Fransanın çabalamaları fayda verməyəcək

post-img

Ermənistanın Azərbaycanla danışıqlara getməkdən özgə yolu yoxdur

Dekabrın 7-də Ermənistan–Azərbaycan münasibətləri tarixində bir ilk yaşandı. Həmin gün Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş naziri aparatı birgə açıqlama yaydı. Açıqlamada aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunduğu bildirildi. Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 32 ermənini, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad etdi.

Həmin hadisə Bakı ilə İrəvan arasında vasitəçilərin iştirakı olmadan birbaşa əlaqə yaratmağın, müəyyən məsələlərin həllində ortaq məxrəcə gəlməyin bariz nümunəsi oldu. Təbii ki, Ermənistanla Azərbaycan arasında danışıqlarda vasitəçilik prosesini öz inhisarı­na alan, uzun illər ATƏT-in Minsk qrupu ad­lanan səmərəsiz qurumda fəaliyyət görüntüsü yaradan bəzi ölkələr bundan narazı qaldılar. Belə ölkələrin önündə gedənlərdən biri, heç şübhəsiz ki, Fransadır.

Rəsmi Paris hər vəchlə Ermənistanla Azərbaycan arasında münasibətlərin pis ola­raq qalmasına çalışır. Onlar bunu gizlətməyə çalışırlar. Ancaq çoxlarının görüb-bildiyi nəsnəni gizlətməyə çalışmaq mümkün deyil. Yaxşı deyiblər: cidanı çuvalda gizlətmək ol­maz! Üç müxtəlif rejimdə xarici işlər naziri vəzifəsini tutmuş məşhur siyasi intriqa ustası, adı hiyləgərliyin və fürsətgirliyin sinoniminə çevrilmiş Taleyranın nəvə-nəticələri öz xəbis niyyətlərini nə qədər gizlətməyə çalışsalar da, gec-tez hər şey aşkara çıxır.

“Beşinci Respublika” bu gün Ermənis­tanın Azərbaycanla sülh sazişi imzalama­sına mane olmaq yolunda müxtəlif cəhdlər edir. Ermənistanın silahlandırılması bunun ən mühüm göstəricisidir. Sual olunur: Hə­min silahlar Ermənistanın nəyinə gərəkdir? Ermənistanın təhlükəsizliyinə hansı ölkədən təhdidlər var? Ermənistanın dörd qonşusun­dan ikisi (İran və Gürcüstan) ilə münasibətləri yaxşı vəziyyətdədir. Türkiyə və Azərbaycanla münasibətlər normallaşma yolundadır. Azər­baycan Ermənistana qarşı ərazi iddiasının olmadığını ən yüksək səviyyədə bəyan edib. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin mayın 3-də Şuşada “Böyük Avrasi­ya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikir­lərdən iqtibas gətirmək yerinə düşər: “Buna görə biz onların konstruktivliyinə ümid edi­rik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı di­gər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi və­ziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün, bu, böyük çağırış olacaqdır...”

Bundan əlavə, Fransa Ermənistanda revan­şist əhval-ruhiyyənin artmasına da öz “töhfə”­sini verir. Fransa bu addımı ilə həm də Nikol Paşinyan hökumətinə qarşı çıxmış olur. Məsələ ondadır ki, Ermənistanda revanşist kəsimi təmsil edən daha çox “Qarabağ klanı” adlanan siyasi zümrədir. Qarabağda etnik separatizmin alovlanmasında xüsusi rola malik Robert Ko­çaryan, Serj Sarkisyan, Seyran Ohanyan kimi şəxslər həmin siyasi düşərgəyə mənsubdurlar. Onlar isə öz növbəsində Paşinyana müxalifət­dədirlər. Beləliklə, Fransa iqtidarı Ermənistan­dakı revanşistləri dəstəkləməklə, əslində, Pa­şinyanın əleyhinə fəaliyyət göstərir.

Fransanın atdığı bu addımlar Ermənista­nın və erməni xalqının da maraqlarına ziddir. Bunu təkcə biz demirik. Normal düşüncə tərzinə, prosesləri obyektiv qiymətləndirmək imkanına malik istənilən şəxs bu fikirdədir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nü­mayəndəsi Mariya Zaxarova da dünən bil­dirib ki, Qərb Ermənistan əhalisinin taleyinə biganədir. Xanım Zaxarova ilin yekunlarına dair brifinqdə çıxış edərkən deyib: “Ötən il bir çox ölkələr və xalqlar üçün çətin oldu. Ermənistan üçün də asan olmadı. Biz İrəvanı təhlükəli geosiyasi oyunlara cəlb etmək üçün müxtəlif cəhdlər edildiyini görürük. Biz görü­rük ki, Qərb erməni əhalisinin və Ermənistan xalqının taleyinə tamamilə biganədir. Onlar erməni xalqının emosiyalarından, tarixi yad­daşından, ağrılarından, iztirablarından yalnız öz mənfəətləri üçün istifadə edirlər. Münasi­bətlərin müttəfiqliyini nəzərə alaraq, biz Er­mənistanın sülh, sabitlik və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də, bi­zim üçün son dərəcə vacibdir”.

Sözsüz ki, Fransa da M.Zaxarovanın nəzərdə tutduğu “Qərb” anlayışına daxildir. Ancaq Fransa bu prosesdə tək deyil. Ermə­nistanla Azərbaycan arasında danışıqlar pro­sesinə mane olmaq istəyən ABŞ da diqqətdən kənarda qala bilməz. Fransa ilə ABŞ, sanki tandemə çevrilib. Onun qayəsində orta əsr­lər dövrünə xas səlibçiliyin elementləri var. Ancaq bu fəaliyyətin də heç bir səmərəsi və nəticəsi olmadı. Azərbaycanın prinsipial mövqeyi nəticəsində ABŞ geri çəkilmək məc­buriyyətində qaldı. Dövlət Departamentinin nümayəndəsi özü, necə deyərlər, Azərbayca­nın ayağına gəlməyə məcbur oldu.

Yeri gəlmişkən, Rusiya Prezidentinin mət­buat katibi Dmitri Peskov da bugünlərdə bil­dirib ki, Moskva Bakı və İrəvana sülh müqa­viləsi üzərində işi başa çatdırmaqda kömək göstərməyə hazırdır. “İzvestiya” telekanalına müsahibə verən Peskov deyib: “Hər iki tərəf dəfələrlə işi başa çatdırmağa, sülh müqaviləsi üzrə işi yekunlaşdırmağa hazır oldğunu bə­yan edib. Rusiya onlara kömək etməyə, bunu alqışlamağa hazırdır”. Eyni zamanda, mətbuat katibi vurğulayıb ki, Rusiya öz vasitəçiliyində israrlı deyil, lakin sülh müqaviləsi üzərində işi başa çatdırmağın zəruriliyini anlayır: “Bizim üçün çox vacibdir ki, iki tərəfdaşımız, müttə­fiqimiz təkcə MDB çərçivəsində deyil, həm də inkişaf etmiş ikitərəfli münasibətlərimiz çərçivəsində bu sazişi ən qısa zamanda bağ­lasınlar”. Peskov əlavə edib ki, bu, sağlam at­mosferi təmin edəcək. Belə ki, Moskva üçün Cənubi Qafqazda sülh, sabitlik vacibdir.

D.Peskov qeyd edib k, Rusiya Azərbay­canla Ermənistan arasında sülh sazişinin im­zalaması üçün siyasi iradə olduğunu görür: “Əsas odur ki, biz hər iki tərəfdə – həm Ba­kıda, həm də İrəvanda siyasi iradənin olduğu­nu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin imzalanması həm iki ölkə, həm də bütün regionda sabitlik üçün faydalı olacaq”.

Maraqlıdır ki, bütün bunlar Ermənistan baş nazirinin sülh yolunda çalışmaları, “Sül­hün kəsişməsi” kimi layihə ilə çıxış etməsi fo­nunda baş verir. Elə dünən Ermənistan parla­mentinin sədri Alen Simonyan İrəvanla Bakı arasında sülhün heç vaxt bu qədər yaxın olma­dığını bildirib. Bu barədə Ermənistanın media subyektləri məlumat yayıb. A.Simonyan qeyd edib ki, gələn ili sülhə nail olmaq baxımından ümidverici il hesab etmək olar.

Fransanın bu fonda Ermənistanı silahlan­dırması, İrəvana hərbi-siyasi dəstək göstəril­məsi, müxtəlif fransız rəsmilərin qızışdırıcı açıqlamalar verməsi Cənubi Qafqazda sülhü pozan əsas amillərdir. Paris artıq, necə deyər­lər, açıq kartlarla oynayır və əlində olan bütün imkanlardan Azərbaycana qarşı istifadə edir. Elə MDB dövlət başçılarının dekabrın 26-da Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görü­şündə də iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şəraitin yarandığının şahidi olduq. Lakin Fransa dövləti hazırda sülhə qarşı əsas maneə kimi görünməkdədir. Bütün bunlara baxmayaraq, Fransanın çaba­lamaları heç bir nəticə verməyəcək. Ermə­nistanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Fransa Azərbaycana qarşı qərəzli si­yasət aparır. Bunun bir sıra səbəbləri var. İlk növbədə, erməni diasporu faktoru möv­cuddur. İkincisi, Fransa Cənubi Qafqazda özü üçün yeni geosiyasi rol axtarır. Xü­susilə, Malidə, Afrikanın digər yerlərində və başqa müstəmləkə ərazilərdə Fransanın siyasəti uğursuz olub. İndi özü üçün yeni məkan axtarır.

Digər səbəb Türkiyədir. Fransa hər za­man Türkiyə əleyhinə siyasət aparıb. Paris, belə deyək, Qərb cinahında Yunanıstanı, Şərq cinahında Ermənistanı dəstəkləyir. Fransa Azərbaycanı Türkiyənin müttə­fiqi kimi görərək, ölkəmizə qarşı da eyni münasibət bəsləyir. Bir sıra digər məqam­lar da var. Burada prezident Emmanuel Makronun və xarici işlər naziri Ketrin Kolonnanın müəyyən şəxsi qərəzi də öz rolunu oynayır.

Fransa BMT Təhlükəsizlik Şurasında 3 dəfə Azərbaycan əleyhinə qətnamənin qəbul olunmasına çalışıb. Bunların hamı­sı uğursuz olub. Ancaq bu səyləri davam etdirir. Məndə olan məlumata görə, Fransa nümayəndələri noyabr ayında TŞ-nin sədri olan Birləşmiş Ərəb Əmirlikləri təmsilçi­sinə müraciət edərək yenidən bu məsələ­ni qaldırıblar. Yəni, Azərbaycan əleyhinə sənədin qəbuluna çalışıblar. Bu da uğursuz olub.

Fransa səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsi səhv et­mirəmsə, Azərbaycanın tarixində ilk hal­dır. Yəqin ki, həmin şəxslərin əməlləri barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Bundan əvvəl də Fransa səfir­liyinin müəyyən şəxslərə nağd pul vermə­sinə görə səfirliyin rəhbərliyi Xarci İşlər Nazirliyinə dəvət olunmuş və onlara etiraz bildirilmişdi.

Səxavət HƏMİD
XQ

Siyasət