“Böyük Peterhof Sarayı”nda blits - görüş

post-img

Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin qeyri-formal görüşü, eləcə də diqqətçəkən digər məsələlər barədə

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın şimal paytaxtı sayılan, həm də dövlət başçısı Vladimir Putinin doğma şəhəri hesab olunan Sankt-Peterburqda təntənəli şəkildə qarşılanıb. Vladimir Putinlə İlham Əliyevin bir-birini dostcasına, səmimi salamlamaları diqqət çəkib. Ölkələrarası əlaqələrdə dövlət başçılarının qarşılıqlı etimada və şəxsi hörmətə söykənən münasibətlərinin böyük əhəmiyyət daşıdığı danılmaz amildir. 

Bu düsturu siyasi cəhətdən möh­kəmləndirən ən vacib məqam isə Azərbaycanın Cənubi Qafqazda Ru­siyanın əsas tərəfdaşı olmasıdır. Hə­min tərəfdaşlığın ən yüksək səviyyə­də inkişafına zəmin yaradan 2022-ci ilin fevralında imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədir. Dövlət başçı­ları ikitərəfli görüşləri zamanı ölkələri­miz arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyini dəfələrlə dilə gətiriblər. 

Xatırladaq ki, dekabrın 26-da Azər­baycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görü­şündə iştirak etmək üçün Sankt-Peter­bur şəhərində işgüzar səfərdə olub. Ar­tıq ənənə halını almış MDB üzvü olan ölkələrin liderlərinin Sankt-Peterburq Sammiti bu dəfə şəhərin saray və park kompleksləri ilə tanışlıqdan başlanıb. MDB dövlət başçılarının qeyri-rəsmi sammiti danışıqlar masası arxasında deyil, “Böyük Peterhof Sarayı”nda ke­çirilib. Sammit şimal paytaxtının Strel­nadakı Konstantinovski sarayında mü­zakirələrlə başa çatıb.

Qeyri-formal görüşün gedişində diqqəti çəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan­la qeyri-formal şəkildə ayaqüstü görü­şü və söhbəti olub. Aydın məsələdir ki, bu blits-görüşün mövzusu Azərbaycan və Ermənistan arasında sülh gündəliyi olub. Yeri gəlmişkən, Sankt-Peterburq görüşü barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov kifayət qədər nikbin tonda şərh verib. “Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa ha­zırdır”, – deyən Kremlin mətbuat katibi hesab edir ki, Ermənistan və Azərbay­can artıq müharibə edən tərəflər deyil: “Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır ol­duqlarını bildirirlər. Burada heç bir risk yoxdur”.

Sankt-Peterburq Sammiti ilə bağlı rusiyalı siyasi şərhçi Aleksandr Razu­vayev maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Putin öz milli ma­raqlarını qoruyan güclü suveren dövlət­lərlə işləməyin çox rahat olduğunu, on­larla razılığa gəlməyin mümkünlüyünü dəfələrlə qeyd edib: “Postsovet məka­nında bu ölkə Azərbaycandır. MDB mə­kanında qeyri-suveren oyunçuya misal olaraq isə Ermənistanı göstərmək olar. Onun Qərblə yaxınlaşma istiqamətində indi atdığı addımlar təkcə özünə deyil, eyni zamanda, MDB “orqanizmində” mövcud sabitliyə mənfi təsir göstərəcək. Bu mənada Ermənistan birlikdə sabit­liyin pozulmasının aparıcı qüvvəsidir. Bölgədə kənar oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək olduqca çətindir. Azərbaycanı MDB döv­lətləri arasında vasitəçi də adlandırmaq olar. Axı Bakı MDB-nin daxili strukturun­da regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya–Azərbaycan münasibətləri isə həmin strukturu daha da gücləndirən alətdir”. 

Rusiya liderinin “dəyirmi masa” görü­şündə Ermənistan baş nazirinə yumurta ilə bağlı ironiyasına toxunan A.Razuva­yev, əslində, iqtisadi baxımdan yumur­ta hekayəsinin də bir göstərici olduğu­nu vurğulayıb. O, Rusiyada müəyyən sahələrdə boşluq ortaya çıxan kimi, həmin kəsiri Azərbaycan və Türkiyənin uğurla bağlamağa başladığını bildirib. 

*** 

Beləliklə, MDB dövlət və hökumət başçılarının Sankt–Peterburqdakı qey­ri-formal Sammitindən müəyyən nəti­cələr çıxarmaq, ehtimallar irəli sürmək mümkündür. Ermənistanın bu geosiya­si məkanda yerinə və mövqeyinə diqqət yetirsək görərik ki, ondan ötrü Cənubda anti-Qərb İran, şimalda NATO və Aİ ilə münaqişədə olan Rusiya, şərqdə isə Aİ-yə daxil olmağa heç də can atmayan Azərbaycan var. Nikol Paşinyan diplo­matiyada nə qədər axsasa da, coğra­fiyanı və iqtisadiyyatı yaxşı bildiyini bir neçə dəfə göstərib. O, anlayır ki, Er­mənistan regiondan kənarda mövcud ola bilməz. Bu ölkənin enerji təminatı, ümumiyyətlə, bütün iqtisadiyyatı Mos­kvanın himayəsi və nəzarəti altındadır. Onun təhlükəsizliyinə də Rusiyanın Gümrüdəki hərbi bazası zəmanət verir. Bu şərtlər daxilində Rusiyadan tama­milə ayrılma Ermənistanı hərbi-siyasi, eləcə də maliyyə fəlakətinə sürükləyə bilər. Hətta, “dərs olaraq” müəyyən əra­zilərini itirər. Güman edirik ki, Paşinyan məhz buna görə Aİİ-nin toplantısına və MDB liderlərinin qeyri-formal sam­mitinə qatıldı. Onun Sankt-Peterburqa səfərinin köhnə səhvlərini qismən düzəltməyə hesablandığını tezliklə görəcəyik. İndilikdə bir faktı söyləmək olar ki, Paşinyan Rusiyaya səfər et­məklə hazırkı geosiyasi reallığı qəbul etdiyini ortaya qoymuş oldu. İntəhası, onun fürsət düşən kimi qərbli tərəfdaş­larının yanına “qaçacağı”, yenə eyni vaxtda “iki stulda əyləşməyə” çalışaca­ğı şübhəsizdir. Amma o zaman Qərbin özünün buna hazır olub-olmayacağı böyük sual altındadır. 

Tofiq ABBASOV,
siyasi şərhçi

Qeyri-formal xarakter daşısa da, Sankt-Peterburq sammiti vacib görüş­dür. Bu xarakterli görüşlərdə dövlət başçılarının hətta ayaqüstü görüşlərin­də müəyyən nəticələr də ortaya çıxa bilər. Burada görüşün mənəvi-siyasi yükü həm də ondadır ki, belə təmaslar münasibətlərin nizamlanmasına da tə­sirsiz ötüşmür. Düzdür, hər iki tərəfdən rəsmi dairələr və ekspertlər 2023-cü ilin sonuna kimi sülh sazişinin mütləq imzalanacağı barədə nikbin açıqlama­lar və proqnozlar verilirdi. Amma hələ ki, bunun real işartıları görünmür. 

Əsas problem İrəvanın konkret qə­rara gələ bilməməsindədir. Ermənistan rəhbərliyinin sülh müqaviləsinin mətni ilə bağlı müxtəlif bəhanələr gətirməsi bu prosesin gedişində, guya, manevr etdiyini göstərir. Baxaq görək, rəsmi İrəvanın manevr imkanları nə boyda­dır və hansı səviyyədə ümidvericidir? Ermənistan olduqca məhdud və yön­dəmsiz bir məkandlr. Yəni, o balaca perimetrdə hansı addımı atsan da, heç vaxt strateji üstünlük qazana bilməyə­cəksən. Taktiki hərəkətlərinin yalnız ani faydası ola bilər. Amma onun Azər­baycan qarşısında etdiyi mansevrlər­dən böyük qazanc əldə etmək ehtimalı səfəra bərabərdir. 

İrəvan, nəhayət, anlamalıdır ki, Fransa, Avropa İtifaqı, ABŞ, sadəcə olaraq, onu aldadırlar. Bəli, Paşinyan bunu yaxşı başa düşdüyü üçün Rusi­yanın əhatəsindən çıxa bilməyəcəyini də anlayır. İqtisadiyyatının doxsan beş faizi Rusiyadan asılı olan ölkə hansı yolla bu təsirdən qurtula bilər? Ermə­nistan hakimiyyəti həm də Fransanın Cənubi Qafqazda, konkret olaraq, Azərbaycanda üzləşdiyi uğursuzlu­dan nəticə çıxarmalıdır. Çox güman ki, Sankt-Peterburqdakı görüşdə Pre­zident İlham Əliyev bu motivləri Nikol Paşinyanın diqqətinə bir daha çatdırıb. 

İlin sonudur və İrəvanın “sülh ko­mediyası” da başa çatır. O, artıq yeni bir dönəmə hazırlaşmalı və Azərbay­canla sülhə gəlməyin, ilk növbədə, özünə xeyir gətirəcəyini tam anlamalı­dır. Bunun alternativi yoxdur.

İ.HƏSƏNQALA
XQ





Siyasət