Elə bil, dünəndi ömrün baharı...

post-img

Baba Vəziroğlu – 70

Onu universitet illərindən tanıyıram. Baba Vəziroğlu jurnalistika fakültəsində bir müddət oxuduqdan sonra universitetlə vidalaşdı, sonra sorağı Moskvadan gəldi. Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutunda təhsil aldı. Duyğularını şeirə, nəğməyə çevirib çap etdirə-etdirə tanındı. 

Baba Vəziroğlu ilə uzun illər görüş­məsək də, bu gün 70 yaşının tamamın­da, ömrün payız çağlarında həmsöhbət olduq. Payız fəsli daha barlı – bəhərli olduğu kimi, şairin yaşının bu vaxtında yaradıcılıq üfüqləri də daha genişdir.

Çay süfrəsi arxasında ötən gənclik il­lərini xatırladıq. Onun “Ömrün ayları” adlı şeirində deyildiyi kimi:

Elə bil, dünəndi ömrün baharı,

İndi də payızın yelləri əsir.

Dünyanı təzəcə anlayanda sən

Görürsən, qış gəlib qapını kəsir.

Baba Vəziroğlu ədəbi fəaliyyətə erkən yaşlarında başlayıb. İsmayıllının Mollaisaqlı kəndində yaşayırdı, üz tutu­cağı yeganə yaradıcılıq məkanı rayonda çıxan “Zəhmətkeş” qəzeti idi. Qəzetin nəzdində “Dağ çiçəkləri” adlı ədəbi dər­nək vardı. Onun ilk qələm təcrübələri, ilk qaranquşlar kimi bu ədəbi dərnəkdən qa­nadlanıb qəzetin baş redaktoru unudul­maz Xalq şairimiz Musa Yaqubun qayğısı sayəsində işıq üzünə çıxırdı. Buna görə də Musa Yaqubu özünün ustadı sayır. 

Sonra Bakı ədəbi mühiti tələbə Baba Vəziroğlunun yaradıcılığında böyük rol oynadı. “Ulduz” jurnalında dərc olunan "Bir yaz axşamı", "Mağazinçi Dadaş" kimi hekayələri onu geniş oxucu auditoriyası­na apardı. Həmin vaxtdan dövri mətbu­atda şeir və nəsr əsərləri ilə müntəzəm çıxış etdi. Sonra da klassik rus şairlərin­dən tərcümələr etməyə başladı.

O, Azərbaycan komsomolu Mərkəzi Komitəsində, Azərbaycan Yazıçılar İtti­faqında bədii ədəbiyyatı təbliğ bürosun­da təlimatçı və məsləhətçi kimi də çalı­şıb, təcrübə qazanıb. “Molla Nəsrəddin” jurnalının baş redaktoru olub, AYB İdarə Heyətinin üzvü seçilib. Uzun illər televizi­yada maraqlı verilişlərdə aparıcılıq edib. “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Kinematoqrafçı­lar İttifaqında baş redaktor kimi çalışıb. Sonra orada ədəbi proqramlar studiyası­nın müdiri, “Yurd” jurnalının məsul katibi, “İstedad” jurnalının baş redaktor müavini işləyib.

Baba Vəziroğlu “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbu­dov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır Vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İon Luka Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə uğurla tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin dip­lomuna layiq görülüb. Azərbaycan Ya­zıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olub.

Bolqarıstanda tərcüməçilərin bey­nəlxalq müşavirəsində iştirak edib, Alma­niya Yazıçılar İttifaqının dəvəti ilə orada yaradıcılıq ezamiyyətində olub. Gənc ya­zıçıların Moskvada keçirilən VIII Ümumit­tifaq müşavirəsinə nümayəndə seçilib. “Humay” mükafatı laureatı, respublikanın Əməkdar incəsənət xadimidir. Azərbay­can ədəbiyyatının inkişafındakı xidmətlə­rinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

İndiyədək Baba Vəziroğlunun min­dən artıq şeirinə mahnı bəstələnib. İllər boyu o nəğməli şeirləri dinləyicilərə və oxuculara sevdirən Baba Vəziroğlunun həssas şair səmimiyyyətidir. Vətənpər­vərlik, amal saflığı da o nəğmələrin mayasını və qayəsini təşkil edir. Onun “Töhfə” (bəstəkarı Firəngiz Babayeva) və “Sevərsən” (bəstəkarı Oqtay Rəcəbov) adlı şeirlərinə ilk nəğmələr bəstələnən­də hələ çox gənc idi. Mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən həmin mahnılar sonra geniş populyarlıq qazandı, dillər əzbəri oldu. Həm də şei­rin müəllifi gənc şair Baba Vəziroğlunun özünə şöhrət gətirdi. Bu, onu daha böyük yaradıcılıq yollarına həvəsləndirdi. 

– Düşünürdüm ki, yolların ən gözəli öz yolunla getməkdir, – deyə o bildirdi. – O yol cığırdan başlayır. Amma həmin cığırla irəlilədikcə görürsən ki, bir yola aparıb çıxarır. Mən ilk mahnımı gənc yaşlarımda yazmışam, onda hələ 1-ci kursda oxuyurdum. Həmin vaxtlarda bəstəkarlarımızdan Firəngiz Babayeva və Oqtay Rəcəbovla tanış idim. Mənim ilk uğurlarıma da elə bu ünsiyyət səbəb oldu. Mahnılarımı böyük sənətkarlar ifa edirdilər.

Baba Vəziroğlu dövrünün, az qala, bütün bəstəkarları ilə əməkdaşlıq edib, mahnı mətnləri yazıb. Onlardan Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mi­rişli, Eldar Mansurov, Faiq Sücəddinov, Mobil Babayev, Elçin İmanov və digər­lərini qeyd etmək olar. Son 20 ildə isə əsasən bəstəkar Kamalla əməkdaşlıq edir. Onunla birgə Alim Qasımov üçün yazılan “İlahi”, “Xatirədir”, Nəsibə Abdul­layevanın ifasında populyarlıq qazanmış “Səndən nigaranam” kimi mahnılar bütün dünyaya yayılıb. Özünün də qeyd etdiyi kimi, Rübabə Muradova, Akif İslamzadə, Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva, Arif Babayev və bir çox digər böyük sənətkarlarımız da onun həm­müəllifi olduğu mahnıları ustalıqla oxu­yublar. 

Baba Vəziroğlunun sənətlə bağlı özünəməxsus dəyərləndirmələri var. Ulu öndərin milli mədəniyyətə, ədə­biyyat və incəsənətə, istedadlara daim qayğı ilə yanaşması onun da ədəbi mühitdə möhkəmlənməsində müstəs­na rol oynayıb. Bu barədə söz düşən­də yubilyar şair dedi:

– Heydər Əliyev zaman etibarı ilə biz­dən nə qədər uzaqlaşsa da, mənim bir zaman yazdığım kimi, “Zirvələr uzaqdan uca görünür, aydın görünür”. Ona görə biz bu dahi şəxsiyyətin xalqımızın, məm­ləkətimizin taleyində rolunu bir daha dərk edib, qədirbilənliklə qiymətləndiririk. 

Azad Şuşada, Heydər Əliyevin do­ğum günü təmtəraqla qeyd olunanda mən də orada idim. Fəxr edirəm ki, hələ sağlığında Ulu öndərlə dəfələrlə Şuşada mədəniyyət tədbirlərində iştirak etmişəm. Onunla bərabər səfərlərdə olmuşam. İndi ürəyimdə qəribə bir kədər hissi də var. Deyirəm, kaş, Heydər Əliyev Şuşanın hazırkı növrağını görəydi. Digər tərəfdən də hər birimizin təsəllisi budur ki, onun ən böyük arzusunu, vəsiyyətini layiqli davamçısı müzəffər Ali Baş Komandanı­mız İlham Əliyev ləyaqətlə həyata keçi­rir. Bax, bu barədə danışırıq və yadıma uzun illər bundan əvvəl yazdığım misra­lar düşür: “Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”. Azərbaycan­da vətənpərvərlik mövzusunda yazılan mahnıların böyük əksəriyyətinin müəllifi mənəm. Heydər Əliyev haqqında kantata və oratoriyalar yazmışam. Vətənpərvərlik mahnılarınımı əsasən Mübariz Tağıyev oxuyur. 

Baba Vəziroğlu Ulu öndərin işıqlı yo­lunun davamçılarına da gözəl şeirlər həsr edib. “Cənab Ali Baş Komandan”, “İki qəlbin dastanı”, “Mehriban Bakı” möh­təşəm nəğmələr kimi hər gün efirlərdən səslənir. Bəstəkar Kamalla birlikdə Leyla Əliyevanın “Elegiya”, “Azərbaycan”, “Öl­məzlik nəğməsi” kimi şeirlərinin tərcümə edilib mahnıya çevrilməsində zəhmətini əsirgəməyib. Bu mahnılar da böyük po­pulyarlıq qazanıb.

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət