Azərbaycan – İran münasibətlərində ədalət sınağı

post-img

Tehranda törədilmiş 27 yanvar terrorunun 1 ili tamam oldu

Dünən Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının bir ili tamam oldu. Hadisənin Azərbaycan-İran münasibətlərində müstəqillik dövründən etibarən ən böyük miqyaslı soyuqlaşma üçün, bir növ, katalizator rolunu oynadığı məlumdur. Yazımızda mövcud istiqamətdəki təfərrüatlara, o cümlədən, Azərbaycanın Xarici İşlər Nazirliyinin terror aktının bir illiyi ilə bağlı dünən yaydığı bəyanata diqqət yetirəcəyik. Əlbəttə, digər əlaqəli məqamları da vurğulayacağıq. Hələlik isə xatırlatma edək. 

Deməli, 27 yanvar 2023-cü il ta­rixdə saat 8 radələrində İran vətən­daşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla ölkəmizin paytaxt Tehrandakı ali diplomatik nü­mayəndəliyinə daxil olmuşdu. O, heç bir maneə görmədən, mühafizə pos­tunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Nəticədə səfirliyimizin mühafizə xidmətinin rəhbəri baş ley­tenant Orxan Əsgərov həlak olmuş­dur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi xəsarət almışdı. Onlardan biri terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyevin çiyninə və çənəsinə güllə dəymişdi. 

Y.Hüseynzadə İran hüquq-müha­fizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur.

Hadisə ilə bağlı Azərbaycan Dövlət Təhlükə­sizliyi Xidmətində Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başladılmışdır. 

Prezident İlham Əliyev qanlı olayı sərt şə­kildə qınamışdır. Ölkəmizin Xarici işlər nazirinin müavini Xələf Xələfov terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində “lazımi qədər tutarlı sübut­lar”ın olduğunu qeyd etmişdir. Bir sözlə, ölkəmiz məsuliyyətin İranda olduğunu vurğulamış və hü­cumu “terror aktı” kimi qiymətləndirmişdir. 

Azərbaycan XİN İrandakı səfirliyin əməkdaş­larının evakuasiya ediləcəyini açıqlamışdır. Yan­varın 30-da bu proses gerçəkləşmişdi. Həmin gün O.Əsgərovun cənazəsi, yaralanmış şəxslər və səfirliyin təxliyə edilmiş əməkdaşları - ailə üzv­ləri daxil olmaqla 53 nəfər Tehrandan təyyarə ilə Bakıya gətirilmişdir. Yeri gəlmişkən, ali diploma­tik missiyamızın fəaliyyəti hələlik bərpa olunma­yıb və hazırda onun missiyasını Təbrizdəki Baş Konsulluğumuz icra edir. Bu günlərdə yayılmış məlumatda isə bildirilib ki, İslam respublikasında­kı səfirliyimizin işinin davamı üçün “yol xəritəsi” hazırlanmaqdadır. 

Azərbaycanın İrandakı səfirliyinə hücum bey­nəlxalq miqyasda da böyük əks-səda doğurmuş­du. BMT-nin baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni terror aktı kimi pisləmişdir. 

İran rəsmilərinin bəyanatlarında qanlı hücu­mun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. Ölkənin hüquq-mühafizə orqanlarının təmsilçiləri hadisənin şəxsi zəmində törədildiyi­ni iddia etmişlər. Ancaq onların bəyanatlarında­kı ziddiyyətli məqamlar olayın siyasi zəmində gerçəkləşdirildiyinə dair şübhələri artırmışdı. Məsələn, sonradan vəzifəsindən çıxarılmış Teh­ranın polis rəisi Sərdar Hüseyn Rəhimi bildirmiş­dir ki, ilkin istintaqda hücum edən şəxsin motivi­nin şəxsi və ailə problemləri olduğuna inanılır. O, əlavə etmişdir ki, həmin şəxs 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə, “Pride” markalı avtomobillə inzibati binaya getmişdir. Tehranın Cinayət Pro­kurorluğunun rəhbəri Məhəmməd Şəhriyarinin sözlərinə görə isə ilkin istintaqda Y.Hüseynzadə 2022-ci ilin aprel ayında həyat yoldaşının səfir­liyə getdiyini və evə qayıtmadığını iddia etmiş­dir. Belə təəssürat yaranmışdı ki, təqsirləndirilən şəxs hadisəni buna görə törədib. 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli “Tasnim” xəbər agentliyi yazmışdır ki, “ilin əvvəlində təcavüzkarın həyat yoldaşı ailəsinin di­gər iki üzvünün köməyi ilə Azərbaycana getmiş və geri qayıtmamışdır”. Agentlik onu da vurğula­mışdı ki, Y.Hüseynzadənin həyat yoldaşı “keçən ilin aprelində Azərbaycanın Tehrandakı səfirliyinə baş çəkmiş və bundan sonra evə qayıtmamış”, “təqsirləndirilən şəxs Azərbaycanın Tehrandakı səfirliyinə çoxsaylı müraciətlər etmiş, səfirlik rəs­milərindən lazımi cavab almadığına görə hücum qərarına gəlmişdir”. BBC-nin farsca xidməti isə qeyd etmişdir ki, bu açıqlama Y.Hüseynzadənin, guya, həyat yoldaşının səfirlikdə olduğunu dü­şündüyü və bu səbəbdən ora silahla getdiyinə di­gər məlumatlarla ziddiyyət təşkil edir. Ümumən, olay xüsusundakı fikirlərdə ziddiyyətli cəhətlər çoxdur...

Azərbaycan ictimaiyyətində böyük qıcıq do­ğurmuş ən başlıca məqam isə İran telekanalları­nın terrorçuya efir vermələri, onu kultlaşdırmaları olmuşdu. Bu hal gerçək motivləri inkar etmək, ha­disəyə obyektiv qiymət verməkdən uzaq əlamət kimi qiymətləndirilmişdi. 

***

İndi isə keçək Azərbaycanın Xarici İşlər Na­zirliyinin dünənki bəyanatına. Hesab edirik ki, sənəddəki ən vacib məqam budur: “İran tərə­fi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.

Səfirliyə qarşı törədilmiş terror aktının birin­ci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qə­tiyyətlə pisləyir, günahkarların öz layiqli cəzaları­na çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik”.

Azərbaycan XİN-in bəyanatında daha bir va­cib məqam da var. Sənəddə hər zamankı prinsipi­al mövqe ifadə olunur və bildirilir ki, səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkə­si kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək, səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir.

***

Əvvəldə də vurğuladıq ki, olay Azərbaycan–İran münasibətlərindəki gərginliyin ən pik həddə çatması ilə müşayiət olunmuşdu. Hələ bəzən elə təəssürat yaranmışdı ki, iki ölkə arasında mü­haribə başlayacaq. Belə düşüncələrin gündəmə gəlməsi heç də elə-belədən deyildi. Nəzərə alaq ki, Bakı-Tehran münasibətlərinin gərginləşməsi fonunda, Tehran-İrəvan əlaqələrində istiləşmə müşahidə edilmişdi. 

Ermənistanın ərazi bütövlüyünün toxunul­mazlığının özü üçün “qırmızı xətt” olduğunu bə­yan edən İran dövləti prinsiplərinin ifadəsi kimi qonşu ölkənin Qafan şəhərində konsulluq aç­mışdı. Üstəlik, terror hücumundan ötən altı aya yaxın müddətdə İranın müxtəlif siyasi dairələri və media orqanları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid ruhlu bə­yanatlar səslənmişdi. Əlbəttə, Azərbaycanda da anti-İran ab-havası güclənmişdi. Bütün bunlar isə 27 yanvar terrorunun siyasiləşməsində müstəs­na rol oynamışdı. Lakin gözləntilərin, hətta bəzən beynəlxalq miqyasdakı qızışdırıcı fikirlərin olma­sına baxmayaraq, hazırda Azərbaycan və İran arasındakı gərginlik səngiməyə doğru gedir. Bu, hər iki ölkə rəsmilərinin təmasları nəticəsində mümkün olub. 

İndi Bakı–Tehran münasibətləri baxımından mühüm nüanslardan biri Azərbaycanın digər əra­zilərini Naxçıvanla birləşdirən yolun məhz İran ərazisindən keçməsinə dair razılığın əldə olun­masıdır. Məlumdur ki, bu razılıq rəsmi İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə üzə­rinə götürdüyü öhdəliklərdən yayınması fonun­dadır. O da məlumdur ki, Azərbaycanın Ermənis­tandan tələbi Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanması ilə bağlıdır. Yəni, ölkəmiz ərazidə gömrük və sərhəd nəzarətinin qurulmasına qarşıdır və bunu özü­nün legitim haqqı kimi qiymətləndirir. İrəvan isə mövcud yanaşmanı suverenliyinə qəsd olaraq qələmə verir. Bu ziddiyyətlər müstəvisində Tehra­nın Naxçıvana yolun öz ərazisindən keçməsinə razılığı, kifayət qədər, pozitiv məqamdır. 

Bəli, ölkəmiz üçtərəfli bəyanata əsasən Naxçıvana yolun açılması məntiqindən uzaqlıq şəraitində İranı seçir. Ermənistan rəsmiləri isə bildirirlər ki, Tehranın həmin yola razılıq verdiyi şərtləri onlar da yerinə yetirə bilərlər. Əlbəttə, İrə­vanda belə düşünülür ki, İrandan keçmə sərhəd və gömrük nəzarətinin tətbiqi ilə gerçəkləşəcək. Ancaq, hələlik, mövcud istiqamətdə hansı prose­durun tətbiq ediləcəyi açıqlanmır. 

Digər tərəfdən, nəzərə alaq ki, Azərbaycan Naxçıvana yol xüsusunda Ermənistanın təhlükə­sizlik təminatındansa, İranın təhlükəsizlik təmina­tına üstünlük verəcək. Bu isə o deməkdir ki, İran gömrük və sərhəd nəzarəti tətbiq etsə də, məq­buldur. Birincisi, bununla bağlı işğal illərində ger­çəkləşmiş təcrübə var. İkincisi, Bakı təhlükəsiz­lik xüsusunda İrəvanın təminatlarına inanmır və mövqeyində haqlıdır. Üçüncüsü, ən başlıcası isə Bakı-Tehran münasibətləri baxımından nəzərə çarpan gərginləşmənin ötən ilin yarısından sonra yumşalmağa doğru getməsi özünü hər iki ölkənin “3+3” regional platforması çərçivəsindəki əmək­daşlığında da göstərməkdədir. “Region region ölkələri üçündür” şüarı ilə gerçəkləşməkdə olan bu əməkdaşlıq gələcəyə nikbin baxmaq üçün əsas verməkdədir. Bəs, tam müsbət dinamika əldə olunacaqmı? 

***

Beləliklə, dünən, üzərindən düz bir il keçdik­dən sonra İran tərəfi qanlı olayla bağlı hüquqi qiymətin verilməsi üçün məhkəməyə start verdi. Azərbaycan XİN-in dünənki bəyanatında vurğu­landığı kimi, ötən müddətdə terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış və­ziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükə­sizliyinə tam təminatın verilməsi istiqamətində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çat­dırılmışdır. 

Yeri gəlmişkən, bəyanatda qeyd edilənlər Azərbaycanın Xarici işlər naziri Ceyhun Bay­ramovun dünən jurnalistlərə açıqlamasında da vurğulanıb. Nazir bir qədər də konkret şəkildə bildirib ki, ölkəmizin İrandakı səfirliyinin fəaliyyə­tinin bərpası üçün iki əsas məqama diqqət yetirə­cəyik. Birincisi, terror aktı ilə bağlı istintaqın başa çatması və qərarın qəbul edilməsi. İkincisi, səfir­liyimizin təhlükəsizliyinə tam şəkildə təminat ve­rilməsi: “Səfirliyimizin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar Azərbaycana gətirilmişdi”.

Bəli, qalır gözləntilərin özünü doğrultması. Bu, Bakı–Tehran münasibətləri baxımından haqqın­da söz açdığımız hazırkı müsbət dinamikanın inkişafı baxımından həlledici amildir. Deməli, İran məhkəməsinin 27 yanvar terroruna layiqli hüquqi qiymət verməsi həm ədalətin şərtidir, həm də müstəsna anlam daşıyan siyasi jestdir.

Əvəz CAHANGİROĞLU
XQ





Siyasət