Cənubi Qafqazın regional identikliyi və inteqrasiyası

post-img

II MƏQALƏ

Regional təşkilatlanmanın final mərhələsi

I məqalənin sonuncu tezisinə görə, Cənubi Qafqazda geosiyasi mənzərə 2020-ci il II Qarabağ müharibəsi və 2023-cü il antiterror tədbirləri sayəsində son bir neçə yüzildə ciddi surətdə dəyişməyə başladı. Azərbaycan regional geosiyasətdə əsrlərdir davam edən qeyri-konstruktiv regional geosiyasi quruluşu və onun pozucu funksiyasını dəyişdi. Cənubi Qafqaz tarixində ilk dəfə real regiona çevrilmək şansı əldə etdi. Bu, üç faktora sahib olmaq demək idi.

Birincisi, Cənubi Qafqaz beynəlxalq münasibətlərin aktiv iştirakçısına çevrilməyə başladı. Yəni region fəal geosiyasi aktor olmaq istiqamətində real irəliləyiş əldə etməkdədir.

İkincisi, Cənubi Qafqaz özünəməxsus regional identiklik istiqamətində mühüm irəliləyiş əldə etdi.

Üçüncüsü, regional miqyasda həyata keçən və bu anlamda beynəlxalq səviyyədə yoxlanıla bilən, qəbul edilən qərarlar qəbul etmək imkanı meydana gəldi.

Bu faktorların hər biri üzərində ayrıca dayanmaq lazım gəlir.

Fəal regional aktor

Bu, son 3 əsrdə Cənubi Qafqazın qarşısına çıxan ilk geosiyasi fürsətdir. Zahirən sadə görünə bilən beynəlxalq münasibətlərin aktiv iştirakçısı olmaq, reallıqda ağır funksional vəzifə yerinə yetirmək deməkdir. Burada başlıca əlamət regionun vahid sistem kimi beynəlxalq münasibətlərin subyekti olmaqla bağlıdır. Ayrıca dövlət kimi bu statusa nail olmağın təcrübəsi mövcuddur. Lakin bütöv region olaraq müasir mürəkkəb situasiyada beynəlxalq münasibətlərin subyekti olmaq olduqca çətin məsələdir. Çünki bu prosesə ilk növbədə dünyanın böyük geosiyasi gücləri ciddi müqavimət göstərirlər.

Cənubi Qafqaz indi də həmin təzyiq və maneələrdən kənarda deyildir. ABŞ, Aİ, Rusiya, İran və başqa güclü aktorlar müxtəlif üsullarla Cənubi Qafqazın bütöv region kimi dünya siyasətində yer almasına əngəllər törədirlər. Onlar son illər (2020-ci ildən sonra) əsasən Ermənistan və Gürcüstana təsirlər vasitəsi ilə bunu etməyə çalışırlar. Burada geosiyasi aspektdə təsir vektorunun və qüvvəsinin dəyişməsi diqqəti çəkir.

Çünki öncəki dövrlərdə daim Azərbaycana təzyiq və təsirlər olurdu. Onları birləşdirən ümumi cəhət Azərbaycanı daim günahkar çıxarmaq cəhdi idi. Son 300 ildə, hətta 2025-ci ilin əvvəllərinə qədər Azərbaycana tutulan iradların fonunda digər iki yerli dövlətin maraqlarının birtərəfli qaydada nəzərə alınmadığı halı olmamışdı, Həmişə Azərbaycan ya Ermənistan, ya da Gürcüstanla müqayisədə “günahkar” kimi göstərilirdi. Nümunələr gətirə bilərik.

XVII əsrin ikinci yarısından Azərbaycan öz ərazisində erməni dövləti yaratmağa və kənardan onları gətirib özünün tarixi ərazilərində yerləşdirməyə “borclu” kimi göstərilirdi. Buna etiraz olanda Azərbaycan (Səfəvinin timsalında) antisivil, günahkar, insan haqlarını pozan dövlət kimi təqdim olunurdu. Həmin süni iddia “hüquqi, siyasi, ideoloji və geosiyasi əsaslandırılır” və bütün metodlardan istifadə edərək Azərbaycana təcavüz edilir, insanları yurdlarından didərgin salır, onları kütləvi məhv edir və yerlərinə erməniləri gətirirdilər.

Çar Rusiyası dövründə bu proses daha da intensivləşdi və özünün hiyləgər, amansız formasına SSRİ vaxtında keçid etdi. Nəticədə indiki hesablamalara görə 6 milyon qərbi azərbaycanlı deportasiyaya uğradı, Azərbaycanın 29 min kvadratkilometrlik tarixi ərazisində qondarma Ermənistan yaradıldı və faktiki olaraq Cənubi Qafqazın təbii tarixi, coğrafi, siyasi, mədəni və geosiyasi özəlliyi dəyişdi. Artıq hər kəs bu regionda üç dövlətdən danışır. Bu xüsusiyyət Cənubi Qafqazın Hettne mənasında regional özünütəşkilatlanmasına açıq və ya gizli surətdə çox ciddi süni əngəllər yaratmaqdadır. Lakin artıq bu ümumi coğrafi və siyasi mənzərəni dəyişmək imkansızdır – Ermənistan olmadan regional bütövlükdən danışmaq mümkün deyildir.

Dərinlərdə həm də məhz bu səbəbdəndir ki, II Qarabağ müharibəsi və ondan üç il sonra antiterror tədbirləri ermənilərin və onların havadarlarının təhrif olunmuş siyasi və geosiyasi psixologiyalarını sındırdı. Onlar hələ də tam olaraq qəbul edə bilmirlər ki, birincisi, erməni dövləti burada süni yaradılmışdır və buna görə də tarixi faktlara çox baş vurmasınlar, ikincisi, Azərbaycan böyük humanizm nümayiş etdirərək beynəlxalq hüququn normalarına ciddi əməl edir və müasir beynəlxalq hüququn şərtlərini öz tarixi haqqını tələbə proyeksiya etmir. Bu dövləti baxımdan çox incə məsələdir və burada üzərində çox dayanmağa ehtiyac yoxdur.

Cənubi Qafqazın geosiyasi aktor kimi bütövləşməsində və gerçək oyunçuya çevrilməsi üçün yeganə maneə erməni məsələsi deyildir. Bu məsələ əsrlərlə başqa bir faktorla çulğalaşmışdır. Həmin faktor regionda və ona yaxın geosiyasi məkanda yerləşən güclü dövlətlərin öz maraqları çərçivəsində daim buralara ciddi təsirlər göstərməsi ilə bağlıdır.

Təcrübə göstərir ki, Türkiyəni çıxmaq şərti ilə onların başlıca geosiyasi məqsədi Ermənistan və Gürcüstanı Cənubi Qafqazda əsas qüvvəyə çevirmək və Azərbaycanı hər ikisindən asılı vəziyyətə salmaqdan ibarət olmuşdur. Bu, çar Rusiyasında bir formada, sovet dönəmində isə başqa formada olmuşdur.

Belə bir yanaşma Cənubi Qafqazın təbii coğrafi, siyasi, geosiyasi, mədəni və dövlətçilik xüsusiyyətlərinə tamamilə zidd olduğuna görə heç zaman özünü doğrultmamış və regionu bütövləşdirməmişdir. Bu prosesin süniliyi özünü müstəqillik mərhələsində çox aydın göstərmişdir. Azərbaycan ciddi böhrandan çıxaraq regionun siyasi, təhlükəsizlik, əməkdaşlıq və geosiyasi ritmini idarə etməyə başlamış və çox ciddi uğurlar əldə etmişdir. İndi Gürcüstan Azərbaycanın strateji tərəfdaşı və enerji sferasında ən yaxın partnyorlarından biridir.

Gürcüstanın enerji və milli təhlükəsizliyi Azərbaycandan çox ciddi surətdə asılıdır. Ermənistanın regional təhlükəsizlik və əməkdaşlıq müstəvisinə Azərbaycan tərəfdən gətirilməsi isə ayrıca siyasi, geosiyasi və təhlükəsizlik fenomenidir. Bu, olduqca çətin vəzifənin öhdəsindən Bakının gəlməsi xüsusi tədqiq edilməlidir. Cənubi Qafqazın geosiyasi aktor kimi formalaşmasında ciddi əhəmiyyəti olan bu məsələ üzərində geniş dayanaq.

Regional inteqrasiya və ermənilərin havadarları

1988-ci ildən azərbaycanlıların Qərbi Azərbaycandan (indi “Ermənistan” adlanır) kütləvi deportasiyasına nə sovetlərin, nə də Qərbin siyasi dairələrinin mənfi reaksiya verməməsi ermənilərdə siyasi və hüquqi özünə əminlik hissini daha da gücləndirdi. Havadarlarının ciddi dəstəyi ilə Qarabağın bir hissəsini işğal etməklə Ermənistan özünü dövlət saydı və o səviyyədə də Azərbaycanın haqlarını heç tanımaq istəmədi. Buna beynəlxalq miqyasda ona havadarlıq edənlərin alçaq siyasi-diplomatik oyunları ayrıca təkan verdi.

Bununla çox qısa müddətdə həm Ermənistanda, həm də ona havadarlıq edənlərin şüurunda təhrif olunmuş bir obraz formalaşdı – Qarabağ da daxil olmaqla Azərbaycanın bütün ərazisi ermənilərə məxsusdur və ona sahiblənmək üçün hərbi təcavüzü davam etdirmək kifayətdir. Həmin ağılla ermənilər və onlara dəstək verənlər Azərbaycanı günahkar hesab edən sənədlər hazırladılar (məsələn, indi tarixin arxivinə atılan “907-ci düzəliş” o qəbildən idi), elə beynəlxalq qrup yaratdılar ki, reallıqda erməni təcavüzünə haqq qazandırmağa başladı (ATƏT-in bədnam Minsk qrupu və onun sədrləri).

Bu mexanizmlər fonunda ermənilər Azərbaycana müxtəlif aspektlərdə təcavüzlərini davam etdirirdilər. Əlbəttə, belə bir şəraitdə Cənubi Qafqazın region kimi bütövlüyündən danışmaq absurd bir məşğuliyyət idi. Üstəlik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü saxlamaqla edilən hər bir təklifə rədd cavabı verirdi. Aydın görünürdü ki, son yüzillərdə davam edən regionu parçalamaq prosesini daha da genişləndirmək və Cənubi Qafqaza tamamilə qondarma siyasi geosiyasi və ərazi formatı sırımaq prosesi gedir. Əgər ona nail olsalar idi, bu region heç zaman Hettne mənasında final mərhələyə çata bilməyəcəkdi.

“Dəmir yumruq”

Regionun xilası baxımından bu, çox gözəl termindir. Azərbaycanın “dəmir yumruğu” olmasa idi, indi də dağıdıcı qüvvələr bu regionda “at oynadırdılar”. II Qarabağ müharibəsi region üçün əsrlərdir hökm sürən geosiyasi köləlikdən xilas olmaq uğrunda aparılan müqəddəs savaş idi. Azərbaycanın “dəmir yumruğu” Ermənistan və onun havadarlarının başına elə ciddi hərbi zərbə vurdu ki, 300 illik xülyaları cəmi 44 günə yox oldu! Bu tarixi faydalı hadisənin geniş və dərin təhlili hələ irəlidədir, lakin indidən onun siyasi, geosiyasi, demoqrafik və mədəni təsirlərini dünya hiss edir. Qarabağ sürətlə yenidən qurulur, insanlar öz yurdlarına qayıdırlar, dünyanın müxtəlif şirkətləri ora sərmayələr qoyurlar. Bu möhtəşəm quruculuq prosesinin fonunda Azərbaycan Prezidenti Cənubi Qafqazı birləşdirən, onun kollektiv müdafiə sistemini yaradan səmərəli addımlar atır. İndi “dəmir yumruq” regional təhlükəsizliyin kollektiv surətdə təmini mənasında yeni anlam almaqdadır. Onun üç əlamətini göstərə bilərik.

Birincisi, işğaldan azad edilmiş ərazidə geniş və sürətli quruculuq işləri aparılır. Bununla Qarabağın, bütövlükdə Azərbaycana reinteqrasiyası sürətlə davam edir.

İkincisi, Laçında Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlıq formatı reallaşdı və dünyaya bəyan edildi. Bu da ümumilikdə regional təhlükəsizliyə ciddi bir töhfədir.

Üçüncüsü, Qarabağda mötəbər beynəlxalq tədbirlər keçirilir və dünyanın siyasi liderləri, iş adamları, media təmsilçiləri onlarda iştirak edirlər. Həmin tədbirlərdə bütövlükdə Cənubi Qafqazı əhatə edən mühüm qərarlar qəbul edilir.

Beləliklə, Azərbaycanın hərb meydanında tətbiq etdiyi “dəmir yumruq” postmüharibə mərhələsində sülhyaratma prosesində əhəmiyyətli təsiredici faktor kimi özünü təsdiq etməkdədir. Buradan Cənubi Qafqazın regionlaşması baxımından çox əhəmiyyətli olan bir məqama keçməliyik. Biz, postmüharibə mərhələsində Cənubi Qafqazda inteqrasiya və təhlükəsizliyin təminində Azərbaycanın aparıcı rolunun təhlilini nəzərdə tuturuq.

İkinci mərhələ

Hərb meydanında ağır məğlubiyyətə uğramış Ermənistan və onun havadarları Cənubi Qafqazda geosiyasi dinamika və mənzərənin dəyişməsinə mane olmaq üçün başqa üsullara əl atmağa başladılar. Onlar müxtəlif yollarla yenə də Azərbaycanı günahkar çıxarmağa cəhdlər etdilər. Bu işdə əvvəllər daha çox ABŞ, Avropa və İran canfəşanlıq edirdi. Sonra onlara Hindistan da qoşuldu. Onlar Ermənistana silah verir, onu yeni təxribatlara təhrik edir və regional sabitliyi pozmağa çalışırdılar. Bunun üçün sərhədə “mülki qrup” göndərdirlər, Azərbaycanın daxilində müxtəlif bəhanələrlə qeyri-sabitlik yaratmağa cəhdlər etdilər.

Buna paralel olaraq Ermənistan siyasi-diplomatik sferada pozucu addımlar atdı. Məsələn, “3+3”-ə alternativ olaraq “kəsişən dünyalar” kimi absurd ideya ortaya atdı. Konstitusiyada dəyişiklik etməyi uzatdı, sözdə sülhdən bəhs etdi, əməldə isə tamam əksinə davrandı. Bu proses qismən indi də davam edir. Belə görünür ki, rəsmi İrəvan Vaşinqtonda əldə edilən razılaşmalara tam əməl etmək fikrində deyil.

Regional inteqrasiya və identifikasiya uğrunda bu ikinci mərhələdə Azərbaycanın mücadiləsi olduqca əhəmiyyətlidir. Onun üzərində ayrıca dayanmaq gərəkdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət