Azərbaycanın Aİ strukturlarında təmsilçiliyinə ehtiyac yoxdur

post-img

Azərbaycan nə yaxın gələcəkdə, nə də uzaq perspektivdə Avropa İttifaqına inteqrasiya haqqında ciddi düşünməyib. Prezident İlham Əliyev dəfələrlə belə planların olmaması barədə bəyanat verib. Bu səbəbdən Azərbaycanın Aİ strukturlarında təmsilçiliyinə heç bir ehtiyac yoxdur. 

Bu fikirləri Avropa Şurası Parla­ment Assambleyasında (AŞPA) Azər­baycan nümayəndə heyətinin bu təş­kilatla qarşılıqlı fəaliyyətini və orada iştirakını qeyri-müəyyən müddətə dayandırması üzrə qərarını şərh edən türkiyəli ekspert Engin Özer AZƏR­TAC-la bölüşüb. 

Agentliyin müsahibinin sözlərinə görə, Bakının artıq həll olunmuş Qara­bağ münaqişəsi ilə bağlı məsələdə də Avropa İttifaqının vasitəçiliyinə ehtiyacı yoxdur. O əlavə edib: “Bəli, erməni tərəfi Qarabağ üçün muxtariyyət və ya xüsu­si status əldə etməyə çalışır, amma bu, real deyil. Ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın Konstitusiyası da bunu istisna edir və ümumilikdə, hə­min məsələ mümkün deyil. Beləliklə, bir daha təkrar edirəm ki, Azərbaycanın Aİ strukturlarında təmsilçiliyinə heç bir ehti­yac yoxdur, bu məsələ aktual deyil”. 

Azərbaycan nümayəndə heyətinin səbrinin daşmasına səbəb olan AŞ­PA-nın anti-Azərbaycan mexanizmini işə salmasının səbəblərindən danışan politoloq vurğulayıb ki, bu məsələdə Fransanın mövqeyi xüsusi təhlil aparıl­masını tələb edir. 

Türkiyəli ekspert deyib: “Heç kimə sirr deyil ki, Fransada erməni lobbisinin təsiri ilə bağlı Parisin İrəvanla xüsusi münasibətləri var və burada başqa amil­lər də mövcuddur. Ermənistan Beşinci respublikanın ciddi müttəfiqinə çevrilir. Bu kontekstdə Fransa ilə Azərbaycan arasında səmimi münasibətlərdən da­nışmaq yersiz olardı. Faktiki olaraq, bu gün Ermənistanın regionda siyasətini dəstəkləyən iki ölkə var – bunlar, Fran­sa və İrandır. Amma görünür ki, Tehran Nikol Paşinyan hakimiyyətindən o qədər də razı deyil. Fransanı isə əksinə, Pa­şinyanın başçılıq etdiyi hökumət regi­onda öz təsirini saxlamaq baxımından qane edir. Bunun üçün isə erməni cə­miyyətinə Parisin Bakı ilə əməkdaşlığı­nın mümkün olmadığını, Azərbaycanın Qərbə inteqrasiyasının yolverilməzliyini, Fransanın Ermənistana dəstəyinin dön­məz olduğunu göstərmək lazımdır. Biz indi məhz bu proseslərin şahidi oluruq”. 

Engin Özer əlavə edib ki, İkinci Qa­rabağ müharibəsi zamanı Fransa prak­tik olaraq Ermənistana heç bir dəstək göstərməyib və bu, erməni cəmiyyətinin məyusluğuna səbəb olub. Məhz diqqəti bu məsələdən yayındırmaq və Cənubi Qafqaz regionunda öz siyasətini möh­kəmləndirmək üçün rəsmi Parisə bir sıra anti-Azərbaycan hücumları lazım idi. Nə üçün məhz indi? Çünki bu gün hər kəsə tamamilə aydın oldu ki, Qarabağın sta­tusu müzakirə mövzusu ola bilməz. 

Dünən Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleya­sındakı (AŞPA) nümayəndə heyəti quru­mun Strasburqdakı binasında bəyanat­la çıxış edib. Bəyanatda xüsusilə qeyd edilib ki, AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə apar­mayıb və burada mövcud olan dözül­məz irqçilik, Azərbaycanofobiya və İs­lamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlı­ğı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Siyasət