12 saylı Xəzər birinci seçki dairəsi üzrə seçki komissiyalarının üzvləri treninqlərə cəlb edilib

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.

Maarifləndirmə məqsədi daşıyan növbəti treninq yanvarın 17-də 12 saylı Xəzər birinci seçki dairəsinin dairə seçki komissiyasında keçirilib. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş trenerlər tərəfindən aparılır.

Təşkil olunan treninqdə dairənin tərkibində olan məntəqə komissiya üzvləri iştirak ediblər. 12 saylı Xəzər birinci seçki dairəsinin baş məsləhətçisi İlham Qəmbərov Seçki Məcəlləsinə uyğun olaraq səsvermənin keçirilməsi ilə bağlı ayrı-ayrı bəndlərin izahını verib.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlar əldə ediblər. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da verilib.

Treninqlər 12 saylı Xəzər birinci seçki dairəsinin 37 məntəqəsində 7 sessiya olmaqla gün ərzində iki dəfə keçiriləcək.

Treninqlər 13 saylı Xəzər ikinci və 14 saylı Xəzər - Pirallahı seçki dairələrində də təşkil olunur.







Siyasət