb. Bunun da əsas səbə­bi şühbəsiz ki, Ermənistanın uğursuzluq seriyasının 2021-2023-cü illərdə də da­vam etməsi, Azərbaycanın isə yeni-yeni qələbələr qazanması ilə bağlıdır. Məhz 2023-cü ildə Azərbaycan Ordusunun ke­çirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bü­tövlüyü tam təmin olundu.

Paşinyanın reytinqinin aşağı düşmə­sinin digər əsas səbəblərindən biri də onun ölkəyə yeni konstitusiyanın gərək olması barədə yanvarın 19-da səslən­dirdiyi fikirlərdir. Konstitusiyada ölkənin 1990-ci ildə qəbul olunmuş müstəqillik bəyannaməsinə istinad edilir. Orada isə Azərbaycana və Türkiyəyə qarşı ərazi id­diaları özünə yer tapıb. Paşinyan fevralın 1-də ictimai radioya müsahibəsində hay­ları müstəqillik bəyannaməsi ilə münasi­bətləri tənzimləməyə çağırıb. Baş nazirin əleyhdarları isə Paşinyanın bu təşəbbü­sü öz xoşu ilə irəli sürmədiyini, bunun Azərbaycanın tələbi ilə həyata keçirildi­yini bildirirlər. Paşinyan isə konstitusiya məsələsində geri çəkilənə oxşamır. So­nuncu dəfə fevralın 7-də bu istiqamətdə fikirlərini parlamentdə çıxışı zamanı açıq­layan baş nazir deyib: “Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdi­rilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan da­nışırıq? Bu, o deməkdir ki, sülh mümkün deyil. Bu müzakirənin başqa heç nə ilə əlaqəsi yoxdur, bu, bizim müzakirəmiz­dir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”.

Beləliklə, Ermənistan baş nazirini il ərzində daha bir ciddi sınaq gözləyir. Bu sınaq öncəsi onun reytinqinin aşağı düş­məsi isə radikal revanşist kəsimin işinə yarayır.

Mövzu ilə bağlı “XQ”nin sualını cavablandıran Beynəlxalq Münasibət­lərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirdi ki, “GALLUP” şirkətinin Ermənistan nümayəndəliyi sabiq pre­zident Robert Koçaryanın oğlu Levona yaxınlığı ilə seçilir. Buna görə də onlar Paşinyanın reytinqinin aşağı göstərmək­də maraqlıdırlar: “Hər halda, Paşinyanın reytinqinin aşağı düşməsi, hətta, doğru, reallıq olsa belə, çox güman ki, bu, onun yeni konstitusiyaya dair səsləndirdiyi fi­kirlərlə bağlıdır. Məncə, səbəb bu ola bilər”.

Müsahibimiz qeyd etdi ki, Paşin­yanın reytinqinin aşağı düşməsi bizim üçün müsbət deyil: “Əslində, konstitusi­yanın dəyişdirilməsi bizim tələbimizdir. Müstəqillik bəyannaməsində Qarabağ­la bağlı müddəalar var. Onların qaldığı müddətdə sülh müqaviləsinin imzalan­ması qeyri-mümkündür”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktorunun müavini, politoloq Fuad Çıraqov qəzetimizə açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, Vətən müha­ribəsində məğlubiyyətdən sonra Paşin­yana etibar ciddi şəkildə zədələnmişdi. Amma iki məsələdə Nikolun bəxti gətirdi və bunlar onu xilas etdi: “Birincisi, Ermə­nistan əhalisi məğlubiyyətə baxmayaraq keçmiş cinayətkar “Qarabağ klanı”nın nümayəndələrinə daha çox nifrət edir və heç bir şəkildə onların yenidən hakimiy­yətə gəlməsini istəmir. Bunu ən azı 2021-ci ildə Ermənistanda növbədənkənar par­lament seçkilərinin nəticələri də göstərdi. Paşinyanın bəxtinin gətirdiyi ikinci məqam isə Ermənistanın siyasi spektrin­də alternativ siyasi liderin və siyasi plat­formanın yoxluğu ilə bağlıdır. Məhz buna görə də Ermənistan əhalisinin böyük his­səsi hazırda hamıdan narazı olaraq, heç bir siyasi qrupu aktiv dəstəkləmir. Yəni, apolitikdir”.

F.Çıraqov qeyd etdi ki, ötən müddət ərzində bəzi ölkələrin dəstəyi ilə özlərini alternativ siyasi fiqur kimi ortaya atmaq istəyənlər oldu, ancaq heç biri uğur və əhalinin dəstəyini qazana bilmədi: “Bu məqam da Paşinyanın maraqlarına xid­mət etməkdədir. Yəni, Paşinyan hazırkı vəziyyətin qalmasında, ondan narazıla­rın da elektoral prosesdə iştirak etməmə­sində maraqlıdır. Seçkilərdə aşağı iştirak faizi qeydə alındığı üçün Paşinyan ad­ministrativ resurslardan istifadə edərək nəticələri öz xeyrinə dəyişə bilir. Ötən ilin sentyabrında İrəvanda mer seçkiləri bunu bariz şəkildə göstərdi.

Eyni zamanda, son sorğular göstərir ki, Paşinyana etimad getdikcə azalır. Bu isə təbiidir. Bütün inqilabi eyforiyalardan sonra küçədən gələnlərə sevgi bir müd­dətdən sonra nifrətlə əvəzlənir. Bu trend belə də davam edəcək. Ancaq narazılıq kulminasiya nöqtəsinə çatanda və al­ternativ siyasi fiqur ortaya çıxanda Pa­şinyan hakimiyyəti üçün təhlükə yarana bilər. Hələlik, belə bir fiqur yoxdur. Hər­çənd ki, narazılıq artıqca həmin fiqurun ortaya çıxma ehtimalı da artır”.

Politoloq İlyas Hüseynov isə dedi ki, Paşinyan nə qədər ziddiyyətli fiqur olsa da, Ermənistan ictimai rəyində ona inam və etimad yüksək olub. Onun sözlə­rinə görə, Paşinyan müharibədə məğlub olsa da, növbədənkənar parlament seç­kilərində xalq ona yenidən mandat verdi: “Ancaq Paşinyan ona görə qalib gəldi ki, əsas rəqibi “Qarabağ klanı”nın nümayən­dələri – Serj Sarkisyan, Robert Koçaryan və “Daşnaksütyun” partiyasının təmsil­çiləri idilər. Onlar da bir qayda olaraq, keçmişi təcəssüm etdirir, hər zaman hansısa “qələbələrdən”, hansısa “yenil­məz ordudan” danışırlar. Erməni xalqı Paşinyana ona görə “yaşıl işıq” yandırdı ki, Azərbaycanla sülh müqaviləsi imzala­sın. Dayanıqlı sülh üzərində seçim etsin, sülhün gücləndirilməsi naminə addım atsın. Ermənistan cəmiyyəti yaxşı bilir ki, müharibə, itkilər, qan tökülməsi çıxış yolu deyil. Paşinyan isə xalqı reallıqla barışmağa çağırmaq əvəzinə, Ermənis­tanın gücləndirilməsinə, onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, eləcə də silah alışına ciddi diqqət yetirdi. Avropa İttifaqının yarımhərbi missiyasını ölkəyə dəvət etdi, geopolitik qarşıdurma­ya yol açdı, Fransadan, Hindistandan si­lah-sursat aldı”.

İ.Hüseynov qeyd etdi ki, Paşinyan hər nə qədər sülhmeyilli baş nazir təəs­süratı yaratsa da, onun atdığı addımların ölkəni qarşıdurmaya sürüklədiyini ermə­ni xalqı yaxşı başa düşür. Buna görə də Paşinyana etimad ciddi surətdə sarsılıb. Nikol ona etimadın azalmasını göstərən sorğunu ciddi qəbul etməli və sülhə doğ­ru real addımlar atmalıdır.

Səxavət HƏMİD
XQ







Siyasət