ABŞ-ın dini azadlıq cızmaqarası nəyə xidmət edir?

post-img

ABŞ yenə də reallıqdan uzaq hesabat hazırlayıb. Bu dəfə Vaşinqton Azərbaycanda hökm sürən dini azadlıq və tolerantlıq faktlarını “nəzərə almayaraq” cəfəngiyyat uydurub. Əlbəttə, sənədin erməni mənşəli amerikalının "zəhmətinin" məhsulu olması bir başqa söhbətin mövzusudur və məsələyə qayıdacağıq. Reallıq isə budur ki, ABŞ göydən götürülmə “faktlardan” yararlanan erməni müəllifi hesabatın hazırlanmasına yaxın buraxmaqla necə bir “tərəfsiz” olduğunu göstərdi. Bu fakt ölkə üçün həqiqətlərin deyil, siyasi maraq və mənafelərin böyük əhəmiyyət daşıdığını bir daha sübuta yetirdi. 

Bəli, özünü dünyada hegemon qüvvə sayan ABŞ dini azadlıqların təşviqində də aparıcı rola iddia edir. Sual olunur: dini azadlıq məsələsi amerikalıları niyə belə yaxından maraqlandırır? Çünki Vaşinqton mövcud istiqamətdə təsir və ya təzyiq rıçağı əldə etmək istəyir. Amerikalı məmurların sırımağa çalışdıqları iddiaya görə, guya, dini etiqad azadlığı artarsa, terror təhlükəsi azalar və bu, iqtisadi artıma səbəb olar. Axı, belə gəlişi gözəl fikirlərlə kimə gəlirlər? 

Təsadüfi deyil ki, hələ 2019-cu ilin iyul ayında ABŞ Dövlət Departamentinin o zamankı katibi Mayk Pompeo ölkələrin din və ya əqidə azadlığına hörmət və dünyada azlıqların dini qruplarının üzvlərinin müdafiəsini təşviq etmək üçün Beynəlxalq Dini Azadlıq Alyansının yaradıldığını elan etmişdi. Bu məqsədlərə çatmaq üçün vasitə kimi dini azadlıqların sıxışdırıldığı ölkələrə qarşı kollektiv sanksiyaların tətbiqi əsas götürülmüşdü. 

Qeyd edək ki, alyansın yaradılması tarixdə ilk dəfə bir beynəlxalq koalisiyanın bütün dünyada din və azadlıq məsələsini inkişaf etdirmək üçün milli rəhbərlik səviyyəsində bir araya gəlməsini nəzərdə tuturdu. O zaman da siyasi analitiklər yaranmış vəziyyəti ABŞ və digər Qərb ölkələrinin xarici siyasət sahəsində yeni təsir vasitəsi qismində dəyərləndirmişdilər. 

Əlqərəz, indi ABŞ Dövlət Departamentinə Antoni Blinken rəhbərlik edir. Görünür, bu şəxs sələfinin işinin davamında israrlıdır. İsrarlıdır və rəhbərlik etdiyi qurum dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialara yer verir. 

Hər kəsə məlumdur ki, ümumbəşəri dəyərləri qorumaq bəhanəsi ilə ABŞ azadlıq və demokratiya ilə bağlı ideyaları təbliğ edir. Vaşinqton xarici siyasətdə dini mövzulardan istifadə etməklə, ölkələrin daxili işlərinə qarışır. Əlbəttə, buna müəssər olması qeyri-mümkündür. Nəzərə alaq ki, Azərbaycanda dini tolerantlıq hökm sürür və Bakıya qarşı belə iddiaların irəli sürülməsi, sadəcə, siyasi riyakarlıqdır. 

Bu gün Azərbaycanda dini etiqad azadlığı ilə bağlı heç bir problem yoxdur. Əksinə, dini icmalara hərtərəfli dəstək göstərilir. Yəni, ABŞ-ın bir sıra ölkələr kimi, Azərbaycanın da adını dini etiqad azadlığına dair “izləmə siyahısı”na salmasının reallıqla heç bir əlaqəsi yoxdur. Alban-Udi dini icmasının sədri Robert Mobili Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan adı hər zaman onun dinindən olan şəxsləri birləşdirən dəyərdir: “Dünya ölkələri də görürlər ki, Azərbaycanda nə dini, nə milli ayrıseçkilik var. Bizdə xristian abidələri olsun, digərləri olsun, fərqi yoxdur, hamısı qorunur, bərpa olunur”.

Yeri gəlmişkən, onu da bildirək ki, ABŞ Dövlət Departamentinin hesabatı din azadlığı ilə heç bir əlaqəsi olmayan əsassız tezislərlə doludur. Məsələn, Qubad İbadoğlunun “qondarma” ittihamlarla həbsi, 202 “siyasi” məhbus, Azərbaycanın Qarabağ ərazisi ilə bağlı münaqişədə Ermənistana qarşı “hərbi cinayətlər törətməkdə” davam etdiyi iddiası və s. 

Taftalogiya elementləri ilə dolu hesabat ilə tanış olan zaman adamda elə təəssürat yaranır ki, sənədi Dövlət Departamenti yox, hansısa erməni millətçisi hazırlayıb. Məsələ ondadır ki, onu Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti ortaya çıxarıb. Bəlkə də hesabatı tərtib edənlərin rəhbərinin etnik mənsubiyyətini qabartmaq siyasi cəhətdən korrekt deyil. Amma tarixi faktlar göstərir ki, erməni hər yerdə erməniliyini, yəni, qaraya ağ demək xəstəliyini, türk düşmənçiliyi həvəsini nümayiş etdirib. D.Aşbaxyan da mövcud anlamda istisna deyil. Bu erməni qadın ABŞ-da ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Assambleyasının, həmçinin Livanın Los-Ancelesdəki konsulluğunun direktorlarından biri olub. 

Yəni, əslində, xarici dövlətdə işlədikdən sonra D.Aşbaxyan ABŞ hökumətində xidmətə gedib və xarici siyasəti müəyyən edən materiallar tərtib edib. Bu, Amerikanın xarici təsir qanunlarına (foreign influence laws) görə qeyri-qanunidir. Belə çıxır ki, dövlət katibinin müavini Ceyms O`Brayen ABŞ Senatında açıq şəkildə Ermənistanın xeyrinə dövlət maraqlarını tapdalayandan sonra indi erməni lobbisi açıq şəkildə ABŞ-ın xarici siyasətini müəyyənləşdirir. Həqiqətən, dəhşətli durumdur. 

Məsələnin maraqlı tərəflərindən biri budur ki, hesabatda Azərbaycana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlınln öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağım edilməsi nəzərə alınmır. 

ABŞ Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasını, təhqir etməsini “unutmaqla” bir daha siyasi riyakarlığa yol verir. Vaşinqton belə mənasız hesabat hazırlamaqla, növbəti dəfə öz qərəzini, ədalətsizliyini nümayiş etdirir. Əlbəttə, belə cızmaqaralar və dar maraqlara xidmət edən hesabatlar Azərbaycan hakimiyyəti və xalqı tərəfindən ciddi qarşılanmır. Okeanın o tayındakılar yadda saxlamalıdırlar ki, Azərbaycan dövləti bundan sonra da öz milli maraqlarına uyğun siyasət yürüdəcək və ölkədə hökm sürən dini tolerantlıq mühitini daha da möhkəmləndirəcək.

Səbuhi MƏMMƏDOV

XQ

Siyasət