AŞ komissarı regiondakı vəziyyəti daha dərindən analiz etməli idi

post-img

Avropa Şurasının insan hüquqları üzrə komissarının 2023-cü ilin oktyabrında Ermənistan və Azərbaycana səfərindən sonra hazırlanmış hesabatına dair  çoxlu suallar və fikir ayrılıqları yaranır. İlk növbədə, Azərbaycan hökumətinin şəffaflıq və əməkdaşlıq göstəriciləri fonunda komissarın regionda münaqişənin uzunmüddətli nəticələrinə baxışının nə dərəcədə obyektiv olduğu böyük sual doğurur. Hesabatda erməni işğalının uzunmüddətli sosial və iqtisadi nəticələri ilə bağlı təfərrüatlar, eləcə də vaxtilə ərazilərimizdən didərgin salınmış vətəndaşlarımızın qayıdışına dair qeydlər müsbət olsa da, məsələlər daha dərindən analiz oluna bilərdi.

Bu fikirləri “XQ”-yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin 16-23 oktyabr 2023-cü ildə Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabat-müşahidəsini şərh edərkən bildirdi. 

Masil Dəmirov dedi ki, hesabatda Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi və dağılmış infrastrukturun yenidən qurulmasının vacibliyi vurğulanır. Bu, Azərbaycan hökumətinin məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsi istiqamətində atdığı müsbət addımların etirafıdır. Hesabatda suveren ərazilərin qəsdən minalanması məsələsi gündəmə gətirilməklə, erməni kin-küdurətinin açıq-aşkar ifadəsi yer alır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində irimiqyaslı minalama işləri aparması barədə sənədləşdirilmiş məlumatlar var. Bu, mülki şəxslərin həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə törədir, qaçqın və məcburi köçkünlərin geri qayıtmasında maneələr yaradır. Ona görə də ədalət və beynalxalq hüquq məsələnin bu tərəfinə məsuliyyətlə baxılmasını tələb edir.

Ancaq analitik düşünür ki, hesabat istər-istəməz tərəflərin mövqelərini balanslaşdırmaq çətinliyi ilə üzləşir: “Azərbaycan tərəfinin Ermənistanın 30 il ərzində Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə, hərbi cinayətlər və məcburi köçkünlüklə bağlı qaldırdığı məsələlər diqqətdən kənarda qalıb. Həmçinin, hesabatda Xocalı soyqırımından sağ çıxanlar və Ermənistandan öz evlərindən qovulmuş soydaşlarımızlarla, o cümlədən, Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşə məhəl qoyulmur. Bu fakt hadisələrin mənzərəsini və onların sosial nəticələrini təhrif edərək münaqişə tərəflərinə balanssız yanaşma təəssüratı yaradır. Bu boşluq münaqişənin nəticələrinin başa düşülməsinin obyektivliyinə və tamlığına təsir göstərir”.

Dəmirov “Laçın yolunun uydurma blokadası”nın qeyd edilməsinə xüsusi diqqət çəkərək əlavə edir ki, bu məsələ baş verənlərin dinamikasının, o cümlədən, etirazların səbəblərini və sərhəd-keçid məntəqəsinin yaradılmasının daha ətraflı öyrənilməsini və təhlilini tələb edirdi. Amma bu, baş verməyib. Ekspert komissarın şübhəli münasibəti və çatışmazlıqlarla dolu hesabatının müxtəlif səbəbləri ola bilməsinə nəzər salaraq bildirir ki, bu hal obyektivliyin olmaması və kontekstin başa düşülməməsindən tutmuş, siyasi və ya geosiyasi amillərin mümkünlüyü ilə bağlıdır. “Komissarın fəaliyyətinin qiymətləndirilməsi ciddi müzakirə mövzusu ola bilər”, - deyə analitik vurğulayır.

Masil Dəmirov yekunda hesabatı obyektiv tədqiqat aktı kimi qəbul etmədiyini irəli çəkərək qeyd etdi ki, hadisələrin ədalətsiz qavranılmasının qarşısını almaq və regionda münaqişənin həllinə obyektiv yanaşmanı saxlamaq üçün hazırkı hesabata məhdud perspektivdən baxmaq və vəziyyətin daha əhatəli araşdırılmasına çalışmaq vacibdir.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət