Erməni baş nazir Azərbaycanla sülhə gəlmək məsələsində nələri vurğulayır?
Şübhəsiz ki, Ermənistanda yaşananların Azərbaycanda doğurduğu maraq Bakı-İrəvan sülh gündəliyi ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın ölkə parlamentində səsləndirdiyi fikirlər də bu baxımdan vacibdir. Məsələn, hazırda Ermənistanda konstitusiya islahatları mövzusu gündəmdədir və daxili ictimai rəydə belə düşüncə var ki, bu, Bakının diktəsidir.
“Bakının diktəsi” ritorikası isə özlüyündə reallıqlarla barışmamaq, onlara qarşı müqavimət formalaşdırmaq istəyidir. Ancaq rəsmi İrəvanın irəli sürdüyü prinsiplərin qeyri-məqbulluğu ayrıca vurğulanmalıdır. Deməli, Ermənistanda yaşanan ziddiyyətlər və gərginliklər fonunda Paşinyanın öz hakimiyyətinə bəraət qazandırmaq üçün hansı məqamlardan söz açdığına nəzər salmalıyıq.
Başlayaq erməni baş nazirin Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tezisinə münasibətindən. Ölkənin ana qanunun yenilənməsi xüsusundakı müzakirələrin Bakının diktəsi kimi qiymətləndirildiyini vurğuladıq. Paşinyanın mövqeyi belədir ki, rəhbərlik etdiyi iqtidar Bakı ilə anlaşmanı konstitusiya dəyişikliyi xüsusunda görmür. O deyib ki, Azərbaycanla sülh müqaviləsinin mətnindəki razılaşdırılmış maddəyə görə, tərəflər öz öhdəliklərini yerinə yetirmədikdə, daxili qanunvericiliklərini əsas saya bilməzlər.
Əlbəttə, Paşinyan fikirləri ilə ölkə konstitusiyasının dəyişdirilməsinin bəşəri məqsəd daşıdığını vurğulamağa çalışır. Yəni, demək istəyir ki, mövcud istiqamətdə Bakının hansısa diktəsinin olduğunu önə çəkmək düzgün deyil. Onun belə münasibəti daxili ictimai rəyə hesablanıb, söylədikləri isə söz oyunundan o yana keçmir.
Aydındır ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi konkret mahiyyət daşıyan təmayüldür. Bunun qiymətləndirilməsi baxımından zəruri sənəd elə sülh sazişinin özü olmalıdır. Hansısa tərəf qüvvəyə minmiş müqavilənin şərtlərini daxili qanunvericiliyə uyğunsuzluq baxımından əsaslandıra bilməz. Çünki sənəd imzalanırsa, onun ölkələrin nəinki qanunlarına, o cümlədən, maraq və mənafelərinə uyğunluğu əvvəlcədən nəzərə alınır. Prinsipial məqam budur.
Bəs Azərbaycan nə üçün İrəvanla sülh məsələsində Ermənistan konstitusiyasının dəyişdirilməsi üzərində dayanır? Çünki Bakı sülh mühitinin etibarlılığına əmin olmaq istəyir. Daha doğrusu, əmin olmaq üçün vasitələr axtarır. Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiaları varsa, istənilən müqavilə gələcəkdə şübhə altına düşə bilər. Deməli, nəinki Ermənistanın hazırkı hakimiyyəti, bütövlükdə erməni xalqı öz mövqeyini bildirməlidir. Nəzərə alınmalıdır ki, hakimiyyətlər gəlib-gedərdir, xalq isə əbədidir. Xalq qəti mövqeyini ortaya qoymalı və bu suallara cavab verməlidir: ona qonşuların ərazisi lazımdır, ya yox? Yaxud, xalq Ermənistanın hazırkı ərazisi ilə kifayətlənirmi?
Paşinyanın vurğuladıqlarının əleyhinə olaraq bildirək ki, hazırda Ermənistan konstitusiyası heç də, ilk növbədə, ölkənin daxili həyatının təşkili traktatı deyil. Nikol yalnız onu düzgün vurğulayır ki, istənilən ölkənin konstitusiyası həm də xarici əlaqələri tənzimləyir. Və deməli, onun iki fikri arasında təzad var. Ancaq bu məqamı keçmək olar, çünki bizim üçün əsas olan nəticədir. Nəticə isə budur ki, Ermənistanda konstitusiya dəyişikliyi mövzusu geniş müzakirə doğurmaqdadır. Müzakirə ölkənin mövcud iqtidarını qınamağa köklənib. Bildirilir ki, Paşinyan hakimiyyəti müasir Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdır, xəyanətkar mövqe tutur və sair və ilaxır. Daha bir nəticə hasil olur ki, erməni xalqı qonşularına münasibətdə yaramaz mövqe tutmaqdan daşınmaq istəmir. Baş nazir və komandası mövcud “düşüncəni” dəyişdirmək əzmindədirsə, buyursun. Amma necə?
Ümid edək ki, N.Paşinyanın indi diqqətə çatdırdığımız fikirləri də haqqında söz açdığımız sərsəm baxışı korrektə niyyəti güdür. Baş nazir vurğulayır ki, Ermənistan yeni şəraitdə xarici dünya ilə münasibətləri barədə düşünməlidir. “Dünyada heç bir şey hazırkı konstitusiyanın qəbulu şəraitində olduğu kimi deyil. Heç bir xarici əlaqələr əvvəlki kimi qalmayıb”, – deyən Paşinyan mövcud meyilin təkcə Ermənistana aid olmadığını bildirib. Bu yerdə Nikol son dərəcə vacib məqama keçid alır.
Bəli, Paşinyan, faktiki olaraq, Ermənistanda dövlət təfəkkürünün olmadığını vurğulayır. Onun sözlərinin təhlili göstərir ki, emənilər dövlət milləti adına iddia etməyə layiq deyillər. Həqiqətən də erməni dövləti adlı məhfum mifdən o yana keçmir. Diqqət yetirək, 1918-ci ildə Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradıldı, yəni özgə torpağının qəsbi üzərində qərarlaşdı. 1991-ci ildə formalaşmış müstəqil respublika da ideoloji xəttini işğalçılıqdan götürdü. Paşinyan isə bir qədər əvvəl haqqında söz açdığımız məqama – xalqın seçiminin zəruriliyinə diqqət yetirir. O, daha bir son dərəcə vacib məsələyə toxunur və bildirir ki, konstitusiya azad fikir əsasında qəbul edilməli, ölkə vətəndaşlarının həyat qaydalarını müəyyənləşdirməlidir. Çünki indiyədək olan ana qanunların heç biri xalqın azad iradəsindən irəli gəlməyib, insanlara necə yaşamağı həmişə elita diktə edib. Konstitusiya dəyişikliyindəki ən ümdə vəzifə isə xarici mühitdə daha möhkəm və təhlükəsiz olmaqdır.
Bəli, Paşinyan hazırkı konstitusiyanın xarici təhlükəsizlik təminatı baxımından qeyri-məqbulluğu amilinə söykənir. Başqa sözlə desək, daxildəki sərsəm düşüncənin xarici zərərlərini anladır. Elə Azərbaycan rəhbərliyinin vurğuladığı məqam da budur. Erməni baş nazir deyir ki, ordu və xariclə münasibətlər dövlətin ərazisində beynəlxalq səviyyədə tanınan qanuni maraqlara xidmət etməlidir. Bu, o deməkdir ki, qonşu ölkələrə ərazi iddiası dövlət marağı hesab edilə bilməz və beynəlxalq səviyyədə tanınmır. Maraqlıdır, olmazdımı ki, Nikol bu fikrə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib müharibəyə səbəb olmadan gələydi? Görünür, olmazmış. Həm də ona görə olmazmış ki, hazırda Azərbaycanla sülh gündəliyinin vacib komponenti qismində gündəmə gələn konstutusiya islahatlarından söz açan Paşinyanın söylədikləri onun özünə qarşı səslənmiş ittihamlara cavabdır, müqavimət formalaşdırmaq cəhdidir. Belə bir cəhd varsa, erməni düşüncə tərzində destruktivlik hökm sürməkdədir. Deməli, konstitusiya dəyişikliyi ilə bağlı referendumun gözlənilən şüurlu nəticəni doğurmama ehtimalı da aktualdır. Amma başqa bir məqam da var ki, onu yazının sonunda bildirəcəyik...
Müqavimətdən söz düşmüşkən, N.Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi baxımından irəli sürdüyü 1991-ci ilin Alma-Ata Bəyannaməsinə ölkə daxilində formalaşmış əks fikirlərə qarşı da immunitet yaratmağa çalışır. Əlbəttə, Alma-Ata Bəyannaməsi İrəvanın manipulyasiyası, reallıqları nəzərə almamaq istəyidir. Məsələ isə bundadır ki, avantürist erməni cəmiyyətində, belə demək mümkünsə, Paşinyandan daha yaxşı erməni olmaq istəyənlər var. Onlar bildirirlər ki, sözügedən bəyannamə çərçivəsində Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanımaq yolverilməzdir. Çünki vaxtilə həmin sənəd qəbul edilərkən, Ermənistan ona qeyd-şərtlə qoşulub. Nədir bu qeyd-şərt? Əlbəttə ki, Qarabağ.
Məlumdur ki, 1991-ci il dekabrın 21-də qəbul edilmiş Alma-Ata Bəyannaməsindən əvvəl, daha dəqiq desək, dekabrın 12-də Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində qondarma “referendum” keçirilmiş və azərbaycanlıların boykot etdikləri, yalnız ermənilərin qatıldıqları həmin “prosesdə” bölgənin “müstəqilliyi” qərarı çıxarılmışdı. Məlum olur ki, Ermənistan parlamenti Alma-Ata Bəyannaməsini – Sovetlər Birliyi respublikalarının bir-birinin ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə bağlı sənədi keçmiş SSRİ-nin muxtar ərazilərinin öz müqəddəratını müəyyənləşdirməsi şərtilə ratifikasiya edibmiş. Buna görə də Nikolu günahlandıranlar həmin sənəd əsasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır, bunu hüquqa zidd adlandırırlar.
İndi isə Paşinyan bildirir ki, Ermənistan parlamentinin 1991-ci il Alma-Ata Bəyannaməsini imzalayarkən qoyduğu qeyd-şərt depozitariyə verilməyib. Bu, o deməkdir ki, sözügedən məsələ beynəlxalq hüquq baxımından etibarlı deyil: “Beynəlxalq və yerli qanunlara görə, ölkə Vyana Konvensiyasına uyğun olaraq, qeyd-şərt qoyduğu zaman bunu depozitariyə bildirilməlidir. Biz uzun müddətdir ki, məsələni araşdırırıq və qeyd etmişik ki, Ermənistan bu barədə depozitariyə heç bir məlumat verməyib. Ona görə də beynəlxalq münasibətlər baxımından qeyd-şərtin heç bir hüquqi qüvvəsi yoxdur. 1991-ci il Alma-Ata Bəyannaməsinin ratifikasiyası faktı və sonradan depozitariyə məlumat verilməməsi ilə Ermənistan Respublikasının ərazi bütövlüyünün nə olduğu aydın və birmənalı şəkildə təsbit edilir”.
Deməli, N.Paşinyan əvvəllərdə olduğu kimi, Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaqda qərarlıdır. Ermənistan iqtidarının məqsədi həmin sənəd əsasında Azərbaycanla sərhədlərin demarkasiyasının və delimitasiyasının gerçəkləşdirilməsidir. Bəs, bu məntiqdə yolverilməzlik nədən ibarətdir?
Bəli, Paşinyan, bayaq da diqqətə çatdırdığımız kimi, Alma-Ata Bəyannaməsi müstəvisində müxalif daxili qüvvələrin qaldırdıqları oyunların yolverilməzliyini əsaslandırır. İş ondadır ki, sənəd, hər bir halda, manipulyasiya predmetinə çevrilə bilər. Yəni, Nikolun Ermənistan parlamentinin vaxtilə qoyduğu qeyd-şərtin hüquqi mahiyyət daşımadığını bildirməsi heç də keçərli deyil. Paşinyan və komandasının qanunun geriyə işləmədiyini bildirməsi də kifayətdir ki, Alma-Ata Bəyannaməsi heçə sayılsın. Deməli, Qarabağın “müstəqilliyi” qərarının bəyannamədən əvvəl çıxarıldığı məntiqinin əsas götürülməsi də mümkündür. Axı lokal xarakterli antiterror tədbirlərinədək həmin Paşinyan deyirdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Deməli, o, separatçı qurumun Ermənistanla bağlılığını inkar edərək, siyasi spekulyasiyaya baş vurmuş adamdır. Və deməli, Azərbaycanla sülh gündəliyinə Ermənistanın, ümumən, Qarabağla bağlı iddiasının olmadığını rəsmi şəkildə bildirməsi əlavə edilməlidir. Bunu dildə demək yetərsizdir. Bütün bu söylədiklərimiz fonunda isə yenə əsas məqam Ermənistanın konstitusiyasıdır. Çünki ölkənin ana qanununun dəyişməsi ölkənin sülh səmimiyyətidir. Hərçənd, bu da tam təminat deyil.
Sonda bir siyasi lətifəni diqqətə çatdırmaqla fikrimizi əsaslandıraq. Deməli, keçmiş sovet rəhbərlərindən olan Stalin, Xruşşov və Brejnev ölkəni necə idarə etdiklərini bilmək üçün Lenini diriltmək və ondan bu barədə soruşmaq qərarına gəlirlər. Sehrbaz tapıb Leninin dirildirlər. Proletariatın ali lideri onlara cavab vermək üçün iki gün möhlət istəyir. Vaxt tamam olur, ancaq Lenini tapa bilmirlər. Nəhayət, onu Moskvanın qırıq-sökük binasının zirzəmisində aşkarlayır və suallarına cavabı öyrənirlər. Leninin cavabı ibrətamizdir: Siz bu ölkəni elə günə qoymusunuz ki, gərək, mən yenidən zirzəmilərdən başlayım.
Əlbəttə, niyyətimiz Paşinyanı Leninə bənzətmək deyil. Ancaq otuz ildən artıq müddətdə Ermənistan elə günə düşüb ki, onu nizama salmaq üçün sıfırdan başlamaq, başqa sözlə, ölkəni söküb yenidən yığmaq lazımdır. Paşinyanın parlamentdəki çıxışının kulminasiya anı da elə bununla bağlıdır. Baş nazir bildirir ki, “Ermənilərin tarixi” fənninin “Ermənistan tarixi” adlandırılması vacibdir və bu, anlayışlar arasındakı əlaqənin başa düşülməsi və öyrənilməsi zərurətindən qaynaqlanır: “Ermənilərin tarixi dövlətçiliyin mövcudluğu epizodları ilə dövlətçiliyin yoxluğu tarixi, Ermənistanın tarixi isə dövlətçiliyin olmaması epizodları ilə dövlətçilik tarixidir. Biz dövlətçiliyin olmaması epizodlarının üstünlüyünü bu gün belə olmayan dövlətçiliyin mövcudluğu epizodlarının üstünlüyü ilə əvəz etmək istəyirik”.
Bəli, diqqətə çatdırdığımız lətifənin və qeyd etdiyimiz sitatın fonunda Ermənistandakı konstitusiya islahatları da ölkəni yenidən formalaşdırmaq cəhdidir. Amma əgər bu, göründüyü qədər səmimidirsə. Paşinyan onu da deyir ki, konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr getməlidir. Həqiqətən də erməni ictimai rəyi məsələni düşüncə süzgəcindən keçirməlidir. Ancaq mövcud ritorika çox uzanmamalıdır. Əks halda, məsələ səmimiyyət kontekstindən çıxacaq. Belə nəticə hasil olacaq ki, İrəvan konstitusiya islahatları mövzusunu Bakı ilə sülhdən yayınmaq üçün ortaya qəsdən atıb, məqsədi vaxt udmaq və yeni müharibəyə başlamaq naminə güclənməkdir.
Ə.CAHANGİROĞLU
XQ