Sinaqoqu yandıranların “hitlerizm” sevgisi
“İrəvanda “Ziq hayl” şüarı altında keçirilən marş-yürüş məni dərindən narahat edir. Faşistlərin əlaltısı, şovinist Garegin Njdenin mədh edilməsi, şərəfləndirilməsi heç cür qəbul edilə bilməz. Ermənistan hakimiyyəti neonasizmin və antisemitizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır”.
Bu sözləri İsrailin Ermənistandakı səfiri Yoel Lion özünün X sosial şəbəkəsində yazıb. 2024-cü il yanvarın 1-də İrəvanın mərkəzi küçələri ilə yürüş edən neonasistlər faşist xvastikasından, hitlersayağı salamlaşmadan istifadə edərək, “Ermənistan ermənilər üçündür!” şüarını bağırıblar.
Bu barədə “Jewish Journal” jurnalında “Yəhudilər Ermənistanda antisemitizmin artmasından narahatdırlar” başlığı altında dərc olunan məqalənin müəllifi ravvin İsrael Barukdur. “Caliber.az”ın tərcümə edərək yaydığı həmin məqalənin yığcam icmalını oxucuların diqqətinə çatdırırıq.
Müəllif yazır: “Müqəddəs kitabda buyurulur: “Olanlar yenə olacaq; nə ediblərsə yenə onu edəcəklər və Günəşin altında təzə heç nə yoxdur”. Antisemitizmin dünyanı bürüdüyü müasir dövrdə bu postulat xüsusilə ağrılı səslənir. Planetin müxtəlif guşələrində, böyük şəhərlərində “alovlanan” antisemitizmin çoxsaylı təzahürləri sayılan gündəlik marş, yürüş və nümayişləri müşahidə edirik. Yəhudiləri soyqırıma məruz qoymağa çağırışlar küçələrdə, məktəblərdə, universitetlərdə, hətta ABŞ Konqresində eşidilməkdədir. Məhz yəhudilərin çalışdığı müəssisələrdə vandalizm aktları törədilir, Paris və Berlin kimi böyük şəhərlərdə onların yaşadıqları evlərin qapıları, divarları Davidin altıbucaqlı ulduzu ilə “bəzədilir”. Avropanın bəzi şəhərlərində isə yəhudi qəbiristanlıqları təhqir olunur, sinaqoqlar isə dağıdılır”.
* * *
Ravvin İsrael Baruk məqaləsində 2023-cü il noyabrın 15-də Ermənistandakı yeganə sinaqoqa od vurulduğunu ürək ağrısı ilə qeyd edir: “İrəvandakı həmin sinaqoqa qarşı Qəzzada faciəli hadisələrə bir neçə gün qalmış – oktyabrın 3-də vandalizmə məruz qalmışdı. Bu vəhşiliyə görə məsuliyyəti öz boynuna götürən Ermənistan Məxfi Azadlıq Ordusu (ASALA) and içib ki, İsrail dövlətinin Azərbaycanla sıx dostluq əlaqələrinə görə, qisas məqsədilə bütün dünyadakı yəhudilərə qarşı hücumlarını davam etdirəcək. Bu da təəccüblü deyil. Hələ 2014-cü ildə Antidiffamasiya Liqası Ermənistanı antisemitizmə görə Avropanın ikinci ifrat neonasist ölkəsi adlandırıb.
Bundan başqa, “Pew Research Center” sosioloji tədqiqatlar mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, ermənilərin 32 faizi yəhudiləri özlərinin həmvətənləri, vətəndaşları kimi tanımırlar. Bu, Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən yüksək göstərici hesab olunur. Burada təəccüb doğuran bir şey yoxdur. Çünki ABŞ-dakı erməni qrupları, lobbiçiləri artıq neçə on ildir ki, bu ölkədə boykot, izolyasiya və sanksiyalar hərəkatında fəal surətdə iştirak edirlər və özlərinin diaspor təşkilatlarında antisemitizmin yayılması üzrə daha “qədim tarixə” malikdirlər.
Onlar İkinci dünya müharibəsi illərində də eyni siyasətə xidmət ediblər. Həmin dövrdə ermənilərdən ibarət qoşunlar Üçüncü Reyxin qulluğunda dayanıblar və yəhudi məhbusları ölüm kameralarına “marşla aparıblar”. Erməni-ABŞ təşkilatları isə Hitleri açıq şəkildə “bəşəriyyətin hədiyyəsi” qismində tərifləyir, onun yəhudilərə qarşı etnik təmizləmə – soyqırımı siyasətini Almaniyanın “zərərverici elementlərdən təmizlənməsi əməliyyatı” kimi təsvir edirdilər”.
Məqaləsində daha sonra erməni milli legionun lideri Garegin Njdenin hayların “baş milli qəhrəmanına” çevrilməsindən yazan ravvin Baruk Ermənistanda bu neonasistə 22 heykəl qoyulduğunu deyir: “Bu heykəllərin ən böyüyünün rəsmi açılışı 2016-cı ildə İrəvanda həyata keçirilib. “The Forward” nəşrinin araşdırmalarına əsasən, Ermənistan millətçilərə ən çox heykəl qoyulan ölkələrin siyahısında birinci yerdə gəlir.
Erməni şovinist-vandalları 1990-cı illərin əvvəllərində njdeçilərə məxsus qəddarlıqla İsrailin yaxın müttəfiqi Azərbaycanın dinc sakinlərinə qarşı kütləvi qırğınlar, soyqırımları həyata keçiriblər. İşğalçı Ermənistanın ordusunun Qarabağ bölgəsinə hücum tarixinin ən dəhşətli səhifəsi Xocalı soyqırımıdır. Bu qəsəbənin yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirilib, əsir götürülüb, bəziləri doğma evlərini tərk etməyə məcbur olublar. Otuz iki il bundan əvvəl erməni faşistlərinin əsir apardıqları xocalıların taleyindən bugünədək heç bir xəbər yoxdur.
Ermənilərin Xocalıya basqını da onların özlərini “ali irqə” mənsub olmalarına əsaslanan “qədim milli ideologiyası”na söykənir. Ermənistan, həmçinin müttəfiqi İranın tərəfində dayanaraq, ABŞ-da İsrailə qarşı çirkli kampaniya aparır. Ermənistan Respublikasında isə onlar yeganə sinaqoqu yandırıblar”.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ