Çağdaş siyasi varisliyin Azərbaycan modeli

post-img

Prezident İlham Əliyev ötən 20 ildə ümummilli lider Heydər Əliyevin yaratdığı əsaslara söykənərək Azərbaycanda hərtərəfli inkişaf və ümumi tərəqqini fenomenal bir gerçəyə çevirib. Ulu öndərin siyasi varisi dünya şöhrətli sələfinin bütün vəsiyyətlərini müstəsna bir sədaqət və qətiyyətlə gerçəkləşdirir. 2020-ci ilin Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 illik işğaldan azad edilməsi isə son 2 əsrlik tariximizə ən böyük Zəfər kimi yazıldı. 

Çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli lider Heydər Əliyev “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı. Azər­baycanın müstəqilliyi Tanrının xalqımızın gələcəyinə verdiyi bir şans, istək və arzularına açdığı yol idi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev kimi böyük mütəfəkkir tarixdə nadir hallarda yaranan belə imkandan istifadə edərək xalqını yenidən müstəqil dövlətçili­yinə qovuşdurdu, siyasi suverenliyə dönməz, əbədi xarakter verdi.

İlk mərhələdə, Azərbaycan xalqı dövlət­çiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqil­liyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrıacılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini da­ğılmağa, müstəqilliyi naməlum talenin oyun­ları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə qədər ehtiyac duyulan həyati məsələ olduğu­na mükəmməl sübut idi.

Xalq 1993-cü ildə Heydər Əliyevi ye­nidən özünün həqiqi rəhbəri olaraq ali haki­miyyətə tələb edəndə nə qədər ağılla, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezi­dentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik göstərdi. Ümummilli lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq da­irələri dövlətə gələcəkdə kimin rəhbərlik edə­cəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşün­dürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin ən yaxın silahda­şı və ən sadiq məsləkdaşı, onun həyat və mü­barizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.

Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qu­rucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Yeni tipli si­yasi xadim İlham Əliyev hər gün bir uğura imza atırdı, onda “tarix” ilə “müasirlik” ara­sındakı fərq, şübhəsiz, daha aydın görünürdü.

Ümummilli lider Heydər Əliyevin tim­salında rəhbərin öz soydaşlarının arzu-ideal­larına sadiqliyinə inanan xalq romantik ide­allarını belə gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu, xalqın tarixi arzu-istək­lərindən yoğrulmuş liderin–xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qar­şısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

Ulu öndərin mükəmməl idarəetmə mək­təbinin ən kamil yetirməsi olan İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydın­lığı ilə Avropa Şurasının Parlament Assamb­leyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu baş nazir kimi qəbul etdi. Əslində, bu qədə­misayalı başlanğıc ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi üzərində formalaşan, Avropa və Şərq dəyərlə­rinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi mədəniyyətin gəlişi idi.

Siyasi düşərgəyə, cəmiyyətimizin idarə­çiliyinə yeni ictimai ruhun gəlişi təzə ideya­ların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoru­yub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Varis-lider İlham Əliyevin keçdiyi mənəvi, mədəni, in­tellektual, siyasi məktəb bütöv bir tarix idi.

Belə bir tarixi şəraitdə Ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledi­ci dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə– həmvətən­lərimə tutaraq, qarşıdan gələn prezident seç­kilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırı­ram. O, yüksək intellektli, praqmatik düşün­cəli, müasir dünya siyasətini və iqtisadiyya­tını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müstəqil dövlətin yenicə qurulmuş, ni­zamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələ­sində İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli lide­rin milli dövlət quruculuğu siyasətinin pers­pektivliyinə dərindən inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edir; nəhayət, gələcək­də milli dövlət quruculuğu qarşısına çıxa bilə­cək qaçılmaz problemlərin həllində onun si­yasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

Qloballaşan dünyada ancaq konkret dü­şüncəli, yüksək mədəniyyətli, zəkalı, sərbəst mükalimələr yürüdən siyasətçilər nüfuz və hörmət qazana bilərlər. Bu mənada, İlham Əliyev vətəninin milli mənafeyini istənilən səviyyələrdə, aparıcı beynəlxalq dillərdə çatdırmağa və müdafiə etməyə kifayət qədər qadir siyasətçidir.

Ulu öndər Heydər Əliyev ölkəsinin müstəqilliyinin on ili ərzində milli, dünyəvi quruluş formasiyasını seçən Azərbaycanın bu­gününün və sabahının üç ana prinsipini, ideya istiqamətini müəyyənləşdirmişdir: azərbay­cançılıq, millilik, demokratizm! Bu gün artıq özünü təsdiqləmiş, nəticələri ilə xalqın böyük hissəsinin etibarını əldə etmiş bu dəyərlər Pre­zident İlham Əliyevin milli birlik, vətənçilik barədə məxsusi düşüncələri ilə daha çevik, yeni məcrada davam və inkişaf etdirilir.

Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azər­baycanda Heydər Əliyevin dövlətçiliyə xi­laskar baxışları, müdaxilələri olmasaydı, bu gün dünya azərbaycanlılarının taleyi barədə şübhələr hökm sürərdi. Azərbaycançılıq kimi böyük ideya dil, mədəniyyət, adət-ənənələ­rin, xalqın şərəfli tarixinin elmi cəhətdən araş­dırılması, öyrənilməsi vətəndaşların həmrəy­lik istəyi, mütəşəkkilləşmək barədə duyğuları ilə yoğrulmuşdur.

Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Av­ropa və Qərb təmayyüllü siyasəti Azərbayca­nın əzəli milli maraqlarından mayalanır. Bu keyfiyyət, bütövlükdə, ümumtürk ruhunun tərbiyəsindən gələn bir xarakterdir. Türk ru­humuzun siyasi, milli, əxlaqi, mədəni dəyər­ləri çoxəsrlik tarixi sınaqlardan alnıaçıq çıxıb. Millətin yaşam proseslərinə qiymət verərkən, təbii ki, türk dünyasının, türk xalqlarının za­man-zaman özəlliklərini saxlayaraq hərtərəfli inkişaf meyllərinə tapınmasından dövlətin də, Prezidentin də, vətəndaşların da bugünkü qü­rur hissi böyük olmalıdır.

Müasir Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil həyatının çə­tin, ziddiyyətli yaşantılarını çoxdan geridə qoymuşdur. Demokratik quruluşun mahiyyə­tini göstərən amillərin gerçəkləşməsi sayəsin­də dövlətimiz bu gün dünya birliyində layiqli yer tutur. Bayrağımız, demək olar ki, bütün beynəlxalq təşktilatlarda ucaldılmışdır. Mil­lətimizin daxili potensialı, ictimai düşüncəsi ona imkan verir ki, Azərbaycan demokratizmi heç də digər ölkələrin demokratizmindən geri qalmasın.

Dünya siyasətinin ən peşəkar simaların­dan biri, iyirminci yüzilin böyük mütəfəkkir qurucusu Heydər Əliyev bütün vətəndaşlara, o cümlədən müxalifətə açıq siyasi fəaliyyət və özünütəbliğat üçün təhlükəsiz şərait yaratmışdır. İqtidar siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa, o cümlədən də müxalifətə söz demək, mübarizə aparmaq azadlığını vermişdir.

Prezident İlham Əliyev bu gün eyni de­mokratizmi davam etdirərkən, bəlkə də, bir qədər də artırarkən sağlam, eyni zamanda, gənc intellektual düşüncənin, qabiliyyətin, milli təəssübkeşliyin, yolunu fəal surətdə açıq elan etmişdir. O, müxalifətlə münasibətdə nümayiş etdirdiyi demokratik, milli, mədəni, əxlaqi səviyyə ilə Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu dəfələrlə açıqla­mış, avantürist meyillərə əsaslanan müxalif qüvvələri millətin sabahı naminə fəaliyyət göstərməyə, iqtidarla dialoqa dəvət etmişdir.

Önəmlisi odur ki, Azərbaycandakı si­yasi, sosial, mədəni xətt doğma dəyərlərə münasibətdə millətin keçmiş dövlətçilik və yaşam təcrübəsindən istifadəyə söykənir. Bu yol müasir dövlətçilikdə vacib impulsiv milli strategiya sayıla bilər.

Üçüncü minilliyin astanasında Heydər Əliyev xalqımıza müraciətində milli düşüncə­mizin, ideologiyamızın iç – özül maraqlarını, milli özünüdərkdə təəssübkeşliyin ən tipolo­ji tarixi nümunəsini ortaya qoymuşdur: “Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq bö­yük bir tarixi keçmişi, zəngin mədəniyyə­ti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. İctimai, idraki və iqtisadi dünyaduyumunda bərabər tərəf kimi özünə yer almış millilik mənəvi keyfiyyət olaraq İlham Əliyev siyasə­tinin prioritetlərindəndir.

Prezident İlham Əliyevin müasir azərbay­canlı təfəkküründə Vətən və xalq təəssübkeş­liyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əx­laqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm birləşmiş özüldür. O, milli-mənəvi, ideoloji dəyərlərimizin ha­mısında, mədəni, elmi, etnokulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənə­viyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəh­nidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə ya­şayıb inkişaf etməyində həlledici amildir.

Biz qəlbən rahatlıq hissi keçirməli və ümidvar olmalıyıq ki, xalqın intellektual, mədəni, mənəvi perspektivi Azərbaycanın potensial iqtisadi-sosial rifahına hesablan­mışdır. Azərbaycançılıq ideologiyası üçün müstəqilliyin tarixi-mənəvi tələblərindən biri də dünyanın müxtəlif yerlərində yaşayan və fəaliyyət göstərən azərbaycanlıların, əsasən, bu ideya ətrafında birləşməsidir. Bu istiqamət bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi, tarixi maraqlarını ifadə edən məsələ kimi, müasir dövlətçilikdə önəmli ha­lal yerini almışdır.

Vaxtilə Prezident Heydər Əliyev birməna­lı şəkildə Azərbaycan insanına tövsiyə edirdi: “Hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbay­cançılığı– Azərbaycanın dilini, mədəniyyə­tini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.” Ulu öndər bununla bütöv xalqı – azərbaycanlı superetnosun harada və hansı vəziyyətdə ol­masını, şəraiti fərqləndirmədən, ümumilikdə, onlarda milli duyğuların canlanması işinə bir iradəlilik, sürət impulsu verirdi.

Millətin ümumi daxili-ruhi yüksəli­şi, mənəviyyat, mədəniyyət sahəsindəki məsələlərin konseptual bir proqram çərçivə­sinə, sistemə salınması da Azərbaycan cə­miyyətində İlham Əliyevin lider kimi tanın­mağına əsaslı təsir göstərir. Eyni zamanda, beynəlxalq aləmin ölkəmizə münasibətində heç vaxt unudulmamışdır ki, dünyəvi is­tiqamətləri öz həyat prinsipləri seçmiş Azər­baycanın etnik baxımdan möhkəm birliyi tə­min olunub və mütəşəkkildir. Bu məmləkətdə yaşayan insanların hamısı, bəzi etnik azlıqlar fərqli mədəniyyətlərə mənsub olsalar da, vətəndaş olaraq Konstitutisiya ilə bütün azad­lıqlara, hüquqlara malikdirlər.

İlham Əliyev Azərbaycan dövlətinin ba­şına təkcə ümummilli liderin varisi, davam­çısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağ­lam düşüncəsinə, qabiliyyətinə görə müəy­yənləşmişdir.

Azərbaycan Respublikasının sosial-iq­tisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və real­laşdırmış, iqtisadi müstəqillik uğrunda müba­rizənin möhkəm təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun iqtisadi cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq 14 ildir ki, Prezident İlham Əliyevin əlində­dir. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

17 noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında Prezident İlham Əliyev proqram xarakterli bəyanatla çıxış etdi: “Azərbaycanda son illər ərzində apa­rılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsi­dir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəf­li inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq”.

Prezident İlham Əliyevin geniş düşüncə­sində Azərbaycanın indiki inkişaf mərhələsini dönməz prosesə çevirmək və islahatları uğur­lu sonluqla tamamlamaq durur. Cəmiyyətin sağlam qüvvələrinin qəbul etdiyi siyasi kur­sun davamı da elə bunda – ənənələrin etibarlı səviyyədə qorunmasının özünün bir ənənəyə çevrilməsi ideyasındadır.

Dövlət başçısı İlham Əliyevin siyasi port­retini onun söhbət açacağımız fərdi obrazının əlamətdar ştrixləri tamamlayır:

Ləyaqətlilik – xalqına da, beynəlxalq aləmə də, dosta da, düşmənə də münasibətdə, onun siyasətini sevənlə də, qarşı olaraq mü­barizə aparanla da davranışda bu xüsusiyyət, həm də əlavə bir təmkinlə müşahidə olunur.

Humanistlik – bu insanlığa məhəbbətdən irəli gələn bir keyfiyyətdir. Prezident İlham Əliyev bilir ki, insanları sevmək, onlara xe­yirxahlıq, mənəvi-ruhi, hüquqi, sosial baxım­dan problemlərinin həllində doğmalıq göstər­mək, dayaq durmaq – layiqli rəhbər olmaqdır.

Vətənpərvərlik – hələ millət vəkili ola­raq Avropa Şürasında nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti onun haqqında bu imici yaratmışdı. İlham Əliyev dünyanı bir həqiqətə inandırmağa çalışır ki, Ermənistan terrorçu dövlətdir, zəbt etdiyi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazi­sindən narkotik maddələrin tranziti və biznesi məqsədilə istifadə edir.

Qayğıkeşlik – on il deputat seçildiyi ərazi onun himayədarlığını kifayət qədər hiss etmişdir. İlham Əliyev, bəlkə də, onları nəinki mənəvi-sosial sıxıntılarla üz-üzə qoy­mamış, daim seçiciləri ilə müntəzəm görüşlər keçirərək, ümumi əhval-ruhiyyəinin yüksəkli­yinə nail olmağa çalışmışdır. Çadır düşərgələ­rində yaşayan qaçqınların və məcburi köç­künlərin məişət, sığınacaq, güzəran qayğıları da İlham Əliyevin nigarançılığına səbəb olan məsələlər idi.

Səmimilik – İlham Əliyev rəsmi və icti­maiyyətlə görüşlərində siyasətçiləri, müxtəlif zümrədən olan insanları nəzakətlə, hörmətlə dinləməyi, məsələyə aydın münasibət bildir­məyi ilə tərəf-müqabillərini özü haqqında sayğılı düşünməyə vadar edir. O, dialoq za­manı həmsöhbətini özünün təbii səmimiyyə­tinə və obyektivliyinə inandırır.

Müasir dövrdə İlham Əliyev liderlik yo­lunda cəmiyyəti də özü ilə birlikdə ucaltmağa qadir olan yeganə dövlət adamıdır. İnsanların yaxşı məlumatı var ki, o, atasının quruculuq illərində hansı vəzifə daşımasına baxmaya­raq, dövlət müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində və ölkəmizin dünya bir­liyinə daxil olmasında, Avropanın bir üzvü kimi tanınmasında gəncliyin lideri qismində kifayət qədər bilik, bacarıq, qüvvə sərf etmiş, mübarizlik göstərmişdir. Ölkənin böyük neft strategiyasının milli maraqlar daxilində hə­yata keçirilməsində İlham Əliyevin əməyini, mühüm xidmətlərini heç bir siyasət adamı dana bilməz.

Artıq Azərbaycanda milli birlik, sabitlik, demokratiya bərqərar ediləndən sonra sivil dəyərlərə geniş miqyasda inteqrasiya olun­maq dövrü vüsət almışdır. Ölkəmizin inkişafı­nın, dünya dövlətləri ilə əməkdaşlığının stra­teji tərəflərindən biri də hazırda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələ­sidir ki, Prezident İlham Əliyev bu sahədə də qətiyyətli mövqedədir.

Prezident İlham Əliyev öz açıq və dərin təfəkkürü, çevik, analitik dünyaduyumu ilə milli maraqları bəşəri formulada sintez və təq­dim edə bilir. O, sülh haqqında, yaxud sülhü müdafiə barədə konkretdir. Terrorizmə qarşı mübarizədə səmərəli fikirlərini beyəlxalq tri­bunalardan səsləndirərkən tələfat və dağın­tıların əziyyətini çəkənlərin ilk sıralarında Azərbaycanı nümunə kimi tanıdır.

Müstəqil Azərbaycan dövlətinin yeni li­deri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siyasi, mənə­vi-mədəni əhval-ruhiyyə güclənmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları gör­məmək, yaxud inkar etmək gücündə deyil.

Azadlıq, inkişaf və məsuliyyət İlham Əliyev siyasətinin əsas xarakteridir. Bu xa­rakterdə qeyri-səmimiliyə, təşəbbüssüzlü­yə, tənbəlliyə qarşı barışmaz münasibət var. Heydər Əliyevin milli dövlət quruculuğu xətti ümummilli liderin ən layiqli varisi olaraq onun ideoloji söykənəçəyi, daim siyasi enerji götürəçəyi böyük mənbədir. İlham Əliyevin siyasətinin əsas özəlliyi də Azərbayçanı sivil məkana çevirmək, xalqı mənəvi cəhətdən ruh­landırmaq, təşkil etmək, dünyada bir millət kimi qürurla yaşamağımıza ideoloji-mədəni təminat yaratmaqdır.

Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə, Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Dünya tarixində millətlər zəngin nemətləri ilə yox, məhz böyük mədəniyyətləri ilə tanmır. Bu gün Azərbaycanda yürüdülən siyasətin professionallığı, çevikliyi bütün inkişafı milli-mənəvi potensial üzərində qur­mağında təzahür edir. Ulu öndər Heydər Əli­yevin bizə qoyub getdiyi zəngin irs, formalaş­dırdığı böyük dövlətçilik ideologiyası elə bir bütöv kompleksdir ki, imkanlar reallaşdıqca onun tərkib hissələri, məziyyətləri də tədriçən artır. Bu mənada, çənab İlham Əliyevin təq­dim etdiyi həyatın bütün sahələrinə yönəlik inkişaf konsepsiyasının tipologiyası keçmiş sovet respublikalarının heç biri ilə müqayisə oluna bilməz.

Prezidentin andiçmə mərasimindəki nitqindən bu tezisi Azərbaycanın sonrası üçün əsas amal hesab etmək olar: “Mən bu gün yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə üzümü tutub deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəf­li inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bu amal, sə­daqət, bu vəd təkcə İlham Əliyevin deyil, onu prezident seçən və axıradək müdafiə edəсək, işində yardımçı olaсaq insanların fikrini ifadə edir.

Bu illərdə milli iqtisadiyyatımız onun qə­tiyyəti və novator idarəçiliyi sayəsində 4 dəfə­dən çox artıb. İlham Əliyevin rəhbərliyi döv­ründə ölkəmizdə 2 milyondan çox yeni iş yeri açılıb, xalqın rifahı davamlı olaraq yüksəlib. Ölkədə abadlıq-quruculuq şəhər və kəndlərin simasını tamamuilə dəyişdirib. İşğaldan azad edilmiş ərazilər “ağıllı” memarlıq layihələri əsasında sürətlə davam etdirilir.

Müstəqilliyimizin indiki mərhələsində Prezident İlham Əliyev bizim əvəzolunmaz liderimizdir. Müstəqilliyimizin ilk illərinin xaotik çağlarında, islahatlar dövründə yetiş­miş, öz milli-mənəvi, elmi səviyyəsini, qa­biliyyətini göstərməyə o vaxtlar imkan tap­mayan, intellektual-ziyalı elektoratın, sadə insanların, erməni təсavüzündən əziyyət çək­miş yüz minlərlə vətəndaşın –ümumiyyətlə, dünya azərbaycanlılarının düşünсəsində onun liderliyi şəksiz qəbul olunur.

Prezident İlham Əliyevin müstəqil Azər­baycan dövlətinə möhtəşəm uğurlarla mü­şayiət olunan 20 illik rəhbərliyi beynəlxalq gerçəkliyə çağdaş siyasi varisliyin Azərbay­can modeli kimi daxil olub. dünya həm də bu gün Azərbaycan Prezidentini beynəlxalq siyasət və dipıomatiyanın novatot liderlə­rindən biri olaraq tanıyır. Müstəqil dövləti­miz, qalib xalqımız bu gün ölkəmizin tarixi tərəqqisinin yeni yüksək mərhələsinə ömrü­nün 63-cü ilinə qalibiyyət zirvəsində qədəm qoyan sevimli liderinin aydın və qətiyyətli rəhbərliyi ilə gedir.

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,akademik

Siyasət