AŞPA söndürülmüş separatizm ocağını niyə körükləyir?

post-img

AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu qurumla əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Həmçinin bəyanatda qeyd olunur ki, Avropa Şurası Parlament Assembleyasındakı dözülməz mühit məhsuldar müzakirələr üçün caiz platforma deyil.

Qənimətçilər üçün qurumda Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təs­diqi ətrafında təşkil olunan müzakirələrlə bağlı informasiyalar sıradan bir xəbər kimi görünə bilsə də, Azərbaycanda və ondan kənarda ya­şamasına baxmayayraq, bu ölkənin problem­lərinə biganə olmayan hər kəs üçün təəccüblü qarşılana bilərdi.

Əslində, AŞPA-nın Azərbaycan dövlətinə qarşı bu davranışı həmin qurumun ölkəmizə münasibəti çərçivəsində atdığı addımların məntiqi davamı olduğundan bu, həmin qu­rumda gedən prosesləri izləyənlər üçün göz­lənilməz olmadı. Şəxsən bugünkü Ermənistan Respublikasından, coğrafi ərazi olaraq Qərbi Azərbaycandan Azərbaycan Respublikasına qarşı rəsmi İrəvanın torpaq iddiaları ilə baş­layan müharibə fonunda 250 mindən çox soy­daşımızın qaçqına çevrilməsi faktının bir dəfə olsa belə, bu qurumda qınanması faktına rast gəlinmədi. Tarixən aborigen əhalisinin azər­baycanlılar olduğu, o qədim yaşayış yerlərinin artıq yaddaşlarda daşlaşmasından yüzillər keçməsinə baxmayaraq, hazırki rəsmi İrəva­nın amansızcasına toponim etnosidi həyata keçirməsinə bircə dəfə reaksiya verməməsi adıçəkilən qurumun hansı dəyərləri önə çək­diyini göstərir.

Bildiyimiz kimi, toponimlər (xüsusən hid­ronimlər) arxaizmlər və dialektizmlər davamlı olaraq qorunub saxlanılır. Onlar tez-tez keç­mişdə müəyyən bir ərazidə yaşamış xalqla­rın substrat dillərinə qayıdır. Bu da onlardan yaşayış məntəqəsinin sərhədlərini müəyyən etmək üçün istifadə etməyə imkan verir. 

Bu faktı niyə xatırladıq?

Azərbaycanın beynəlxalq qanunlarla öz yuridik haqlarını təmin etmək, 1990-cı illərin əvvəllərindən rəsmi İrəvanın birbaşa Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yara­nan separatizm ocaqlarını söndürmək üçün 2020-ci ildə başladığı antiterror əməliyyatları­nın yekun mərhələsində ilk “sürpriz”lər məhz o qurumdan gəldi. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar və­ziyyət” adlı qətnamə qəbul etdi. Həmin qət­namənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid etdi, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirirdi. AŞPA “Dağlıq Qarabağın erməni əhalisinin humani­tar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edir­di. Kin və qəzəbdən ağlını itirmək dərəcəsinə çatan AŞPA rəhbərliyinin iradəsi açıq-aşkar ortada idi və həmin qətnamədə qurum gizlət­mədən ölkəmizlə bağlı atacaqları addımları dilə gətirirdi – Azərbaycan nümayəndə heyə­tinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi.

Bu, azərbaycanlıların, demək olar ki, 30 illik işğalın hökm sürdüyü şəraitdə epizodik olaraq görmədikləri “ikili standartlar” siyasəti­nin növbəti təzahürü idi.

Halbuki, AŞPA uzun illər ərzində Er­mənistanın Azərbaycana qarşı təcavü­zü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Uzaq ol­mayan tarixdə, 2014-cü ildən başlayaraq postsovet respublikalarında yaranan ano­loji situasiyada bu qurumun hansı addım­lar atdığını, eyni təşkilata üzv olan iki ölkə­dən birinin digərinin ərazisini işğal etməsi faktına görə, ən azından, işğalçının səs hüququnun əlindən alına biləcəyinin şahi­di isə təkcə azərbaycanlılar deyildi. 

Bəli, faktlar tərs şeydir. Bu kontekstdən Avropa Şurası Parlament Assambleyası­nın deputatları çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nü­mayəndə heyətinin etimadnaməsini təs­diq etməməsini üzvü olduğumuz Qərbi Azərbaycan İcması hiddətlə qarşıladı. Onu xatırlatmaq istərdik ki, AŞPA-nın yü­rütdüyü, nümayişkəranə şəkildə həyata keçirdiyi, məhz bu platformada nümayiş etdirilən “xristian həmrəyliyi” nədənsə bu yerlərin aborigenləri olmuş albanlara münasibətdə hiss olunmur. Buna görədir ki, albanların maddi və mənəvi nailiyyət­lərinin daşıyıcısı olan bugünkü azərbay­canlılar üçün onlar “xristian həmrəyliyi” məsələsində də səmimi görünmürlər.

Bunun üçündür ki, qətnamədə qeyd edilən “rəsmi Bakı ölkədə plüralist demok­ratiya və qanunun aliliyi, eləcə də funda­mental insan hüquq və azadlıqlarına hör­mətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib” ifadələri nə qədər gurultulu səslənsə də, onların atdığı addımların fonunda saxta görünür.

Məhz sadalanan məqamlara görə­dir ki, qətnamədə əks olunan “prosedur qaydalar yerinə yetirildikdən sonra Azər­baycanın nümayəndə heyətinin öz fəaliy­yətini davam etdirə biləcəyi” haqlı olaraq AŞPA-dakı nümayəndələrimiz tərəfindən haqlı etirazla qarşılanıb.

Qətnamənin qəbul edilməsindən bir neçə saat əvvəl Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament As­sambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını “qeyri-müəyyən müddətə dayan­dırmaq” qərarına gəlməsi buna görədir ki, xalqımız tərəfindən zəruri addım kimi qiy­mətləndirirlir.

AŞPA-da atılan bu addım qurumun bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunduğunu, qərəzli qrupların təşkilatın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-isti­fadə etdiyini, orada siyasi korrupsiya, ay­rı-seçkilik, etnik və dini nifrət, ikili standart­lar, təkəbbürlülük, şovinizm hökm sürən praktikanın mahiyyətini ortaya qoydu. 

Sadalaya bildiyimiz faktlar bir daha onun əyani nümunəsidir ki, dünyada minillərdir davam edən Xeyir-Şər qarşı­durması davam edir.

Təmsil olunduğum Qərbi Azərbaycan İcması Qadınlar Şurası bu qarşıdurma­nın ildən-ilə körükləndiyini görür və bunu əzabkeş, son 300 ildə yaşadığı regionun amansız imperiya maraqlarının girovuna çevrilmiş Azərbaycan xalqının milli iradə­sinə təhdid kimi qiymətləndirir və qətiyyət­lə pisləyirik!

Mahirə HÜSEYNOVA,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor

Siyasət