Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Mərkəzi Seçki Komissiyası Katibliyi­nin Media və kommunikasiya şöbəsin­dən bildiriblər ki, əvvəlcə Komissiyanın 2023-cü il 19 dekabr tarixli iclasının pro­tokolu təsdiq olunub. Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkə­nar Azərbaycan Respublikası prezidenti seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılma­sına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələ müzakirə olunub. Məlumat üçün qeyd et­mək lazımdır ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqə­sinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəx­siyyəti təsdiq edən sənədlərin siyahısı, eləcə də səsvermə qaydaları ətraflı şəkil­də izah edilir. Komissiya qanunvericiliyin tələblərinə uyğun olaraq, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumat­landırılmasına dair 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) bil­dirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verib.

İclasda qarşıdan gələn seçkilərdə dairə və məntəqə seçki komissiyaları­nın səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı məsələsinə də baxılıb. Protokolların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardı­cıl nömrələnməklə və seriyaları göstə­rilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırıl­mış kağızdan buklet formasında olmaq­la, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qərara əsasən, səsver­mənin nəticələrinə dair protokollar, ha­belə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və kar­bonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlan­malıdır.

Media nümayəndələri tərəfindən ge­niş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyaları­nın tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər