XXI əsr “intellektual müharibələr” məngənəsində: total savaş növü

post-img

I məqalə

Dünyanın görünüşü müharibəni daha təhlükəli edir.

Klavdian

İntellektin inkişafı və qlobal təhlükələr: Kissincerin səhvi

Adətən, insan intellektini “bəşəriyyətin çırağı” adlandırır, tərəqqinin bütün növləri­nin qaynağı hesab edirlər. Qədimdən insa­nın elmi fəaliyyəti, ümumiyyətlə, inkişafla əlaqələndirildiyindən əsrlərlə intellektin (şüurun, təfəkkürün) müsbət rolu aksioma­tik, sübut olmadan qəbul edilmişdir. Lakin XX əsrdə iki dünya müharibəsinin olması və ondan sonra daha dağıdıcı silahların meyda­na gəlməsi ilə intellektə münasibət də dəyiş­məyə başladı. 

Henri Kissincer yazmışdı ki, XXI əsrin üçüncü onilliyində süni intellektin sürətli inkişafına görə bəşəriyyət ciddi təhlükə qar­şısındadır. Bunun ilkin əlamətlərindən biri kimi böyük diplomat AlphaZero neyron şə­bəkəsinin şahmat üzrə ən yaxşı oyunçu olma­sını göstərir (Henry A. Kissinger, Eric Sch­midt, and Daniel Huttenlocher The Age of AI: And Our Human Future. Boston: Little, Brown and Company. - 272 pp. ISBN: 978-0-316-27380-0).

Həmin kitabda müəlliflər əsl təhlükənin insan intellektinin ən son nailiyyətlərinin süni intellekt timsalında hərbi sahədə istifadəsin­dən gəldiyi tezisini irəli sürürlər. Burada baş­lıca problemin süni intellektin imkanlarından müasir müharibələrdə istifadə ehtimalının yüksək olmasından qaynaqlandığını iddia edirlər. Yaranmış vəziyyətdən çıxış yolu kimi Qərb dünyasının süni intellektin dominantlıq etdiyi tarixi mərhələdə təhlükəsizliyin fəl­səfəsini yaratmasında görürlər. Onlar hələlik dünyanın həmin fəlsəfəni yarada bilmədiyini ifadə edirlər. 

Lakin burada bir ziddiyyət var. Çünki süni intellekti yaradan insan intellekti bütün hallarda fəlakətlərin qaynağıdır. Əgər insan intellekti təhlükə yaradan süni intellekt (ro­botlar, kobotlar, kiborqlar və s.) yaratmasa, süni intellekt təhlükəli olmaz. Deməli, məsələ başayaq qoyulur. Təbii (insan) intellektin əsl niyyətlərini ört-basdır etməklə, onun yaratdı­ğı “məhsulu” günahlandırırlar. 

Bu, əslində, Qərbin intellektual təkamül tarixindən gələn psixoloji priyomdur. Qərb təfəkküründə ideya qaynağını gizli saxla­maqla öz maraqlarına uyğun gəlməyən hər bir varlığı (təbii və ya süni) günahlandırmaq vərdişi formalaşmışdır. İndi də süni intellekti inkişaf etdirir, ondan yararlanır və sonra da günahı öz yaratdıqları maşınların, avtomat­ların və s. üzərinə atırlar. Reallıqda isə daha qorxulu və mürəkkəb bir siyasət yeridilir. Bunu son zamanlar meydana gəlməkdə olan yeni müharibə növləri də təsdiq edir. 

Yeni müharibə növlərinin müəllifləri kimlərdir?

İndi “klassik müharibə” və ya “qey­ri-klassik müharibə” terminləri hərbi nəzə­riyyələrdə və doktrinalarda köhnəlmiş he­sab olunur. Bunların əvəzində “intellektual müharibə”, “nüvə müharibəsi”, “kosmik müharibə”, “ulduz müharibələri”, “dron mü­haribələri”, “robot müharibələri”, “hibrid müharibə”, “hipermüharibə”, “informasiya müharibəsi”, “gizli müharibə”, “kibernetik müharibə”, “strateji müharibə” və s. kimi ter­minlər dəbdədir. 

Biz “dəb” sözünü təsadüfən işlətmirik. Bunun əsas mənası müharibənin dəhşətli, kütləvi dağıdıcı və insan varlığının kökünə belə mənfi təsiri olan növlərini sanki adi ter­minlər kimi işlədirlər. Və hətta yarışa girib müqayisə edirlər – hansı daha güclüdür! 

Əcəba, nəyin müqayisəsini aparırlar? Bir tərəfdən, humanizmdən, insanlıqdan, de­mokratiyadan, liberalizmdən danışırlar, digər tərəfdən isə kim daha dağıdıcı, vurucu, yıxı­cı, yandırıcı müharibə növü icad etdiyinin rəqabətini aparırlar. Özü də bunları dünyanın böyük gücləri sayılan qüvvələr – ABŞ, Çin, Avropa dövlətləri və Rusiya edirlər! BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü də həmin dövlətlərdir – ABŞ, Çin, Böyük Bri­taniya (Avropa), Fransa (Avropa) və Rusiya! Paradoks deyildirmi? Bunlar həm dünyada sülhü təmin edəcək, həm də yeni silah və müharibə növləri icad etməklə bütün dünyanı qorxu altında saxlayacaqlarmış!

Buyurun, həmin dövlətlər yeni silahlarını sınaqdan çıxarmaqla öyünürlər. Başqalarını hədələyirlər. Onların dairəsinə daxil olma­yanlar yeni silah sınaqdan keçirəndə təhdid edir, onları təhlükəli adlandırır və başlayır­lar “dünya təhlükədədir” – bağırmağa. Bəli, dünya təhlükədədir, ancaq bu təhlükə məhz məlum “5-liyin” silah yarışından qaynaqla­nır. Digərləri özlərini qorumaq üçün çapala­yırlar! 

İndi sadalanan dövlətlərə yeni təhlükələr əlavə olunur – Şimali Koreya, İran, Hindis­tan! Dairə genişlənir və genişləndikcə yeni təhdidlər meydana gəlir. Marsa süni intellekt göndərən ABŞ və Çinlə yanaşı, Ayın o biri üzünə aparat çıxaran Hindistan təcavüzkar Ermənistana da silah satır. ABŞ və Fransa min cür bəhanə ilə aqressorun yanında durur. Eyni zamanda, sülhdən, tərəqqidən, demok­ratiyadan əməkdaşlıqdan dəm vururlar. 

Bütün bunları robotlar icad etmişdir? Bu ikili, üçlü standartları süni intellektlər yarat­mışdır? İnsan vicdanının haqqını və ədalətini robotlar sıradan çıxarmışlar? H.Kissincerin ehtiyat etdiyi süni intellekti də süni intellekt yaratmışdır? Bunlar robotlarınmı konsepsi­yalarıdır?

Fərz etsək ki, hansısa mərhələdə insanın yaratdığı robot (süni intellekt) özü yeni ro­bot yaradacaq. Lakin bu da insan layihəsidir, onun proqramı və planlarıdır. Çünki bütün hallarda prosesin əsasını təbii intellekt – in­san şüuru qoymuşdur!

Belə sadəlövh görünən suallar, əslində, müasir insan intellektinin çox təhlükəli və hiyləgər bir aspektindən xəbər verir. İnsan özü yaradır və sonra başqasını günahlandı­rırsa, ədalətin sonu deməkdir. Bunun bədəlini bütün insanlıq və bəşəriyyət ödəməkdədir. 

Sülh və humanitarlıq növləri

İnsafən, düşünək, son 30-40 ildə inkişaf etmiş ölkələr qarşılıqlı əməkdaşlıq, barış, sülh, humanitarlıq sahələrində çox termin icad etmişlər, yoxsa yeni savaş növləri ilə bağlı yeni terminlər daha çoxdur? Məsələn, yardımlaşmanın neçə növü vardır və onlar hansı terminlərlə ifadə olunur? Sülhü neçə növə bölmək olar? Və yaxud humanitarlaş­manın yeni növləri hansılardır? 

Bir sıra araşdırmaçılar siyasətdə humani­tarlığı təhlil edirlər, lakin onun praktikası çox kasaddır. Bu, özünü pandemiya mərhələsində daha qabarıq göstərdi. Hətta, böyük dövlətlər kasıblara qarşı ədalətsiz davrandılar və bu­nunla humanitarlaşma və qarşılıqlı paylaşma prakitiki olaraq minimum səviyyəyə endi. 

Yalnız Azərbaycan Prezidentinin ciddi təşəbbüsü ilə məsələni BMT-də müzakirə etdilər. Lakin yenə də həmin dövlətlər prak­tiki addım atmadılar. Əvəzində Ukraynada və Fələstində yeni savaş növlərini “uğurla sınaqdan keçirirlər”. Bunlardan öncə, Rusiya Prezidenti açıq ifadə etmişdi k, Suriyada yeni silahlarını uğurla sınaqdan keçirirlər. ABŞ gündə bir yerdə eyni hərəkətləri edir. Və bun­dan sonra da yeni dünya nizamı, dünyanın yeni təhlükəsizlik arxitekturası və davamlı sülhdən danışırlar!

Bilderberq klubu: “Dünya hökuməti”

Və bütün bunlar “dünya hökuməti” kimi də adlandırılan Bilderberq klubunun hər il keçirilən toplantısından sonra yeni çalarlar alır. Biz burada birbaşa əlaqəni gördüyü­müzdən bəhs etmirik. Sadəcə, maraqlıdır: Əgər bu, dünyanın dərdini çəkən klubdursa, hansı səbəblərdən müharibə, savaş, rəqabət, qarşıdurma halları artır, lakin sülh, barış, əməkdaşlığın yeni üsulları tapılmır? Əksinə, yeni əməkdaşlıq formatları təşəbbüsü ilə çıxış edənlərin yolunu kəsməyə çalışır. Bəlkə fransız sosioloq Alen Turenin ifadə etdiyi mənada bir “informasiya əlçatmazlığı” halı vardır? Buradan bizlər sanki “sui-qəsd nəzə­riyyələri”nə meyillənirik. Ancaq reallıq göz qabağındadır: Hələlik Bilderberq klubu da daxil olmaqla, ümumdünya sülh və barışına real xidmət edən təklif və ya plan yoxdur!

Nə nəticə alınır? Hər şeydən öncə, insan intellekti inkişafının elə mərhələsindədir ki, özü-özünə tor hörməklə məşğuldur. Dünyanı, bəşəriyyəti yeni inkişaf səviyyəsinə çıxarmaq əvəzinə, bir qrup dövlət, bütövlükdə, dünyanı tora salmağı hədəfləmişdir. Onlar Kosmosa da bu məqsədlə çıxırlar. Çünki Yerə ən uzaq­dan baxıb, ən yaxın dağıdıcı qərarlar qəbul etsinlər. Bunların mümkün mənfi nəticələrini isə süni intellektin boynuna atırlar. 

Hansı intellekt dayandıracaq?

Bu prosesi dayandırmaq çox çətindir. Çünki söhbət insan intellektinin çox sürətli yaradıcılıq dinamikasından gedir. İnsan zə­kasının yaradıcı potensialı çox böyükdür və möhtəşəmdir. Onun təbiəti elədir ki, yaradan­da yaşayır. Fəaliyyətdə olmayanda ölür, bitir, zəka kimi yox olur! Buna görə də vurğuladı­ğımız təhlükəli tendensiyaları zəka dayandı­ra bilməz. Burada başqa faktorlar olmalıdır. O faktorlar insanın mənəvi, mədəni, əxlaqi, psixoloji aləmi ilə bağlıdır. Qısa desək, insan nəinki vicdanlı, həm də “fəzilət sahibi olma­lıdır. Bununla da kifayətlənmək olmaz. Çün­ki insan həm də “intellektual fəzilətə” malik olmalıdır. 

İntellektin fəzilətli olması ayrıca dərin problemdir. Onun qısaca və lakonik mənası insan intellektinin xeyirxah olması ilə əlaqə­lidir. İnsan intellekti necə xeyirxah ola bilər? Bu da ayrıca araşdırma mövzusudur və bura­da onu etmək imkanı yoxdur. 

Ancaq reallıq bundan ibarətdir ki, in­san intellekti getdikcə daha kütləvi fəsad­lar verə bilən müharibə növləri kəsf edir. Praktiki baxımdan məsələnin əsas tərəfi bundan ibarətdir. O cümlədən, “intellektual müharibə” anlayışı son zamanlar daha çox işlənməyə başlanmışdır. Bunu Pentaqonun Çinlə bağlı 2021-ci ildə hazırladığı bir he­sabatın məzmunundan da aydın görə bilərik (bax: Annual Report to Congress: Military and Security Developments Involving the People’s Republic of China, 2021 // htt­ps://media. defense. gov/ 2021/ Nov/03/ 2002885874/-1/-1/0/2021-CMPR-FINAL.PDF). 

Çinin “böyük modernləşməsi”: intellektual müharibəyə doğru?

Məruzədə Çin Xalq Respublikasının gizli surətdə “intellektual müharibə”yə hazırlaşdı­ğı iddiası irəli sürülür. Bəs “intellektual mü­haribə” nədir? Onu belə izah edirlər: intellek­tual müharibə hipermüharibədir ki, üzücüdür, görünməyən hərbi əməliyyatlarda reallaşır və intellektin nəzarətini təmin edən əməliyyat­larla xarakterizə olunur. 

Burada kifayət qədər yeniliyə rast gəlinir. Pentaqonun təxmininə görə, Çin məhz bu tip savaşa doğru gedir. Bu baxımdan Çinin hə­min prosesi 2035-ci ildə yekunlaşdıracağı ilə bağlı edilən proqnoz çox düşündürücüdür. Məruzəyə görə, rəsmi Pekin bir neçə mər­hələli modernləşmə müəyyən etmişdir. Onun yekunlaşmasına 5 mərhələ qalır. Bu prosesə Çində “böyük modernləşmə” deyirlər. 

Nədir bu “böyük modernləşmə”?

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət