Azərbaycan Dünya Bankı ilə səmərəli əməkdaşlıq edir

post-img

Bu nüfuzlu maliyyə qurumu ölkəmizdə 50-dən çox layihəyə 4,2 milyard dollar ayırıb

Dünya Bankının ölkəmiz üçün icra etdiyi və Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Çevik Texniki Yardım Aləti (AZTAF) həlledici mərhələyə qədəm qoyub. Bu barədə AZTAF proqramının Dünya Bankı tərəfindən təqdimatı zamanı bildirilib.

Məlumata görə, AZTAF Azərbayca­nın 5 milli prioriteti və Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərən­camı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə uy­ğunlaşdırılıb. AZTAF proqramının aparıcı tərəfdaşı isə Azərbaycanın İqtisadiyyat Nazirliyidir. Texniki yardımın büdcəsi 5 milyon 250 min avro təşkil edir. Sözüge­dən proqramın icra müddəti isə 2025-ci ilin aprel ayınadək nəzərdə tutulub.

Qeyd edək ki, AZTAF proqramı Avro­pa İttifaqının daha güclü dövlət idarəçi­liyi, daha güclü iqtisadiyyat, daha güclü bağlantılar və dayanıqlılıq, daha güclü cəmiyyət adlı 4 tərəfdaşlıq prioritetini ye­rinə yetirmək məqsədi daşıyır. Proqram 4 qrupda müəyyən olunur və 9 texniki yar­dım fəaliyyəti çərçivəsində Azərbaycan hökumətinə dəstək göstərir.

Təqdimat zamanı, həmçinin proqram çərçivəsində tərəfdaşlıq prioritetlərinin hər birinə aydınlıq gətirilib. Qeyd olunub ki, birinci prioritet dövlət müəssisələrində korporativ idarəetmə və hesabatlılıq isla­hatı, Azərbaycanın dövlət satınalmaları sisteminin gücləndirilməsi, su təhlükəsiz­liyinin yaxşılaşdırılmasına dəstəyi nəzər­də tutur. İkinci prioritet üzrə Azərbaycana kənd yerlərinə və yerli iqtisadi inkişafa innovativ yanaşma kimi “Ağıllı kəndlər” proqramının hazırlanmasında dəstək göstəriləcək.

Üçüncü prioritetdə Azərbaycanda inklüzivlik və rəqabətlilik üçün yüksək sürətli rəqəmsal əlaqə, enerji səmərəliliyi üzrə normativ bazanın işləkliyinin təmin olunmasına və ictimai binalarda enerji səmərəliliyi üzrə müdaxilələr üçün inves­tisiya imkanlarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Dördüncü prioritetə isə daha yaxşı idarəetmə və daha güclü iqtisadi inkişaf üçün cinsi mənsubiyyətə əsaslanan peşə ayrı-seçkiliyinin aradan qaldırılması, qa­dınların əsas biznes bacarıqları üzrə dəstəklənməsi, Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdi­rilməsi üzrə texniki yardım ediləcək.

Burada hökumətə su təhlükəsizliyi üçün milli çərçivə yaratmağa kömək et­mək, kənd və yerli iqtisadi inkişaf stra­tegiya və proqramlarında innovasiyaları dəstəkləmək, enerji səmərəliliyinin artı­rılmasına imkan verən mühiti, təkmilləş­dirilmiş hüquqi və institusional bazanı dəstəkləmək və enerji səmərəlliliyi üzrə tətbiqlərini genişləndirmək üçün müvafiq maliyyələşdirmə mexanizmlərini müəy­yən etmək və bir sıra bu kimi spesifik məqsədlər də nəzərdə tutulur.

Proqramın icrasından sonra əlilliyin qiymətləndirilməsinin gücləndirilmə­si, kənd yerlərində qadın sahibkarların rəqəmsal və digər biznes bacarıqlarının artırılması, “Ağıllı kəndlər” pilotlarının tət­biqi üçün təkmilləşdirilmiş əlverişli mühi­tin yaradılması, su ehtiyatlarının düzgün idarə edilməsinin planlaşdırılması və su təhlükəsizliyi üçün zəruri olan məlumatla­rın təkmilləşdirilməsi, strateji və elektron satınalmalar üçün təkmilləşdirilmiş ilkin şərtlərin işlənib hazırlanması və digər müsbət nəticələr gözlənilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası dövlət müstəqilliyini qa­zandıqdan sonra onun xarici iqtisadi si­yasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qu­rumlarla əlaqələr təşkil edib. Ötən müd­dətdə dünyanın bir sıra nüfuzlu maliyyə qurumları ilə səmərəli əməkdaşlıq ölkə­mizin beynəlxalq nüfuzunun artmasına səbəb olub. Bu baxımdan beynəlxalq nüfuzlu maliyyə institutlarından sayılan Dünya Bankı ilə əməkdaşlıq diqqəti daha çox cəlb edir. Təkcə onu qeyd etmək ki­fayətdir ki, Azərbaycanın beynəlxalq təş­kilatlardan aldığı maliyyə yardımlarının böyük bir hissəsi məhz Dünya Bankının payına düşür. 

Xatırladaq ki, ölkəmiz bu nüfuzlu ma­liyyə qurumu ilə 1992-ci ildən əməkdaş­lıq edir. Ötən müddətdə bank tərəfindən ölkəmizdə infrastruktur, humanitar, kənd təsərrüfatı, ekologiya, mədəni irsin qorun­ması, məcburi köçkünlərin sosial prob­lemlərinin həlli və bir sıra digər sahələrdə mühüm əhəmiyyət daşıyan 50-dən artıq layihənin maliyyələşdirilməsinə hökumət zəmanəti ilə təqribən 4,2 milyard dollara yaxın vəsait ayrılıb. Artıq bu layihələrdən böyük əksəriyyətinin icrası uğurla başa çatdırılıb. Yeri gəlmişkən, Dünya Bankı­nın Azərbaycanda fəaliyyətə başladığı ilk illərdə həyata keçirilən layihələr keçid dövrü problemlərinin həlli baxımından müstəsna əhəmiyyət kəsb edib. Ümumi­likdə isə, bank ən çox vəsaiti Azərbayca­nın nəqliyyat sektoruna ayırıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə bank sözügedən sahəyə 16 layihə üzrə 1,8 milyard dollara yaxın vəsait ayırmağı öz öhdəsinə götürüb. 

Bütün bunlarla yanaşı, səmərə­li və şəffaf şəkildə davam edən 31 illik əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası ilə Dünya Bankı arasın­da imzalanmış kredit sazişləri əsasında ölkəmizdə təhsil, daşınmaz əmlakın qey­diyyatı, ekologiya, sığorta-pensiya, məh­kəmə-hüquq islahatları və bir sıra digər mühüm sahələrdə bir-birindən rəngarəng və çoxşaxəli layihələr həyata keçirilib. Son illərdə isə Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələ­ri bərpaolunan enerji, “yaşıl” iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır. 

Yeri gəlmişkən, bu il sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysı qəbul edən Prezident İlham Əliyev ban­kın Azərbaycan iqtisadiyyatının modern­ləşdirilməsinə və şaxələndirilməsinə ver­diyi dəstəyi yüksək dəyərləndirib. Dünya Bankının Azərbaycanda mövcud fəaliy­yət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələrin aparıldığı həmin görüşdə əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmi vurğulanıb. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat