7 fevral seçkisi cəmiyyətimizin möhkəmliyini daha da artıracaq

post-img

“Soyuq müharibə”nin başa çatmasından sonra sürətlə dəyişən qlobal geosiyasi şəraitə uyğunlaşmaq hər bir ölkənin qarşısında dayanan strateji vəzifə idi. Yeni şəraitə uyğunlaşmaq da köklü və hərtərəfli islahatların gecikmədən aparılmasını tələb edirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda da iqtisadi və siyasi sahələrdə innovativ islahatların həyata keçirilməsi təxirəsalınmaz vəzifəyə çevrilmişdi.

Müstəqilliyin ilk illərindən respublikamızda bütün dünyada qəbul edilmiş demokratik siyasi sistemə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirildi. Ulu öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin davam etdirdiyi dərin və çoxşaxəli islahatlar Cənubi Qafqaz regionunun hərtərəfli inkişafının qarşısında böyük əngələ çevrilmiş Qarabağ probleminin həll olunmasına gətirib çıxarmaqla yanaşı, həm də Azərbaycanın dünya birliyinin mühüm aktoru kimi qəbul edilməsinə şərait yaratdı. Şübhəsiz, gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin respublikamızın beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirəcək.

Azərbaycan vətəndaşı 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə tam fərqli hisslərlə gedəcək. 30 il öncə hamımız seçkilərin, demək olar ki, 20 faizində keçirilməyən ölkənin vətəndaşı idik. Öz doğma yurd-yuvalarından qovulmuş vətəndaşlarımız yaşadığı ərazilərdə deyil, pənah gətirdikləri ərazilərdəki seçki məntəqələrinə üz tutaraq səsvermə hüququndan yararlanırdılar. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət kökündən dəyişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Əzəli torpaqlarmızı zorla qoparmağa çalışan erməni separatçılarına və onların himayədarlarına tarixi dərs verən Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətinin siyasi hakimiyyətinin təsiri azad olunmuş ərazilərdə də bərqərar oldu. İndi keçmiş məcburi köçkünlər siyasi həyatımızın əlamətdar hadisəsinə çevriləcək növbədənkənar prezident seçkilərinə öz doğma şəhər və qəsəbələrindəki yaradılan məntəqələrdə səs verəcəklər. Zəfər seçkiləri kimi tarixi düşəcək 7 fevral seçkilərində iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşacaqlar. 

Azərbaycan ərazilərinin erməni silahlı qüvvələrindən azad edilməsindən və Ordumuzun Xankəndinə daxil olmasından və qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsindən sonra Cənubi Qafqazda tamamilə yeni regional və geosiyasi reallıq yaranıb. İlk dəfə olaraq, demək olar ki, Azərbaycanın bütün ərazisində prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı prezident seçkilərini yeni şəraitdə keçirəcək və 7 fevral seçkilərini əvvəlki seçkilərdən fərqləndirən də məhz budur. Əlbəttə ki, növbədənkənar seçkilər mövcud reallıqları möhkəmləndirəcək və dünya ictimaiyyətinə cəmiyyətimizin möhkəmliyini və onun qonşularımız da daxil olmaqla sülh və təhlükəsizlik şəraitdə yaşamaq istəyini nümayiş etdirəcək. Bu isə həm beynəlxalq hüquq normalarına, həm də ölkəmizin milli maraqlarına tam cavab verir. 

Bu bir həqiqətdir ki, seçkilərdə hər bir şəxs vətəndaş mövqeyini ortaya qoymaqla həm də namizədin seçki proqramı, onun fəaliyyəti və seçicilərə verdiyi vədlərin yerinə yetirməsinin səviyyəsi də göz önündə tutur. Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərdə iştirak edəcək cənab İlham Əliyevin son 20 illik fəaliyyəti zamanı verdiyi bütün vədlər uğurla yerinə yetirilib. İstər siyasi sistemin təkmilləşdirilməsində, istər sosial-iqtisadi sahələrdə əldə edilən uğurlarda, istərsə də Azərbaycan xalqının ən böyük problemi olan Qarabağ münaqişəsinin həll olunmasında cənab İlham Əliyevin imzası var. 2023-cü il oktyabrın 15-də isə Prezidentimiz Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını yüksəltməklə ərazi bütövlüyümüzün bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, xalq qarşısında verilmiş ən böyük vədin yerinə yetirilməsi idi: 30 ildən sonra Azərbaycan bayrağı ölkənin bütün ərazisində dalğalandı. Azərbaycan xalqının 20 il əvvəl qəbul etdiyi qərarın nə qədər müdrik olduğunu Prezident İlham Əliyevin bu sözləri bir daha nümayiş etdirdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Bir sözlə, 7 fevral növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq. Bu gün demokratik seçkilərin keçirilməsi üçün ölkədə əlverişli siyasi mühit hökm sürür. Hələ 2020-ci ildə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamış ölkə tarixində ilk növbədənkənar parlament seçkilərinin keçirilməsi, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və təsdiqi ölkədə daha sağlam siyasi mühitin formalaşmasına şərait yaradıb. Xüsusilə qeyd etmək lazımdır ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar ölkədə siyasi partiya üzvlərinin reyestrlərinin dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra qəbul edilib. Bunun sayəsində dövlət qeydiyyatından keçmiş bütün partiyalara seçkilərdə iştirak etmək imkanı yaradılıb. Bu  yanaşma isə ölkədə ədalətli rəqabət mühitinin təmin olunduğunun əyani sübutudur.

Ruslan Dadaşov,
politoloq

Siyasət