Səbinə Əliyeva: Bu gün dünyada milyonlarla insanın hüquqları hələ də pozulmaqdadır

post-img

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunmuş müddəalar dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbətə doğru dəyişilməsinə səbəb olub. Lakin təəssüflə qeyd etmək istərdim ki, bu gün dünyada müxtəlif səbəblərdən milyonlarla insanın hüquqları hələ də pozulmaqda davam edir.

Bu sözləri eksklüziv müsahibəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman qeyd edib ki, bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarıb. Beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti bu ədalətsiz davranışa, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır. Bu baxımdan dünyada dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır.

“Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı dünyanın gözü qarşısında kəskin nifrət zəmnində apardığı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, soyqırımı, ekosid, urbisid və kultursid aktları törədilib. Azərbaycanının otuz ilə yaxın bir dövr ərzində işğal altında saxlanılmış və 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar, oradakı əksər, şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi faktları bunu bir daha sübut edir. Bundan əlavə, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsi bizdə tamamilə haqlı olaraq narahatlıq hissi yaradır”, - deyə S.Əliyeva vurğuıayıb.

Siyasət