Sən Qafqazda yadsan, müsyö!

post-img

Parisin Afrika üzqaralığından sonra ən çox uğursuzluğa uğradığı məkan Cənubi Qafqazdır

Deyəsən, müasir Fransa XXI əsrdə dünyanın ən güclüsü olmaq iddiasına düşüb. Bunu da ötən əsrlərdə olduğu kimi, digər məmləkətləri müstəmləkə altına almaq, sərvətlərini talamaq yolu ilə reallaşdırmaq istəyir. Fəqət müftəxorluğa adət etmiş rəsmi Paris indi bunun mümkünsüzlüyünü gördükcə qəzəbindən dünyanın dörd tərəfinə nifrət püskürməyə başlayıb.

Arzuları ilə imkanları üst-üstə düş­məyən Fransa prezidenti Emmanuel Makronun çağdaş çağırışlara cavab verməyən siyasəti ölkəsinin bütün istiqamətlər və parametrlər üzrə nü­fuzdan düşməsinə gətirib çıxarıb. Bu müstəvidə Makron sonuncu zərbəni Bakıdan aldı. Ədalətsizliyi, ikiüzlü­yü əlində bayraq edən, reallığa “kəl­lə atan” Fransa prezidenti Cənubi Qafqazda “siyasi komaya düşmüş” Er­mənistanı hansı üsullarlasa reanimasi­yadan çıxarmaq üçün baş sındırmaqla məşğuldur. Azərbaycanın xoşməramlı münasibətinə rəğmən, xüsusilə Makro­nun prezidentliyi dövründə Fransanın qəti şəkildə Ermənistanın tərəfini tut­ması regionun liderinə çevrilən Azər­baycanı sürətlə itirməsi ilə nəticələndi. Avropanın qosqoca dövlətinin xarici si­yasətdəki uğursuzluğuna dəlalət edən fakt: dövlətin başçısı Paşinyandan daha artıq ermənipərəst olduğunu er­məni diasporu ilə keçirdiyi görüşdə fəxrlə söyləyir. Yəni, o boyda Fransa Marsel haylarının, ermənipərəst şovi­nist qövmün əlində girinc olub.

Makron doğrudanmı bu qədər qətiy­yətsizdir ki, bir ovuc erməninin qarşısın­da farağat dayanır? İş o həddə çatıb ki, Azərbaycan Prezidenti ilə görüşdən sonra bu barədə Fransadakı erməni diasporu­nun həmsədri Papazyana hesabat verir. Fransanın bölgədə yad aktora dönməsi üçün başqa hansı tutarlı səbəb lazımdır?

Əvvəlcə Bakıdan, sonra Qafqazdan rədd olacaqsan

Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “perso­na-non-grata” elan olunması bu ölkənin diplomatik nümayəndəliklərinin “cəsus yu­vası”na çevrildiyindən xəbər verir. Bunun­la əlaqədar Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

XİN-in yaydığı məlumatda qeyd edi­lir ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildi­rilib və onların Azərbaycan hökuməti tərə­findən “persona-non-grata” elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Hə­min şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Oxucularımıza xatırladaq ki, bir müd­dət əvvəl “indentificator.in.ua” saytı yaydı­ğı məlumatında Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin agentu­ra şəbəkəsinin aşkarlandığını bildirmişdi. Fransa casus şəbəkəsi ilə bağlı xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir da­irəsini genişləndirib. Fransa buna qədər də özünün anti-Azərbaycan fəaliyyəti ilə daim “diqqət mərkəzində” olub. Rəsmi Paris ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına yardım etmək əvəzinə, bütün fəaliyyətini qərəz və ikili siyasətə söykənərək aparırdı. Fransa birmənalı şəkildə işğalçı Ermənistanın böyründə durmaqla yanaşı, Qarabağda separatiz­mə dəstək verməyi də “unutmurdu”. İndiki məqamda isə Azərbaycanın Qarabağ­da suverenliyinin bərpasını qəbul etmək əvəzinə, tərəflərin sülhə gəlməsinə hər cür üsulla mane olmağa çalışır. Məlum olduğu kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessiya­sına – COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin Azərbay­canda keçirilməsinə hətta rəsmi İrəvanın dəstək verdiyi halda, Parisdəki anti-Azər­baycan “çete”si buna qarşı çıxır, ora-bu­ra müraciətlər edirlər. Yelisey Sarayının anti-Azərbaycan siyasətinin ölkəmizdə casus şəbəkəsi yaratmağa qədər get­məsinin arxasında rəsmi Bakının tutduğu prinsipial mövqe, Fransanın müstəmləkə­çilik siyasətinə qarşı çıxması, bununla bağlı beynəlxalq tədbirlər keçirməsidir. Bəli, ədalət haqsızlığa qarşı durub. Hələ­lik iki fransız casus Azərbaycanda “perso­na-non-grata” elan edilib. Bunun ardınca Fransanın Qafqazdan qovulması gəlir. 

Sonuncu “va-bank” da alınmadı

Şübhəsiz ki, agentura şəbəkəsinin ifşa olunması E.Makron hökumətinin iflası deməkdir. Fransa gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşmaq əvə­zinə, ölkələrin daxili işlərinə qarışır, qarşı­durma yaradır. Müstəmləkəçilik siyasətinə qarşı çıxanlara qarşı sərt addımlar atır. Məsələn, Nigerdən qovulan Fransa cavab tədbiri kimi Parisin himayəsi altında olan və fransızdilli ölkələri birləşdirən Franko­foniya Beynəlxalq Təşkilatından (FBT) Ni­gerin kənarlaşdırmağa nail olub. Nəzərə çatdıraq ki, bu təşkilata 88 dövlət üzdür və dünyada frankofonların sayı 321 milyon nəfərdir.

Qeyd edək ki, Fransa casus şəbəkə­si ilə bağlı yerləşdirilən xəbərə görə, re­zidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əmə­liyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələ­rində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqə­li olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş vətəndaş­lardan biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Bu əməkdaşlıq nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və bey­nəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarca fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xid­mət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xid­mət orqanlarının araşdırdığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azər­baycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Böl­gədə maraqlarını təmin etmək üçün, necə dəyərlər, “va-bank”a gedən Parisin bu cəhdi də baş tutmadı. 

Fransızların üçdə ikisi Makrona inanmır

Belə bir qənaət ölkədə keçirilən so­nuncu sosioloji sorğunun nəticələrindən qaynaqlanır. Ölkənin nüfuzlu “Le Journal du Dimanche” nəşri yazır ki, sorğuda işti­rak edən 18–24 yaş arası gənclərin 54 fa­izi Emmanuel Makron administrasiyasın­nı idaəretmə üsulundan yorulduğunu və ölkəni tərk etmək istədiyini bildirib. Yuxarı yaş qrupundan olan respondentlərin isə 69 faizi anketdə eyni istəyi qeyd ediblər. 

“Makronizm”in Fransaya bəxş elədi­yi fəsadlar tək bundan ibarət deyil. Tam əminliklə söyləyə bilərik ki, Emmanuel Makron yalnız ölkə daxilində deyil, həm­çinin onun hüdudlarından kənarda da uğursuzluq uçurumuna yuvarlanlıb. Bu­rada Cənubi Qafqazı xüsusi qeyd etməyə dəyər. Bir qədər konkretləşdirsək, Makron administrasiyası son otuz ildə var gücü ilə işğalçı Ermənistanı dəstəkləyib və bu gün də həmin siyasətini davam etdirir. Bəs açıq-aşkar anti-Azərbaycan mövqe­yində dayanan Paris sonda nəyə nail oldu? Demək olar ki, heç nəyə! Amma Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, ardınca revanşist meyilli İrəvana sülməramlı əlini uzatdı. 

Bölgənin şəriksiz liderinə, dünyada söz sahibinə çevrilmiş Azərbaycan Prezidentiİlham Əliyevlə müqayisədə Emmanuel Makron ilin ən uğursuz və etimadsız dövlət başçısı “statusunu” qazanıb. Bunu biz yox, fransızların özləri deyirlər. Daha doğrusu, “Le Figaro” qəzetinin keçirdiyi sosioloji rəy sorğusunun nəticələri bu qənaətə gəlməyə dəstəvuz verir. Rəqəmlərin dili ilə danış­saq, rəyi soruşulan fransızların 67 faizi ha­zırki prezidentə etimadını itirib. İkinci dəfə dövlət başçısı postuna yiyələnməsindən 18 ay keçsə də, Emmanuel Makron vəd­lərinə əməl etməyi, vətəndaşların inamını qaytarmağı bacarmayıb. İndi onun güvənə biləcəyi yeganə instansiya partiyadaşları­nın (“Dirçəliş” partiyası) çoxluq təşkil etdiyi Senatdır. “Le Figaro” yazır ki, nə qədər gec deyil, Makron düşdüyü fors-major situasi­yadan çıxmalıdır. Əks-təqdirdə onun siyasi aqibətinin necə olacağını proqnozlaşdır­maq belə çətindir. 

Fransa ilə yanaşı, Ermənistan da bu məlumatlardan özünə nəticə çıxarmalıdır. İrəvan, nəhayət, anlamalıdır ki, onun üçün çıxış yolu Fransaya və ya başqa birisinə güvənmək yox, Azərbaycanla sülhə gəl­məkdir. 

Könül NURULLAYEVA,
Milli Məclisin deputatı, Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü 

Fransanın Qafqaz siyasəti bütün cəbhələrdə iflasa uğrayıb. Azərbay­canın haqlı olaraq Fransa səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etməsi rəsmi Parisin bölgədə pozuculuq fəaliyyəti ilə məşğul ol­duğunu bir daha təsdiqləyib. Yelisey Sarayının xarici siyasətdəki uğur­suzluğu həm də Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında cəhd­lərinin nəticəsiz qalması ilə də müşa­iyət olunub. Görünən budur ki, Fran­sanın Cənubi Qafqazda yürütməyə çalışdığı siyasət bütün istiqamətlər üzrə fiaskoya uğrayıb. Azərbaycan xüsusi xidmət orqanlarının yük­sək peşəkarlıqla həyata keçirdikləri əməliyyat nəticəsində Fransa səfrili­yinin çətiri altında Ukrayna, Gürcüs­tan və Azərbaycanla əlaqədar kəş­fiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan bir sıra şəxslər həbs olunublar. Bu, Makron hakimiyyətinin növbəti fi­askosudur. Prezident İlham Əliyevində söylədiyi kimi, Fransada bəzi si­yasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar: “Bu günün reallığı onu göstərir ki, Ermənistan Fransa tərəfindən silahlandırılsa da, revanşizmə açıq dəstək versə də Azərbaycanla danışaqlara getmək­dən başqa çıxış yolu yoxdur”.

Fransada ümid edirlər ki, ermə­nilərə işlənmiş üç-beş zirehli döyüş maşını verməklə burada önəmli fak­tora çevrilə biləcəklər. Azərbaycanla normal münasibətlər qurmayınca, Fransanı Cənubi Qafqazda siyasi uğur gözləmir. Bundan savayı, Paris Orta Asiya ilə qurduğu təmasların Bakısız uğurlu olacağına ümid edə bilməz.

Bizə beynəlxalq müstəvidə, elə­cə də ikitərəfli münasibətlərdə təsir göstərmək istədilər, alınmadı. İndi qi­saslarını Xan qızı Xurşidbanu Natə­vanın heykəlini sökmək kimi ucuz şou ilə alırlar. Azərbaycan isə ciddi dövlət olduğunu növbəti dəfə nüma­yiş etdirdi. Həm də konkret fakt və sübutlarla. Ümid edirik ki, bu ölkənin xanım səfiri Xarici İşlər Nazirliyində ona söylənənləri Parisin diqqətinə çatdıracaq.

Elçin MİRZƏBƏYLİ,
siyasi şərhçi

Dekabr ayının əvvəllərində Bur­kino-Fasoda Fransa səfirliyinin 4 əməkdaşı casusluq və pozuculuq fəaliyyətində şübhəli bilinərək saxla­nıldı. Üzə çıxdı ki, “casus-diplomat­lar”ın əsas “fəaliyyət istiqamətləri” Burkino-Fasoda Fransanın müstəm­ləkəçilik siyasətinə qarşı çıxış edənlər barədə məlumat toplamaq, “beşinci kolon” təmsilçilərini təlimat­landırmaqdan ibarət olub.

Bu faktlar, həmçinin Fransa xü­susi xidmət orqanlarının Cənubi Qafqazda, Mərkəzi Asiyada fəal­laşması ilə bağlı Azərbaycanın təh­lükəsizlik orqanlarının peşəkarlığı sayəsində əldə olunan məlumatlar Parisin mühüm enerji və nəqliyyat dəhlizlərinin keçdiyi geniş bir regi­onda sabitliyi pozmaq, qarşıdurma yaratmaq niyyətindən xəbər verir. Fransanın Cənubi Qafqazda və di­gər regionlarda əsasən diplomatik korpus üzvlərindən ibarət casus şə­bəkəsinin rüsvayçı ifşası bu ölkənin xarici təhlükəsizlik baş idarəsinin rəhbərinin istefaya göndərilməsi ilə nəticələnib.

Parisin iddialı davranışları təkcə Afrikada, Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində deyil, Cənubi Qafqazda, Mərkəzi Asiyada da dalana dirənib. Azərbaycana qarşı qərəzli siyasət, həmçinin rəsmi Bakının uğurlu dip­lomatik gedişləri Fransanın BMT Təhlükəsizlik Şurasında təxribat xarakterli qərarların qəbuluna bütün cəhdlərini iflasa uğradıb. 

Fransanın müstəmləkəçi si­yasəti, tarix boyu kütləvi qətliamlar­la, dəhşətli müharibə cinayətləri ilə müşayiət olunan “səlib yürüşləri”, müharibə və münaqişələr üzərində qurulub. Cənubi Qafqazda xarici maraqların ifadəçisi olan, gah bu, gah da digər qütbün “ətəyinə bü­rünən” Ermənistanı hədsiz qəzəblə himayə etməsi Parisin feodal dövrü­nün qaranlıqlarından qopa bilmədi­yindən xəbər verir. Görəsən, 30 il ər­zində azərbaycanlılara məxsus dini abidələri, qəbiristanlıqları dağıdan və bundan “zövq” alan ultramillətçi erməni təfəkkürü ilə səlibçi, neoko­lonist fransız dünyagörüşü arasında hansı fərq var?

İmran BƏDİRXANLI
XQ





Siyasət