Fransa şəbəkəsi üzərində əməliyyat Azərbaycanı dünya KİV-lərinin gündəminə çıxarıb

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
Media eksperti
[email protected]

Fransa xüsusi xidmət orqan­larının formalaşdırdığı casus şəbəkəsinin Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfin­dən ifşa olunması qlobal xəbər gündəmində yer tutub. Reuters, Deutsche Welle, The Street Journal, TRT World, Le Mon­de, TASS, Radio Free Europe/Radio Liberty və digər məşhur trans-milli KİV-lər mövzu üzrə çoxsaylı xəbərlər paylaşıblar. Paralel şəkildə trans-sərhəd KİV-lər də insidenti diqqət mərkəzində saxlayıblar. Belə KİV-lərin sayı kifayət qədər çoxdur. 

Qlobal ictimai rəy yaradıcısı olan KİV-lərin mövzuya yanaşmasında 2 istiqamət diqqət çəkir. Birinci istiqamət odur ki, əksər KİV-lər mövzunu şərh et­mədən statistik informasiyalar yayırlar. Yəni, Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən casus şəbəkəsinin ifşa olunması, prosesin davamı olaraq Fransa səfiri Ann Buayonun Azərbay­can Xarici İşlər Nazirliyinə çağırılması və nota verilməsi, həmçinin, prosesdə rol alan iki nəfər səfirlik əməkdaşının “arzuedilməz şəxs” qismində ölkədən çıxarılmasına dair ümumi xəbərlər paylaşırlar.

2-ci istiqamət isə odur ki, trans-milli KİV-lər insidentin motivini açmağa çalı­şırlar. Son insidenti Fransanın Cənubi Qafqaza yönəlik ekspansiya siyasəti ilə əlaqələndirirlər. Bu kontekstdə Azər­baycanın diplomatik uğurları və Dövlət Təhlükəsizlik Xidmətinin bacarıqları önə çəkilir. Məsələ ondadır ki, DTX-nın zərərsizləşdirdiyi şəbəkənin fəaliyyəti təkcə Azərbaycan ərazisi ilə məhdud­laşmayıb. Ukrayna, Moldova, Gürcüs­tan, Şərqi Avropa, Yaxın Şərq və Mərkə­zi Asiyanın bir sıra ölkələrini də əhatə edib. Belə geniş coğrafiyanı əhatə edə bilmiş bir şəbəkənin məhz Azərbaycan təhlükəsizlik orqanları tərəfindən ifşa olunması diqqət çəkir. Azərbaycan xü­susi xidmət orqanları Fransa reziden­turasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim ediblər. Bu sənədlər əsasında Ukrayna, Gürcüs­tan və Azərbaycanla əlaqədar kəşfiy­yat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunublar. Digərləri isə istintaq altındadır.

Qeyd edək ki, Azərbaycan DTK-nın bu əməliyyatı Fransa Prezidenti Em­manuel Makronun komandasına ciddi sarsıntısı yaşadıb. Dünya KİV-ləri açıq tekstlə yazırlar ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əmə­liyyat Fransa xüsusi xidmət orqanla­rına nüfuz zərbəsi olub. Bu, “son 50 ildə Fransa xüsusi xidmət orqanlarının rastlaşdığı ən böyük rüsvayçılıq” kimi şərh edilir. 

Yeri gəlmişkən bildirək ki, Azərbay­can 2023-cü ildə Fransanın təkcə xü­susi xidmət orqanlarını deyil, həm də diplomatik qurumlarını pat vəziyyətinə salıb. Belə ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində uzun müddət Qarabağ münaqişəsini ədalət­siz formada, Ermənistanın xeyrinə həll etməyə çalışıb. Ermənistan üzərindən iş quraraq, Cənubi Qafqaza daxil ol­maq istəyib. 2022-ci ildən etibarən, bu iddialarını daha da intensivləşdirib. 

Rəsmi Paris özünün Cənubi Qafqazda iştirakını münaqişələrin alov­landırılmasında görür. İki ölkə arasında münaqişənin yenidən alovlandırılması üçün Ermənistanı silahlandırır. Bey­nəlxalq təşkilatlardakı təmsilçiliyindən faydalanaraq Azərbaycana qarşı qon­darma müzakirələr açır. Hələ 2020-ci ildə-II Qarabağ Müharibəsinin davam etdiyi dövrdə Azərbaycanın məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirə­sinə çıxararaq, təzyiq göstərmək, ölkə­mizi haqq işindən yayındırmaq istəmiş­di. 2022-ci ilin dekabrında isə “Laçın yolu” mövzusunu əsas götürərək, Azər­baycan məsələsini BMT müstəvisinə çıxarmaq üçün növbəti dəfə təşəbbüs göstərmişdi. Eyni hərəkətlərini 2023-cü ilin avqust ayında da təkrarlamışdı. 

Azərbaycan Fransa prezidenti Makronun bütün təşəbbüslərini iflasa uğrada bildi. Qarabağ münaqişəsini Ermənistanın xeyrinə həll etmək üçün onun göstərdiyi bütün səylər nəticə­siz qaldı. Azərbaycan öz dostlarının dəstəyindən istifadə edərək, Fransanın BMT müstəvisində irəli sürdüyü təşəb­büsləri də zərərsizləşdirdi. Hətta, BMT Təhlükəsizlik Şurasının sədri olduğu dönəmdə də Fransa “Laçın yolu” möv­zusunu BMT müstəvisində müzakirəyə çıxarıb uğurlu nəticələr qazana bilmə­di. Avropa İttifaqındakı imkanları da onun qalibiyyətini şərtləndirmədi. 

Azərbaycan özünün sistemli hərəkətləri ilə Fransanın “sülhsevər, demokratik ölkə” imicini dağıtdı. 

Görünən budur ki, Makron koman­dası “məğlubiyyət sindromu” yaşayır. Fransa Xarici Təhlükəsizlik Baş İdarə­sinin (DGSE) rəisi Bernar Emyenin qəfildən istefaya göndərilməsi də bu sindromun əlaməti kimi şərh edilə bilər.

Siyasət