Hayların “millətçilik epidemiya”sı

post-img

“Yat bala, türk gəlib səni öldürər!”

1983-cü ilin avqust ayı... Vediba­sarın Arazdəyən kənd bağçasında tər­biyəçi işləyirdim. Qrupumda erməni uşaqlar da var idi. Onlardan biri də şəkildə gördüyünüz Karine idi. 3 yaşı yenicə tamam olmuşdu. Bütün uşaqlar kimi Karinenin də sevgisi saf idi. Elə özü kimi böyüməkdə olan nifrəti də.

Həmin avqust səhəri Karine elə bir üzgün halda bağçaya gəlmişdi ki, düşünmüşdüm: yəqin, evdə onu incidiblər. Həmişəki kimi, onu qucağıma alıb başımın üzərinə qaldıra­raq fırlatmağa başladım. Karine hönkürərək qollarını boynuma doladı və hıçqırıqdan bo­ğula-boğula “Əsli bacı, sən türk olma” söz­lərini təkrar etməyə başladı. Toppuş əlləri ilə məni elə qucaqlamışdı ki. Sanki, buraxsa, həmin an “türk” olacaqdım. Karinenin mənə olan bağlılığı göz yaşlarına qarışıb toppuş yanaqlarından süzülürdü. Qollarım süstal­dı. Dönüb anası Larisaya baxdım. O, qınayıcı baxışımı anlayıb dedi: “Karine, bu gecə sizin türk olmağınızı bilib və bütün gecəni ağla­yıb”. 

Karinenin hələ 3 yaşı vardı. Onun mənə olan sevgisinin yerini nifrət tutmağa hazır idi. Mənim türk olmağımdan bütün gecə ağ­lamışdı. Bundan sonra bəzən Karine mənim türk olmağımı unudurdu. Amma xatırlayan kimi uzaqlaşırdı. Onun bu haldan nə qədər üzüldüyünü indi də xatırlayıram. Gözlərini mənə dikir, baxır, sonra üzünü çevirirdi. Ka­rine o gündən sonra heç vaxt mənə əvvəlki kimi sarılmadı. 

Aradan artıq 40 il zaman keçib. Amma hələ də Karinedə türkə qarşı oyadılmış nifrə­ti və mənə olan əvvəlki sevgisindən doğan “Əsli bacı, sən türk olma” hıçqırtısını və anasının “Karine bu gecə sizin türk olmağı­nızı bilib və bütün gecəni ağlayıb” cavabını unuda bilmirəm. İllərdir ki, hər dəfə bu ha­disəni xatırlayanda, sanki, yenidən yaşamış kimi sarsılıram. Amma heç vaxt Karineni qı­namadım. Bütün bunlarda 3 yaşlı qızcığazın günahı yox idi. Onu bu hala salan nifrətə kök­lənmiş zəhərli erməni millətçiliyinin kiçicik bir damlası idi. Erməni cəmiyyətini psixoloji aşınmaya, qanlı düşmənçiliyə aparan saxta ideologiya. Bunun özülündə türkə qarşı be­şikdən körüklənən nifrət dayanırdı.

Yenə də Arazdəyən kənd bağçası. Qru­pun dayəsi yaşlı erməni qadını idi. “Marquş doda” (xala) deyərdik. O, uşaqları yatırarkən söyləyirdi: “Yat, yoxsa türk gəlib qarnını xən­cərlə yırtacaq”, “Yat, yoxsa türk gəlib qanını içəcək”. Deyirdim: Marquş xala, nədən elə deyirsiniz, düz etmirsiniz axı? Cavabı belə olurdu: “Qorxuduram ki, tez yatsınlar, qula­ğımız dincəlsin”. Erməni cəmiyyətində türk obrazı ilə uşaqları qorxutmaq adi bir hal idi... Hələ “xalqlar dostluğu”nu bayrağa çevirmiş sovet dönəmində də! 

Qonşumuz Lusik xala da nəvələrini türk­lərlə qorxudurdu. “Ay uşaq gəl evə, yoxsa türk gəlib indi sənin ciyərini çıxardacaq” və s. Əminəm ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarım bu ölümsaçan gerçəyin davam­lı mənzərəsi ilə dönə-dönə rastlaşıblar. Bəs mən niyə bunları yenidən xatırlamalı oldum?

Bugünlərdə Avropa Parlamentinin kürsü­sündən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və digərlərinin Azərbaycanda ermənilərə qarşı törədilən “soyqırımla” bağlı hay-küyləri və 1988-ci ildən bəri lal, kar, kor olan həmin Avropadan “möhtəşəm dəstək” almaları haqqında Ermənistan telekanalla­rında aşıb-daşan açıqlamalara baxarkən ka­rinelərin körpə beyinlərinə yeridilən nifrət zəhərinin yaratdığı mənzərəni yada salmaya bilmədim. Belə yerdə deyiblər ki, adımı sənə qoyum... 

Guya, Ararat Mirzoyan bilmir ki, ermə­ni gəncliyi beşikdən, bağcadan, məktəbdən başlayaraq türkə nifrət ruhunda yetişdirilib? Azərbaycanda ermənilərə nifrətdən danışan Ararat Mirzoyan, yoxsa erməni həyatının bütün sferalarındakı türkə nifrət ruhundan xəbərsizdir? Erməni incəsənəti, ədəbiy­yatı, kinosu, musiqisi, demək olar ki, türkə nifrət üzərində köklənib: Türk barbardır! Türk vəhşidir! Türk qaniçəndir! Türk qadın, qoca, uşaq bilmədən hər kəsi qanına qəltan edir! Bir sözlə, türk canidir! Şübhəsiz, Ararat Mirzoyanı da ermənilərin bu nifrət himninin sədaları altında böyüyüb belə qatı antitürk diplomata səviyyəsinə yüksəlib. Nə yazıq ki, illərdir aparılan bu ideoloji təbliğat artıq er­məni cəmiyyətinin iliyinə işləyib. İliyə çatan virus isə sağalmaz olur. Əslində, ermənilərin heç sağalmaq niyyətləri də yoxdur. Bu, on­dan irəli gəlir ki, türk düşmənçiliyi, rəsmi və qeyri-rəsmi olsun, fərqi yixdur, həmişə açıq­ca təbliğ olunub.

Ermənistanın dövlət televiziyasında ya­yımlanan “Mer gyuğı” (“Bizim kənd”) filmi­nin 8-ci seriyasının 20-ci dəqiqəsində həbs edilmiş ərini müdafiə edən qadının “Mənim Vacom, həyatında türkdən başqa bir can öl­dürməmişdir. Mənim ərim indi cinayətkar­dır?”– deməsi erməni gəncliyinə nə aşıla­yır? Elə həmin filmin 1-ci seriyasının 35-ci dəqiqəsində tualetin “türk səfirliyi” kimi təqdim olunması “mədəniyyət”inə, görəsən, Ararat Mirzoyan Avropa Parlamentində necə izahat verər?

Və yaxud, 2002-ci ildə Atom Eqoya­nın rejissorluğu ilə Kanada və Fransanın müştərək çəkdiyi “Ararat” filminin 99-cu dəqiqəsində “vəhşi türk” zabitinin hamilə erməni qadınını insanların, habelə 3–4 yaşlı övladının gözü qarşısında zorlaması (yenə: adımı sənə qoyum... həyasızlığı) səhnəsini, görəsən, Ararat Mirzoyan, bunu bapbalaca karinelərin, erməni cəmiyyətinin zəhərlən­məsi kimi izah etməyə cürəti çatarmı?

Və yaxud bir neçə il əvvəl Ermənistanın İctimai televiziyasında yayımlanan, sabiq prezident Serj Sarkisyanın və xanımının da iştirak etdiyi rəsmi bir konsertdə müğənninin mahnıdakı “Qılıncı əlimə alıb, türkün başını sağa-sola kəsərəm” misrasını ifa edərkən gu­rultulu alqışlarla qarşılanmasına necə haqq qazandırıla bilər? 

Gətirdiyim misallar “ermənilərin türk nifrəti dəryası”ndan bir damladır. Türkə nifrətə köklənmiş daşnak fəlsəfəsi... Nə yazıq ki, erməni cəmiyyəti onlara yalnız qan-qada miras qoyan daşnak ideologiyasın­dan hələ də qurtula bilmir. Daşnak partiyasını xarakterizə edən erməni tarixçisi Leo (Arkel Babaxanyan) açıqca yazırdı: “Bu o partiyadır ki, qan axıtmaq siyasətindən əl çəkmir!”. 

Bu sözlər yüz il əvvəl yazılıb. Mənim­sə bu qaniçən partiya ilə ilk tanışlığım heç özüm də anlamadan 1970-ci illərə təsa­düf edir. Matil nənə adlı qonşumuz var idi. Demək olar ki, hər axşam bizə gələrdi. Qə­ribə bir şivə ilə bizimlə Azərbaycan dilində danışardı. Bibim Tovuzla söhbətində deyər­di: “Onların kökü kəsilsin, fidailərin. Hər 100 ildən bir erməniləri qan içində boğurlar”. Matil nənə İstanbul ermənisi idi və təbii ki, o zaman bu söhbətin məğzini anlamırdım. O, türk qonşularından, İstanbulda çox yaxşı ya­şamasından elə ağızdolusu danışardı ki... 

İndi öz-özümə sual verirəm. Türkləri düşmən obrazında, aldıqları hava ilə belə, erməni cəmiyyətinə sırıyan daşnak ideologi­yasından fərqli olaraq, gerçəkləri öz gözü ilə görmüş İstanbul ermənisi olan Matil nənə türklərdən bir pislik, bir vəhşilik görmüş olsaydı, bizimlə bu qədər yaxın olardımı? Onlardan həsrətlə bəhs edərdimi? Biz qapıbir qonşu idik. Və mən də Matil nənəgilə tez-tez gedərdim. Matil nənə, nədənsə, qapını gec açardı. Və gələn qonağın mən olduğunu gördükdə ürəklənib radionun səsini azaldar­dı. Türk musiqisi səslənirdi. 

O həmişə türk şərqilərini dinləyirdi. Birdən qapı döyüləndə yenə dərhal radionu söndürürdü. Nəvələri Ofiq və Hraç gələndə də müsiqini dayandırırdı. Bilirdi nəvələrinin də qanlarını zəhərləyiblər. Daşnak ideologi­yasının xofu 70–75 yaşlı İstanbul ermənisi­nin gözünün odunu elə almışdı ki, nəvələri­nin yanında türk musiqisini dinləməyə belə qorxurdu. Hələ sovet dönəmi idi... 

Bir dəfə erməni rəfiqəm Rima ilə İrəvana gedirdik. Ermənicə danışırdıq. Avtobusa ba­şında kəlağayı olan bir yaşlı azərbaycanlı qa­dın mindi. Şidli kəndindən idi. Mən dərhal qalxıb ona yer verdim. Arxadan səsləndilər: “Nədən o türkə yer verirsən?”. Geri dönüb “Mən də türkəm” – dedim. Və yenə sovet dönəmi idi...

Nədən bunları yazmaq istədim. Yuxarı­da da qeyd etiyim kimi, bugünlərdə Avropa tribunalarında “Azərbaycanda ermənilərə qarşı soyqırımı tüğyan edir” – deyə car çəkən erməni rəsmilərinə, hələ sovet dönəmində belə, Ermənistanda bizlərə qarşı aparılan iy­rənc daşnak siyasətini xatırlatmaq istədim. O zaman Azərbaycanda əsla belə şeylərə rast gəlinməzdi... Ermənilər Azərbaycanda milli fərqi sezmədən yaşayırdılar... Köçüb gedən ermənilərin bir çoxu da bunu təsdiq edir. 

Və daşnak ideologiyasının nəticəsi ola­raq yaranmış Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tərk edən ermənilərin çox böyük bir qismi Ermənistana getmədi. Çünki onlara türkləşmiş ermənilər deyib xor baxılırdı. Necə ki, indi Ermənistan parlamentindən tutmuş ən müxtəlif səviyyələrə qədər həqarət anlamında “turk” ifadəsi işlədilir. Uşaqlıqdan hər an zər­rə-zərrə erməni körpəsinin qanına hopdurulan türkfobiya və onun da sonucu olaraq türkə nifrət erməni cəmiyyətinin sağalmaz xəstəliyi deyilmi, cənab Ararat Mirzoyan?

Yüz illərdir türklərə qarşı nifrət siyasə­ti yürüdənlərin, bugünlərdə Azərbaycanda ermənilərə qarşı nifrətin olmasından söz aç­maları o qədər iyrənc görünür ki... Təbii ki, Xocalı fələkzadələrinin yaddaşına cızdağını çıxarmış o yerüstü cəhənnəm mənzərəsini kimsə silə bilməz. Azərbaycan torpaqlarının işğalı və xarabalığa çevrilməsindən, on min­lərlə insanın günahsız qurban getməsindən sonra Azərbaycanda da nifrətin yaranması anlaşılandır. Lakin kimsə ölkəmizdə ermə­ni xalqına qarşı nifrəti milli ideologiya bən­dinə çevirmək barədə düşünmür də. Sadəcə, xalqımıza qarşı misilsiz cinayətlər törədənlər var və onlar cəzalarını almalıdırlar. “Erməni soyqırımı” uydurması dünən olduğu kimi, bu gün də türkə nifrət püskürən bir maşın rolu oynayır. 

Əsli XƏLİLQIZI,
XQ-nin Türkiyə müxbiri



Siyasət