“3+3”: Cənubi Qafqazın geosiyasi xilas formulu

post-img

II məqalə

“Mən bu cahana sığmazam”

Nəsimi

Sülh şərəf və məsuliyyət tələb edir

Bəzi dövlətlərin və dövlətlər qrupunun gücü çoxdur və hər şeyi var, şərəfi yoxdur. Cənubi Qafqaz­da da məsuliyyətini hələ anlamayan siyasilər mövcuddur (biz “xalq” və “dövlət” terminlərini bilərəkdən işlət­mirik, çünki özlüyündə bu anlayışlar şərəfdir və bunu qəbul etməmək isə məsuliyyətsizlikdir). Həm də soydaşı Hüseyn Cavid olanların əsas məqsədi qan izini kəsməkdən ibarətdir. Bu da regionda hər bir geosiyasi aktora hörmətlə yanaş­manı tələb edir. 

Siyasətin “soyuq məntiqi” üzü ilə Şərq emosionallığının kəsişmə­sində Cənubi Qafqazın hazırkı xilas yollarına baxmaq faydalıdır. Çünki indi bütün dünya anlayır ki, huma­nizm, humanitarlıq, məsuliyyət, şərəf, müdriklik və ədalət olmadan siyasətdə və geosiyasətdə qalıcı müsbət nəticə almaq imkansızdır. Azərbaycan rəhbərliyinin irəli sür­düyü “3+3” formulu məhz bu keyfiy­yətlərinə görə təhlükəsizlik və qalıcı əməkdaşlığın geosiyasi aspektində mükəmməldir. Çünki bu formulun yaradıcı qaynağında türk siyasi liderliyinin intellektual fəzilətliliyi mövcuddur. Konkret olaraq, hər bir siyasi aktora hörmət, onun mövqe­yini səbrlə dinləmək və ortaq faydalı qərarlar qəbul etməyə açıq bir for­muldur. 

Burada iştirakı nəzərdə tutulan dövlətlərin böyük və kiçik bölgü­sü də yoxdur – hər bir dövlət eyni hüquqa malikdir. Eyni zamanda, geosiyasi, siyasi və diplomatik baxımdan olduqca əhəmiyyətli olan 3 faktor sintezdə mövcuddur. Bu ar­tıq ciddi məntiqi yanaşma əsasında təhlil tələb edir.

“3+3”-ün “siyasi semantikası” 

Ədalətlilik, reallığı obyektiv qə­bul etmək və konstruktivlik şərtləri daxilində bu formulun “siyasi se­mantikası”nın mərkəzində “3+3”ün 6-dan çox etdiyi məntiqi dayanır. Yəni “3+3” onu ifadə edir ki, reallaş­ması ilə 6 dövlət Cənubi Qafqazda geosiyasi, təhlükəsizlik və əmək­daşlıqda keyfiyyət dəyişikliyi edə bilərlər. Bunun üçün tarixi, siyasi və müasirliyin “ortaq zaman kəsi­mində” real imkanlar var. Həmin məkanların potensialdan aktuallığa keçməsinin təminatçısı isə Azər­baycan-Türkiyə tandemidir! Ayrıca, Azərbaycan regionun lider dövləti kimi həmin formulun qalıcı olma­sı üçün geniş imkanlara malikdir. Deməli, “3+3”ün “siyasi semantika­sı” onun siyasi-diplomatik, təhlükə­sizlik və əməkdaşlıq aspektləri üzrə xarakteristikalarını müəyyən edir. 

“3+3”: tarix və müasir platforma

Bu formulun başlıca ideya gücü regionun geosiyasi tarixi ilə müasir mərhələnin reallıqlarının kəsişdiyi sahədə düzgün xilas yo­lunu göstərməsi ilə bağlıdır. Çünki II Qarabağ savaşına qədər olan uzun müddətdə Cənubi Qafqazda konfrontasiya geosiyasi platfor­ması dominantlıq etmişdi. Onun təməlində isə bütövlükdə regiona böyük güclərin mübarizəsi priz­masından baxmaq dayanırdı. O halda yerli ölkələr həmin mübarizə­nin birbaşa hədəfi və qurbanları idilər. Cənubi Qafqaz dövlətlərinin əsl maraqlarını nə soruşan vardı, nə də gözləyən. Həmin maraqlara yalnız böyük güclərin öz maraqla­rına münasibətdə qiymət verilirdi. Məsələn, Ermənistanın müstəqil və azad olması deyil, onun kimə daha faydalı maşalıq etməsi önəm kəsb edirdi. Bu mənada erməni cə­miyyətini və xalqını ittiham etmək doğru olmazdı. Bu xalq əsrlərlə bu cür istismarçı və diktəçi münasibə­tin qurbanları olub. 

Bunun fonunda Azərbaycana münasibət fərqli idi. Çünki ölkəmiz güclü potensiala və böyük dövlət­çilik ənənəsinə malik, cəmiyyətinin bütün təsirlərə müqavimət göstərə biləcək səviyyədə olması reallığına malikdir. Mövcud səbəbdən, onun­la daha sərt, məcburedici və daha əzici davranıblar. Bu xalqı daim sıxışdırılıb, onu tabe etmək cəhdləri çox olub. Ancaq reallıq göstərdi ki, sıxışdıranlar iki faktı nəzərə ala bil­mirlər və ya buna intellektləri çatmır. Onlardan biri Azərbaycan xalqının həmişə ən çətin anlardan güclü birləşmək qabiliyyətinin olmasıdır. Digər isə ən böhranlı dönəmlərdə belə güclü lideri meydana çıxar­ması! Ulu Öndər Heydər Əliyev XX əsrdə XXI əsrin əvvəllərində Azər­baycan xalqının ən böyük sərvətidir. Böyük Lider fəaliyyəti ilə bütün re­gionun geosiyasi ruhunu dəyişdi və “3+3”ün meydana gəlməsi naminə təməl yaratdı.

Gürcüstana münasibət də fak­tiki olaraq fərqlənmirdi. Gürcüstan indi də həmin güclərin maraqları­nın toqquşduğu məkan olaraq qalır. 2008-ci il Rusiya-Gürcüstan savaşı bir daha göstərdi ki, nə Kremli, nə də Ağ Evi, Londonu, Parisi, Brüsse­li, Berlini gürcü xalqının maraqları elə də maraqlandırmır. Biri Gürcüs­tanın iki regionunu işğal etdisə, di­gərləri buna qarşı real mübarizəyə qalxmadılar, fədakar və dönməz mövqe nümayiş etdirmədilər. 

Bütün bunlar dövlətlərarası münasibətlər kontekstində regiona geosiyasi konfrontasiyanı və onun əlamətlərini – qarşılıqlı ittihamlar, çəkişmələr, etnik və dini dözümsüz­lük, separatizm, münaqişələr və ter­ror gətirdi. İnsanlar öz yurdlarından qovulur və adını “könüllü yerdəyiş­mə” qoyurdular. Xalq sürgün edilir və adını “təhlükəsizliyin təmini” qo­yurdular. Müsəlmanlar hər yerdə və hər zaman “cinayətkar”, “günahkar” olurdular və adını “köhnəliklə müba­rizə” qoyurdular. 

Geosiyasi konfrontasiyanın pik səviyyəsi Ermənistan və havadar­larının Azərbaycanın ərazisinin 20 faizə qədərini işğal etməsi ilə baş­ladı. Düşmən görünməmiş vəhşilik, sayğısızlıq və dəhşətli qətliamlar­la azərbaycanlıların üstünə gəldi. Söhbət, sadəcə, özgə torpağını iş­ğal prosesindən getmirdi. Bütöv bir xalqın, mədəniyyətin, özgürlüyün, mövcudluğun yer üzündən silinməsi məqsədi vardı. Və belə antibəşəri və antiinsani hərəkətlərə bu və ya digər dərəcədə regionun başqa bö­yük dövlətləri dəstək verirdilər. Tür­kiyədən başqa! Rusiya fəal idi, ABŞ və Avropa İttifaqı üzvləri dolayısı ilə “tülkü diplomatiyası” çərçivəsində “demokratiya”, “insan haqları”, “li­beralizm”, “xalqların öz müqəddə­ratını təyin etmə hüququ” və s. kimi terminləri istismar etməklə, işğala və vəhşiliyə haqq qazandırdılar! Proses 30 il davam etdi! 2020-ci il sentyabrın 27-dən Cənubi Qafqaz­da tarix dəyişməyə başladı...

Azərbaycan: regional güc!

Biz rahat və qürurluyuq! Bu ya­rımbaşlıqda ifadə olunan fikri anla­mayanlar rahatsız olsunlar, çünki onlar xəyal dünyasında yaşayırlar! Regionda köhnə geosiyasi konfron­tasiyanı Azərbaycan məhv etdi və postmüharibə mərhələsinin geosi­yasi məntiqinə “damğasını” dərhal vurdu: bu regionda kimsə təkbaşına at oynatmayacaq və region dövlət­ləri səmimi əməkdaşlıq edəcəklər. Bunun üçün rəsmi Bakı və Ankara konkret formul da təklif etdi - “3+3”! İndi bu formulun geosiyasi və təh­lükəsizlik anlamına baxaq.

Burada təhlükəsizlik konteks­tində mərkəzi siyasi və geosiyasi faktor Cənubi Qafqazın 3 dövlətinin maraqlarıdır. Vurğu regionda ma­raqları olan böyük dövlətlərdən yerli ölkələrə keçir! Əsas və başlanğıc aksiom! Azərbaycan rəhbərliyinin qəti mövqeyi və israrlı tələbi bundan ibarətdir. Onun üç konkret əlamətini göstərə bilərik. 

Birincisi, Qafqaz Evi ideyasını­nı dirçəlişi. 

İkincisi, Azərbaycan-Ermənistan münasibətlərinin, guya, normallaş­ması ilə məşğul hər bir “saxta vasitə­çi”nin neytrallaşdırılması. Bu, rəsmi Bakının atdığı konkret siyasi-diplo­matik addımlarda ifadə olurnur.

Üçüncüsü, Azərbaycanın GUAM-ı regionda kommunikasiya­ların bərpası aspektində fəallaşdır­mağa başlaması.

Deməli, formulun təməl faktoru “yerli üçlük”dür. Üç böyük dövlətin “yerli üçlüyün” əməkdaşlıq və təh­lükəsizlik qarantı olması formulun başqa aspektidir. Yəni Rusiya, Tür­kiyə və İran Cənubi Qafqazın bu üç ölkəsinə nəyisə diktə etmək, onlara öz maraqlarını qəbul etdirmək və əmrləri ilə hərəkət etmələrinə nail olmaq naminə formula daxil edilmə­mişlər. Tarixi olaraq regionda təbii maraqları olan bu üç böyük dövlət Cənubi Qafqaz ölkələrinin qalıcı əməkdaşlığı və təhlükəsizliklərinin ortaq təmini naminə iştirak etməli­dirlər. Bu isə, obrazlı desək, formul­da üç yerli dövlətin təhlükəsizlik və əməkdaşlıq “kəməri” ilə əhatə olun­ması deməkdir! Real geosiyasət­də Rusiya, Türkiyə və İran kənar dağıdıcı güclərin yerli 3 ölkəyə hər hansı təsiretmə cəhdlərinin qarşı­sını almalı olan “ilk müdafiə” xəttini təşkil etməlidirlər. Onlar bunda ma­raqlıdırlar. Çünki ancaq o halda 3 yerli dövlət davamlı olaraq regiona yaxın üç böyük güclə əməkdaşlığı çox inkişaf etdirə bilər. Bu da həm konkret ölkədaxili vəziyyətin sabitli­yinə, həm də bir sıra qazanclı bey­nəlxalq layihələrə çıxış üçün lazımi şərait və reallaşma mexanizmləri yaradacaqdır! 

Bütün bu imkanları geosiyasi konfrontasiya tərəfdarlarının çox gözəl və dərindən bildiklərinə qə­tiyyən şübhə etmirik! Ona da tam əminik ki, onların Azərbaycana qar­şı tutduqları əsassız, qərəzli, böh­tançı, qeyri-konstruktiv və ədalətsiz mövqenin kökündə məhz bu faktor dayanır. Geosiyasi konfrontasiyaçı­ları erməni xalqının taleyi maraqlan­dırmır. Onlar ermənilərin aqibətinə “bizə uyğun yaşayacaqlarsa, xoş­bəxtdirlər” və belə olmasa, “axmaq və köhnəlikçidirlər” məntiqi ilə yana­şırlar. 

Onları hətta Nikol Paşinya­nın danışığı da maraqlandırmır. O qüvvələr N.Paşinyanın danışanda saqqalının tərpənməsi ilə keçinin saqqalının tərpənməsi arasında fərq görmürlər. Qalır ermənilərin bunları anlamaları! 

Belə görünür ki, “3+3” formulunu sözdə bütün böyük geosiyasi güclər dəstəkləsələr də, onların sırasında regionda tamamilə fərqli geosiyasi mənzərənin yaranmasını qəbul et­məyənlər də mövcuddur. Həmin da­irələr açıq və ya gizli bu formula qar­şı fəaliyyət göstərirlər. Faktiki olaraq, bu dairələrin fəaliyyətində müxtəlif üsullarla Azərbaycanın başlatdığı postmüharibə mərhələsində regional təhlükəsizlik və əməkdaşlığın təmini ilə bağlı siyasi-diplomatik prosesi pozmaq üstünlük təşkil edir. Deməli, faktiki olaraq, “3+3” formulunun hə­yata keçməsində yeni bir mərhələ başlayır. 

Azərbaycanda siyasi-diplomatik inqilab

Bu mərhələnin mahiyyətini, sözün əsl mənasında, bu həqiqət təşkil edir. Rəsmi Bakı olduqca maraqlı və faydalı şəkildə “3+3” formulunun həyata keçməsi üçün regional reallıqlarla regionlararası reallıqların bir-birinə dəstəyinə nail olmağa başlayıb. Mövcud prose­si həyata keçirmək mexanizmi isə başlıca olaraq konkret layihələrin (energetik, informasiya, kommuni­kasiya, loqistika, müdafiə, təhlükə­sizlik və s.) reallaşması vasitəsi ilə baş verir. Bakı həmin layihələri həyata keçirməkdə böyük fəallıq göstərməklə, meydana gələn yeni əməkdaşlıq mühitinin təhlükəsizliyi məsələsini də geniş məkanda ak­tuallaşdırmış və onu iştirakçı döv­lətlərin milli təhlükəsizliyi ilə birba­şa bağlamış olur. 

Bu, ümumiyyətlə, bir regionun təhlükəsizlik və əməkdaşlıq formu­lunun (fəlsəfəsi və siyasi-nəzəri as­pekti də daxil olmaqla) reallaşması prosesini elə şaxələndirmək və bu əsasda elə inteqrativ mühit yarat­maqdır ki, konkret müsbət nəticələr alınsın. Onun fəlsəfi-nəzəri və siya­si-praktiki kontekslərdə kompleks təhlilinə ciddi ehtiyac vardır. Çünki, özlüyündə bu yanaşma nəzəri ola­raq yenidir və praktiki reallaşması təcrübəsini eksklüziv olaraq Azər­baycan-Türkiyə diplomatiyası yara­dır. Bu, necə baş verir?

Füzuli QURBANOV,
XQ-nin analitiki

Siyasət