Ümumdünya Şəhərsalma Forumu da Azərbaycanda keçiriləcək

post-img

Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) evsahibliyi etməsinə dair saziş imzalanıb.

Sazişi Azərbaycan Hökuməti adın­dan Dövlət Şəhərsalma və Arxitektu­ra Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Prezidentin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mühüm və qlobal xarakterli tədbir olan Ümum­dünya Şəhərsalma Forumunun 2026-cı ildə məhz Bakıda keçirilməsinin Azərbay­can hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar və genişmiqyaslı layihələr, habelə ölkəmizin bu sahədə qlo­bal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviy­yədə olmasının bariz nümunəsi olduğu­nu bildirib. Azərbaycanın postmünaqişə dövründə mühüm quruculuq işləri gördü­yünü qeyd edən Prezidentin köməkçisi bunun dünyada çox nadir təcrübələrdən biri olduğunu vurğulayıb. Həmçinin Azər­baycanın bu təcrübəni bütün dünya ilə paylaşacağını da sözlərinə əlavə edib. Hikmət Hacıyev onu da bildirib ki, COP-un və Ümumdünya Şəhərsalma Forumunun tədbirlərinin Azərbaycanda keçirilməsi iq­lim dəyişikliyi ilə mübarizədə, şəhər quru­culuğunda sülhə və əməkdaşlığa xidmət edəcək: “Prezident İlham Əliyevin də de­diyi kimi, Azərbaycan sülh və tərəfdaşlığa sadiqdir. Azərbaycan Ümumdünya Şəhər­salma Forumunun yüksək səviyyədə ke­çirilməsi üçün tərəfdaşlarla çox sıx şəkildə işləyəcək”.

Daha sonra Komitə sədri Anar Quli­yev son illər ərzində paytaxtımızda və Azərbaycanın digər bölgələrində şəhər­salma istiqamətində ən qabaqcıl müasir standartların tətbiq edilməsi ilə davamlı inkişafın təmin edildiyini, bu sahədə iri­miqyaslı layihələr və Ümumdünya Şəhər­salma Forumunun həyata keçirilməsinin ölkəmizin beynəlxalq səviyyədə aparıcı mövqelərdə qərarlaşmasının daha bir göstəricisi olduğunu qeyd edib. Komitə sədri eyni zamanda Foruma evsahibliyi etmək imkanının Azərbaycanın öz nai­liyyətlərini və davamlı şəhər inkişafının təşviqi və həyata keçirilməsində rolunu bir daha nümayiş etdirmək, həmçinin bilik və təcrübə mübadiləsi üçün əhəmiyyətli bir fürsət olacağını vurğulayıb. 

Daha sonra çıxış edən xanım Şərif isə ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevə şəhərsalma sahəsinin inkişafı­na verdiyi töhfələrə və Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirdiyinə görə öz dərin təşəkkürlərini bildirib, iki böyük tədbirə Azərbaycanın evsahibliyi etməsi ilə bağlı təbriklərini çatdırıb. 

Eyni zamanda, BMT-nin Məskun­laşma Proqramının ölkəmiz ilə səmərəli əməkdaşlıq etdiyini, bu çərçivədə şəhər­salma məsələləri üzrə birgə layihələrin uğurla həyata keçirildiyini qeyd edib, bö­yük məmnuniyyətlə artıq iki dəfə “UN-Ha­bitat” dəstəyi ilə keçirilən Milli Şəhərsal­ma Forumunun, habelə bu il Bakıda baş tutan Dünya Məskunlaşma Gününün böyük bir regional səviyyəli fikir və təcrü­bə mübadiləsi platformasına çevrildiyini qeyd edib.

Mərasimdə, həmçinin BMT-nin Azər­baycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycanın Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhə­rindəki bölməsində Daimi Nümayəndəsi Sultan Hacıyev çıxış ediblər.

Qeyd olunub ki, Ümumdünya Şəhər­salma Forumu 2022-ci ildə “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhər­lərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növ­bəti Forum (“WUF12”) 2024-cü il noyab­rın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

XQ



Son xəbərlər