Fərarinin “vətən eşqi”

post-img

44 günlük müharibədə cəbhədən qaçan Karamyan indi Qarabağ ermənilərinə göz yaşı tökür

Ermənistan və Azərbaycan arasında 35 ilədək davam edən münaqişənin başa çatmasına, sülh sazişinin imzalanması üçün danışıqların aparılmasına, gərginli­yin əsas mənbəyi olan Qarabağ məsələsi­nin gündəmdən tamamilə çıxarılmasına baxmayaraq, hələ də İrəvandan ölkəmizlə bağlı əsassız ittihamlar, böhtanlar eşit­məkdəyik. Əgər bunu hansısa qisas hissi ilə yaşayanlar, o cümlədən Qarabağ kla­nına daxil olanlar, müxalifətçilər, siyasi partiya rəhbərləri, ekspertlər, politoloqlar etsəydilər, əhəmiyyət verməyə bilərdik. Əfsuslar olsun ki, ittiham və böhtanları səsləndirənlər bir sıra hallarda rəsmi şəxs­lər olurlar. Belələrindən biri Ermənistan istintaq komitəsinin sədri Arqişti Karam­yandır.

Vətən müharibəsi dövründə Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri kimi Şuşaya gələn, ölkəmizə qarşı hərbi əməliy­yatlarda iştirak edən, ancaq müzəffər Azər­baycan Ordusunun yaxınlaşdığını görərək, “asta qaçan namərddir” deyib dabanına tü­pürüb aradan çıxan, işğalçı ordunun 11 min fərarisindən biri olan, buna rəğmən 2021-ci ildə keçmiş qondarma “dqr” rejiminin “qla­var”ı tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunan Karamyan bugünlərdə lokal xa­rakterli antiterror tədbirləri barədə həqiqətə uyğun gəlməyən fikirlər səsləndirib. Ölkəsi­nin “İctimai” televiziyasına müsahibə verən istintaq komitəsinin sədri sentyabrın 19-20-də çox sayda erməninin həyatını itirdiyini iddia edib.

Müsahibə zamanı ilk cümlədə ölkəmizin suverenliyinin tam bərpasını “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzü” kimi təq­dim etməyə çalışan bir şəxsin sonrakı cüm­lələrinin nə olacağını təxmin etmək çətin de­yildi. Amma hər halda yalanın da bir həddi olmalıdır, axı. Yalan doğruya azacıq da olsa, bənzəməlidir ki, başqalarına sırıya biləsən. Karamyan isə ağ yalan danışıb. Deyib ki, sentyabrın 19-20-də 223 nəfər həlak olub, onlardan 25-i mülki şəxs, o cümlədən azyaş­lılardır (?). Yalanlarını davam etdirən Ka­ramyan 244 nəfərin yaralandığını, onlardan 76-sının mülki şəxs, o cümlədən 10 nəfərin azyaşlı (?) olduğunu bildirib. Guya, 20 nəfər itkin düşmüş hesab edilir, onlardan 5-i mülki şəxsdir.

Baş istintaqçı Hayastan xoruna qoşu­laraq erməni əhalinin Qarabağdan könüllü köçünü “məcburi köçürülmə” adlandırıb. Onun sözlərinə görə, həm səfər zamanı, həm də Ermənistana gəldikdən sonra ölüm halla­rı qeydə alınıb ki, bu da Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi “böyük psixoloji təzyiqlə” bağlıdır. Karamyan, ümumilikdə, 70-ə yaxın ölüm halının qeydə alındığını id­dia edib. Qeyd edib ki, bütün bu hallar “Azər­baycanın Dağlıq Qarabağda etnik təmizləmə aparması” ilə bağlı cinayət işi çərçivəsində araşdırılır. Karamyanın, Azərbaycan hərb­çiləri tərəfindən, guya, 20-yə yaxın cəsədə qarşı təhqiramiz hərəkətlər edildiyi ittihamı isə yalanların zirvəsidir.

Ermənistan rəsmisinin söylədiyi yalanla­rın hər bir epizodunu ayrıca hamıya məlum tutarlı faktlarla ifşa etmək mümkündür. An­caq biz bir yazıda ona cavab verməyə çalı­şacağıq. Əvvəla, Azərbaycan heç bir bölgəyə hücum, yaxud Karamyanın dediyi kimi “hər­bi təcavüz” etməyib. Azərbaycan sentyabr ayında özünün Qarabağ iqtisadi rayonunun separatçı xunta rejiminin əsarəti altında qa­lan hissəsində antiterror tədbirləri keçirmək məcburiyyətində qalıb. Bununla da ölkəmi­zin ərazi bütövlüyü tam bərpa edilib, dövlət suverenliyimiz bərqərar olub. Antiterror təd­birləri keçirməyin zərurətdən irəli gəldiyini Ermənistanda prosesləri izləyənlər aydın dərk edirlər. Sadəcə, bunu deməyə cəsarət edə bilmirlər.

Rəsmi İrəvan 2020-ci il 10 noyabr tarix­li üçtərəfli Bəyanatla ordusunu Qarabağdan çıxarmaq öhdəliyi götürsə də, 2023-cü ilin sentyabrınadək həmin öhdəliyi icra etmədi. Antiterror tədbirlərinin keçirildiyi günlərdə Qarabağda Ermənistan ordusunun 15 min nəfərlik şəxsi heyəti qalmaqda idi. Edilən çoxsaylı çağırışlara baxmayaraq, separatçılar silahı yerə qoymadılar və müqavimət göstər­məkdə israr etdilər. Təbii olaraq, onlara öz­lərinin başa düşdüyü dildə cavab verildi. Bu mənada əgər tədbirlər zamanı ermənilərdən ölənlər olubsa, qarşı tərəf, necə deyərlər, bizdən inciməməli, özündən küsməlidir. Yeri gəlmişkən, qeyd edək ki, başlanmasına xun­ta rejiminin təhrik etdiyi antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub, 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Şəhid olan hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirli­yinin hərbi qulluqçularıdır.

Qarabağdakı mülki şəxslərin həyatla­rını itirməsi iddiası isə tamamilə yalandır. Azərbaycan istər Vətən müharibəsini, istər­sə də lokal antiterror tədbirlərini beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun aparıb. Bu fikir Azərbay­canda ən mötəbər şəkildə dəfələrlə bəyan edilib. Sonuncu dəfə dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Pre­zident İlham Əliyev deyib: “2023-cü ilin ap­rel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sər­hədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azər­baycanın ərazi bütövlüyü tam bərpa edil­mişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənis­tanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırıl­mışdı, bizə qarşı əsassız ittihamlar irəli sürül­müşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhə­dimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu tor­pağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçi­vəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan an­ti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edi­rik, qürur hissi keçiririk…”

Yeri gəlmişkən qeyd edək ki, xunta reji­mi, necə deyərlər, canını tapşırdığı son gün­lərədək öz xislətinə sadiq qaldı. Onlar son anda da terrorçulara xas üsullarla davranaraq, əslində, mahiyyətlərini bir daha sübut etdilər. Belə ki, separatçılar antiterror tədbirləri za­manı legitim hədəf hesab olunan hərbi qurğu­ları qəsdən mülki infrastruktur obyektlərinin, yaşayış binalarının düz yaxınlığında yerləş­dirirdilər. Həmin hədəflərə zərbə endirilərkən zərbələrin birinin təsadüfən yaşayış binasının yaxınlığına düşməsi onlar üçün göydəndüş­mə fürsət idi. Bununla ölkəmizə gələcəkdə beynəlxalq instansiyalarda böhtan atmağı düşünürdülər. Amma onların “miatsum” və digər məkrli planları kimi bu arzuları da puç oldu.

Bugünlərdə Almaniyanın “Berliner Zei­tung” qəzetinə müsahibə verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Ad­ministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu is­tiqamətdə maraqlı fikirlər səsləndirib. H.Ha­cıyev deyib: “Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxs­lərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib. Başqa söz­lə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna bax­mayaraq, erməni sakinlərin əksəriyyəti Qara­bağı tərk etmək qərarına gəldi”.

Prezidentin köməkçisi bildirib ki, sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətən­daşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar ver­mələrinə səbəb olub, əsasən, azərbaycanlıla­ra qarşı etnik nifrətə görə: “Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryan sizin istinad etdiyiniz Av­ropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.

Erməni sakinlərinin əksəriyyəti qorxur­dular ki, Azərbaycan Birinci Qarabağ mü­haribəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteq­rasiya portalı fəaliyyətini davam etdirir”.

Ermənilər Qarabağdan gedərkən onla­ra qarşı zorakılıq edilmədiyini artıq həllini tapmış münaqişə üzrə ixtisaslaşmış Karne­gi Fondunun baş eksperti Tomas de Vaal da təsdiqləyib. “Azadlıq” radiosunun erməni xidmətinin (“Azatutyan”) saytında yanvarın 8-də yerləşdirilmiş müsahibəsində Tomas de Vaal deyib: “Ermənilərin Qarabağdan köçü dinc xarakter daşıyıb. Əlbəttə, yolda ölənlər ola bilər, amma Azərbaycan tərəfindən zora­kılıq olmayıb”.

Onu da bildirək ki, Karamyanın və onun kimi düşünənlərin mövqeyi, əslində, həm də gələcəyə hesablanıb. Bu gün ermənilər və onların Qərbdəki havadarları 2023-cü ilin sentyabrın sonunda Qarabağdan baş verən könüllü köçü 1915-ci il hadisələri ilə əlaqələndirirlər. 1915-ci il hadisələrini “soyqırımı”, 2023-cü ildə yaşadıqlarını isə “etnik təmizləmə” adlandırırlar. Dünyanın hər yerində “qədim erməni izini” axtaranlar indi də iki hadisə arasında paralellər tapma­ğa çalışırlar. Ancaq onlar unudurlar ki, indi 1915-ci il deyil. Qarabağdan könüllü köçlə bağlı bütün xüsusatlar sənədləşdirilib. İn­ternetdə köçün zorakılıq nəticəsində olma­dığı haqda çoxlu material var. “YouTube” videohostinqi Azərbaycan sərhədçilərinin və polisinin gedən ermənilərə su, şirniyyat verməsi ilə bağlı videolarla dolub-daşır. Eyni zamanda, ermənilərin özlərinin onlara qarşı zorakılıq olmadığına dair etirafları da kifayət qədərdir. Bu baxımdan, xəbis niyyətli ermə­nilər, nəhayət, anlamalıdırlar ki, yalan ayaq tutar, yeriməz.

Yeganə HACIYEVA, 
politoloq

– Ermənistan Azərbaycanla bağlı məsələləri hüquqi müstəviyə təqdim etməyə çalışır. Arqişti Ka­ramyanın indiyədək tirajlanan de­zinformasiyaları, guya, fakt kimi təqdim etməyə çalışması da bunun göstəricisidir. Çox güman ki, onlar Qarabağdakı itkilərini beynəlxalq hüquqi müstəviyə daşımaqla təzmi­nat tələb etməyə çalışacaqlar.

Əslində isə onun təqdim etdiyi məlumatlar başdan-ayağa yalanlar­dan ibarətdir. Çünki əgər bircə nəfə­rin burnu qanamış olsaydı, Ermə­nistan media orqanları onları çəkib görüntülərini yayar, bundan Azər­baycana qarşı istifadə edərdilər. Ən əsası BMT-nin üç missiyası mülki şəxslərin zorakılığa məruz qalmasını qeydə almayıb.

Qarabağdakı Ermənistan or­dusunun hərbçilərinin həlak olma­larına gəldikdə isə bunu heç kim inkar etmir. Bu zaman sual yara­nır: Erməni hərbçilərin Azərbay­can ərazisində nə işi var idi? Əgər bir ölkənin hərbçiləri digər ölkənin ərazisinə daxil olarlarsa, deməli, le­gitim hərbi hədəfə çevrilirlər. Azər­baycanın özünümüdafiə hüququ çərçivəsində atmalı olduğu addım­lar var idi və həmin addımlar atıldı. İndi onları mülki şəxslər qismində qələmə vermək Ermənistanın yalan və dezinformasiyalarının növbəti mərhələsidir. Zənnimcə, bu proses­lər Ermənistan hakimiyyətindən qaynaqlanır. “İctimai” televiziya birbaşa Anna Akopyanın nəzarəti altındadır. Orada səslənən fikirlər Ermənistan baş nazirinin mövqeyi kimi qəbul olunmalıdır.

Səxavət HƏMİD
XQ



Siyasət